Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 s. 289—318
  • Əlavələr. Valideynlərin sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əlavələr. Valideynlərin sualları
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Oxşar material
  • Yeniyetmə övladınız sizin etiqadınıza şübhə ilə yanaşanda
    Gözətçi qülləsi 2012
  • Yeniyetmələrlə ünsiyyət
    Gözətçi qülləsi 2008
  • Yeniyetməni sərbəst həyata necə hazırlamalı?
    Gözətçi qülləsi 2009
  • Gənclərə Yaradanlarını xatırlamağa kömək edən vəsait
    Gözətçi qülləsi 2010
Əlavə
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 s. 289—318

Əlavələr

Valideynlərin sualları

«Övladımın mənimlə ünsiyyət etməsi üçün nə edə bilərəm?»

«Uşaqdan konkret vaxtda evə gəlməsini tələb etməliyəmmi?»

«Qızımın qidalanma məsələsinə tarazlı yanaşmasına necə kömək edə bilərəm?»

Bunlar «Əlavələr» bölməsində müzakirə olunan 17 sualdan sadəcə bir neçəsidir. 6 hissədən ibarət olan bu bölmədə «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının 1-ci və 2-ci cildinin müvafiq fəsillərinə istinadlar edilir.

Bu məlumatı oxuyun və imkan daxilində, həyat yoldaşınızla müzakirə edin. Orada verilən məsləhətlərdən istifadə edərək uşağınıza kömək edin. Bu məsləhətlərə etibar edə bilərsiniz. Onlar insan müdrikliyinə yox, Allahın Kəlamı olan Müqəddəs Kitaba əsaslanır (2 Timoteyə 3:16, 17).

290 Ünsiyyət

297 Qaydalar

302 Sərbəstlik

307 Cinsi əlaqə və görüşmək

311 Emosiyalar

315 Ruhanilik

ÜNSİYYƏT

Həyat yoldaşımla və ya uşaqlarımla mübahisə etmək münasibətlərimizə xələl gətirə bilərmi?

Ərlə arvad arasında münaqişələr qaçılmazdır. Ancaq onların həlli tamamilə sizin əlinizdədir. Valideynlərin mübahisələri uşaqlara öz təsirini göstərir. Bu, çox ciddi məsələdir, çünki uşaqlar gələcəkdə ailə quranda valideynlərindən nümunə götürürlər. Həyat yoldaşınızla aranızda yaranan münaqişələri həll etməkdə övladlarınıza nümunə olun. Aşağıda verilən məsləhətləri tətbiq edin:

Qulaq asın. Müqəddəs Kitabda deyilir: «Hər bir insan eşitməyə hazır olsun, danışmağa və qəzəblənməyə tələsməsin» (Yaqub 1:19). «Pislik əvəzinə pislik» edərək odun üstünə yağ tökməyin (Romalılara 12:17). Həyat yoldaşınız sizə qulaq asmaq istəmirsə, onda siz ona qulaq asın.

Tənqid etməyin, hisslərinizi bölüşün. Sakitliyi qoruyaraq həyat yoldaşınıza onun hərəkətinin sizə necə təsir etdiyini izah edin. Məsələn: «Bilirsən, sən belə edəndə mən özümü çox pis hiss edirəm», — deyə bilərsiniz. Çalışın, onu tənqid atəşinə tutmaqdan və günahlandırmaqdan qaçınasınız. «Sən heç vaxt mənimlə maraqlanmırsan!» və ya «Heç vaxt mənə qulaq asmırsan!» — kimi ifadələr işlətməyin.

Fasilə edin. Bəzən ən yaxşısı söhbəti təxirə salmaq və ara sakitləşəndən sonra müzakirə etməkdir. Müqəddəs Kitabda deyilir: «Davanın başlanması su bəndinin açılmasına bənzər, dava başlanmamış münaqişəni tərk et» (Süleymanın məsəlləri 17:14).

Bir-birinizdən, lazım gələrsə, uşaqlarınızdan da üzr istəyin. 14 yaşlı Şəfəq deyir: «Valideynlərim dalaşandan sonra gəlib qardaşımla məndən üzr istəyirlər, çünki baş verənlərin bizə necə təsir etdiyini bilirlər». Ən vacib şeylərdən biri uşaqlarınıza təvazökarlıqla «bağışla» deməyi öyrətməkdir.

