İctimai şahidliyin yeni növü
1. Erkən məsihçilər nədə nümunə qoyublar?
1 Birinci əsrdəki məsihçilər daha çox evdən-evə təbliğ edirdilər. Onlar, həmçinin ictimai yerlərdə də xoş xəbəri çatdırırdılar (Həv. iş. 20:20). Məsələn, onlar məbəddə çoxlu insan tapa biləcəklərini bildikləri üçün ora gedirdilər (Həv. iş. 5:42). Həvari Pavel Afinada olanda hər gün bazar meydanında təbliğ edirdi (Həv. iş. 17:17). Bu gün də evdən-evə təbliğ xoş xəbəri insanlara çatdırmaq üçün istifadə etdiyimiz əsas üsul olaraq qalır. Bununla belə, biz insanları tapa biləcəyimiz hər yerdə — maşın dayanacaqlarında, işgüzar ərazilərdə, parklarda, əhalinin çox olduğu küçələrdə və başqa yerlərdə insanlara təbliğ edirik. Hər bir təbliğçi, mümkün olan ictimai yerlərdə təbliğ etməyə təşviq edilsə də, çoxlarının ictimai şahidliyin iki yeni maraqlı növündə iştirak etmək imkanı olacaq.
2. 2011-ci ilin noyabrından etibarən xidmətin hansı növü sınaqdan keçirilməyə başladı?
2 İri şəhərlərdə xüsusi ictimai şahidlik. 2013-cü ilin «İllik məcmuə»sinin 16, 17-ci səhifələrində (rus.) məlumat verildiyi kimi, 2011-ci ilin noyabrından Nyu–York şəhərində ictimai şahidliyin yeni növü sınaqdan keçirilməyə başlayıb. Üzərində bir neçə dildə ədəbiyyatlarımız nümayiş etdirilən səyyar masalar və stendlər insanların çox olduğu münasib yerlərdə qoyulur. Hər gün minlərlə insan onun yanından keçir, onların arasında kodlu və ya mühafizə edilən binalarda yaşayan, eləcə də bütün gün evdə olmayanlar var. Nəticə heyrətamiz oldu. Elə ötən ayların birində 3797 jurnal və 7986 kitab paylandı. Yoldan keçənlərin əksəriyyəti Müqəddəs Kitabı araşdırmaq istədilər. Əsas məqsəd Müqəddəs Kitab öyrənməsi başlamaq idi, maraqlanan kəslər öz ünvanlarını verən kimi, ünvan həmin adamlara baş çəkilsin deyə münasib yığıncağa göndərilirdi.
3. Yeni üsul başqa yerlərdə necə tətbiq ediləcək?
3 Bu üsul uğurlu alındığından o, dünyanın əhalisi çox olan başqa iri şəhərləri üçün də nəzərdə tutulur. Yerli filial hansı şəhərlərin münasib olduğunu müəyyənləşdirəcək. Adətən, bunlar gediş-gəlişin sıx olduğu vağzalları, iri ofis və yaşayış binaları olan şəhərlərdir. Bundan əlavə, bu iş üçün münasib yığıncaqları filial özü təyin edəcək və onlara əlavə təlim verəcək. Bu işi, əsasən, daimi və xüsusi pionerlər icra edir, amma bəzi yerlərdə köməkçi pionerlər də iştirak edir.
4. İctimai təbliğin xüsusi növündə şahidlik necə həyata keçirilir?
4 Şahidlik necə həyata keçirilir? Təbliğin bu xüsusi növündə iştirak edənlər, adətən, kiminsə masaya, yaxud stendə yaxınlaşmasını gözləyirlər. Yaxınlaşan adama ona maraqlı gələn ədəbiyyat götürmək təklif olunur. Pionerlər maraqlanan insanın verdiyi istənilən suala Müqəddəs Yazılar əsasında məmnuniyyətlə cavab verirlər. Əgər həmin adam ədəbiyyat götürürsə, pionerlər könüllü ianə haqda heç bir şey demirlər. Yox əgər həmin adam bizim fəaliyyətimizin necə maliyyələşdiyi haqda soruşsa, ona ədəbiyyatda göstərilən ünvanlardan birinə könüllü ianə göndərə biləcəyini izah etmək olar. Münasib olanda pionerlər soruşur: «İstəyərdiniz sizə evinizdə baş çəksinlər?», yaxud «Siz bilirsiniz, biz ədəbiyyatlarla yanaşı, pulsuz olaraq Müqəddəs Kitabı araşdırmağı da təklif edirik?»
