Təbliğ görüşləri nəyə görə vacibdir?
1. Təbliğ görüşlərinin məqsədi nədir?
1 Bir dəfə İsa Məsih 70 şagirdini təbliğə göndərməzdən öncə bir yerə toplamışdı (Luka 10:1—11). İsa şagirdlərini ürəkləndirərək demişdi ki, onlar tək olmayacaqlar, biçinin Sahibi Yehova onlarla olacaq. O həmçinin onlara bu işin öhdəsindən gələ bilmək üçün lazımi göstərişlər vermişdi və onları iki-iki bölüşdürmüşdü. Bu gün də xidmətə getməzdən əvvəl keçirilən görüşlər eyni məqsədə xidmət edir: ürəkləndirmək, təlim vermək və bölüşdürmək.
2. Təbliğ görüşü nə qədər sürməlidir?
2 Hazırda təbliğ görüşləri 10—15 dəqiqə çəkir. Təbliğçilərin bölüşdürülməsi, sahələrin təyin olunması və dua da bu vaxta daxildir. İndi isə buna dəyişiklik edilir. Aprel ayından etibarən təbliğ görüşlərinin keçirilmə müddəti 5—7 dəqiqə çəkəcək. Lakin əgər bu görüş yığıncaq görüşündən sonra keçirilsə, daha qısa olmalıdır. Belə ki, bacı-qardaşlar yığıncaq görüşündən kifayət qədər informasiya alırlar. Təbliğ görüşünü qısa keçirməyin sayəsində təbliğçilərin xidmətə daha çox vaxtı olacaq. Bundan əlavə, əgər öncüllər və ya təbliğçilər təbliğ görüşündən qabaq xidmətə başlayıblarsa, onlar xidmətlərinə çox qısa ara verəcəklər.
3. Təbliğçilər üçün faydalı olsun deyə, təbliğ görüşləri necə təşkil edilə bilər?
3 Təbliğ görüşləri elə təşkil edilməlidir ki, təbliğçilər ondan fayda əldə etsin. Bir çox yığıncaqlarda təbliğ görüşləri ümumi yox, qruplarda keçirilir. Bu, təbliğçilərin təbliğ görüşlərində iştirak etmələrini və sahəyə getmələrini asanlaşdırır. Həmçinin qrup nəzarətçisinə təbliğçiləri tez bölüşdürməyə və qrupunun üzvlərinə daha çox kömək etməyə imkan verir. Ağsaqqallar şurası yerli şəraiti nəzərə alıb təbliğ görüşlərinin necə təşkil ediləcəyini müəyyən edə bilər. Təbliğ görüşünün sonunda qısa dua edilməzdən öncə bütün təbliğçilər hara və kiminlə gedəcəklərini bilməlidirlər.
4. Nəyə görə təbliğ görüşləri yığıncağın digər görüşləri qədər vacibdir?
4 Digər görüşlər kimi vacibdir. Təbliğ görüşlərində təbliğə çıxanlar üçün məsləhətlər verildiyindən, bəzən təbliğə getməyi planlaşdırmayanlar bu görüşlərdə iştirak etmir. Lakin təbliğ görüşlərinə soyuq yanaşmamalıyıq, çünki bu görüşlər də yığıncağın digər görüşləri qədər vacibdir. Bu görüşlər də Yehovanın bizim üçün hazırladığı tədbirdir və bizə bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq etməyə kömək edir (İbr. 10:24, 25). Buna görə də görüşü aparan elə hazırlaşmalıdır ki, bu, Yehova Allaha şərəf gətirsin, dinləyicilərə də fayda. Xidmətə gedən təbliğçilərdən də gözlənilir ki, imkan daxilində bu görüşdə iştirak etsinlər.
5. a) Təbliğ görüşlərinin təşkil olunmasında xidmət nəzarətçisinin rolu nədən ibarətdir? b) Bacı təbliğ görüşünü necə keçirməlidir?
5 Görüşü aparan necə hazırlaşmalıdır? Qardaş yığıncaq görüşündəki tapşırığına yaxşı hazırlaşsın deyə tapşırığını əvvəlcədən bilməlidir. Bunu təbliğ görüşünə də şamil etmək olar. Sözsüz, təbliğ qrupları ayrı-ayrı yığışanda görüşü qrup nəzarətçiləri və ya köməkçiləri aparır. Lakin yığıncaqda ümumi təbliğ görüşü keçiriləndə görüşü aparan qardaşı xidmət nəzarətçisi təyin edəcək. Bəzi xidmət nəzarətçiləri cədvəli həm görüşü keçirən bütün qardaşlara verir, həm də elanlar lövhəsindən asır. Xidmət nəzarətçisi görüşü keçirmək üçün qardaşları seçərkən yaxşı götür-qoy etməli, yadda saxlamalıdır ki, bu görüşlərin keyfiyyəti görüşü aparan qardaşın təlim vermə və təşkilatçılıq qabiliyyətindən də asılıdır. Əgər bəzi günlər görüşü keçirmək üçün ağsaqqal, yığıncaq xidmətçisi və ya başqa münasib qardaş yoxdursa, xidmət nəzarətçisi görüşü aparmağı bacarıqlı bacıya tapşıra bilər. («Görüşü bacı keçirəndə» adlı məqaləyə bax.)