Bəs əgər mübahisəniz uşaqlarınızladırsa, onda necə? Elə olurmu ki, siz özünüz də istəmədən odun üstünə yağ tökürsünüz? Misal üçün, bu kitabın 15-ci səhifəsində yerləşən 2-ci fəslin əvvəlində təsvir olunan hadisəyə nəzər salın. Fikir verdiniz, Rəhilənin anası heç özü də bilmədən mübahisəyə necə zəmin yaratdı? Bu kimi halların yaranmaması üçün siz nə edə bilərsiniz? Növbəti addımları atmağa çalışın:

● «Sən həmişə...», yaxud «Sən heç vaxt...» kimi şişirdilmiş ifadələrdən istifadə etməyin. Bu kimi sözlər uşağı özünümüdafiəyə keçməyə təşviq edir. Çox ehtimal ki, uşaqlar da bu ifadələrin şişirdilmiş olduğunu başa düşürlər. Onlar həmçinin bilirlər ki, bu sözləri işlətməyinizə səbəb onların səhlənkarlığından çox, sizin əsəbi olmağımızdır.

● «Sən» sözü ilə başlayan sərt ifadələr işlətmək əvəzinə, çalışın, övladınızın hərəkətlərinin sizə necə təsir etdiyini izah edəsiniz. Misal üçün: «Bilirsən, sən belə edəndə mən özümü... hiss edirəm», — deyə bilərsiniz. İnansanız da, inanmasanız da, hissləriniz övladlarınız üçün əhəmiyyətsiz deyil. Hər hansı hərəkətin sizə necə təsir etdiyini başa salsanız, sözsüz ki, onunla daha yaxşı dil tapacaqsınıza.

● Nə qədər çətin olsa da, hirsiniz soyuyana qədər gözləyin (Süleymanın məsəlləri 29:22). Əgər mübahisə ev işlərinin üstündə yaranıbsa, bu haqda övladınızla danışın. Onun konkret nə etməli olduğunu yazın, həmçinin lazım gələrsə, tələblərinizi yerinə yetirməməyinin nə ilə nəticələnəcəyini də açıq şəkildə bildirin. Övladınızın dedikləri ilə razı olmasanız da, ona diqqətlə qulaq asın. Yeniyetmələrin ürəyinə öyüd-nəsihətdən çox valideynlərinin onlara qulaq asması təsir edir.

● Uşağınızın islaholunmaz üsyankar olduğu qənaətinə gəlməyə tələsməyin. Yadda saxlamaq vacibdir ki, keçid dövründə yeniyetmələr çox vaxt ipə-sapa yatmaz olurlar. Bəzən övladınız sadəcə böyüdüyünü sübut etmək üçün mübahisə edə bilər. Onlarla söz güləşdirməkdən çəkinin. Unutmayın ki, gərgin vəziyyətlərdə sizin necə reaksiya göstərməyiniz uşağınıza çox şey öyrədə bilər. Səbirli və təmkinli olmaqla siz oğlunuza və ya qızınıza gözəl nümunə olacaqsınız (Qalatiyalılara 5:22, 23).

1-Cİ CİLDİN 2-Cİ FƏSLİNƏ, 2-Cİ CİLDİN 24-CÜ FƏSLİNƏ BAXIN

Uşaqlarım keçmişim barədə nələri bilməlidirlər?

Belə bir vəziyyəti təsəvvür edin: həyat yoldaşınız, qızınız və dostlarınızla birgə nahar edirsiniz. Birdən dostlarınızdan biri sizin ailə qurmazdan əvvəl görüşdüyünüz və sonradan ayrıldığınız insandan söz salır. Qızınız təəccübdən az qalır çəngəli əlindən salsın: «Sən əvvəllər başqası ilə görüşmüsən?» — deyə heyrət içində soruşur. Siz ona bu haqda heç nə danışmamısınız, amma indi o, hər şeyi bilmək istəyir. Bu halda nə edəcəksiniz?

Adətən, uşağın suallarına normal yanaşmaq lazımdır. Hər necə olsa da, uşağınız suallar verib, cavablarını dinləyərkən aranızda gözəl bir ünsiyyət yaranacaq — bu da bir çox valideynlərin arzusudur.

Bəs uşağınıza keçmişinizlə bağlı nələri danışmalısınız? Təbii ki, deməyə utandığınız məqamları bölüşmək istəməzdiniz. Amma lazım gəldikdə, zəifliklərinizlə necə mübarizə apardığınızı danışmağınızın onlara faydası ola bilər. Necə?

