Pioner xidməti, Rəbbin nə yaxşı olduğunu ‘dadmağın və görməyin’ üsuludur
1 “Pioner xidmətinin nə qədər böyük xoşbəxtlik gətirdiyini qiymətləndirmək üçün onu sınaqdan keçirmək lazımdır”. Uzun illər pioner xidmətində çalışanlar da öz hisslərini bu cür ifadə edərdilər. Allahın bu sadiq, tammüddətli xidmətçiləri nəyə görə pioner xidməti haqqında bu cür hərarətlə danışırlar? Onlar Rəbbin nə yaxşı olduğunu dadmış və görmüşlər (Məz. 34:8; 1 Pet. 2:3).
2 Kimlər pioner ola bilər? Bə’ziləri düşünürlər ki, yalnız xüsusi tip adamlar — sağlam, qüvvəli, fərasətli, qaynayıb-qarışan, maddi tə’minatlı adamlar pioner ola bilər, amma bu belə deyil. “Bizim Padşahlıq Xidmətimiz”in 1983-cü il iyul buraxılışında (ing.) daha vacib şeylər xatırladılır: “Nəhayətdə... insanlar istədikləri üçün pioner olurlar” (Mat. 17:20). Onları fərqləndirən səciyyəvi xüsusiyyət — pioner ruhudur.
3 “Pioner ruhu” nədir? Bu, təbliğ etmək və şagirdlər hazırlamaq tapşırığına müsbət nöqteyi-nəzərlə yanaşmaq deməkdir. Pioner ruhuna malik olanlar, fədakarlıq ruhu əks etdirərək, başqalarına məhəbbətlə kömək etməyə təşviq olunurlar. Onlar İsanın nümunəsini təqlid edərək həqiqi sevinc əldə edirlər. Onlara maddi deyil, ruhani şeylər daha çox məmnunluq gətirir. Bu cür ruha malik olan hər bir kəs, imkanı yol verən kimi tammüddətli xidmətə başlayacaq.
4 Dörd addım. İmkanlarını yoxla: Hərdən pioner ola bilib-bilməyəcəyini səmimiyyətlə və dua edərək ölçüb-biçmək faydalıdır. Əgər nəticəyə gəlsən ki, hal-hazırda bu sənin üçün mümkün deyil, növbəti addıma keç: bunun üçün zəmin hazırla. Bu o deməkdir ki, həyatı sadələşdirmək lazımdır. Bunun üçün sənin vaxtının çox hissəsini alan lazımsız işlərdən və həqiqətən sənə o dərəcədə lazım olmayan əşyalardan azad olmaq lazımdır. (Mat. 19:12, 21, 27, 29; “Bizim Padşahlıq Xidmətimiz”in 1998-ci il iyul sayı üçün əlavə vərəqə, rus.) İmkandan istifadə et: Əgər faktiki olaraq pioner xidmətinə başlamağına mane olan heç bir əsaslı səbəb görmürsənsə, onda bu xidmətə başla (Həv. iş. 8:36, 38). Əvvəlcə özünü köməkçi pioner xidmətində yoxla.
5 Pioner xidmətinin gətirdiyi xeyir-dualar Rəbbin yaxşı olduğunu göstərir. Bir gənc bacı özünün 9 ildən artıq davam edən pioner xidməti barədə xatırlayaraq dedi: “Yehovaya o qədər yaxın olursan ki, sanki O, sənin əlindən tutub aparır. [...] Pioner xidmətindən başqa nə isə bu qədər sevinc, ruhani məmnunluq və bu qədər xeyir-dualar gətirə bilərmi?” (Məz. 73:23). 7 ildən artıq pioner xidmətində çalışan bir ər-arvad isə deyirdi: “Bizim yaşda və şəraitdə olan ər-arvad başqa nə ilə məşğul ola bilər? Evdən-evə təbliğ edərkən özümüz kimi adamlara tez-tez rast gəlirik. Lakin onlar özlərinə rahat şərait yaradır, kökəlir, qocalır və əldən düşürlər. Xidmət bizim əqli və fiziki cəhətdən sağlam qalmağımıza kömək edir. Biz həmişə bir yerdəyik. Çox gülürük və həyatdan zövq alırıq”. Bəli, pioner xidməti ruhani müvəffəqiyyətlərə nail olmaq istəyənlərə, həmçinin doğru məqsədlərlə xidmət edənlərə və başqalarına kömək etmək istəyənlərə çoxlu xeyir-dualar gətirir (Sül. məs. 11:25).