6. Nə üçün görüşü aparan yaxşı hazırlaşmalıdır?
6 Biz adətən Teokratik Xidmət Məktəbində və Xidməti görüşdə tapşırıq alanda buna ciddi yanaşır və yaxşı hazırlaşırıq. Təbii ki, heç birimiz yığıncaqda nə haqda danışacağımızı oturub-oturub yığıncağa gedəndə fikirləşmirik. Təbliğ görüşlərinə də eyni ciddiyyətlə yanaşılmalıdır. İndi təbliğ görüşləri əvvəlkindən qısa olacaq, buna görə də görüşün maraqlı olması və vaxtında qurtarması üçün yaxşı hazırlaşmaq xüsusilə vacibdir. Yaxşı hazırlaşmaq həmçinin təbliğçilərin harada xidmət edəcəklərini qabaqcadan müəyyən etməyi də özünə daxil edir.
7. Təbliğ görüşünü aparan nələri müzakirə edə bilər?
7 Nəyi müzakirə etmək olar? Ərazidən-əraziyə şərait dəyişdiyindən sadiq nökər hər təbliğ görüşü üçün hazır material vermir. «Təbliğ görüşündə nəyi müzakirə etməli?» adlı çərçivədə bəzi təkliflər var. İndən belə də bu görüş müzakirə şəklində keçiriləcək. Bəzən bu görüşlərə yaxşı hazırlanmış səhnəcik və ya jw.org saytından müvafiq video daxil etmək olar. Görüşü aparan təbliğ görüşünə hazırlaşarkən həmin gün təbliğə gedənləri necə ürəkləndirəcəyi və təlimatlandıracağı üzərində düşünməlidir.
8. Şənbə və bazar günləri təbliğ görüşlərində nəyi müzakirə etmək olar?
8 Məsələn, şənbə günləri əksər təbliğçilər «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarını təklif edirlər. Şənbə günləri xidmətə çıxanların çoxu həftəarası xidmətə çıxmadıqlarından ailəvi ibadətdə məşq etdikləri təqdiməni unuda bilərlər. Buna görə də yaxşı olar ki, görüşü keçirən «Müqəddəs ibadətimiz» vərəqəsinin axırıncı səhifəsindəki təqdimələrdən birini nəzərdən keçirsin. Yaxud da jurnal üçün olan təqdiməni yerli ərazidə çıxan xəbərlərə, baş verən hadisəyə və ya keçirilən bayrama necə uyğunlaşdırmağı və ya ev sakini jurnalı götürdüyü təqdirdə növbəti gəlişimizə necə zəmin yaratmağı müzakirə edə bilər. Əgər təbliğ görüşündəkilərin bəziləri artıq ay ərzində paylanan jurnaldan paylayıblarsa, onlardan qısaca olaraq öz təkliflərini demələrini və ya ruhlandırıcı hadisələr danışmalarını xahiş etmək olar. Bazar günləri keçirilən təbliğ görüşlərində isə yuxarıdakı məsləhətləri ay ərzində paylanan nəşrlər üçün də tətbiq etmək olar. «İlahi müjdə», «Allahın sözünə qulaq as» və digər dərs vəsaitini istənilən gün təklif etmək olar. Buna görə də görüşü aparan bu nəşrlərdən birini təklif etməyin üsulunu qısaca nəzərdən keçirə bilər.
9. Yığıncaq xüsusi kampaniyada iştirak edəndə həftəsonu nəyi müzakirə etmək olar?
9 Əgər yığıncaq həftəsonu xüsusi kampaniyada iştirak edirsə, görüşdə cari jurnalları dəvətnamə, yaxud bukletlə birgə təklif etməyin üsulunu nəzərdən keçirmək və ya ev sakini maraq göstərdiyi təqdirdə nə etmək lazım olduğunu müzakirə etmək olar. Yaxud da bu cür kampaniyaların faydasını göstərən hadisələri danışmaq olar.
10, 11. Nə üçün təbliğçilərin təbliğ görüşünə hazırlaşması vacibdir?