Bir nümunəyə baxaq: bir dəfə həvari Pavel özü haqda belə demişdi: «Düzgün iş görmək istəyəndə pislik başımın üstünü kəsdirir. [...] Necə də yazıq adamam!» (Romalılara 7:21—24). Yehova Allah bu sözlərin Müqəddəs Kitabda yazılmasının və bizim xeyrimiz üçün qorunub saxlanılmasının qeydinə qalıb. Bu kimi çətinliklə üzləşəndə Pavelin səmimi etirafı hər birimizə kömək edir.

Eynilə, övladınızın verdiyiniz düzgün qərarlarla yanaşı, buraxdığınız səhvləri də bilməsi münasibətinizi yaxşılaşdıracaq. Əlbəttə, sizin böyüdüyünüz dövr fərqli olub. İndi zəmanə dəyişsə də, insan təbiəti olduğu kimi qalır. Həmçinin Müqəddəs Kitab prinsipləri də dəyişilməzdir (Məzmur 119:144). Öhdəsindən gəldiyiniz çətinlikləri uşaqlarınızla bölüşməklə onlara qarşılaşdıqları problemləri həll etməkdə kömək edə bilərsiniz. Kameron adlı bir gənc deyir: «Biləndə ki, valideynlərin də sənin kimi eyni problemlərlə üzləşiblər, onları özünə daha yaxın hiss edirsən. Növbəti dəfə problemin yarananda o dəqiqə fikirləşirsən: “Görəsən, valideynlərimin də bu cür çətinliyi olubmu?”»

Ancaq bir şeyi nəzərdən qaçırmayın: hər bir hadisənin sonunda öyüd-nəsihət vermək mütləq deyil. Ola bilsin, siz uşağınızın danışdıqlarınızdan yanlış nəticə çıxaracağından və eyni səhvi təkararlayacağından qorxursunuz. Ancaq: «Bax elə buna görə də sən heç vaxt...», — deyərək bu söhbətdən çıxarmalı olduğu nəticəni uşağınızın əvəzinə siz etməyin; sadəcə öz hisslərinizi bölüşün: «İndiki ağlım olsaydı, bu hərəkəti etməzdim, çünki...». Beləcə, uşağınız özünü moizəyə qulaq asırmış kimi hiss etməyəcək və sizin təcrübənizdən ibrət dərsi götürəcək (Efeslilərə 6:4).

1-Cİ CİLDİN 1-Cİ FƏSLİNƏ BAXIN

Övladımın mənimlə ünsiyyət etməsi üçün nə edə bilərəm?

Övladınız balaca olanda, yəqin ki, sizə hər şeyi danışardı. Verdiyiniz suallara dərhal cavab verərdi. Çox vaxt heç sizin sual verməyinizə ehtiyac qalmazdı, o, özü hər şeyi açıb-tökərdi. Yeniyetmə ilə söhbət isə tamam başqa cürdür, onun ağzından sözü kəlbətinlə çıxarmalı olursan. «O, dostları ilə danışır, bəs mənimlə niyə danışmır?» — deyə fikirləşə bilərsiniz.

Onun susmasından elə qənaətə gəlməyin ki, o, sizi rədd edir və ya həyatına qarışmağınızı istəmir. Əslində isə, övladınızın indi sizə daha çox ehtiyacı var. Araşdırmalar göstərir ki, yeniyetmələrin əksəriyyəti həmyaşıdlarından və informasiya vasitələrindən çox valideynlərinin məsləhətlərinə üstünlük verirlər.

Bəs onda nəyə görə onlar ürəklərindən keçənləri demək istəmirlər? Aşağıda öz hisslərini valideynləri ilə bölüşməkdə nə üçün çətinlik çəkdiklərini deyən bəzi yeniyetmələrin fikirləri gətirilib. Onları oxuduqdan sonra sadalanan sualları özünüzə verin və Müqəddəs Kitab ayələri üzərində düşünün.

«Atama yaxınlaşıb onunla danışmaq mənim üçün çətindir, işdə və yığıncaqda o qədər öhdəçilikləri var ki. Mənimlə söhbət etməyə heç vaxtı yoxdur» (Andrey).

«Kənardan baxanda çox məşğul olduğum və uşaqlarla danışmağa vaxtım olmadığı təəssüratı oyanmır ki? Əgər elədirsə, onlara daha yaxın olmaq üçün nə edə bilərəm? Uşaqlarımla müntəzəm ünsiyyət etmək üçün haçan vaxt ayıra bilərəm?» (Qanunun təkrarı 6:7).

«Məktəbdə bir nəfərlə dalaşmışdım. Baş verənləri ağlayaraq anama danışdım. Anamın məni sakitləşdirəcəyini düşünürdüm, o, isə məni danladı. O gündən bəri vacib məsələlər barədə onunla danışmıram» (Kenzi).

