Yaddaşlara həkk olunan tarixi görüş
«BU GÖRÜŞ bitəndə siz: “Doğrudan da, bu, teokratiyanın tarixində ən yaddaqalan görüşlərdən biridir!” — deyəcəksiniz». Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü olan Stiven Lettin bu sözləri böyük auditoriyanın intizarını daha da artırdı. Onlar Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) sayca 126-cı olan illik görüşünə toplaşmışdılar. Görüş 2010-cu il oktyabr ayının 2-də Cersi-Siti (Nyu–Cersi ştatı, ABŞ) şəhərindəki Yehovanın Şahidlərinin Konqres Zalında keçirilmişdi. Gəlin bu tarixi görüşdən bəzi diqqətəlayiq məqamlara nəzər salaq.
İlk məruzə ilə çıxış edən Lett qardaş «Yezekel» kitabında təsvir olunan Yehovanın səmavi arabasından danışdı. Onun nitqi çox ruhlandırıcı idi. Bu nəhəng möhtəşəm araba Yehovanın tam nəzarəti altında olan təşkilatını təmsil edir. Lett qardaş qeyd etdi ki, bu təşkilatın ruhani varlıqlardan ibarət olan səmavi hissəsi ildırım sürəti ilə — Yehovanın fikirlərinin sürəti ilə hərəkət edir. Allahın təşkilatının yerdəki hissəsi də daima fəaliyyətdədir və Lett qardaş öz nitqində burada son illərdə baş verən sevindirici hadisələrdən söz açdı.
Misal üçün, bir sıra filialların birləşdirilməsi sayəsində orada xidmət edən bir çox bacı-qardaşların indi təbliğ xidmətində daha çox iştirak etmək imkanı var. Lett qardaş dinləyiciləri nökər sinfini təmsil edən Rəhbərlik Şurasının təkcə sadiq yox, həmçinin müdrik və ya ağıllı olması üçün daima dua etməyə təşviq etdi (Mat. 24:45—47).
Ruhlandırıcı hesabatlar və ürəkləri isindirən müsahibələr
Haitidəki filialın komitə üzvü Tab Honsberger qardaş 2010-cu il yanvarın 12-də Haitidə baş verən və 300 000 nəfərin həyatına son qoyan zəlzələnin nəticələri barədə hesabat verdi. Qardaş dedi: «Keşişlər insanlara deyirdilər ki, Allah zəlzələnin qurbanlarını imansız olduqlarına görə cəzalandırdı, yaxşı insanları isə hifz etdi». Lakin minlərlə cinayətkarlar zəlzələ zamanı həbsxana divarları dağılanda azadlığa çıxdılar. Buna görə də bir çox səmimi haitililər yaşadığımız dövrün nəyə görə belə əzab-əziyyətli olduğunu öyrənəndə təsəlli tapırlar. Honsberger qardaş fəlakət zamanı həyat yoldaşını itirən sadiq haitili qardaşın sözlərini sitat gətirdi: «İndiyədək göz yaşlarım qurumayıb və nə vaxtda qədər göz yaşları tökəcəyimi bilmirəm, amma Yehovanın təşkilatının məhəbbətini hiss etdiyim üçün çox sevinirəm. Mənim ümidim var və bu ümidi başqaları ilə bölüşməyə qəti qərarlıyam».
Bruklində xidmət edən Mark Sanderson qardaşın hesabatı Filippin barədə idi. O, ölkədə 32 dəfə dalbadal Padşahlığın təbliğçilərinin ən yüksək sayının qeyd olunduğu və Müqəddəs Kitabı öyrənənlərin təbliğçilərdən sayca xeyli çox olduğu barədə danışanda sevincdən şölə saçırdı. Əvvəllər onun Filippində filialın komitə üzvü olduğunu nəzərə alsaq, onun belə çıxış etməsi təəccüblü deyildi. O, nəvəsi qətlə yetirilmiş Migel qardaş barədə danışdı. Migel əlindən gələni etmişdi ki, qatil məsuliyyətə cəlb olunsun və həbsxanaya düşsün. Bir dəfə həmin həbsxanada təbliğ edərkən Migel o qatillə rastlaşdı. Həyəcanlı olmasına baxmayaraq, Migel onunla mülayim və xeyirxahcasına danışdı. Qardaş ona Müqəddəs Kitabı öyrətməyə başladı. O, öyrəndiklərini ürəkdən qəbul etdi və Yehovanı sevdi. Hal-hazırda o, vəftiz olmuş qardaşdır. Migel onun yaxın dostudur və indi o, yeni qardaşının vaxtından əvvəl həbsxanadan çıxması üçün çalışıra.
