Yehovanı gözləyin!
1. Vilayət konqresinin mövzusu nədir və nə üçün demək olar ki, bu əsl vaxtındadır?
1 Yeşaya peyğəmbər Yehovanın ‘adil Allah’ olduğunu yazmışdı. «Onu intizarla gözləyənlər nə bəxtiyardır!» (Yeşaya 30:18b). Müqəddəs Kitabda Yehovanın, düşmənlərinə qarşı çıxardığı hökmləri həyata keçirməsi və sadiq xidmətçilərini azad etməsi haqqında bir çox hadisələr qələmə alınıb. Allahın müasir xidmətçiləri onlardan hansı ibrət dərsi ala bilərlər? Yehovanın ‘möhtəşəm və dəhşətli gününə’ hazır olmaq üçün indi nə edə bilərik? (Yoel 2:31, 32). Qarşıda gözlənilən «Qurtuluş yaxındır!» adlı vilayət konqresi bizi bu sualların üzərində düşünməyə və özümüzü yoxlamağa təşviq edəcək. Konqres bizə Yehovanı gözləməyə kömək edəcəkdir.
2. Vilayət konqresinə görə minnətdarlığımızı necə təzahür etdirə bilərik?
2 Konqresin hər üç günündə olmaq və ondan tam fayda əldə etmək üçün hazırlıq görmüsənmi? Məsələn, işdən icazə almısanmı? Məsələnin öz-özünə həll olunacağını fikirləşmə. Yehovaya bu haqda dua et, sonra isə müdirə yaxınlaş (Neh. 2:4, 5). O cümlədən, konqresə necə gedəcəyimiz, harada qalacağımız və digər vacib məsələlərin həll edilməsini axırıncı dəqiqəyədək tə’xirə salmamalıyıq. Konqresə əsaslı surətdə hazırlaşmaqla Yehovanın ruhani süfrəsinə görə minnətdarlığımızı göstəririk. Ağsaqqallar köməyə ehtiyacı olan və xüsusilə də yaşlı bacı-qardaşlara qayğı göstərməyə hazır olmalıdırlar (Qalat. 6:10).
3. Konqres keçirilən şəhərdə Yehovanın xalqının hansı xüsusiyyətləri müşahidəçilər üçün aydın görünməlidir?
3 Yaxşı davranış Allaha şərəf gətirir. Vilayət konqreslərində toplaşanda yaxşı davranışımız bizi müşahidə edənlər üçün şahidlikdir. Buna görə bizdən nə tələb olunur? Məsələn, mehmanxanada, restoranda və ya digər ictimai yerlərdə olanda ünsiyyət etdiyimiz hər bir kəsə səbir, mülayimlik, özünə hakim olmaq kimi məsihçi xüsusiyyətlərimiz aydın görünməlidir (Qalat. 5:22, 23; Filip. 4:5). Həmçinin ‘kobud davranmayan, öz mənfəətini axtarmayan [və] hirslənməyən’ məhəbbəti təzahür etdirməyi də unutmamalıyıq. Hətta çətinliklər və ya narahatçılıqlar yarananda belə, biz ‘hər şeyi Allahın izzəti üçün edəcəyik’ (1 Kor. 10:31; 13:5).
4. Valideynlər uşaqlarına Yehovaya izzət gətirəcək tərzdə davranmağa necə kömək edə bilərlər?
4 Gənc məsihçilərin xarici görünüşü və davranışı bir mehmanxana menecerində o qədər güclü təəssürat oyatmışdı ki, o, Yehovanın Şahidlərini öz mehmanxanasında qonaq görməyə həmişə şad olacağını demişdi. Sevinmək üçün bu böyük əsasdır! Bundan valideynlərin övladlarına gözəl tərbiyə verdiyi və konqres zamanı onlara yaxşı nəzarət etdiyi görünür. Yaxşı olardı ki, valideynlər uşaqlarını qaldıqları mehmanxananın otağında nəzarətsiz buraxıb getməsinlər. Uşaqlar həmişə xüsusi nəzarət altında olmalıdırlar (Sül. məs. 29:15). Qoy onların yaxşı davranışı Yehovaya izzət gətirsin və Onun ürəyini sevindirsin! (Sül. məs. 27:11).
5. Geyimimiz və xarici görünüşümüzlə Yehovanı necə izzətləndirə bilərik?
5 Ədəbli geyim və xarici görünüş. Geyimimiz həddindən artıq dəbdəbəli, açıq-saçıq, ədəbsiz olmamalı və ev paltarına oxşamamalıdır. Hər birimizin bu məsləhətə riayət etməsi konqresin yaratdığı ümumi təəssüratı daha da gücləndirəcəkdir. Bu, həmçinin konqresə gedib gələndə, konqresin keçiriləcəyi yerin hazırlanmasında köməklik göstərəndə və konqresin özündə olduğumuz vaxta da aiddir. Yehovanın xidmətçiləri olduğumuz üçün bizi ilk növbədə şəxsi mənafeyimiz və rahatlığımız deyil, Yehovanın adının izzətlənməsi maraqlandırır. Ailə başçıları ailə üzvlərinin xarici görünüşünün həmişə ədəbli olmasına və sağlam düşüncəni əks etdirməsinə diqqət yetirməlidirlər (1 Tim. 2:9).
