Xidməti görüşün hissələrini aparan qardaşlar üçün təlimat
«Bizim Padşahlıq Xidmətimiz»in bu sayından etibarən Xidməti görüşün cədvəlinin üslubu sadələşdirilib. Buradakı təlimatlar və xatırlatmalar «Bizim Padşahlıq Xidmətimiz»in 2009-cu il may sayındakı «Xidməti görüşə necə hazırlaşmalı?» adlı məqalədə deyilənlərə dəyişiklik və aydınlıq gətirir.
◼ Nitq. Bu bənd təyin olunmuş materiala əsaslanır və dinləyicilərlə müzakirə keçirilmir. Natiq diqqətini yığıncaq üçün nəyin daha faydalı olduğuna cəmləyir.
◼ Sual-cavab. «Gözətçi Qülləsi» məqalələrinin öyrənilməsi kimi, görüşün bu hissəsinin də giriş və yekun sözləri qısa olmalı və bütün abzasların sualları verilməlidir. Görüşü aparan uzun-uzadı izahatlar verməkdən qaçınmalıdır. Əgər vaxt yol verirsə, əsas ayələri oxumaq olar. Əgər göstəriş yoxdursa, abzasları oxumaq lazım deyil.
◼ Müzakirə. Bu bənddə dinləyicilərin iştirakı da nəzərdə tutulub. Bu nə sadəcə nitq, nə də ki əvvəldən axıra kimi sual-cavabdan ibarət deyil.
◼ Səhnəcik və müsahibələr. Əgər səhnəcik nəzərdə tutulubsa, bu bəndlə çıxış edən qardaş səhnəcik təşkil etməlidir; o, özü səhnəcikdə iştirak edə bilməz. Qardaş səhnəcik üçün səriştəli və nümunəvi təbliğçiləri seçməli və mümkünsə, onlarla birlikdə qabaqcadan hazırlaşmalıdır. Yaxşı olardı ki, yeni və təcrübəsiz təbliğçilər, sadəcə səhnəyə çıxmaq xatirinə səhnəciklərdə iştirak etməsinlər, lakin bəziləri ev sahibi kimi iştirak edə bilərlər. Təqdimə hazırlayan təbliğçilər səhnədə elə durmalıdırlar ki, üzləri dinləyicilərə tərəf olsun. Müsahibədə iştirak edənlər şərhlərini yerlərindən yox, səhnədə verməlidirlər. Səhnəcik və müsahibələri qabaqcadan məşq etmək lazımdır. Əgər görüşün vaxtından keçirsə və qardaş öz çıxışının vaxtını qısaltmalıdırsa, o, səhnəciyi və ya müsahibəni təxirə salmamalıdır. Xidməti köməkçilər səhnəcikdə və ya müsahibədə kimlərin iştirak edəcəklərini seçərkən ağsaqqallar şurasının koordinatoru və ya başqa bir ağsaqqalla məsləhətləşməlidirlər.
Əgər görüşün hansısa hissəsinə dair xüsusi göstərişlər verilibsə, onlara mütləq riayət olunmalıdır. Xidməti görüşün bəndlərini yuxarıda göstərildiyi kimi keçirməklə qardaşlar Xidməti görüşlərin «ədəb-ərkanla və nizamla» keçməsi üçün əllərindən gələni etmiş olurlar (1 Kor. 14:40).