Teokratik Məktəblər Şöbəsinin təlimatçısı Mark Numar üç cütlükdən — Aleks və Sara Raynmüller, Devid və Krista Şafer, Robert və Ketra Sirankolardan müsahibə götürdü. Nəşriyyat komitəsinə kömək edən Aleks Raynmüller 15 yaşında Kanadada pioner kimi (çox vaxt tək) xidmət etdiyi zaman həqiqətin onun ürəyinə necə həkk olduğundan danışdı. Aleks qardaşdan Bet-Eldə ona ən çox kimin təsir göstərdiyini soruşanda o, üç sadiq qardaşın adını çəkdi və onların hər birinin onun ruhani cəhətdən inkişaf etməsinə necə kömək etdiyindən danışdı. Onun həyat yoldaşı Sara isə imanına görə onilliklər ərzində Çində həbsdə yatan bir bacı ilə dostluğundan bəhs etdi. Sara o bacının nümunəsindən şəxsi dua vasitəsilə Yehovaya etibar etməyi öyrəndiyini söylədi.
Təlim komitəsinə kömək edən Devid Şafer güclü imanı olan anasından və ağackəsən işləyən qardaşların ona gənc yaşlarında köməkçi pioner kimi xidmət etməyə necə kömək etdiklərindən bəhs etdi. Onun həyat yoldaşı Krista isə Bet-El ailəsinin yaşlı üzvlərinin ona göstərdiyi müsbət təsirdən ağızdolusu danışdı. O dedi ki, bu bacı-qardaşlar həmişə İsanın Luka 16:10 ayəsindəki prinsipinə əsasən yaşayırdılar, yəni onlar xırda işdə də sadiq idilər.
Yazı komitəsinə kömək edən Robert Siranko macarıstanlı mühacir və məsh edilmiş məsihçi olan nənələri və babaları haqda danışdı. 1950-ci illərdə uşaq ikən böyük konqreslərdə iştirak edəndə və Yehovanın təşkilatının doğma yığıncağından qat-qat böyük olduğunu görəndə bu, ona böyük təsir bağışlamışdı. Onun həyat yoldaşı Ketra müxtəlif problemlərlə üzləşən, eləcə də dönüklərin təsirinə məruz qalan yığıncaqda pioner kimi xidmət edərkən necə sadiq qalmağı öyrəndiyindən danışdı. O, hər şeyə tab gətirdi və bir müddət sonra onu insanın ürəyini riqqətə gətirən birliyin hökm sürdüyü bir yığıncağa xüsusi pioner təyin etdilər.
Efiopiya barədə hesabatı Manfred Tonak təqdim etdi. Bu ölkə Müqəddəs Kitabın yazıldığı dövrdə də mövcud idi və hal-hazırda burada təbliğçilərin sayı 9000-dən çoxdur. Bu təbliğçilərin çoxu ölkənin paytaxtı Əddis-Əbəbədə və ya ona yaxın olan ərazilərdə yaşadığı üçün ucqar ərazilərdə təbliğçilərin köməyinə böyük ehtiyac var. Bu səbəbdən başqa ölkələrdə yaşayan efiopiyalı Şahidlər ölkənin ucqar ərazilərində təbliğ etməyə dəvət olundular. Çağırışa hay verən çox oldu, onlar yerli Şahidləri ruhlandırdılar və həqiqətə maraq göstərən çoxlu insanlar tapdılar.
