Yeni xidmət ili üçün dəyərli məqsəd
1. Yeni xidmət ilində qarşımıza hansı məqsədi qoya bilərik?
1 Ruhən inkişaf etmək istəyiriksə, qarşımıza məqsədlər qoymalıyıq. Yeni xidmət ili üçün şəxsən sənin hansı məqsədlərin var? Ən gözəl məqsəd, bir və ya bir neçə ay köməkçi pioner kimi xidmət etməkdir. Bu sevinc gətirən fəaliyyət olduğundan bə’zi şeyləri adətən qabaqcadan planlaşdırmaq tələb olunur, bunu düşünmək üçün indi yaxşı vaxtdır. Nəyə görə köməkçi pioner xidmətinə məqsəd kimi yanaşmalıyıq?
2. Köməkçi pioner olmağı qarşımıza məqsəd qoymaq üçün hansı səbəblərimiz var?
2 Köməkçi pioner olmaq üçün səbəblər. Köməkçi pioner olmaq bizə kömək edir ki, xidmətə daha çox vaxt sərf edərək səmavi Atamızı «daha çox» sevindirək (1 Salon. 4:1). Yehovanın bizim üçün etdiklərini nəzərdən keçirdikdə, ürəyimiz bizi Onun haqqında başqalarına danışmağa təşviq edir (Məz. 34:1, 2). Xidmətdə daha çox iştirak etmək naminə verdiyimiz şəxsi qurbanları Yehova nəzərə alır və dəyərləndirir (İbr. 6:10). Sə’ylə çalışmağımızın Yehovanı məmnun etdiyini bilmək bizə böyük sevinc bəxş edir (1 Saln. 29:9).
3, 4. Köməkçi pioner xidmətindən necə faydalana bilərik?
3 Adətən bir işlə çox məşğul olanda həmin iş asanlaşır və daha çox sevinc gətirir. Xidmətə çox vaxt sərf etməklə, evdən-evə təbliğ zamanı özünü daha rahat hiss edəcəksən. Sən başqaları ilə söhbət etməkdə və Müqəddəs Kitabdan istifadə etməkdə daha səriştəli olacaqsan. Allaha imanın barədə nə qədər çox danışarsansa, imanın da bir o qədər möhkəm olacaq. Müqəddəs Kitab öyrənməsi olmayan bir çox məsihçilər, köməkçi pioner kimi xidmət etdikləri vaxt ərzində öyrənməyə başlamışlar.
4 Köməkçi pioner xidməti, həmçinin ruhani süstlüyün öhdəsindən gəlməyə də kömək edir. Vaxtilə daimi pioner olan bir qardaş dünyəvi işə çox vaxt sərf etdiyini hiss etmiş və bir ay köməkçi pioner kimi xidmət etməyi qərara almışdır. O deyir: «İnana bilmirdim ki, həmin bir ay məni ruhən bu qədər qüvvətləndirsin! Mən fasiləsiz olaraq köməkçi pioner kimi xidmət etmək qərarına gəldim, bu isə nəhayətdə yenidən daimi pioner olmağıma səbəb oldu».
5. Bacarıqsız olduğumuzu düşünürüksə, bunun öhdəsindən necə gələ bilərik?
5 Maneələri dəf et. Bə’ziləri təbliğçi təcrübələri olmadığını düşünərək, köməkçi pioner olmağa tərəddüd edə bilərlər. Əgər sən də belə hiss edirsənsə, Yeremya ilə olduğu kimi, Yehova sənə də kömək edə bilər (Yer. 1:6-10). Musa ‘dili ağır, səlis danışmayan’ olsa da, Yehova Öz iradəsini yerinə yetirmək üçün ondan istifadə etmişdi (Çıx. 4:10-12). Özünün bacarıqsız olduğunu düşünürsənsə, Yehovadan cəsarət dilə.
6. Səhhətlə bağlı problem və ya sıx iş qrafiki olduğuna baxmayaraq, köməkçi pioner xidməti necə mümkün ola bilər?
6 Səhhətlə bağlı problemin və ya sıx iş qrafikin olduğu üçün köməkçi pioner olmağa tərəddüd edirsənmi? Əgər səhhətini nəzərə alaraq öz ritminə müvafiq qrafik tutsan, köməkçi pioner kimi xidmət etməyin mümkün olar. İş qrafikin ağırdırsa, az əhəmiyyətli işləri başqa ay ərzində də edə biləcəyinə əmin ola bilərsən. Tam iş günü olan bə’zi məsihçilər bir-iki gün mə’zuniyyətə çıxaraq, köməkçi pioner olmaq üçün vaxtı satın almışlar (Kolos. 4:5).