«Uşaqlar mənə öz problemlərini danışanda necə reaksiya göstərirəm? Səhvləri olsa belə, məsləhət verməzdən qabaq anlayışla dinləməyi öyrənə bilərəmmi?» (Yaqub 1:19).

«Hər dəfə valideynlərimiz deyirlər ki, danışın, hirslənməyəcəyik, amma yenə də hirslənirlər. Onda özümüzü aldadılmış hiss edirik» (Reyçel).

«Uşaq nə isə danışanda dilxor olsam da, ilk reaksiyamı necə gizlədə bilərəm?» (Süleymanın məsəlləri 10:19).

«Dəfələrlə olub ki, anama özüm haqda nəsə danışmışam, o da gedib rəfiqələrinə deyib. Belə olanda uzun müddət ona etibar edə bilmirəm» (Sənubər).

«Övladımın mənimlə bölüşdüklərini başqalarına deməməklə onun hisslərinə hörmət etdiyimi göstərirəmmi?» (Süleymanın məsəlləri 25:9).

«Valideynlərimlə bölüşmək istədiyim o qədər şey var ki! Kaş söhbətə başlamaqda mənə kömək edəydilər!» (Kortni).

«Uşaqla söhbət etmək üçün ilk addımı ata bilərəm? Söhbət üçün ən münasib vaxt hansıdır?» (Vaiz 3:7).

Bir valideyn kimi, uşaqlarınızla aranızda ünsiyyət körpüsü yaratmaq sizin əlinizdədir. Misal üçün, Yaponiyadan olan 17 yaşlı Yunkonun nümunəsinə baxaq. O deyir: «Bir dəfə anama etiraf etdim ki, məktəbdəki uşaqların yanında özümü daha rahat hiss edirəm, nəinki yığıncaqda. Səhəri gün anam stolun üstünə bir məktub yazıb qoymuşdu. Yazmışdı ki, bir vaxtlar yığıncaqda dost tapmaqda o da çətinlik çəkirdi. Həmçinin Müqəddəs Kitabda adları çəkilən, hətta yanlarında dəstək olacaq heç kimin olmamasına baxmayaraq, Allaha sədaqətlə xidmət edən insanlar barədə xatırlatmışdı. O, məni yaxşı dostlar tapmaq üçün səy göstərdiyimə görə tərifləmişdi. Belə bir problemlə qarşılaşan tək mən olmadığımı biləndə təəccübləndim. Anamın da eyni hissləri keçirməsi mənə elə təsir etdi ki, göz yaşlarımı saxlaya bilmədim. Onun məktubu məni çox ruhlandırdı və düzgün olanı etmək qətiyyətimi gücləndirdi».

Yunkonun anasının da fikir verdiyi kimi, gənclər valideynlərinin onları ələ salmayacaqlarına və danlamayacaqlarına əmin olduqda ürəklərini açmağa daha meyilli olurlar. Bəs əgər uşaq sizinlə acıqlı və qəzəbli halda danışarsa, onda necə? Bu an ürəyinizdən eyni tonda cavab vermək keçsə də, bunu qətiyyən etməyin! (Romalılara 12:21; 1 Peter 2:23). Çətin olmasına baxmayaraq, uşağınızdan gözlədiyiniz davranış və danışıq tərzinə dair ona nümunə olmağa çalışın.

Unutmayın ki, uşaqlarınız böyüyüb keçid dövrünə qədəm qoyurlar. Mütəxəssislər deyirlər ki, bu dövrdə gənclərin davranış tərzləri çox dəyişkən olur; bir gün yaşlarından böyük davranır, səhərisi gün isə özlərini balaca uşaq kimi aparırlar. Bu kimi dəyişikliklər, xüsusilə də yaşına nisbətən özünü uşaq kimi aparmaq halları sizin yeniyetmənizdə də müşahidə olunursa, nə edə bilərsiniz?

Övladınızı danlamaqdan və uşaq kimi mübahisəyə girişməkdən çəkinin. Onunla böyük bir insan kimi danışın (1 Korinflilərə 13:11). Məsələn, uşaq: «Niyə həmişə məndə səhv axtarırsan?» — deyəndə özünüzdən çıxa bilərsiniz. Ancaq belə vəziyyətdə özünüzü ələ ala bilməsəniz, söhbət cığırından çıxacaq və çox ehtimal ki, mübahisə qızışacaq. Belə demək daha yaxşı olardı: «Deyəsən, bu, səni əsəbiləşdirdi. Gəl məsələni hirsin soyuyandan sonra müzakirə edək». Belə davranaraq vəziyyəti nəzarət altında saxlamış olacaq və mübahisəyə deyil, ünsiyyətə zəmin yaradacaqsınız.

