Yehovanın fəzilətlərini e’lan edin
1. Yehovanın ‘fəzilətlərini’ e’lan etməyə bizi nə təşviq edir?
1 «Ya Rəbb, əzəmət, qüdrət, cəlal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir» (1 Saln. 29:11). Yehova Allaha olan məhəbbətimiz və minnətdarlığımız bizi nəyə sövq etməlidir? Bu, bizi ‘qaranlıqdan Öz valehedici nuruna Çağıranın fəzilətlərini e’lan etməyə’ təşviq etməlidir (1 Pet. 2:9). Biz uca Allahımız haqqında danışmaya bilmərik! Mart, aprel və may aylarında Yehovanın ‘fəzilətlərini’ e’lan etmək üçün gözəl imkanımız olacaq.
2. Bu mühüm mərasimə insanları də’vət etməyimizin səbəbini necə izah edə bilərik?
2 İnsanları Xatirə Gecəsinə də’vət etmək üçün sə’y göstər. Aprelin 2-si, bazar ertəsi Rəbbin axşam yeməyini qeyd etməklə Yehovanın ‘fəzilətlərini’ ucaldacağıq. İnsanları bu mühüm mərasimə də’vət etmək üçün sə’y göstərməliyik. Ev sahibinin sualları olsa, cavab vermək üçün ona vaxt ayır. «Müqəddəs Kitab öyrədir» nəşrinin 206-cı səhifəsindəki əlavə mə’lumatdan da istifadə edə bilərsən. İstirahət günləri təbliğdə jurnal paylayacağıq. Maraq göstərənləri qeyd et və onlara təkrar baş çək. Xatirə Gecəsinə təkrar baş çəkdiyin və Müqəddəs Kitabı öyrətdiyin adamları, qohumlarını, iş yoldaşlarını, qonşularını və başqa tanışlarını də’vət etməyi unutma.
3. Köməkçi pioner xidmətinə başlamağı nəyə görə artıq indidən planlaşdırmalıyıq?
3 Köməkçi pioner xidməti. Mart, aprel və may aylarında köməkçi pioner kimi xidmət etməklə Yehovanın ‘fəzilətlərini’ daha çox e’lan edə bilərsənmi? Bu xidməti icra etmək üçün gündəlik qrafikinə müəyyən dəyişikliklər etmək lazım gələ bilər (Efes. 5:15-17). Əmin ola bilərsən, xidmətdə göstərdiyin sə’ydən böyük sevinc duyacaq və Yehova Allahın xeyir-duasını alacaqsan (Sül. məs. 10:22). Xatirə Gecəsi yaxınlaşdığı üçün, indi bunları planlaşdırmağın əsl vaxtıdır (Sül. məs. 21:5).
4. Keçən il köməkçi pioner kimi xidmət etmiş 90 yaşlı bacıdan nə öyrənə bilərik?
4 Keçən il 90 yaşlı bir bacı köməkçi pioner kimi xidmət etmişdi. O danışır: «Mən bağımda işləməyi çox sevirəm və hətta yeni bitkilər əkmək də istəyirdim. Sonra başa düşdüm ki, həyatımda ilk yerə Padşahlığın maraqlarını qoymalıyam və mart ayında köməkçi pioner xidmətini götürdüm». Bəs Yehova bu sə’yinə görə ona xeyir-dua verdimi? Bacı davam edir: «İndi özümü sözün əsl mə’nasında yığıncağın bir üzvü kimi hiss edirəm. Bu xidmət məni Yehovaya daha da yaxınlaşdırıb». Bəs biz həyatda birinci yerə nəyi qoyduğumuzu araşdırıb, dəyişikliklər etməyə hazırıqmı?
