Xidmətdə vaxtının qədrini bil
Yehovanın Şahidləri 2014-cü xidmət ilində təbliğ işinə 1 945 487 604 saat sərf ediblər. Bu, bizim əlimizi əlimizin üstünə qoyub oturmadığımızı, Yehova Allaha xidmət etdiyimizi göstərir (Zəb. 110:3; 1 Kor. 15:58). Ancaq vaxt azaldığından biz əlimizdən gələni etməliyik ki, təbliğ etdiyimiz vaxt ərzində daha çox adama şahidlik verək (1 Kor. 7:29).
Xidmətdə vaxtımızın qədrini bilmək üçün vəziyyətə uyğunlaşmağı bacarmalıyıq. Məsələn, əgər sən həmişə xidmətin hansısa növündə bir saat və ya artıq olursansa, amma heç kimə şahidlik edə bilmirsənsə, insanları tapıb onlarla söhbət edə bilmək üçün dəyişiklik edə bilərsənmi? Düzdür, ərazidən əraziyə şərait dəyişir. Lakin zərbən «boşa çıxmasın» deyə növbəti məsləhətlər sənə vaxtının qədrini bilməyə kömək edəcək (1 Kor. 9:26).
Ev-ev təbliğ. Onilliklərdir ki, təbliğçilər, adətən, xidmətə ev-ev təbliğdən başlayırlar. Ancaq gündüzlər bir çox insanlar işlədiyindən yaxşı olardı ki, ev-ev təbliği axşamüstü, əksər insanların evdə olduğu vaxt edəsən. Gündüz vaxtı isə küçədə və ya iş yerlərində təbliğ etmək yaxşı nəticələr verə bilər.
İctimai yerlərdə şahidlik. Masa və stendlər yığıncağın ərazisi daxilində, gediş-gəlişin sıx olduğu küçələrdə qoyulmalıdır. (Bax: «Müqəddəs ibadətimiz», 2013-cü il iyul sayı, səh. 5.) Əgər ictimai şahidlik üçün təyin olunan yerdə piyadaların gediş-gəlişi azalıbsa, Yığıncağın xidmət komitəsi masa və stendlərin gediş-gəlişin sıx olduğu yerlərə qoyulmasına qərar verə bilər.
Təkrar söhbət və Müqəddəs Kitab dərsləri. Yaxşı olar ki, təkrar söhbətləri və Müqəddəs Kitab dərslərini xidmətin digər növləri üçün əlverişli olmayan vaxtlara salasan. Məsələn, şənbə günü səhər ev-ev təbliğ əlverişlidirsə, yaxşı olar ki, Müqəddəs Kitab dərsini keçməyi günortaya və ya axşama salasan. Xidmətə ayırdığı vaxt səmərəli keçsin deyə, təbliğçi maraqlananlarla təkrar söhbət etməyə gələndə həmin ərazidə yaşayan öyrənənə də dərs keçə bilər.
Düzdür, nə vaxt xidmət etməyimizdən asılı olmayaraq, biz həmin vaxtı hesabata daxil edirik. Ancaq xidmətimiz səmərəli olanda sevincimiz daha da artır. Əgər günün hansısa saatında xidmətin müəyyən növünün səmərəli olmadığını görürsənsə, onda başqa növünü sınaqdan keçir. Biçinin Sahibi olan Yehova Allaha dua et ki, xidmətdə vaxtının qədrini bilmək üçün sənə yol göstərsin (Mət. 9:38).