BİOQRAFİYA
Yehovaya ibadətdə keçən bəxtiyar ömür
MƏN 1958-ci ildə 18 yaşım olanda Kanada Beytelində xidmət etməyə dəvət olundum. Oradakı ilk işim çapxananın döşəməsini süpürmək idi. Həyat çox gözəl idi. Çox keçməmiş mən çapdan çıxan nəşrlərin kənarını kəsən maşında işləməyə başladım. Beyteldə xidmət etdiyim üçün çox xoşbəxt idim!
Növbəti il Beyteldə elan olundu ki, Cənubi Afrika filialında xidmət etmək üçün könüllülərə ehtiyac var. Orada quraşdırılacaq rotasiya çap maşınını idarə etmək üçün işçilər lazım idi. Mən də adımı könüllülərin siyahısına yazdırdım. Seçildiyimi eşidəndə çox sevindim. Məndən başqa üç kanadalı beytelli də seçildi: Denis Liç, Bill Maklellan və Ken Nordin. Bizə dedilər ki, orada nə qədər qalacağımız bəlli olmadığı üçün bizə birtərəfli bilet alacaqlar.
Anama zəng edib dedim: «Ana, sənə bir xəbərim var. Mən Cənubi Afrikaya gedirəm». Anam sakit təbiətli qadın idi, amma çox imanlı idi, Yehova ilə möhkəm münasibətləri var idi. Mənimlə danışanda elə də çox şey deməsə də, bilirdim ki, məni dəstəkləyir. Anamla atam onlardan uzaq olacağıma görə pis olsalar da, heç vaxt bu qərarıma görə narazıçılıqlarını bildirmədilər.
CƏNUBİ AFRİKAYA YOLA DÜŞÜRÜK!
Denis Liç, Ken Nordin, və Bill Maklellanla birgə Keyptaundan Yohannesburqa gedən qatarda, 1959-cu il
60 ildən sonra dördümüz də Cənubi Afrika filialında görüşürük, 2019-cu il
Əvvəlcə, dördümüz də Bruklin Beytelində üç ay təlim keçdik. Orada bizə xüsusi növ çap maşınından istifadə etməyi öyrətdilər. Sonra biz yük gəmisi ilə Cənubi Afrikanın Keyptaun şəhərinə yola düşdük. Həmin vaxt 20 yaşım təzəcə tamam olmuşdu. Axşamçağı Keyptaundan Yohannesburqa gedən qatara mindik. Bizi qarşıda uzun yol gözləyirdi. Sübh tezdən ilk dayanacağa, yarımsəhra ərazi olan Karruda yerləşən kiçik şəhərə çatdıq. Bura tozlu və isti ərazi idi. Dördümüz də pəncərədən boylanıb baxdıq ki, buralar necə bir yerdir. Hara yollandığımıza görə narahat idik. İllər sonra bu əraziyə yenidən gələndə gördük ki, əslində, bura balaca gözəl şəhərləri olan sakit bir ərazidir.
Bir neçə il ərzində mənim işim möhtəşəm və mürəkkəb olan linotip maşınını idarə etmək idi. «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarının çap olunması üçün bu maşında hərflərdən ibarət sətirlər hazırlanırdı. Bu filialda tək Cənubi Afrika üçün yox, ondan şimalda olan bir çox ölkələr üçün müxtəlif Afrika dillərində jurnallar dərc olunurdu. Bizi dünyanın ta o başından bura gətirən yeni rotasiya çap maşını tam şəkildə istifadə olunurdu!
Sonralar mən çap, daşınma və tərcümə işinin müxtəlif yönlərinə baxan zavodda işləməyə başladım. Həyatım çox məşğul və mənalı keçirdi.
AİLƏ HƏYATI VƏ YENİ TƏYİNAT
Lora ilə mənim xüsusi öncül olan vaxtlarımız, 1968-ci il
1968-ci ildə Lora Boven adlı öncül bir bacı ilə evləndim. O, Beytelin yaxınlığında yaşayırdı və Tərcümə şöbəsinə çap işində kömək edirdi. O dövrdə yeni ailə quranları Beyteldə saxlamırdılar. Ona görə də bizi xüsusi öncül təyin etdilər. Mən bir az narahat idim. Beyteldə xidmət etdiyim on il ərzində yeməyim və qalmağa yerim həmişə olub. Düşünürdüm ki, görəsən, xüsusi öncüllər üçün verilən məvaciblə dolana biləcəyik? Hərəmizə hər ay 25 rand (o vaxtkı məzənnə ilə 35 ABŞ dolları) pul verirdilər. Bir şərtlə ki, tələb olunan saat, təkrar söhbət və nəşr paylamaq normasını yerinə yetirək. Bu pulla kirayə haqqını, üstəlik, yemək, nəqliyyat, tibbi və digər xərclərimizi ödəməli idik.