Proqramın diqqətəlayiq məqamlarından biri də Rusiyadakı Yehovanın Şahidləri və orada gedən məhkəmə işləri barədə məruzələr idi. Rusiyadakı filialın komitə üzvü Aulis Beridal bu ölkədə, xüsusilə də Moskvada Şahidlərin üzləşdiyi təqiblərin tarixçəsinə nəzər saldı. Növbəti məruzəni ABŞ-dakı filialın hüquq şöbəsində xidmət edən Filip Bramli təqdim etdi. O, Avropa İnsan Hüquqları Məhkəməsində Yehovanın Şahidlərinə qarşı qaldırılan 9 işlə əlaqədar son aylar ərzində əldə olunan müsbət nəticələrdən danışdı. Məhkəmə yekdil qərarla bu işlərin birinə də olsun baxılmasına əsasın olmadığını bildirdi, bəzi hallarda isə bunun səbəbini ətraflı şəkildə izah etdi. Bu işin nəticəsi hələ bəlli olmasa da, Bramli qardaş məhkəmənin qərarının başqa ölkələrdəki məhkəmə işlərimizə müsbət təsir göstərəcəyinə ümid etdiyini söylədi.
Bu sevindirici xəbərdən sonra Lett qardaş elan etdi ki, Avropa İnsan Hüquqları Məhkəməsi Fransa hökuməti ilə Yehovanın Şahidləri arasında uzun müddət davam edən vergi məsələsi ilə bağlı məhkəmə işinə baxmaq qərarına gəldi. Bu mötəbər məhkəmə ona təqdim olunan işlərin çox az qisminə baxır. İndiyədək Avropa İnsan Hüquqları Məhkəməsi Yehovanın Şahidləri ilə əlaqədar 39 məhkəmə işinə baxıb və bu işlərin 37-si bizim xeyrimizə olub. Lett qardaş Allahın xalqını bu məsələ barədə daima dua etməyə təşviq etdi.
Son hesabatla Konqres və Padşahlıq Zallarında, eləcə də başqa yerlərdə keçirilən Yığıncaq Ağsaqqalları üçün Məktəbin təlimatçısı Riçard Morlan çıxış etdi. O, şövqlə məktəbdən və orada iştirak edən ağsaqqalların bu məktəbə görə nə qədər minnətdar olduqlarından danışdı.
Rəhbərlik Şurasının üzvlərinin söylədiyi digər məruzələr
Rəhbərlik Şurasının üzvü olan Qay Pirs 2011-ci ilin illik ayəsinin: «Yehovanın adına sığının» sözlərinə əsaslanan məruzə ilə çıxış etdi (Sef. 3:12, YD). O qeyd etdi ki, yaşadığımız dövr Allahın xalqı üçün bir çox səbəblərə görə sevindirici vaxt olsa da, bu həmçinin ciddi və vacib bir vaxtdır. Yehovanın böyük günü yaxındır, lakin insanlar hələ də yalan dinə, siyasi təşkilatlara, var-dövlətə sığınırlar, bəziləri isə reallıqdan qaçmağa çalışırlar. Əgər biz əsil sığınacaq tapmaq istəyiriksə, Allahın adını çağırmalıyıq. Allahın adını çağırmaq bu adı daşıyan Şəxsi tanımaq, Ona ehtiram bəsləmək, etibar etmək və əlimizdə olan hər şeylə Onu sevmək deməkdir.
Rəhbərlik Şurasının üzvü Devid Spleyn «Allahın dinclik gününə yetişmisənmi?» adlı düşündürücü və vacib məruzə ilə çıxış etdi. O qeyd etdi ki, Allahın dinclik günü deyildikdə Yehovanın fəaliyyətsiz olması nəzərdə tutulmur, çünki bu simvolik gündə Yehova Oğlu ilə birgə yer üzünə dair niyyətini tam həyata keçirmək üçün «indiyədək işləyir» (Yəh. 5:17). Bəs biz Allahın dinclik gününə necə yetişə bilərik? Biz özümüzü günah işlətməkdən gözləməli və bəhanələr axtarmamalıyıq. Amma bu hələ hamısı deyil. Üstəlik, biz iman təzahür etdirməli, Allahın niyyətini həmişə yadda saxlamalı və Onun niyyəti ilə ayaqlaşmaq üçün əlimizdən gələni etməliyik. Bəzən bunu etmək bizim üçün xüsusilə çətin ola bilər, ancaq buna baxmayaraq, biz Yehovanın təşkilatından gələn məsləhət və göstərişlərə əməl etməliyik. Spleyn qardaş dinləyiciləri Allahın dinclik gününə yetişmək üçün var gücləri ilə çalışmağa təşviq etdi.