1-Cİ CİLDİN 1-Cİ VƏ 2-Cİ FƏSİLLƏRİNƏ BAXIN

QAYDALAR

Uşaqdan konkret vaxtda evə gəlməsini tələb etməliyəmmi?

Bu suala cavab verə bilmək üçün belə bir vəziyyəti təsəvvür edin: oğlunuz evə yarım saat bundan qabaq gəlməli idi. Nəhayət, yavaş-yavaş qapı açılır. «O, ümid edir ki, biz çoxdan yatmışıq», — deyə öz-özünüzə düşünürsünüz. Belə məqamda təbii ki, gözünüzə yuxu getməz. Bayaqdan qapının ağzında oturub onu gözləyirsiniz. Və budur, o, içəri girir, siz onunla göz-gözə gəlirsiniz. Nə edəcəksiniz? Nə deyəcəksiniz?

Sizin bir neçə variantınız var. Ya əhəmiyyət verməyib: «Oğlandır da, nə etmək olar?» — deyə bilərsiz. Yaxud da həddən artıq kəskin reaksiya göstərərək: «Bundan sonra evdən bayıra çıxmaq yoxdur!» — deyə qadağa qoya bilərsiniz. Əsəbiləşmək əvəzinə, əvvəlcə qulaq asın, bəlkə, gecikməyinin əsaslı bir səbəbi var. Sonra bu fürsətdən istifadə edib ona ibrət dərsi verə bilərsiniz. Necə?

Məsləhət: bu haqda onunla sabah danışacağınızı deyə bilərsiniz. Sonra münasib vaxt tapıb söhbət edin və məsələni necə həll etməyə hazırlaşdığınızı deyin. Bəzi valideynlər növbəti metodlardan istifadə edirlər: əgər uşaqları evə vaxtından gec gəlirlərsə, onlara verdikləri vaxtı yarım saat azaldırlar. Ancaq əgər uşaq bir müddət vaxtında evə gəlir və özünü doğruldursa, valideynləri ona daha çox sərbəstlik verir, hətta bəzən bir az gec gəlməyinə də icazə verirlər. Əsas odur ki, uşaq evə nə vaxt gəlməli olduğunu və gecikməyinin nə ilə nəticələnəcəyini dəqiq bilsin. Çalışın, sözünüzün üstündə durun.

Ancaq Müqəddəs Kitabın bir məsləhətini unutmayın: «Həmişə aqil olun. Qoy bu xasiyyətiniz hamıya bəlli olsun» (Filipililərə 4:5). Buna görə də, vaxt təyin etməmişdən qabaq, bu məsələni uşağınızla müzakirə edərək onun da vaxt təklif etməsinə və bu seçiminin səbəbini izah etməsinə imkan verin. Övladınızın təkliflərini qulaqardına vurmayın. Əgər o, məsuliyyətli bir insan olduğunu sübut edibsə, onun ağlabatan istəklərini nəzərə ala bilərsiniz.

Dəqiqlik çox vacib xüsusiyyətdir. Evə gəlməsi üçün konkret vaxt təyin etməklə uşağınızı nəinki təhlükədən qoruyacaqsınız, hətta ona gələcəkdə də lazım olacaq vərdişi aşılayacaqsınız (Süleymanın məsəlləri 22:6).

1-Cİ CİLDİN 3-CÜ FƏSLİNƏ, 2-Cİ CİLDİN 22-Cİ FƏSLİNƏ BAXIN

Geyimlə bağlı yaranan mübahisələri necə həll edim?

Bu kitabın 77-ci səhifəsində yerləşən fəslin əvvəlindəki dialoqu oxuyun. Təsəvvür edin ki, Aydan sizin qızınızdır. Onun həddən artıq açıq geyimi dərhal diqqətinizi cəlb edir və siz tez reaksiya verirsiniz: «Get, bu dəqiqə paltarını dəyiş, yoxsa heç hara getməyəcəksən!» Belə deməklə, ola bilsin, istədiyinizə nail olacaqsınız. Axı qızınızın sizin dediyinizi etməkdən başqa seçimi yoxdur. Bəs ona sadəcə paltarını deyil, düşüncə tərzini dəyişməyə necə kömək edə bilərsiniz?