5. Köməkçi pioner kimi xidmət etmək çətindirmi?
5 Əslində köməkçi pionerlər üçün 50 saatlıq normanı yerinə yetirmək fikirləşdiyin qədər çətin deyil. Allahdan duada rəhbərlik diləyəndən sonra gündəlik işlərin barəsində düşün, xidmətə çıxmaq üçün bir qrafik hazırla. Şəraitini səndən yaxşı heç kəs bilmir. Əgər səhhətin zəifdirsə, tez yorulursansa, onda gündə cəmi bir-iki saat xidmət edə bilərsən. Əgər bütün günü işləyir, yaxud da oxuyursansa, onda xidmətə axşamlar, ya da istirahət günləri çıxa bilərsən.
6. Bir ər-arvad nəyin sayəsində köməkçi pioner xidmətinə başladılar?
6 Bə’zi ailəlilər də köməkçi pioner kimi xidmət edirlər. Bir neçə il əvvəl bir ər-arvad bu xidmət növünə başlamağa tərəddüd edirdilər. Onlara elə gəlirdi ki, şəraitləri üzündən köməkçi pioner olmaları mümkün deyil. Bəs onlar nə etdilər? «Biz Yehova Allaha dua edirdik ki, çoxdankı arzumuzu həyata keçirə bilək». Hər şeyi yaxşıca planlaşdırdıqdan sonra onlar məqsədlərinə nail ola bildilər. Onlar davam edirlər: «Sözlə ifadə etmək mümkün deyil. Yehova ikimizə də o qədər xeyir-dua verdi ki! Məsləhətdir, siz də özünüzü sınayın. Əgər bizdə alındısa, sizdə də alınacaq».
7. Üzümüzə gələn aylarda xüsusi xidmətə hazırlaşmaq üçün növbəti ailəvi öyrənmədə nə edə bilərsiniz?
7 Nəyə görə növbəti ailəvi öyrənmədə, üzümüzə gələn aylarda hamının xidmətdə daha sə’ylə iştirak etməsi barədə söhbət etməyəsiniz? Ailədə hamı köməkçi pioner kimi xidmət edə bilməsə də, yəqin heç olmasa bir nəfərin bunu etməyə imkanı olacaq. Bunun üçün ailənin qalan üzvləri də köməklərini əsirgəməməli, əməkdaşlıq etməyə hazır olmalıdırlar. Əgər bu da mümkün deyilsə, bu xüsusi aylarda bütün ailə xidmətdə daha çox iştirak etməyi qarşısına məqsəd qoya bilər.
8. Qarşıdan gələn aylarda xidmətdə daha çox iştirak etmək istəyimiz barədə başqaları ilə nə üçün danışmalıyıq?
8 Bir-birinizə kömək edin. Xidmətə olan həvəsin başqalarına da yaxşı tə’sir edə bilər. Köməkçi pioner olmaq istəyini başqalarına danış. Ola bilər, onlar da bu xidmət növünə başlamaq istəyərlər. Bundan başqa, əvvəllər pioner kimi xidmət etmiş bacı-qardaşlar da, məqsədinə çatmaq üçün sənə qrafikinlə bağlı dəyərli məsləhətlər verə bilərlər (Sül. məs. 15:22). Əgər köməkçi pionersənsə, nəyə görə sənin kimi şəraiti olan təbliğçiləri də bu sevinc gətirən xidməti dadmağa təşviq etməyəsən?
9. Ağsaqqallar üzümüzə gələn aylarda təbliğçilərdə köməkçi pioner xidmətinə həvəs oyatmaq üçün nə edə bilərlər?
9 Bir çox ağsaqqallar bu xüsusi xidmət növündə iştirak etmək üçün qrafiklərində lazımi dəyişikliklər edirlər (İbr. 13:7). Ağsaqqalların bu nümunəsi yığıncağı necə də ruhlandırır! Ağsaqqallar həmçinin söhbətləri ilə də başqalarını həvəsləndirə bilərlər. Bir neçə xoş söz, bə’zi praktiki məsləhətlər pioner xidmətini başlamaq üçün ən lazımi təkan ola bilər. Xidməti nəzarətçi təbliğ xidməti üçün əlavə görüşlər keçirəcək ki, təbliğçilərin hamısı dərsdən, işdən sonra qrup halında xidmətə çıxa bilsinlər. Bu görüşlər müntəzəm olaraq e’lan ediləcək. Qardaş həm də əmin olmalıdır ki, hamının paylamaq üçün yetərincə ədəbiyyatı və sahəsi var.
