GƏNCLƏRİN SUALLARI
Taqətdən düşməmək üçün nə edə bilərəm?
Özünü taqətsiz hiss edirsən? Onda bu məqalənin sənə köməyi dəyəcək!
Səbəblər
Həddən artıq yüklənmək. Culi adlı gənc qız deyir: «Həyatımızın hər bir sahəsində bizdən əlimizdən gələnin ən yaxşısını etmək, özümüzü inkişaf etdirmək, böyük məqsədlərə can atmaq və daha yaxşı nəticələr əldə etmək gözlənilir. Daim bu cür təzyiq altında yaşamaq çətindir».
Texnologiya. Smartfonlar, planşetlər və digər cihazlarlarımız, demək olar ki, 24/7 açıqdır. Buna görə stress keçirə, vaxtımızı itirə və taqətdən düşə bilər.
Yuxusuzluq. «Məktəb, iş, əyləncə arasında qalan gənclərin çoxu erkən qalxıb, gec yatır, beləcə, bu, vərdiş halına keçir», — deyə Miranda adlı qız bölüşür. Çox vaxt taqətdən düşməyin başlıca səbəbi bu olur.
Nəyə görə mühüm məsələdir?
Müqəddəs Kitab zəhmətkeşliyi tərifləyir (Məsəllər 6:6—8; Romalılara 12:11). Amma orada deyilmir ki, sağlamlığın da daxil olmaqla, həyatdakı hər şeyini itirəcək qədər işləməlisən.
«Bir dəfə diqqətimi üzərimə götürdüyüm çoxlu işlərə o qədər cəmləmişdim ki, bir də gördüm, bütün günü dilimə heç nə dəyməyib. Başa düşdüm ki, rahatçılığımı əlimdən alacaq hər tapşırığa can atmaq elə də yaxşı deyil» (Aşli).
Müqəddəs Kitabda boş yerə deyilmir ki, «diri it... ölü şirdən yaxşıdır» (Vaiz 9:4). Üzərinə çoxlu yük götürəndə, bir müddət sənə elə gələ bilər ki, şirtək güclüsən. Lakin özünü həddən çox yükləmək səhhətinə mənfi təsir göstərə bilər.
Nə edə bilərsən?
«Yox» deməyi bacar. Müqəddəs Kitabda deyilir: «Hikmət... təvazökar insanladır» (Məsəllər 11:2). Təvazökar insan məhdudiyyətlərini bilir və üzərinə bacardığından artıq iş götürmür.
«Çox vaxt taqətdən düşən kəslər “yox” deməyi bacarmayan, ona təklif olunan hər işi üzərinə götürən kəslərdir. Bu, təvazökar olmaq demək deyil. Gec-tez insan tükənir» (Cordan).
Kifayət qədər istirahət et. Müqəddəs Kitabda deyilir: «Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır» (Vaiz 4:6). Yuxu «beynin qidası»dır və hər gün səkkiz-on saat yatmaq lazımdır. Amma yeniyetmələrin əksəriyyəti bu qədər yatmır.
«Cədvəlim həddən çox gərgin olanda lazımi qədər yatmıram. Amma bəzən bir saat artıq yatmaq səhəri günü gümrah və xoşbəxt olmağım üçün kifayət edir» (Bruklin).
İşini planlaşdır. Müqəddəs Kitabda deyilir: «Çalışqanın niyyəti uğur gətirər» (Məsəllər 21:5). Vaxtını və işini planlaşdırmağı bacarmaq ömür boyu sənə fayda gətirəcək bir bacarıqdır.
«Plandan istifadə etməklə səbəb olduğun bir çox gərginliklərdən yaxa qurtarmış olarsan. Cədvəl göz qabağında olanda taqətdən düşməmək üçün düzəlişi harada etməli olduğunu asanlıqla müəyyən edə bilirsən» (Vanessa).