Yehovanın Şahidlərinin işi necə maliyyələşdirilir?
İlk məsihilər kimi, onların da işi könüllü ianələr hesabına maliyyələşdirilir (2 Kor. 8:12; 9:7). Onlar nə yığıncaq görüşlərində, nə də ictimai yerlərdə pul yığmırlar. Maraqlanan insanların etdikləri ianələr Şahidlərin bütün dünyada apardıqları Müqəddəs Kitab üzrə maarifləndirmə işinin genişləndirilməsinə sərf olunur.
Ev-ev təbliğ etdikləri, yaxud Müqəddəs Kitaba əsaslanan nəşrləri küçədə payladıqları üçün Şahidlərə pul ödənilmir. Allaha və insanlara məhəbbətdən irəli gələrək onlar Allahın bəşəriyyətə etdiyi xeyirxahlıqlar barədə danışırlar.
Yehovanın Şahidlərinin hüquqi dini korporasiyası olan Gözətçi qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti (Pensilvaniya) 1884-cü ildə Pensilvaniya ştatının (ABŞ) qeyri-kommersiya xarakterli təşkilatları ilə bağlı qanuna uyğun olaraq qeydiyyatdan keçmişdir. Beləliklə, qanuna əsasən, bu təşkilat kommersiya məqsədi güdə bilməz və heç kim bu təşkilat vasitəsilə mənfəət əldə edə bilməz. Təşkilatın nizamnaməsində deyilir: «[Təşkilat] üzvləri, direktorları, məsul şəxsləri üçün təsadüfən və ya məqsədyönlü şəkildə maddi gəlir, yaxud mənfəət əldə etmək məqsədi güdmür».