Ailə qrafiki: ailəvi öyrənmə
1 Uşaqlarınız üçün edə biləcəyiniz ən qiymətli şey — onlara Yehovaya qarşı məhəbbət aşılamaqdır. Bunu «evində oturanda» hər həftə ailəvi öyrənmə keçirəndə etmək çox vacibdir (Qanun. 6:5-7). Həyat yoldaşının səninlə bir imanda olmadığından, dini cəhətdən ayrılmış ailədə yaşamağından və ya uşaqlarını tək böyütməyindən asılı olmayaraq, ailəvi öyrənmə sayəsində sən öz uşaqlarına dost ola bilər və Yehovaya yaxınlaşmaqda onlara kömək edə bilərsən.
2 Nədən başlamalı. Birinci addım — müntəzəm olaraq ailəvi öyrənmə keçirmək vərdişi inkişaf etdirməkdir. Əgər sən öyrənməni hansı vaxtda keçirəcəyini müəyyən edə bilmirsənsə, nəyə görə bunu bütün ailə ilə müzakirə etməyəsən? (Sül. məs. 15:22). Əgər uşaqların çox balacadırsa, həftə ərzində bir neçə qısa öyrənmə keçirmək daha münasib ola bilər. Ailəniz üçün nəyin daha yaxşı olacağını müəyyən et. Ailəvi öyrənmə üçün müəyyən vaxtı tə’yin edin və bütün qüvvənizlə buna riayət etməyə çalışın.
3 Ailəvi öyrənmə zamanı nə öyrənmək olar? Bə’ziləri həmin həftə üçün kitaböyrənməyə və ya «Gözətçi Qülləsi»nin öyrənilməsinə hazırlaşırlar. Digərləri gənclərə aid olan məqalələri müzakirə edirlər. Kiçik yaşlı oğlu və qızı olan bir ata demişdir: «Onlar ailəvi öyrənməni xüsusi səbirsizliklə gözləyirlər, çünki öyrənmə zamanı biz “Mənim Müqəddəs Kitab hekayələri kitabım”da təsvir olunan hekayələrə əsasən səhnəciklər hazırlayırıq. Bu cür səhnəciklər uşaqların ürəyində dərin iz buraxır və onlar Müqəddəs Kitabı daha yaxşı başa düşürlər, bu isə öyrənilən abzasların sayından vacibdir».
4 Öyrənməni hər həftə keçirin. Ailəvi öyrənmə müntəzəm surətdə keçirilməlidir. Çalışmaq lazımdır ki, bu, bütün ailə üçün sevindirici bir hadisə olsun. Tələb olunarsa, öyrənmənin gününü və saatını dəyişmək olar. Elə şərait də yarana bilər ki, başqa material öyrənmək tələb olunsun. Lakin hətta dəyişikliklər tələb olunsa belə, ailəvi öyrənmədə uzunmüddətli fasilələrə yol vermək lazım deyil. Bir bacı deyir: «Əgər ailəvi öyrənməni başqa bir vaxta keçirmək tələb olunurdusa, atam yeni vaxtı bir kağız üzərində yazıb soyuducunun qapısına yapışdırırdı, beləliklə, öyrənmənin nə vaxt keçiriləcəyini biz həmişə bilirdik». Bu ailənin ailəvi öyrənməni müntəzəm olaraq keçirməyə çalışması necə də gözəldir! Uşaqlarını «Rəbbin tərbiyə və nəsihəti ilə» tərbiyə edəndə, sən həm onları, həm də səmavi Atamızı sevdiyini göstərirsən (Efes. 6:4).