Məktəbdə şahidlik etməyə hazırsanmı?
1. Dərslər başlayanda məktəbliləri hansı imkan gözləyir?
1 Məktəbli məsihçilər, birinci sinfə gedəcəyinizdən, yaxud növbəti sinfə keçəcəyinizdən asılı olmayaraq, sizi yeni sınaqlar və çətinliklər gözləyir. Ancaq bununla yanaşı, ‘həqiqətə şəhadət etmək’ üçün sizin qarşınızda yeni imkanlar açılır (Yəh. 18:37). Şahidlik etməyə yaxşı hazırlaşmısınızmı?
2. Məktəbdə şahidlik etməyə necə hazırlaşa bilərsiniz?
2 Siz Yehovadan, valideynlərinizdən, sadiq və ağıllı quldan həyatın bütün sahələrində müvəffəqiyyət qazanmağınıza kömək edəcək təlim almısınız (Sül. məs. 1:8; 6:20; 23:23-25; Efes. 6:1-4; 2 Tim. 3:16, 17). Həm də dəqiq bilirsiniz ki, məktəbdə sizi hansı sınaqlar gözləyir. Beləliklə, özünüzü şahidlik etməyə hazırlayın (Sül. məs. 22:3). İkicildli «Gənclərin sualları» kitabı (rus.), habelə «Oyanın!» jurnalında (rus.) müntəzəm dərc olunan müvafiq məqalələr vasitəsilə verilən təlimi və Müqəddəs Yazılara əsaslanan məsləhətləri ciddi nəzərdən keçirin.
3. Şahidlik etməyə necə hazır ola bilərsiniz?
3 Xidmət üçün nadir ərazi olan məktəbdə müxtəlif üsullarla şahidlik edə bilərsiniz. Başqaları sizin nümunəvi geyiminizi, xarici görünüşünüzü, davranışınızı, danışığınızı, sinif yoldaşlarınıza və müəllimlərə hörmətlə yanaşdığınızı, hətta yaxşı oxuduğunuzu müşahidə edəndə və həyatda möhkəm prinsiplərinizin olduğunu başa düşəndə soruşa bilərlər: «Nə üçün sən başqalarından fərqlənirsən?» (Mal. 3:18; Yəh. 15:19). Bu vaxt şahidlik etmək və etiqadlarınızı izah etmək üçün imkan yarana bilər (1 Tim. 2:9, 10). İl boyu siz, ehtimal ki, vətənpərvərliklə bağlı olan tədbirlər və bayramlar kimi sınaqlarla üzləşəcəksiniz. Bu tədbirlərdə nə üçün iştirak etmədiyinizi soruşanda sadəcə: «Mən Yehovanın Şahidiyəm; bu mənim dinimə ziddir», — deyə cavab verəcəksiniz, yoxsa fürsətdən istifadə edib məhəbbətli Atamız Yehova haqqında şahidlik edəcəksiniz? Yehovanın öyrətdiyi kimi yaxşı hazırlaşsanız, müəllimlərinizə, sinif yoldaşlarınıza və başqalarına gözəl şahidlik verməyə hazır olacaqsınız (1 Pet. 3:15).
4. Məktəb ilinin müvəffəqiyyətli olacağına nə üçün əmin ola bilərsiniz?
4 Ola bilər, məktəbə getməyə bir az çəkinirsiniz, ancaq bilin ki, məktəb ilini uğurla bitirməyinizi istəyənlər və bu işdə sizə kömək edənlər çoxdur. Bundan əlavə, bu nadir xidmət sahəsində başqalarına şahidlik edəcəyinizə görə biz də sizinlə birlikdə sevinirik. Buna görə də cəsarətli olun və məktəbdə şahidlik etməyə hazırlaşın!