RƏHBƏRLİK ŞURASININ MƏKTUBU
Ağanın evindəki əziz qulluqçular!
Bu əlamətdar ilin əvvəlində sizə yazmaq bizə necə də xoşdur! 2014-cü ilin sonlarında bizim sevimli Padşahımız İsa Məsihin öz düşmənlərinin arasında idarə etməyə başlamasının düz bir əsri tamam olacaq (Məz. 110:1, 2).
Bu xidmət ilinin əvvəlində Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) Müqəddəs Kitabın Yeni Dünya Tərcüməsi Komitəsi Müqəddəs Kitabın ingilis dilindən yenilənmiş, keyfiyyətli tərcüməsini təqdim etdi. Yehova ruhdan doğulan oğulları vasitəsilə orijinal Yeni Dünya tərcüməsini ərsəyə gətirdi (Rom. 8:15, 16). Elə bu faktın özü bu tərcüməni xüsusiləşdirir, elə deyilmi?
Uzun illərdir ki, Rəhbərlik Şurasının Yazı komitəsi Müqəddəs Kitabın tərcüməsi üzərində ciddi çalışıb. Hal-hazırda Yeni Dünya tərcüməsi tam və ya qismən 121 dilə tərcümə edilib. Biz sizi Yehovanın sizə verdiyi Müqəddəs Kitaba görə Ona öz dərin minnətdarlığınızı bildirməyə təşviq edirik. Onu hər gün oxuyub üzərində düşünün. Bununla siz onun Müəllifinə, Yehova Allaha daha da yaxınlaşacaqsınız (Yaq. 4:8).
Dəyərli bacı-qardaşlarımızın təqiblərlə üzləşdiyini eşidəndə ürəyimiz param-parça olur. Düzdür, bəzən onlara iman bacı-qardaşları ilə birgə sevinmək çətin gələ bilər. Məsələn, Asiyada yaşayan bir ana qəflətən tamam iflic olanda ailəsi pərişan vəziyyətə düşdü. Həkimlər ona bir çarə qıla bilmədilər. Bu, olduqca böyük dərddir! Əri 24 saat arvadının başının üstündən ayrılmır. Oğlu və iki qızı valideynlərinə dayaq olmaqla, əsil məsihçi kimi nümunə qoyurlar. Bu möhkəm ailə, eləcə də bir çox çətinliklərinin öhdəsindən gələn sizlər iman sınağına tab gətirməyin bəxş etdiyi sevinci duya bilərsiniz (Yaq. 1:2—4). Yehova məsh olunmuşları və başqa qoyunları əmin edir ki, sınaqlar qarşısında əyilmədiyimizə görə xoşbəxt olacağıq, çünki bizi qarşıda əbədi həyat ənamı gözləyir! (Yaq. 1:12).
Keçən il Xatirə gecəsində 19 241 252 nəfər iştirak etmişdir. Allahın xalqının hər il keçirdiyi ən əlamətdar mərasimdə bu qədər insanın iştirak etməklə Yehovanı və İsa Məsihi ucaltmasını görmək bizi fərəhləndirir. Xatirə gecəsi zamanı mart, aprel aylarında milyonlarla təbliğçinin pioner kimi xidmət etməsi bütün dünyaya Allahı mədh edən böyük haray saldı. Bu, necə də valehedicidir! Yəqin siz rayon nəzarətçisi mart, aprel ayından başqa digər aylarda da yığıncağa baş çəkərkən köməkçi pioner kimi xidmət edənlərin pionerlərlə görüşdə axıra kimi otura biləcəyini eşidəndə çox sevindiniz. Ruhani dərrakəyə malik olan insan təbliğdə və yığıncağın işlərində fəal olmağın vacibliyini anlayır. Bu işlərlə məşğul olmaq bizə qətiyyətli qalmağa, qəlb rahatlığına malik olmağa, o cümlədən İblisin təkliflərinin imanımızı zəiflətməməsinə və bizi azdırmamasına kömək edəcək (1 Kor. 15:58).
Ötən xidmət ilində 277 344 nəfərin Yehovaya həsr olunub vəftiz olunmalarını və bütün dünyadakı qardaşları ilə birgə həyat yoluna qədəm qoymalarını bilmək necə də sevindiricidir! (Mat. 7:13, 14). Bu yeni bacı-qardaşlar «imanda sarsılmaz» olsunlar deyə biz onlara dəstək olmalıyıq (Kolos. 2:7). Axıra kimi dözmək üçün bir-birinizi ruhlandırmağa davam edin (Mat. 24:13). «Qəmginlərə təskinlik verin, zəiflərə dayaq olun və hamıya qarşı səbir göstərin» (1 Salon. 5:14). Sonda, gəlin hər birimiz Yehovaya «daima dua» edərək deyək: «Qoy padşahlığın gəlsin» (1 Salon. 5:17; Mat. 6:10).
Bu ilin «İllik məcmuə»ni oxuyun və əmin olun ki, biz Yehovanın sevimlisi olan sizlərin hər birini çox-çox sevirik!
Sizin qardaşlarınız,
Yehovanın Şahidlərinin Rəhbərlik Şurası