Bizi Hind okeanı sahilində yerləşən Durban şəhərinin yaxınlığındakı kiçik qrupa təyin etdilər. Burada çoxlu sayda hindlilər yaşayırdı. Onlar 1800-cü illərin sonlarında şəkər plantasiyalarında işləmək üçün müqavilə ilə bura gəlmiş muzdlu işçilərin nəslindən idilər. Həmin vaxt onlar müxtəlif işlərdə işləsələr də, öz mədəniyyətlərini, dadlı kari də daxil olmaqla, mətbəxlərini qoruyub saxlamışdılar. Bizim üçün müsbət tərəfi də o idi ki, onlar ingilis dilində danışa bilirdilər.
Həmin vaxt xüsusi öncüllər ayda 150 saat hesabat verirdilər. Qərarlaşdırdıq ki, xidmətimizin ilk günündə Lora da, mən də 6 saat təbliğ edək. Həmin gün hava isti və rütubətli idi. Bizim nə təkrar söhbətimiz, nə də Müqəddəs Kitab dərsi keçdiyimiz insanlar var idi. 6 saat ev-ev təbliğ etməli idik. Bir müddətdən sonra saata baxdım ki, hələ cəmi-cümlətanı 40 dəqiqə təbliğ etmişik! Fikirləşdim: «Görəsən, xüsusi öncül kimi xidmət etməyi necə bacaracağıq?»
Tezliklə biz yaxşı cədvəl qurduq. Hər gün özümüz üçün çörəkarası nəsə hazırlayırdıq. Termosda şorba və ya kofe götürürdük. Yorulanda kiçik Volkswagen maşınımızı yaxınlıqdakı ağacın kölgəsində saxlayıb, istirahət edirdik. Bəzən gözəl hindli uşaqlar ətrafımıza toplaşıb, məəttəl-məəttəl bizə baxırdılar. Bir neçə gündən sonra başa düşdük ki, iki-üç saat təbliğ edəndən sonra günün qalan hissəsi sürətlə keçir.
Bu ərazidə yaşayan qonaqpərvər insanlara Müqəddəs Kitab həqiqətlərini danışmaq bizə böyük sevinc gətirirdi! Hindlilər çox hörmətcil, mülayim, Allahdan qorxan insanlar idi. Hinduizm dininə mənsub olan çox adam danışdığımız xəbəri qəbul etdi. Onlar Yehova, İsa, Müqəddəs Kitab, sülhün olacağı yeni dünya və ölülər üçün ümid barədə sevə-sevə öyrənirdilər. Bir il sonra artıq 20 nəfərlə Müqəddəs Kitab dərsi keçirdik. Hər gün dərs keçdiyimiz ailələrin birində günorta yeməyini yeyirdik. Biz çox xoşbəxt idik.
Amma çox keçməmiş yeni təyinat aldıq. Gözəl Hind okeanı boyunca olan ərazilərə rayon xidmətinə təyin olunduq. Yığıncaqdakı təbliğçiləri ruhlandırmaq üçün onları ziyarət edəndə, onlarla əməkdaşlıq edəndə hər həftə hansısa ailədə qonaq olurduq. Onlar bizə ailələrinin üzvü kimi baxırdılar. Biz onlarla vaxt keçirirdik, uşaqları ilə, ev heyvanları ilə oynayırdıq. Beləcə, iki möhtəşəm il keçirdik. Sonra qəfil filialdan zəng gəldi. Bizə dedilər: «Sizi yenidən Beytelə dəvət etmək istəyirik». Mən dedim: «Bilirsiniz, biz burada da xoşbəxtik». Amma əlbəttə ki, biz hara təyin olunsaq, oraya getməyə hazır idik.
