Hamı üçün nəzərdə tutulan jurnallar
1. Sadiq və ağıllı nökər sinfi həvari Paveli necə təqlid edir?
1 Çatdırdığı xoş xəbəri «hər cür adam»a uyğunlaşdıran həvari Pavel kimi, sadiq və ağıllı nökər sinfi də müxtəlif mədəniyyətlərdən və dinlərdən olan insanların ürəyinə yol tapmaq üçün jurnallardan istifadə edir (1 Kor. 9:22, 23). Buna görə də, biz «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarından səmərəli şəkildə istifadə etmək üçün onların kimin üçün yazıldığını unutmamalıyıq.
2. «Oyanın!» jurnalı kimlər üçün nəzərdə tutulub?
2 «Oyanın!» Bu jurnalın məqsədi həvari Pavelin «afinalılar» deyə müraciət etdiyi insanlar kimi səmimi insanların ürəyinə yol tapmaqdır (Həv. iş. 17:22). Onlar məsihçi ailəsində böyüməmişdilər, Müqəddəs Yazılar haqda da az anlayışları vardı. Eynilə, «Oyanın!» jurnalının oxucuları da Müqəddəs Kitab haqda ya az bilir, ya da heç məlumatları yoxdur. Ola bilsin, onlar məsihçi təlimləri ilə ümumiyyətlə tanış deyillər, dinə şübhə ilə yanaşırlar, yaxud da Müqəddəs Kitabın praktiki dəyərindən xəbərləri yoxdur. «Oyanın!» jurnalının əsas məqsədi insanları həqiqi Allahın var olduğuna əmin etməkdir. Həmçinin bu jurnal Müqəddəs Kitaba imanı möhkəmləndirir və oxuculara Yehovanın Şahidlərinin digər dini qruplardan fərqləndiyini anlamağa kömək edir.
3. «Gözətçi Qülləsi» jurnalının hər iki nəşri kimlər üçün nəzərdə tutulub?
3 «Gözətçi Qülləsi». Bu jurnalın kütləvi nəşri Allaha və Müqəddəs Kitaba müəyyən dərəcədə hörmət edən oxuculara ünvanlanıb. Bu insanlar Müqəddəs Kitabdan müəyyən biliklərə malikdirlər, ancaq onun təlimlərini tam dəqiq başa düşmürlər. Onlar Pavelin: «Ürəyində Allah qorxusu olanlar», — deyə müraciət etdiyi insanlara bənzəyirlər (Həv. iş. 13:14—16). «Gözətçi Qülləsi»nin təlim nəşri, ilk növbədə, Yehovanın Şahidləri üçündür. Pavel təxmin edirdi ki, onun yazdığı məktubları Müqəddəs Yazılara yaxşı bələd olan və həqiqəti aydın dərk edən insanlar oxuyacaq (1 Kor. 1:1, 2). Eynilə, təlim nəşrində yazılan məqalələr yığıncaqlarda iştirak edən, məsihçi termin və təlimlərini bilən insanlar üçündür.
4. Xidmətdə təqdim etdiyimiz jurnalların hər birilə nəyə görə yaxından tanış olmalıyıq?
4 Çox vaxt təbliğdə insanlara «Oyanın!» jurnalını və «Gözətçi Qülləsi»nin kütləvi nəşrini birgə təklif etsək də, adətən, təqdiməmizdə onlardan yalnız birini müzakirə edirik. Ona görə də, hər bir nəşrlə yaxından tanış olmağı qarşına məqsəd qoy, o zaman sən həmsöhbətinə hansı jurnalın daha maraqlı olacağını biləcəksən.