İstehkamları yıxırıq
1 Şeytan əsrlər boyunca yalan təlimlərdən və hiylələrdən istifadə edərək, bir çox insanların ürəyinə və zehninə sədd çəkmişdir. O, Üç üqnum, ölməz ruh və cəhənnəm odu kimi təlimləri yaymışdır. Şeytan Yaradanın mövcudluğuna və Müqəddəs Kitabın mötəbərliyinə şübhə oyadır. İrqçilik və millətçilik həqiqət nurunun qarşısında duran digər böyük maneədir (2 Kor. 4:4). Belə möhkəm kök salmış etiqadları necə yıxa bilərik? (2 Kor. 10:4, 5).
2 Hisslərə hopub. İnsanın uzun müddət inandığı dini etiqadlar çox vaxt onun ən dərin hisslərinə hopur. Bəziləri yanlış etiqadlara uşaqlıqdan inanırlar. Belələrinə kömək etmək üçün elə danışmalıyıq ki, onların nöqteyi-nəzərinə hörmət etdiyimiz görünsün (1 Pet. 3:15).
3 Biz onlara nəyə və nə üçün inandıqlarını izah etməyə imkan verməklə hörmət göstərə bilərik (Yaq. 1:19). Bəlkə də onlar əzizlərindən kimisə itirdiklərinə və onu yenidən görmək həsrətində olduqlarına görə tam səmimiyyətlə ruhun ölməzliyinə inanırlar. Yaxud ailələri ilə birlikdə olmaq imkanını qiymətləndirdikləri üçün bayramları qeyd edirlər. Dediklərinə qulaq assaq, onların hisslərini başa düşə biləcəyik və bu bizə onlara düzgün cavab verməyə kömək edəcək (Sül. məs. 16:23).
4 İsanı təqlid et. İsa qanunu yaxşı bilən adama necə cavab verməsi ilə bizə gözəl nümunə qoymuşdur. O, birbaşa cavab vermədi, çünki həmin adam ürəkdən inandığı etiqadlara görə onun cavablarını qəbul etməyə bilərdi. Əksinə, İsa Müqəddəs Yazılara istinad etdi, onu öz fikirlərini ifadə etməyə təşviq etdi və məsəl çəkərək ona düşünməyə kömək etdi (Luka 10:25-37).
5 Möhkəm kök salmış yalan dini etiqadlar heç bir vəchlə Allahın Kəlamındakı həqiqətə bərabər ola bilməz (İbr. 4:12). Səbirlə ürəklərinə yol taparaq biz insanlara yalanı rədd etməyə və onları azad edəcək həqiqəti qəbul etməyə kömək edə bilərik (Yəh. 8:32).