5. Xidmətin bu yeni növündə iştirak etmək bir ər-arvadda hansı hisslər yaradır?
5 Bu üsulla xidmət etmək olduqca xoşdur. Bir ər-arvad yazmışdı: «Masanın yanında dayanıb hər gün yoldan keçən minlərlə insana baxanda bütün dünyada insanlara xoş xəbəri çatdırmaq üçün görülən işin nə qədər böyük olduğunu ürəyimizlə dərk edirik. Bu qədər insanı görmək və Yehovanın, həqiqətən də, hər bir insanın qayğısına necə qaldığı üzərində düşünmək təbliğ işini həmişə həyatımızında birinci yerə qoymaq qətiyyətimizi möhkəmləndirir. Biz elə təsəvvür edirik ki, Yehova layiq olanları axtarmaq üçün masanın yanından keçən hər bir insanın ürəyini yoxlayır. Biz bu işdə bəzən mələklərin əlini də hiss edirik».
6. a) Bir çox yığıncaqlarda ictimai şahidlik üçün hansı əlavə tədbirlər təşkil edilir və bu, xüsusi ictimai şahidlik üsulundan nə ilə fərqlənir? b) İctimai təbliğdə iştirak edərkən yığıncaqlar necə əməkdaşlıq edir?
6 Yerli ərazidə təşkil olunan ictimai şahidlik. Xüsusi ictimai şahidlik üsulundan əlavə, yerli ərazidə olan bütün ağsaqqallar şurası birlikdə əlavə olaraq yeni ictimai şahidlik təşkil edə bilərlər. Bu üsulda təbliğçilər, öz yığıncağının ərazisi daxilində olmaq şərtilə, gediş-gəlişin çox olduğu yerdə səyyar masa və ya stenddən istifadə edə bilərlər. Bu ictimai şahidlik xüsusi şahidlikdən fərqlənir. Belə ki, şəhərin gediş-gəliş çox olan eyni ərazisində ictimai şahidliyin xüsusi növündə iştirak edəcək yığıncaqları filial seçir («Yaxşı əməkdaşlıq tələb olunur» adlı çərçivəyə bax).
7. Münasib ərazilərdə ağsaqqallar ictimai şahidliyi necə təşkil edə bilərlər?
7 Ağsaqqallar hansı yığıncağın ərazisində daha çox gediş-gəlişin olduğunun üzərində düşünəcək və ictimai şahidlik təşkil etməyin münasib olub-olmadığını müəyyənləşdirəcək. Masa və stendi, məsələn, vağzallarda, meydanlarda, parklarda, əhalinin çox gedib-gəldiyi küçələrdə, ticarət mərkəzlərində, universitet ətrafı ərazilərdə, hava limanlarında, illik tədbirlərin keçirildiyi yerlərdə yerləşdirmək olar. Masanı eyni yerdə, eyni günlərdə və eyni vaxtda qoymaq əlverişlidir. Həmçinin müşahidə edilmişdir ki, masaları, insanların fikirlərini alacaqları şeyə cəmləyərək girib-çıxdıqları, bir böyük mağazanın çıxışında qoymaqdansa, ticarət mərkəzlərində qoymaq daha əlverişlidir. Bəzi yerlərdə, məsələn, piyadaların çox olduğu küçələrdə kiçik ölçülü ədəbiyyat stendi qoymaq münasibdir. Ağsaqqallar veb-saytımızdan «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları, həmçinin «Müqəddəs Kitab öyrədir» kitabının stendinin quraşdırılması üçün lazım olan xüsusi materialları yükləyə bilərlər. Bu materiallar ictimai təbliğin xüsusi olaraq bu növündə istifadə etmək üçün hazırlanıb. Yerli ərazidə təşkil olunan ictimai şahidlikdə iştirak edənlər xüsusi ictimai şahidlikdə iştirak edənlərin etdiyi üsulla xidmət edəcəklər və onlar xidmət nəzarətçisinin göstərişlərinə tam riayət etməlidirlər. Əgər maraqlananın verdiyi ünvan onların ərazisi deyilsə, təbliğçilər dərhal «Zəhmət olmasa, bu adama baş çək» (S-43) blankını doldurub yığıncağın katibinə verməlidirlər.