10 Təbliğçilər necə hazırlaşmalıdır? Təbliğ görüşünün yaxşı keçməsi üçün təbliğçilər də öz öhdələrinə düşəni etməlidirlər. Xidmətə qabaqcadan, məsələn, ailəvi ibadətdə hazırlaşsalar, başqa təbliğçilərlə maraqlı fikirlər bölüşə bilərlər. Təbliğçi həmçinin təbliğ görüşünə gəlməzdən əvvəl özü ilə jurnal və başqa nəşrlər götürməlidir. Belə etsə, hamı vaxt itirmədən sahəyə yollana bilər.
11 Həmçinin təbliğ görüşünə görüş başlamazdan bir neçə dəqiqə əvvəl gəlmək lazımdır. Sözsüz ki, biz yığıncağın bütün görüşlərinə vaxtında gəlməyə çalışırıq. Ancaq təbliğ görüşünə gecikmək xüsusilə narahatçılıq törədir. Belə ki, qardaş təbliğçiləri bölüşdürməzdən əvvəl bəzi məqamları nəzərə alır. Əgər görüşdə iştirak edənlərin sayı azdırsa, görüşü aparan qardaş təbliğçiləri yarımçıq qalmış sahəyə və ya əraziyə göndərməyi planlaşdırır. Əgər kimsə təbliğ görüşünə piyada gəlibsə və sahə uzaqdırsa, onu avtomobili olanla təyin edir. Əgər sahə qorxulu ərazidədirsə, görüşü keçirən qardaş qardaşları bacılarla, yaxud onlara yaxın yerdə xidmət etməyə təyin edir. Sağlamlığında problemi olan təbliğçiləri enişli-yoxuşlu olmayan küçələrdə, az mərtəbəli binalarda təbliğ etməyə göndərir. Yeni təbliğçiləri təcrübəlilərlə təyin edir. Amma təbliğçilər görüşə gecikərsə, onları kiminləsə təyin etmək üçün bütün bunları yenidən görmək lazım gələcək. Sözsüz ki, hərdən üzürlü səbəblərə görə gecikirik. Lakin əgər gecikmək bizdə adət halını alıbsa, onda fikirləşməliyik ki, görəsən, buna səbəb nədir: biz təbliğ görüşlərini kifayət qədər əhəmiyyətli hesab etmirik, yoxsa işlərimizi qabaqcadan düzüb-qoşa bilmirik.
12. Əgər adətən təbliğə qabaqcadan yazılırsansa, nəyi nəzərə almağın yaxşı olar?
12 Təbliğ görüşünə gələnlər ya özləri görüş başlamazdan əvvəl xidmətə danışa bilər, ya da qardaş görüşdə onlara əməkdaş təyin edə bilər. Əgər sən adətən təbliğə özün danışırsansa, olar ki, ürəyini geniş açasan, həmişə yaxın dostlarınla yox, müxtəlif təbliğçilərlə əməkdaşlıq edəsən? (2 Kor. 6:11—13). Vaxtaşırı yeni təbliğçilərlə xidmətə danışıb onlara püxtələşməyə kömək edə bilərsən? (1 Kor. 10:24; 1 Tim. 4:13, 15). Təbliğə haradan başlamaqla bağlı verilən göstəriş də daxil olmaqla, bütün məsləhətlərə diqqətlə qulaq as. Görüşdən sonra əməkdaşını dəyişmə və dərhal sahəyə yollan.
13. Əgər hər kəs vicdanla öz öhdəsinə düşəni etsə, təbliğ görüşlərinin hansı faydası olar?
13 İsa Məsihin iki-iki bölüşdürüb xidmətə göndərdiyi 70 şagird xidmətdən «sevinc içində» qayıtmışdı (Luka 10:17). Sözsüz ki, xidmətdən qabaq İsanın onlarla görüşməsi onlara səmərəli xidmət etməyə kömək etmişdi. Bu gün də təbliğ görüşlərinin bizə bu cür köməyi dəyir. Əgər hər kəs vicdanla öz öhdəsinə düşəni etsə, təbliğ görüşlərinin sayəsində «xalqların hamısına şəhadət» vermək üçün ürəklənər, təlimatlanar və yaxşı əməkdaşlıq edərik (Mət. 24:14).
Təbliğ görüşlərinə soyuq yanaşmamalıyıq, çünki bu görüşlər də yığıncağın digər görüşləri qədər vacibdir
Görüşü aparan təbliğ görüşünə hazırlaşarkən həmin gün təbliğə gedənləri necə ürəkləndirəcəyi və təlimatlandıracağı üzərində düşünməlidir