● Birincisi, yadda saxlayın ki, açıq geyimin nəticəsi övladınızı, ən azı, sizin qədər, hətta sizdən də çox narahat edir. O, ürəyinin dərinliklərində axmaq kimi görünmək və ya özünə yersiz diqqət cəlb etmək istəmir. Buna görə də, bu cür açıq geyimin kənardan heç də yaxşı görünmədiyini səbirlə başa salınb. Mümkünsə, başqa variantlar təklif edin.

● İkincisi, müdrik olun. Özünüzdən soruşun: «Bu cür geyim Müqəddəs Kitab prinsipinə zidd gedir, yoxsa sadəcə zövq məsələsidir?» (2 Korinflilərə 1:24; 1 Timoteyə 2:9, 10). Əgər zövq məsələsidirsə, güzəştə gedə bilərsiniz?

● Üçüncüsü, sadəcə hansısa geyimin ədəbli olmadığını demək kifayət deyil. Övladınıza qəşəng və ədəbli paltar seçməkdə kömək edin. Onunla birlikdə 82-ci və 83-cü səhifələrdə yerləşən sxemdəki sualların üzərində düşünün. Əmin olun ki, vaxtınız və səyiniz hədər getməyəcək!

1-Cİ CİLDİN 11-Cİ FƏSLİNƏ BAXIN

Uşağımın elektron oyunlar oynamasına icazə verimmi?

Sizin dövrünüzdən bəri elektron oyunlar çox dəyişib. Bu oyunların vura biləcəyi təhlükələri görməkdə və onlardan qaçmaqda övladınıza necə kömək edə bilərsiniz?

Bütün texnoloji yenilikləri qadağan etməyin və oyun oynamağın boşuna vaxt itirmək olduğunu deməyin faydası çox azdır. Nəzərə alın ki, oyunların hamısı pis deyil. Ancaq onlar asılılıq yarada bilər. Uşağınızın bu oyunlara nə qədər vaxt sərf etdiyinə fikir verin. Həmçinin onu hansı növ oyunların cəlb etdiyini müəyyən edin. Hətta ona belə suallar verə bilərsiniz:

● Sinif yoldaşların ən çox hansı oyunları oynayırlar?

● Bu oyunun mahiyyəti nədən ibarətdir?

● Nəyə görə bu oyun hamının xoşuna gəlir?

Uşağınızın elektron oyunlar barədə sizin düşündüyünüzdən də çox bildiyini aşkar edə bilərsiniz! Hətta, ola bilsin, o, sizin fikrinizcə, məqbul olmayan oyunlar oynayır. Belə olsa da, onu danlamağa tələsməyin. Bu fürsətdən istifadə edərək övladınıza yaxşını pisdən ayırmağı öyrədin (İbranilərə 5:14).

Uşağınıza məqbul olmayan oyunlara nəyə görə meyilli olduğunu başa düşməyə kömək edən suallar verin. Misal üçün, soruşmaq olar:

● Bu oyunu oynamağa icazə vermədiyim üçün özünü nədənsə məhrum edilmiş hiss edirsən?

Bəzən gənclər hər hansı oyunu həmyaşıdları ilə söhbət etməyə mövzu olsun deyə oynayırlar. Əgər sizin övladınız da məhz bu səbəbdən oynayırsa, çox ehtimal ki, bu vəziyyətə, sanki, uşağınız qanlı döyüş və cinsi əxlaqsızlıq səhnələrinə meyil edirmiş kimi reaksiya göstərməyəcəksiniz (Koloslulara 4:6).

Bəs uşağınızın diqqətini oyundakı mənfi şeylər cəlb edirsə, onda necə? Bəzi gənclər ekranda qanın su yerinə axmasının onlara təsir etmədiyini düşünərək: «Kompüterdə oynamağım o demək deyil ki, gedib bunu edəcəyəm», — deyə özlərinə bəraət qazandırırlar. Əgər sizin uşağınız da belə fikirləşirsə, onun diqqətini Məzmur 11:5 ayəsinə yönəldin. Bu ayədən göründüyü kimi, Allah təkcə zorakılıqla məşğul olanlara yox, onu sevənlərə də nifrət edir. Bu prinsip cinsi əxlaqsızlığa və Allahın Kəlamının mühakimə etdiyi digər hərəkətlərə də aiddir (Məzmur 97:10).

Uşağınızın elektron oyunlarla bağlı problemi varsa, növbəti addımları atın:

● Öz otağına girib gizlində oynamasına icazə verməyin.

● Konkret qaydalar qoyun. Məsələn, dərslərini oxumamış, axşam yeməyini yeməmiş və ya digər vacib işləri görməmiş oyun oynamağa icazə verməyin.

