Ədəbli geyim Allaha ehtiram bəslədiyimizə şəhadət edir
1. Qarşıda gözlənilən vilayət konqresinə görə minnətdarlığımızı necə ifadə edə bilərik?
1 Biz bu yaxınlarda “Allaha izzət verin” adlı 2003-cü ilin vilayət konqresində Yehovanın qonaqları olmaq şərəfinə layiq görüləcəyik. Belə bir zəngin ziyafətə də’vət etdiyi üçün, biz Yehovaya necə də minnətdarıq! Verdiyi ruhani ən’amlara görə Allaha olan ehtiramımızı və minnətdarlığımızı geyimimizlə və xarici görünüşümüzlə ifadə edə bilərik (Məz. 116:12, 17).
2. Təmiz və səliqəli geyinmək bizim üçün nəyə görə vacibdir?
2 Təmiz və səliqəli olmaq. Xarici görünüşümüz, təmizliyi və nizam-intizamı sevən Allahımızın normalarını əks etdirməlidir (1 Kor. 14:33; 2 Kor. 7:1). Bədənimiz, saçımız və dırnaqlarımız təmiz və xarici görünüşümüz səliqəli olmalıdır. Bu gün çoxları səliqəsiz geyinirlər, lakin məsihçilər, bu cür geyinən kino və ya idman ulduzlarından nümunə götürməli deyillər. Əgər biz qəribə moda üslubunun tə’siri altına düşürüksə, insanlar üçün həqiqi Allaha xidmət edənlərlə etməyənləri ayırd etmək çətin olur (Mal. 3:18).
3. Xarici görünüşümüz 1 Timoteyə 2:9, 10 ayələrində deyilənlərə müvafiq olsun deyə, nəyi ölçüb-biçməliyik?
3 Məsihçilərə yaraşan geyim tərzi. Həvari Pavel məsihçi nəzarətçisi Timoteyə yazdığı məktubunda qadınları özlərini ‘utancaqlıq və mö’tədilliklə, ədəbli qiyafətlə... Allaha hörmət etdiklərini iddia edən qadınlara yaraşan tərzdə... xeyirli işlərlə bəzəməyə’ təşviq edirdi (1 Tim. 2:9, 10). Geyimimizin həqiqətən də ədəbli olması üçün, hər şeyi lazımi qaydada ölçüb-biçməliyik. Geyim zövqsüz, ehtiras oyadan və diqqəti cəlb edən olmamalıdır. Biz ədəbli, təmiz və sadə geyinməliyik (1 Pet 3:3).
4, 5. Necə qardaşlar, eləcə də bacılar nədən qaçınmalıdırlar?
4 Pavel, həmçinin “saç hörgüləri, qızıl, yaxud mirvarilər, yaxud bahalı paltarla” həddindən artıq bəzənməkdən də saqındırırdı (1 Tim. 2:9). Məsihçi qadınları kosmetikadan istifadə edərkən və bəzək əşyaları seçərkən tarazlığı qorusalar, müdrik hərəkət etmiş olarlar (Sül. məs. 11:2).
5 Pavel öz məsləhətini ilk növbədə məsihçi qadınlara ünvanlandırmış olsa da, bu məsləhətin əsasını təşkil edən prinsip qardaşlara da aiddir. Onlar bu dünyanın ruhunu əks etdirən geyim tərzindən qaçınmalıdırlar (1 Yəhya 2:16). Misal üçün, bə’zi ölkələrdə geniş, həddindən artıq sərbəst paltarlar geymək populyardır, lakin belə üslub Allahın xidmətçisinə münasib deyil.
6. Konqresə getməyimizdən və ya qayıtmağımızdan, proqrama qulaq asmağımızdan və dincəlməyimizdən asılı olmayaraq, geyimimiz və xarici görünüşümüz nəyə görə yüksək normalara müvafiq olmalıdır?
6 Axşam, proqramdan sonra. Konqresin proqram vaxtı bacı və qardaşların əksəriyyəti geyimdə gözəl nümunə verirlər. Ancaq diqqət yetirildiyi kimi, bə’zi qardaşlar konqresə gedərkən, konqresdən qayıdarkən və yaxud axşam, proqramdan sonra istirahət edərkən xarici görünüşlərinə fikir vermirlər. Lakin istər proqram vaxtı, istərsə də başqa vaxt, xarici görünüşümüzdən insanlarda Allahın xalqı haqqında hansı fikir yaranacağı asılıdır. Konqresin nümayəndələri kimi plaketlər taxdığımız üçün, biz gərək məsihçilərə yaraşan tərzdə geyinək. İnsanlar çox vaxt bizi xarici görünüşümüz səliqəli olduğuna görə tə’rifləyirlər və bizim onlara təbliğ etmək imkanımız yaranır (1 Kor. 10:31-33).
7. Səliqəli geyimimiz və xarici görünüşümüz başqalarına necə təəssürat bağışlaya bilər?
7 Necə ki, səmimi təbəssüm sifəti cəlbedici edir, səliqəli geyim və xarici görünüş də daşıdığımız xəbərə və təmsil etdiyimiz təşkilata qarşı hörmət hissi doğurur. Bu il “Allaha izzət verin” adlı vilayət konqresi zamanı bizi görənlərdən bə’ziləri, ehtimal ki, başqalarından nə üçün fərqləndiyimizi bilmək istəyəcək və hətta nəhayətdə: “Sizinlə gedirik, çünki Allahın sizinlə bərabər olduğunu eşitdik” deyəcəklər (Zək. 8:23). Qoy bizlərdən hər birimiz öz geyimi və xarici görünüşü ilə Allaha ehtiram etdiyini göstərsin!
[5 səhifədəki çərçivə]
Ləyaqətli görünürük...
▪ Yolda.
▪ Konqresdə.
▪ Axşam, proqramdan sonra.