Müqəddəs Kitabı şəxsən və ailəvi öyrənmək həyati vacibdir!
1. Bizim günlərdə Rəhbərlik Şurası xüsusi olaraq qayğımıza necə qalır və nə üçün?
1 Birinci əsrdə olduğu kimi, indi də Rəhbərlik Şurası Yehovanın xalqının rifahı üçün hər şeyi edir (Həv. iş. 15:6, 28). Böyük məşəqqətin qara buludları başımızın üstünü aldıqca, Padşahlığın hər bir təbliğçisinin Yehova ilə sarsılmaz münasibətlərinin olması son dərəcə vacibdir. Əvvəllər yığıncağın kitaböyrənməsinə ayrılan vaxtı nəyə sərf edəcəksiniz? Hamını bu vaxtı ailəvi ibadətə sərf etməyə təşviq edirik. Bu vaxtdan müdrik istifadə etmək bizə Allahın ilhamlanmış Kəlamına daha dərindən baş vurmağa və onun həyat verən sularından çəkməyə kömək edəcək (Məz. 1:1-3; Rom. 11:33, 34).
2. Ailəvi öyrənməni necə təşkil etmək olar?
2 Ailəvi ibadət. Ailə başçıları təşviq olunurlar ki, Yehovanın qarşısında daşıdıqları məsuliyyəti yerinə yetirsinlər — dolğun, müntəzəm ailəvi öyrənmə keçirsinlər (Qanun. t. 6:6, 7). Üzərlərində ailə məsuliyyəti olmayan subay qardaşlar və bacılar bu vaxtı Müqəddəs Kitabın şəxsən öyrənilməsinə və tədqiq edilməsinə sərf edə biləcəklər. Bu ‘şər günlərdə’ hər kəsin ruhani gücü qorumaq üçün ‘hər fürsətdən istifadə edərək’ öyrənməsi və düşünməsi həyati vacibdir (Efes. 5:15, 16).
3, 4. Hansı materiallardan istifadə edə bilərik və nəyi nəzərə almalıyıq?
3 Nəyi araşdırmaq olar? «Gözətçi Qülləsi nəşrlərinin indeksi» və «CD-ROM-da Gözətçi Qülləsinin kitabxanası» vasitəsilə lazımi məlumatları tapıb Müqəddəs Kitabın öyrənilməsini maraqlı edə bilərsiniz. Ailələr «Gözətçi Qülləsi»ndən «Ailə xoşbəxtliyinin açarları», «Uşaqlarınızı öyrədin» və «Gənc oxucularımız üçün» kimi müntəzəm rubrikaları nəzərdən keçirə bilərlər.
4 Müqəddəs Kitabı tələsmədən oxumaq Allaha məqbul prinsipləri və ibrət dərslərini ailənin hər bir üzvünün ağlına və ürəyinə həkk edəcək (İbr. 4:12). Digər hallarda təşkilatın buraxdığı filmlərdən birinə baxıb, müzakirə etmək olar. Təxəyyülünüzü və yaradıcılıq qabiliyyətinizi işə salmaq üçün qarşınızda çoxlu imkanlar var. Nə üçün ailə üzvlərinizdən öyrənməyə dair fikirlərini soruşmayasınız?
5. Müqəddəs Kitabı şəxsən və ailəvi öyrənmək nə üçün indi bu qədər vacibdir?
5 Nə üçün indi vacibdir? Ruhaniliyimizi möhkəmləndirmək bizi ‘durub, Yehovanın necə xilas edəcəyinə baxmağa’ (YD) hazırlayacaq (Çıx. 14:13). Uşaqlarını ‘əyri və pozğun nəsil arasında’ tərbiyə etdikləri üçün valideynlərin Allahın rəhbərliyinə ehtiyacı var (Filip. 2:15). Uşaqlara məktəblərdəki getdikcə pozğunlaşan ab-havaya uymamağa kömək etmək lazımdır (Sül. məs. 22:3, 6). Ər-arvadlar Yehova ilə olan ‘üçqat iplərini’ möhkəmləndirməlidirlər (Vaiz 4:12). Belə isə, gəlin özümüzü ‘son dərəcə müqəddəs olan imanımızın’ təməli üzərində inkişaf etdirmək üçün yerdə qalan vaxtdan müdrik istifadə edək! (Yəhuda 20).