Suallar qutusu
◼ Yehovaya xidmət üçün istifadə edilən yerlərə gedərkən hansı geyim tərzi münasibdir?
Bütün dünyada Padşahlıq Zalları, Konqres Zalları, Bet-Ellər Yehovaya xidmət etmək üçün həsr olunmuş xüsusi yerlərdir. Bu binalar sadə və səliqəli olduğu, həmçinin yaxşı vəziyyətdə saxlanıldığı üçün xarici görünüşləri insanda xoş təəssürat oyadır. Bu, Şeytan dünyasında mövcud olan şeylərdən çox fərqlənir. Yehovaya xidmət üçün istifadə edilən yerlərə gələnlər də Yehovaya məxsus olduqlarını və Onun iradəsini yerinə yetirdiklərini aydın göstərməlidirlər.
Bir məsihçi kimi, biz hər sahədə, o cümlədən münasib olan səliqəli geyim və xarici görünüşümüzlə «özümüzü Allahın xidmətkarları kimi təqdim edirik» (2 Kor. 6:3, 4). Bizdən ədəbli davranış da gözlənilir. Geyimimiz və xarici görünüşümüz Yehova Allahın xidmətçilərinə xas olan ədəb və ləyaqəti həmişə əks etdirməlidir. Bu, Nyu-Yorkdakı mərkəzi idarəyə, eyni zamanda, bütün dünyada olan filiallara gedərkən xüsusilə vacibdir.
Münasib geyim və xarici görünüşün vacibliyinə dair «Yehovanın iradəsini yerinə yetirmək üçün təşkil olunmuşuq» (rus.) kitabında təbliğ xidmətinə və məsihçi görüşlərinə gedərkən fiziki təmizliyin, sadə geyimin və yaxşı xarici görünüşün zəruri olması haqqında məlumat verilir. 138-ci səhifənin 2-ci abzasında deyilir: «Yadda saxlayın ki, “Bet-El” “Allahın evi” deməkdir. Buna görə də, Bet-Elə gedərkən biz Padşahlıq Zalındakı yığıncaq görüşlərində olduğumuz kimi görünməli və davranmalıyıq». Bu yüksək normaya həm Bet-Elə yaxın yerlərdən, həm də uzaq ərazilərdən gələn təbliğçilər riayət etməlidirlər. Bununla onlar minnətdarlıq və hörmət təzahür etdirmiş olurlar (Məz. 29:2).
Paltarımız bizi «Allaha hörmət etdiklərini» söyləyən insanlar kimi tanıtmalıdır (1 Tim. 2:10). Münasib geyim və xarici görünüş başqalarında Yehovaya ibadətə dair müsbət təəssürat oyadır. Ancaq qeyd etmək lazımdır ki, Yehovaya xidmət üçün istifadə edilən yerlərə gedərkən bəzi bacı-qardaşlarımız həddindən artıq səliqəsiz, pinti və açıq-saçıq geyinirlər. Belə geyim tərzi məsihçilər üçün heç bir vaxt münasib deyil. Bu məsələdə, eləcə də məsihçi həyatımızın bütün başqa sahələrində hər şeyi Allahın izzəti üçün edərək, Allahın xalqını dünyadan fərqləndirən yüksək normalara riayət etmək istəyirik (Rom. 12:2; 1 Kor. 10:31).
Beləliklə, Nyu-Yorkdakı mərkəzi idarəyə, Rusiyanın Sankt-Peterburq şəhərinin Solneçnoye qəsəbəsindəki Bet-Elə, Gürcüstandakı ofisə, yaxud digər filiallara planlaşdırıb getmək və ya məzuniyyət zamanı səyahət edərkən yolüstü dəymək istəyəndə özündən soruş: «Mənim geyimim və xarici görünüşüm gedəcəyim yerin sadəliyini, təmizliyini və ləyaqətini əks etdirirmi? Xarici görünüşüm ibadət etdiyim Allaha izzət gətirirmi? Başqaları xarici görünüşümə görə utanıb və ya pərt olmayacaqlar ki?» Gəlin həmişə geyimimiz və xarici görünüşümüzlə «hər cəhətcə Xilaskarımız Allahın təlimini cazibəli» edək! (Tit. 2:10).