6. Asudə vaxtımızda da xarici görünüşümüz nəyə görə səliqəli olmalıdır?
6 Asudə vaxtımızda da — mehmanxanada istirahət edəndə, mağazada alış-veriş edəndə və ya restoranda şam edəndə xarici görünüşümüzün ədəbli olması eyni dərəcədə vacibdir. Fasilə zamanı başqa yerdə nahar edəndə də bizim geyimimiz və xarici görünüşümüz səliqəli olmalıdır. Plaketlərin həmişə üstümüzdə olması qeyri-rəsmi şahidlik vermək üçün imkanlar yaradır (2 Kor. 6:3, 4).
7. Konqresin nizamlı və fərəhli keçməsi üçün hər birimiz nə edə bilərik? («Vilayət konqresi ilə bağlı xatırlatmalar» çərçivəsinə, həmçinin «Bizim Padşahlıq Xidmətimiz»in aprel sayının 6-cı səhifəsindəki xatırlatmalara da diqqət yetirin).
7 Yeşaya peyğəmbərlik etmişdir: «Rəbb sizə lütf göstərmək üçün gözləyir, yenə də sizə rəhm etməyə hazırdır» (Yeşaya 30:18a). Yehovanın bizə rəhm etməsinə və mərhəmətinə görə minnətdarlıq hissi, konqresdə toplaşanda Onu öz xarici görünüşümüz və davranışımızla izzətləndirməyə təşviq edir. Qoy «Qurtuluş yaxındır!» adlı vilayət konqresi Allahımıza izzət gətirsin və Onu gözləməkdə bizə kömək etsin!
[5 səhifədəki çərçivə]
Vilayət konqresi ilə bağlı xatırlatmalar
◼ Konqresin cədvəli. Proqram hər gün saat 9:30-da başlanacaq. Qapılar saat 8:00-dan açıq olacaq. Proqramın başlanmasına bir neçə dəqiqə qalmış aparıcı səhnədə yerini tutacaq və Padşahlıq melodiyaları səslənəcək. Bu vaxt hər birimiz yerlərimizi tutmalıyıq ki, proqram layiqli tərzdə başlansın. Proqram cümə günü saat 17:15-də, şənbə günü 17:05-də, bazar günü isə saat 16:10-da qurtaracaq.
◼ Yerlər. Əlavə yerləri ancaq bir maşında gəldiyiniz və ya bir mənzildə qaldığınız adamlar üçün tutmaq olar.
◼ Könüllü ianələr. Vilayət konqreslərinin təşkilinə müəyyən qədər vəsait sərf edilir. Buna görə minnətdarlığımızı Padşahlıq Zalında və ya konqresdə ümumdünya işinə könüllü ianə etməklə göstərə bilərik.
◼ Bədbəxt və fövqəl’adə hadisələr. Tə’cili yardım şö’bəsi şikayət edir ki, hətta ən cüz’i hadisələrə görə onlara telefon zəngləri gəlir. Əgər konqresin keçirildiyi yerdə tə’cili yardıma ehtiyac duyularsa, yaxında olan xidmətçi ilə əlaqə saxla. O, dərhal ilk yardım şö’bəsinə mə’lumat verəcək. Konqresin keçirildiyi yerdə olan ixtisaslı tibbi hey’ət yaranan vəziyyətin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirəcək və yardım göstərəcək. Lazım gəlsə 03 zəng ediləcək.
◼ Ətirlər. Konqreslərin əksəriyyəti sün’i ventilyasiya sistemi ilə təchiz edilmiş örtülü yerlərdə keçirilir. Buna görə, tənəffüs yolları və bu kimi xəstəliklərdən əziyyət çəkən bacı-qardaşları nəzərə alaraq kəskin qoxusu olan ətir və odekolonların istifadəsini məhdudlaşdırmaq bizim tərəfdən xeyirxahlıq olardı (1 Kor. 10:24).
◼ Maraqlananlar. Konqres zamanı qeyri-rəsmi şahidlik verərkən maraq göstərən hər bir adam haqqında mə’lumat vermək üçün «Zəhmət olmasa, qayğı göstər ki, münasib təbliğçi bu adama baş çəksin» (S-70) blankından istifadə et. Təbliğçilər həmin blankdan bir-iki ədəd özləri ilə konqresə gətirə bilərlər. Blankları ədəbiyyat şö’bəsindən də götürmək olar. Doldurulmuş blankları ya bu şö’bəyə, ya da konqresdən qayıdandan sonra yığıncağın katibinə vermək olar. (2005-ci il fevral sayının «Bizim Padşahlıq Xidmətimiz»in 6-cı səhifəsinə baxın.)
◼ Yerləşdirilmə. Şəxsi mənzildə qalmağı sifariş etdikdə növbəti məqamları nəzərə almaq lazımdır: 1) Xahiş edirik, mənzil sifarişi üçün bütün hallarda СО-5 blankından istifadə edin. 2) Mənzil şö’bəsinin yerləşdirilmə barədə alınan СО-4 blankı heç kimə verilməməlidir. 3) Yaxşı olar ki, özünüzlə yataq dəyişəyi və yemək götürəsiniz. 4) Uşaqlarınıza nəzarət edin və onları heç vaxt tək buraxmayın. 5) Həmimanlılarımızın xidmətindən istifadə edərkən minnətdar olmalı və Həvarilərin işləri 20:35 ayəsində yazılan prinsipi unutmamalıyıq. 6) Əgər mənzil sifarişini ləğv etməli olmusunuzsa, bu haqda mənzil şö’bəsinə mə’lumat verməyi unutmayın.