8. Yığıncaqda ictimai şahidlik təşkil edilməsə də, ictimai təbliğ üçün hansı imkanlar əlçatandır?
8 Öz xidmətində ictimai şahidlik. Ola bilsin, bəzi yığıncaqların ərazisində bu cür masaların və stendlərin qoyulmasını tələb edən piyadaların kifayət qədər çox olduğu yer yoxdur. Hətta bu cür yığıncaqlarda da təbliğçilər öz xidmətlərinə ictimai şahidliyi daxil etməyə təşviq olunurlar. Ərazinizdə bazar, cərgə mağazalar, yaxud çoxlu iş yerləri var? Yaxud park və ya insanların toplaşdığı yer necə? Bəs ərazinizdə camaatın vaxtaşırı hansısa tədbir üçün topladığı yer var? Əgər varsa, siz də ictimai şahidlikdə iştirak edə bilərsiniz.
9. Nəyə görə biz çalışmalıyıq ki, insanlara hər yerdə təbliğ edək?
9 Yehova istəyir ki, «hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Tim. 2:4). Buna görə də biz son gəlməzdən öncə, mümkün qədər daha çox insana Padşahlıq haqqında xoş xəbəri çatdırmağa çalışırıq (Mat. 24:14). Bir çox ərazilərdə insanları evlərində tapmaq müşkül məsələdir. Ancaq biz bu insanlarla ictimai yerlərdə söhbət edə bilərik. İctimai təbliğ bəzilərinin xoş xəbəri eşidə biləcəyi yeganə təbliğ üsulu ola bilər. Buna görə də gəlin insanlara hər yerdə təbliğ etməklə öz xidmətimizi tam yerinə yetirək (2 Tim. 4:5).
[5-ci səhifədəki çərçivə]
Yaxşı əməkdaşlıq tələb olunur
Məlumat verilib ki, qonşu yığıncaqların təbliğçiləri ictimai yerlərdə şahidlik edərkən bəzən eyni küçədə, eyni parkda, eyni ticarət mərkəzlərində və ya vağzallarda təbliğ edirlər. Müxtəlif yığıncaqlardan olan təbliğçilər eyni dəhlizdə, gözləmə zalında, camaşırxanada ədəbiyyat saxlayır, eyni işçilərə təbliğ edirlər. Hətta təbliğçilər müxtəlif vaxtda gəlsələr də, bu, işçilərin və yaxınlıqdakı insanların etirazına səbəb olub. Buna görə də, adətən, yaxşı olardı ki, ictimai şahidlik edərkən yığıncağın təyin olunmuş ərazisindən kənara çıxmayaq.
Əgər təbliğçilər qonşu yığıncağın ərazisində ictimai şahidlik etmək istəyirlərsə, bu haqda xidmət nəzarətçisi ilə söhbət etməlidirlər. Belə edilsə, o, əvvəlcədən icazə almaq üçün digər yığıncağın xidmət nəzarətçisi ilə əlaqə saxlaya bilər. Ərazisi eyni olan müxtəlifdilli yığıncaqların xidmət nəzarətçiləri əməkdaşlıq etməlidirlər ki, ərazidə yaşayan camaatın yersiz narazılığına səbəb olmasın. Yaxşı əməkdaşlıq sayəsində hər şey «ədəb-ərkanla və nizamla» edilə bilər (1 Kor. 14:40).
[6-cı səhifədəki şəkil]
[6-cı səhifədəki şəkil]