● Fiziki hərəkət etməyin faydasını vurğulayın.

● Elektron oyunlar oynayarkən gözünüz uşaqların üstündə olsun, ya da, ən yaxşısı, aradabir onlarla birgə oynayın.

Əlbəttə, uşağınıza əyləncə sahəsində düzgün rəhbərlik vermək üçün özünüz onlara yaxşı nümunə olmalısınız. Özünüzdən soruşun: «Mən hansı növ filmlərə və verilişlərə baxıram?» Əgər sizin ikili standartlarınız varsa, yaddan çıxarmayın ki, uşağınız bunu göydə tutacaq!

2-Cİ CİLDİN 30-CU FƏSLİNƏ BAXIN

Əgər uşağımın mobil telefondan, kompüterdən və ya digər elektron cihazlardan asılılığı varsa, nə edə bilərəm?

Uşağınız İnternetə və mesajlaşmağa çoxmu vaxt ayırır? MP3-lə keçirdiyi vaxt sizinlə keçirdiyi vaxtdan daha çoxdur? Əgər belədirsə, nə edə bilərsiniz?

Siz cihazları onun əlindən ala bilərsiniz. Amma bütün elektron informasiya vasitələrinə «zərərlidir» damğasını vurmaq olmaz. Nəticə etibarilə, siz də valideynlərinizin işlətmədiyi elektron vasitələrdən istifadə edirsiniz. Buna görə də, əgər ciddi bir səbəb yoxdursa, cihazı uşağınızın əlindən almaq əvəzinə, ondan düzgün və tarazlı şəkildə istifadə etməyi öyrədin. Bunu necə edə bilərsiniz?

Bir yerdə oturub bu məsələni müzakirə edin. Birincisi, nəyə görə narahat olduğunuzu bildirin. İkincisi, onun dediklərinə qulaq asın (Süleymanın məsəlləri 18:13). Üçüncüsü, məsələnin praktiki həllini tapın. Konkret məhdudiyyətlər qoymaqdan qorxmayın, ancaq eyni zamanda da müdrik olun. Elen adlı bir qız deyir: «Mən mesajlaşmağa aludə olanda valideynlərim telefonumu əlimdən almadılar, oturub başa saldılar. Bu, mənə valideynlərim yanımda olmayanda da, mesajlaşmaq məsələsində tarazlığı qorumağa kömək etdi».

Əgər övladınız özünə bəraət qazandırmağa çalışırsa, nə edəcəksiniz? Fikirləşməyin ki, o, sizin verdiyiniz bütün məsləhətləri bir qulağından alıb, o biri qulağından verir. Səbirli olun və düşünməsi üçün ona vaxt verin. Bəlkə də, uşağınız artıq sizinlə razıdır və özündə lazımi dəyişikliklər etməyə hazırlaşır. Bir çox yeniyetmələr onlara edilən düzəlişlərə Heyli kimi reaksiya göstərirlər. O deyir: «Valideynlərim mənim kompüter asılılığım olduğunu deyəndə əvvəlcə incidim. Sonra onların dediklərinin üzərində düşündükcə haqlı olduqlarını anladım».

1-Cİ CİLDİN 36-CI FƏSLİNƏ BAXIN

SƏRBƏSTLİK

Uşağa nə qədər sərbəstlik verə bilərəm?

Söhbət övladınızın şəxsi həyatından gedəndə məsələ daha da qəlizləşir. Tutaq ki, oğlunuz öz otağına girib, qapını da bağlayıb. Qapını döyməmiş içəri girəcəksiniz? Yaxud da qızınız məktəbə gedəndə telefonunu evdə qoyub. Siz onun mesajlarını oxuyacaqsınız?

Bu suallara cavab vermək elə də asan deyil. Əslində, bir valideyn kimi, övladınızın həyatında nələr baş verdiyini bilməyə ixtiyarınız çatır, üstəlik, siz ona görə məsuliyyət daşıyırsınız. Amma uşağı həmişə nəzarət altında saxlamaq mümkün deyil. Bu məsələdə tarazlığı necə qoruya bilərsiniz?

Birincisi, etiraf etmək lazımdır ki, əgər uşaq şəxsi həyatının olmasını istəyirsə, bu, onun həmişə səhv hərəkətə yol verəcəyinə dəlalət etmir. Əksər hallarda bu, normal böyümə prosesinin ayrılmaz bir hissəsidir. Onlar yeni dostlar tapmaqla və ağıllarını işlədərək problemlərini həll etməklə öz ayaqları üstündə durmağı öyrənirlər (Romalılara 12:1, 2). Bu cür sərbəstliyin sayəsində yeniyetmə düşünmək və mülahizə yürütmək qabiliyyətini inkişaf etdirə bilər, bu da onun böyüyəndə məsuliyyətli insan olmasına kömək edəcək. Bəzən tək qalmaq ona hər hansı bir qərarı verməzdən əvvəl götür-qoy etməyə və vacib məsələlərin üzərində düşünməyə imkan verir (Süleymanın məsəlləri 15:28).

