Maraqlanan insanlara yenidən nə vaxt baş çəkmək lazımdır?
1. Şagirdlər hazırlamaq işinə nə daxildir?
1 Şagirdlər hazırlamaq işinə Yehovanın Padşahlığı haqqında öyrənmək istəyən kəslərə baş çəkmək də daxildir (Mat. 28:19, 20). Təkrar başçəkmə etmək üçün münasib vaxt təyin edərkən özümüzün və maraqlanan kəsin vəziyyətini nəzərə almalıyıq. Bəs biz nəyə görə ilk başçəkmədən sonra tez bir müddətdə yenidən qayıtmalıyıq?
2, 3. Nəyə görə insanlara mümkün qədər tez baş çəkməyə çalışmalıyıq?
2 Nəyə görə tezliklə geri qayıtmaq lazımdır? ‘Padşahlıq haqqında olan Müjdənin’ təbliğ işi tezliklə sona çatacaq, çünki bu dünyanın məhvinə çox az qalıb (Mat. 24:14; 1 Pet. 4:7). Buna görə də nə qədər ki, indi maraqlanan kəslər üçün «xilas günüdür», biz «vaxtlı ya vaxtsız hazır ol» məsləhətinə ciddi yanaşmalıyıq, bu isə özünə insanların marağını artırmaq üçün onlara mümkün qədər tez baş çəkməyi daxil edir (2 Kor. 6:1, 2; 2 Tim. 4:2).
3 Şeytan çalışıb-vuruşur ki, maraqlanan insanın ürəyinə səpə biləcəyimiz istənilən Padşahlıq toxumunu məhv etsin (Mark 4:14, 15). Çox vaxt ailə üzvləri, iş yoldaşları və başqaları maraq göstərənləri ələ salırlar. Tez bir zamanda onlara baş çəkmək bizə imkan verir ki, başqaları onların ürəyindəki maraq qığılcımlarını söndürməmiş biz onları alovlandıraq.
4. İlk gəlişimizdə təkrar başçəkmənin təməlini necə qoya bilərik?
4 Vaxt təyin et. Elə birinci görüşdən gələcək başçəkmə üçün müəyyən tədbirlər görmək yaxşı olardı. Növbəti dəfə cavab verəcəyin bir sual qaldır. İlk dəfədən qeydlər etmək və gələcəyin günü təyin etmək vacibdir. İmkanın yol verirsə, növbəti gün və ya qısa müddətdən sonra gəlmək üçün icazə ala bilərsən. Əgər ilk başçəkmə həftəsonu olubsa və maraqlanan insan ara günləri işləyirsə, ola bilsin, növbəti həftəsonu gəlməyinə razı olacaq. Vaxt təyin edərkən sözünün üstündə dur (Mat. 5:37).
5. Günü günə satmadan geri qayıtmaq İsanın şagird hazırlamaq tapşırığını yerinə yetirməkdə bizə necə kömək edir?
5 Maraqlanan kəslərin yanına mümkün qədər tez gəlmək üçün tutarlı səbəblərimiz var. Buna görə də vaxt təyin et və ‘vaxt azaldığı’ üçün tez bir zamanda onlara baş çək (1 Kor. 7:29). Padşahlıq xəbərinə maraq göstərənlərə nə qədər tez baş çəksək, ehtimal ki, səylərimiz bir o qədər səmərəli olacaq.