Rəhbərlik Şurasının üzvü Entoni Moris «Biz nəyi gözləyirik?» adlı sonuncu məruzə ilə çıxış etdi. Moris qardaş tam ciddiyyətlə və ata qayğısı ilə dinləyicilərə Allahın hər bir sadiq xidmətçisinin yerinə yetməsini həsrətlə gözlədiyi peyğəmbərlikləri xatırlatdı. Bu peyğəmbərliklərdən bəziləri «sülh və təhlükəsizlik» bəyanatı və yalan dinin məhv edilməsidir (1 Salon. 5:2, 3; Vəhy 17:15—17). Moris qardaş xəbərdarlıq edərək dedi ki, bu peyğəmbərliklərin yerinə yetməsi ilə bağlı olmayan xəbərlərdəki hadisələri görəndə: «Bu Har-Magedondur», — deməyək. O, Mikeya 7:7 ayəsində qeyd olunduğu kimi, sevinclə və səbirlə gözləməyi məsləhət gördü. Lakin eyni zamanda o, hamını Rəhbərlik Şurası ilə «sıralarını sıxlaşdırmağa», yəni döyüşün mərkəzinə daxil olan əsgər ordusu kimi, bir-birinə yaxın olmağa təşviq etdi. O dedi: «Ey Rəbbə ümid bağlayan bütün insanlar,.. möhkəm olun!» (Məz. 31:24).
Sonda bir neçə sevindirici və tarixi elanlar səsləndi. Rəhbərlik Şurasının üzvü Cefri Cekson elan etdi ki, ingilis dilini yaxşı bilməyənlər üçün sınaq müddəti ərzində sadə ingilis dilində «Gözətçi Qülləsi» çıxacaq. Stiven Lett isə Rəhbərlik Şurasının ABŞ-da xidmət edən vilayət nəzarətçiləri və onların həyat yoldaşları üçün ağsaqqal başçəkmələri təşkil edəcəyini bildirdi. Sonra o, Xidməti Təkmilləşdirmə Məktəbinin bundan sonra Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbi adlanacağını elan etdi. Tezliklə Məsihçi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbinin də olacağı gözlənilir. Bu məktəbdə aldıqları əlavə təlim sayəsində cütlüklər Yehovanın təşkilatında daha yararlı ola bilərlər. Lett qardaş həmçinin elan etdi ki, Səyyar Nəzarətçilər və Həyat Yoldaşları üçün Məktəbin, eləcə də Filial Komitələrinin Üzvləri və Həyat Yoldaşları üçün Məktəbin Patersonda ildə iki sinfi keçiriləcək, üstəlik, əvvəllər bu məktəbləri keçənlərin onları yenidən keçmək imkanı olacaq.
Proqramın sonunda uzun müddət Rəhbərlik Şurasının üzvü olan 97 yaşlı Con Barrb qardaşın təvazökarcasına və səmimi-qəlbdən dua etməsi hamının ürəyini riqqətə gətirdi. Həqiqətən də, bu illik görüş hər kəsin yaddaşında tarixi görüş kimi qaldı.
[Haşiyə]
a 2011-ci il üçün «Yehovanın Şahidlərinin illik məcmuəsi»nin 62 və 63-cü səhifələrinə (rus.) baxın.
b Barr qardaş 2010-cu il dekabr ayının 4-də yerüzü həyatını başa vurdu.
[19 səhifədəki şəkil]
Tanışlıq məqsədilə götürülən müsahibələr hamının xoşuna gəldi
[20 səhifədəki şəkil]
Yehova Efiopiyadakı təbliğ xidmətini xeyir-dualandırır