YENİDƏN BEYTELDƏ
Mən Xidmət şöbəsinə təyin olundum. Orada yetkin, təcrübəli qardaşlarla əməkdaşlıq edirdim. O dövrdə rayon nəzarətçisi yığıncağı ziyarət edəndən sonra filiala hesabat göndərirdi və bu hesabatın əsasında filial yığıncağa məktub yazırdı. Bu məktubun məqsədi yığıncağı ruhlandırmaq və lazımi göstərişlər vermək idi. Katiblərin üzərinə böyük iş düşürdü. Çünki onlar bu yazışmaları kosa, zulu və digər dillərdən ingilis dilinə və ingilis dilindən həmin Afrika dillərinə tərcümə etməli idilər. Bu zəhmətkeş tərcüməçilərin əməyini çox qiymətləndirirdim. Üstəlik, onlar mənə Afrikada yaşayan qaradərili bacı-qardaşların vəziyyətini başa düşməyə çox kömək etdilər.
Həmin vaxt Cənubi Afrikada dövlət apartheyd siyasəti yürüdürdü. Hər irqin öz yaşayış ərazisi var idi və bir-biriləri ilə gediş-gəliş yox idi. Buna görə də Afrikadakı qaradərili bacı-qardaşlar öz dillərində danışırdı, öz dillərində təbliğ edirdi və öz dillərində olan yığıncaqlarda iştirak edirdi.
Mən ingilisdilli yığıncağın ərazisinə təyin olduğum üçün afrikalı qaradərili bacı-qardaşları elə də tanımırdım. Amma indi onların mədəniyyəti və adət-ənənələri barədə öyrənmək imkanım yarandı. Öyrəndim ki, bacı-qardaşlar yerli adət-ənənələrə və dini inanclara görə hansı çətinliklərlə üzləşirlər. Ailə üzvləri, kəndliləri tərəfindən sərt təqiblərə məruz qalsalar da, Müqəddəs Kitaba zidd gedən adət-ənənələrdə və spiritizmlə bağlı ayinlərdə iştirak etmirdilər. Kənd ərazisində yaşayanlar isə kasıbçılıqdan əziyyət çəkirdi. Çoxları təhsilsiz olsa da, Allahın Kəlamına dəyər verirdi.
Həmçinin mən bitərəfliklə, azad şəkildə ibadət etməklə bağlı bəzi hüquqi məsələlərdə iştirak etmişəm. Yehovanın Şahidi olan uşaqların cəsarətini və sədaqətini görmək imanımı çox möhkəmləndirdi. Onlar dini himnlər oxumadıqlarına və ümumi dualarda iştirak etmədiklərinə görə məktəbdən qovulmuşdular.
O vaxtlar Svazilend adlanan kiçik Afrika ölkəsində yaşayan bacı-qardaşların başqa bir çətinliyi var idi. Kral II Sobhuza öləndən sonra bütün vətəndaşlardan yasla bağlı müəyyən ayinlərdə iştirak etmək tələb olundu. Kişilər saçlarını keçəl, qadınlar isə qısa qırxmalı idilər. Bacı-qardaşlarımız əcdadlara sitayişlə bağlı bu ayində iştirak etmədiyinə görə təqiblərə məruz qalırdılar. Onların Yehovaya sədaqətini görəndə qəlbimiz fərəhlə dolurdu! Biz afrikalı bacı-qardaşlarımızın sədaqətindən, səbrindən çox şey öyrəndik. Bu bizim imanımızı çox möhkəmləndirdi.
ÇAPXANAYA QAYIDIRAM
Çap işində kompüterlərin istifadəsinə başlanıldı və mən 1981-ci ildə bu işdə kömək etmək üçün yenidən çapxanaya təyin olundum. Bu, çox gözəl dövr idi. Dünyada mətbəə sahəsində dəyişikliklər baş verirdi. Yerli satış təmsilçisi heç bir ödəniş tələb etmədən filiala sınaqdan keçirmək üçün fotoyığım maşını verdi. Nəticədə, doqquz linotip maşını beş yeni fotoyığım maşını ilə əvəz olundu. Həmçinin yeni rotasiya ofset çap maşını quraşdırıldı. İşin sürəti xeyli artdı!