10. Köməkçi pioner kimi xidmət etməyə imkanın olmasa da, nə edə bilərsən?
10 Şəraitin köməkçi pioner kimi xidmət etməyə yol verməsə də, sən bu xidmətə başlayanları ruhlandıra və onlar üçün dua edə bilərsən (Sül. məs. 25:11; Kolos. 4:12). Məsələn, onlarla həmişəkindən bir az çox xidmət edə bilər, ya da həftənin bir gününü xüsusi olaraq onlar üçün ayıra bilərsən.
11. Azərbaycan üçün hansı məqsəd qoyulub və sizin yığıncaq bu məqsədə nail olmaqda necə kömək edə bilər?
11 Aprel ayı üçün məqsəd — 100 köməkçi pioner. Azərbaycan üçün köməkçi pionerlərin ən yüksək həddi 2006-cı ilin aprel ayında 78 nəfər olub. Bunu nəzərə alaraq, Azərbaycan üçün üzümüzə gələn aprel ayında real rəqəm 100-dür. Əgər hər yığıncaqdan orta hesabla hər altıncı təbliğçi köməkçi pioner xidmətinə başlasa, bu məqsədə nail olmaq olar. Əlbəttə, bə’zi yığıncaqlarda köməkçi pioner xidmət etməyə şəraiti yol verən daha çox təbliğçi olacaq. Əksər yığıncaqlar bu məqsədə nail ola bilərlər. Bunun, təbliğ işinə göstərəcəyi müsbət tə’siri və yığıncaqdakı sevinci təsəvvürünə gətir!
12. Nəyə görə aprel köməkçi pioner xidməti üçün ən münasib aydır?
12 Köməkçi pioner xidmətinə başlamaq üçün aprel nə üçün ən münasib aydır? Xatirə Gecəsi ayın əvvəlində olduğundan, bu görüşə gələnlərə ay ərzində təkrar baş çəkmək mümkün olacaq. Bundan başqa, ikinci gəlişimizdə «Müqəddəs Kitab öyrədir» nəşri ilə öyrənmə başlamaq məqsədilə jurnallar paylayacağıq. Göründüyü kimi, aprel ayında köməkçi pioner xidmət etməklə çoxlu Müqəddəs Kitab öyrənməsinə başlaya biləcəyik. Aprel ayında gün uzanır, havalar da yaxşılaşır. Bundan əlavə, aprel ayında beş bazar günü var. Bunun sayəsində məktəblilərin və işləyənlərin də bu xidmət növündə iştirak etməyə imkanları olacaq.
13. Xatirə Gecəsi yaxınlaşdıqca nəyə görə anlamalıyıq ki, vaxt artıq gözləmir?
13 Qeyd edilən hər Xatirə Gecəsi bizi bu sistemin sonuna bir il də yaxınlaşdırır. Başqalarına uca Allahımız haqqında danışmaq üçün ayrılmış vaxt get-gedə azalır (1 Kor. 7:29). Bu ilki Xatirə Gecəsi səmavi Atamızı həmd etmək üçün gözəl imkanlar açır. Gəlin bu imkanı əldən verməyək! Gəlin mart, aprel və may aylarında Yehovanın ‘fəzilətlərini’ e’lan etmək üçün indidən hazırlaşaq!
[4 səhifədəki çərçivə]
Aprel ayında ölkəmizdə 100 köməkçi pionerimiz olacaqmı?
◼ Birinci yerə nələri qoyduğuna nəzər sal
◼ Məqsədlərinizi ailəliklə müzakirə edin
◼ Planlarını başqalarına danış