İsanın düşüncə tərzini təqlid et
1. İsa Məsih hansı düşüncə tərzinə malik idi?
1 Biz Allahın Oğlunu heç zaman görməsək də, Müqəddəs Kitabda onun həyatı və xidməti haqqında yazılanların sayəsində onu sevə bilmişik (1 Pet. 1:8). Atasının iradəsini yerinə yetirmək üçün, İsa göydəki yüksək vəzifəsini qoyub, yerə gəlmişdir. İnsan ikən o, başqalarına fədakarcasına xidmət etmiş və sonra isə bəşər naminə öz həyatını qurban vermişdir (Mat. 20:28). Allahın Kəlamı bizi çağırır: “Məsih İsada olan fikir sizin aranızda da olsun”. Onun fədakarlıq ruhunu biz necə təqlid edə bilərik? (Filip. 2:5-8).
2. Çox məsihçilər üçün nə asan deyil və onlar bu çətinliyin öhdəsindən necə gələ bilərlər?
2 Yorğunluq hiss edən zaman. İsa kamil olsa da, yorulurdu. Bir dəfə o, yol yorğunu olmasına baxmayaraq, samariyalı bir qadına şahidlik etdi (Yəh. 4:6). Bu gün bir çox məsihçilər də eyni şeyi yaşayırlar. Gərgin iş həftəsindən sonra, ola bilsin, təbliğə getmək üçün qüvvə əldə etmək asan deyil. Lakin müntəzəm olaraq təbliğə gedəriksə, görəcəyik ki, məsihçi xidməti bizi ruhən təravətləndirir (Yəh. 4:32-34).
3. İsanın tə’lim verməyə hazırlığını necə təqlid edə bilərik?
3 Başqa bir zaman, İsa və onun şagirdləri bir az istirahət etmək üçün sakit yerə çəkilirlər. Lakin böyük izdiham onların harada olduqlarından xəbər tutub, onları qabaqlamaq üçün qaçır. Acıqlanmaq əvəzinə, İsanın ‘onlara yazığı gəlir’ və “onlara çox şeylər öyrətməyə” davam edir (Mark 6:30-34). Müqəddəs Kitab öyrənməsinə başlamaq və onu davam etdirmək də eyni əhval-ruhiyyə tələb edir. Bu, həmçinin sarsılmaz sə’y və insanlara səmimi məhəbbət tələb edir. Əgər hal-hazırda Müqəddəs Kitab öyrənməsi keçirmirsənsə, ruhdan düşmə, onu tapmağa çalış.
4. Köməkçi pioner xidməti Məsihin düşüncə tərzini təqlid etməyimizə necə kömək edə bilər?
4 Ruhani maraqları birinci yerə qoy. Köməkçi pioner xidməti diqqəti ruhani maraqlara cəmləşdirməyə kömək edə bilər. Bir gənc bacı yazmışdır: “Rəfiqələrimdən birinin anası bizim hər ikimizi onunla bərabər köməkçi pioner kimi xidmət etməyə təşviq etmişdi. Mən razılıq verməyimə çox şadam. Bacı-qardaşlarımızla daha yaxşı tanış oldum və bir azdan onlar mənim üçün bir ailəyə çevrildilər. Mənim həmçinin başqa insanlara Yehova haqqında daha çox danışmaq və onlara Padşahlığın gözəl həqiqətlərini öyrətmək imkanım da vardı. Bütün bunlar məni Yehovaya və Onun təşkilatına daha da yaxınlaşdırdı” (Məz. 34:8).
5. Nəyə görə Məsihin düşüncə tərzini təqlid etmək üçün daima sə’y göstərməliyik?
5 Hər birimiz qeyri-kamil bədənimizlə Yehovanı razı salmaq istəyimiz arasında mübarizə aparırıq (Rom. 7:21-23). Biz özünü yazıqlamaq cəhdinə qarşı durmalıyıq (Mat. 16:22, 23). Yehova Öz müqəddəs ruhunun vasitəsilə bizə bu sahədə kömək edə bilər (Qalat. 5:16, 17). İndi isə nə qədər ki, Allahın yeni ədalətli dünyası gəlməyib, gəlin Padşahlığın və başqa insanların maraqlarını öz maraqlarımızdan üstün tutaraq, İsanın düşüncə tərzini təqlid edək (Mat. 6:33; Rom. 15:1-3).