Kompüterləşmə sayəsində mətn yığımı üçün çoxdilli elektron nəşriyyat sistemi (MEPS) vasitəsilə biz yeni üsul icad etdik. Kanada Beytelindən bizi Cənubi Afrikaya gətirən nəhəng, ləng işləyən linotip və sətirtökən maşınlardan yeni texnologiyaya keçənə kimi uzun yol qət etdik (Əşy. 60:17). Dördümüz də ruhani cəhətdən yetkin məsihilərlə ailə qurmuşduq. Bill və mən hələ də Beyteldə xidmət edirdik. Ken və Denis isə yaxınlıqda yaşayırdılar, arvad-uşaq sahibi olmuşdular.
Filialın işi durmadan artırdı. Müqəddəs Kitaba əsaslanan nəşrlər getdikcə daha çox dilə tərcümə olunur və çap olunurdu, həmçinin digər filiallara çatdırılırdı. Beləliklə, yeni Beytel kompleksinə ehtiyac yarandı. Qardaşlar Yohannesburqun qərbində gözəl bir ərazidə Beytel kompleksi tikdilər və onu 1987-ci ildə Yehovaya həsr etdilər. Filialın genişlənməsində iştirak etmək və uzun illər Cənubi Afrikanın filial komitəsində xidmət etmək mənim üçün böyük şərəf idi.
YENİ TƏYİNAT!
2001-ci ildə gözləmədiyimiz bir təyinat aldıq. Birləşmiş Ştatlarda yeni yaranan filial komitəsində xidmət etməyə dəvət olundum. Cənubi Afrikadakı dostlarımızı, işimizi qoyub gedəcəyimizə görə pis olmuşduq. Amma Birləşmiş Ştatlardakı Beytel ailəsinin bir hissəsi olub, yeni təyinata başlamağı səbirsizliklə gözləyirdik.
Bir narahatçılığımız var idi. Loranın anası yaşa dolmuşdu və onu qoyub gedəcəyimizə görə narahat idik. Nyu-Yorkda ola-ola ona elə də kömək edə bilməzdik. Loranın üç bacısı analarına həm fiziki, həm emosional, həm də maddi cəhətdən kömək etməyi təklif etdilər. Onlar bizə dedilər: «Biz tamvaxtlı xidmətdə iştirak edə bilmirik. Amma anamıza baxsaq, siz öz xidmətinizi davam etdirə bilərsiniz». Onlara çox minnətdar idik.
Mənim anama isə atamın vəfatından sonra Torontoda (Kanada) yaşayan qardaşım və yoldaşı baxırdı. Anam artıq 20 ildən çox idi ki onlarla yaşayırdı. Biz Nyu-Yorka gələndən qısa müddət sonra anam vəfat etdi. Çox minnətdarıq ki, onlar bu vaxta qədər anamın qeydinə qalıblar. Yaşa dolmuş insana baxmaq bəzən çox çətin olur. Doğrudan da, sənə dəstək olmaq üçün bu məsuliyyəti öhdəsinə götürən, həyatında dəyişikliklər edən ailə üzvlərinin olması əsl hədiyyədir.
Bir neçə il Birləşmiş Ştatlarda mənim təyinatım nəşriyyat işi ilə bağlı idi. Bu işin görülmə tərzi daha da müasirləşmiş və sadələşmişdi. Axır vaxtlar isə mən Təchizat şöbəsində xidmət edirəm. Hal-hazırda bu filialda təxminən 5000 beytelli və 2000 könüllü xidmət edir. Son 20 il ərzində bu nəhəng filialda xidmət etdiyim üçün çox xoşbəxtəm!
Altmış il əvvəl burada xidmət edəcəyim heç ağlıma da gəlməzdi. Bütün bu illər ərzində Lora mənə çox dəstək olub. Həqiqətən də, həyatım çox dolğun keçib! Bizim çoxlu təyinatımız olub, gözəl insanlarla əməkdaşlıq etmişik, bura filialın təyinatı ilə dünyanın bir çox ərazisindəki filialları ziyarət edərkən tanış olduğumuz insanlar da daxildir. Bütün bunları çox qiymətləndiririk. İndi yaşım 80-dən çox olduğu üçün işim azaldılıb, çünki işi görməyi bacaran çoxlu cavan qardaş var.
Məzmurçu yazmışdı: «Allahı Yehova olan xalq nə bəxtiyardır!» (Zəb. 33:12). Bu, doğrudan da, belədir! Yehovaya Onun bəxtiyar xalqı ilə çiyin-çiyinə xidmət edə bildiyimə görə çox minnətdaram.