7. Köməkçi pioner olmaq üçün tə’kidlə dua etmək nə üçün faydalıdır?
7 Köməkçi pioner olmaq üçün nə etmək olar? Arzun barədə Yehovaya dua et. Yehovadan xidmətini genişləndirmək cəhdinə xeyir-dua verməsini xahiş et (Rom. 12:11, 12). O, sənə kömək edəcək ki, qrafikində necə dəyişiklik etmək məsələsində müdrik qərar qəbul edəsən (Yaq. 1:5). İstəyin zəifdirsə, təbliğ xidmətindən sevinc duymaq üçün Yehovadan kömək dilə (Luka 10:1, 17).
8. Köməkçi pioner olmaq üçün Süleymanın məsəlləri 15:22 ayəsini necə tətbiq etmək olar?
8 Köməkçi pioner olmaq istəyini ailənlə birgə müzakirə et (Sül. məs. 15:22). Ola bilsin ki, ailə üzvlərindən biri ailənin dəstəyi ilə köməkçi pioner olacaq. Pioner olmaq istəyini yığıncaqda başqaları, xüsusilə də səninlə eyni vəziyyətdə olan məsihçilərlə bölüş. Bu, köməkçi pioner olmaq istəyini gücləndirə bilər.
9. Köməkçi pioner olmaq üçün hansı ayları seçərdin?
9 Yeni xidmət ili üçün tutduğun xidmət qrafikini nəzərdən keçirərkən, səncə, nə vaxt köməkçi pioner kimi xidmət edə bilərsən? Əgər tam iş günü işləyir və ya məktəbdə oxuyursansa, tə’til günlərini, ya da beş şənbə və bazar günü olan ayları nəzərə almaq olar. Məsələn, sentyabr, dekabr, mart və avqust aylarında beş şənbə və bazar günü var. May ayında beş şənbə, iyunda isə beş bazar günü olacaq. Səhhətlə bağlı problemin varsa, yaxşı havası olan aylarda xidmət etməyi planlaşdırmaq olar. Rayon nəzarətçisinin sizin yığıncağa baş çəkdiyi ay ərzində köməkçi pioner kimi xidmət etməyi düşünə bilərsən. Xatirə Gecəsi gələn il martın 22-də olduğundan, mart, aprel və may ayları köməkçi pioner olmaq üçün gözəl seçimdir. Bir və ya bir neçə ay köməkçi pioner olmağı qərara alanda, tələb olunan saatları yerinə yetirməyə kömək edəcək qrafik tutmağa başla.
10. Köməkçi pioner kimi xidmət etməyin mümkün deyilsə, nə edə bilərsən?
10 Hətta yeni xidmət ilində köməkçi pioner kimi xidmət etməyin mümkün olmasa da, təbliğdə pioner ruhunu qoruya bilərsən. Xidmətdə əlindən gələni edərək əmin ola bilərsən ki, Yehova sənin Ona xidmətdə göstərdiyin sə’ydən məmnundur (Qalat. 6:4). Köməkçi pioner kimi xidmət edənləri dəstəklə və ruhlandır. Yəqin ki, öz qrafikində dəyişiklik edib, həftənin bir gününü pionerlərlə əməkdaşlıq etmək olar.
11. Nə üçün bizdə tə’xirəsalınmazlıq hissi olmalıdır?
11 Yehovanın xalqı anlayır ki, vaxt gözləmir. Xoş xəbərin təbliğ işi yerinə yetirilməlidir. İnsanlar təhlükə altında yaşayırlar, vaxt isə azalıb (1 Kor. 7:29-31). Allaha və yaxınlara olan məhəbbət, bizi xidmətdə əlimizdən gələni etməyə təşviq edəcək. Yaxşı sə’y və plan sayəsində yeni xidmət ili ərzində ən azı bir ay köməkçi pioner kimi xidmət edə bilərik. Bu isə, doğrudan da dəyərli məqsəddir!