İkincisi, nəzərə alın ki, yeniyetməni kölgə kimi izləməyiniz onun qəzəbinə və üsyanına səbəb ola bilər (Efeslilərə 6:4; Koloslulara 3:21). Bu o deməkdir ki, siz tamamilə geri çəkilməlisiniz? Xeyr, axı siz hələ də onun valideynisiniz. Sizin məqsədiniz ona tərbiyə olunmuş vicdana sahib olmağa kömək etməkdir (Qanunun təkrarı 6:6, 7; Süleymanın məsəlləri 22:6). Unutmayın ki, düzgün yol göstərmək nəzarət etməkdən yaxşıdır.

Üçüncüsü, məsələni övladınızla müzakirə edin. Diqqətlə dinləyin, görün onu nə narahat edir. Nədəsə güzəştə gedə bilərsinizmi? Qoy uşağınız bilsin ki, yalnız etibarınızı doğrultduğu müddətdə ona müəyyən qədər sərbəstlik verəcəksiniz. İtaətsizliyinin nə ilə nəticələnəcəyini və lazım gələrsə, müəyyən qadağaların qoyulacağını açıq şəkildə bildirin. Şübhə etməyin ki, siz övladınıza sərbəstlik verə, eyni zamanda da qayğıkeş valideyn olaraq qala bilərsiniz.

1-Cİ CİLDİN 3-CÜ VƏ 15-Cİ FƏSİLLƏRİNƏ BAXIN

Övladım oxumaq istəmirsə, nə edə bilərəm?

«Müəllimlərim çox darıxdırıcıdır!» «O qədər ev tapşırığı verirlər ki!» «Qiymət almaq üçün dəridən-qabıqdan çıxıram, heç bu qədər əziyyət çəkməyə dəyər?» Bu cür çətinliklər ucbatından bəzi gənclər çörək pulu qazanmaq üçün lazımi bacarıqlara yiyələnmədən məktəbi atmaq fikrinə düşürlər. Əgər oğlunuz və ya qızınız məktəbi atmaq istəyirsə, nə edə bilərsiniz? Növbəti addımları atmağa çalışın:

● Təhsilə necə yanaşdığınızı yadınıza salın. Bəlkə də, məktəb sizin üçün boş yerə vaxt itirmək — daha vacib işlərlə məşğul olacağınız günə qədər çəkməli olduğunuz həbs cəzası kimi idi. Yəqin, sizin təhsilə olan bu cür münasibətiniz övladınıza da keçib. Ancaq hərtərəfli təhsil ona «sağlam şüura» — gələcək məqsədlərinə nail olmaq üçün ehtiyacı olan vacib bir keyfiyyətə yiyələnməyə kömək edəcək (Süleymanın məsəlləri 3:21).

● Uşağınız üçün şərait yaradın. Bəzi uşaqlar məktəbdə daha yaxşı qiymət ala bilərlər, ancaq onlar ya dərslərini necə oxuyacaqlarını bilmirlər, ya da bunun üçün münasib şəraitləri yoxdur. Məsələn, yaxşı oxuması üçün şagird işıqlı otaqla, yazı stolu və araşdırma aparmaq üçün lazımi ləvazimatlarla təmin olunmalıdır. Uşağınızın öyrəndiyi yeni şeylərin üzərində fikirləşə bilməsi üçün rahat şərait yaradaraq həm dərslərini yaxşı oxumasına, həm də ruhani inkişafına kömək edə bilərsiniz. (1 Timoteyə 4:15 ayəsi ilə müqayisə edin.)

● Dərsləri ilə maraqlanın. Müəllimləri düşmən gözündə görməyin, onlar sizinlə bir cəbhədə vuruşur. Müəllimlərlə görüşün, adlarını öyrənin. Uşağınızın məqsədləri və çətinlikləri barədə danışın. Əgər uşağınız yaxşı oxumursa, səbəbini öyrənməyə çalışın. Bəlkə, o elə fikirləşir ki, yaxşı oxusa, məktəbdə gülüş hədəfinə çevriləcək? Yoxsa müəllimlə hansısa problemi var? Bəs əlavə məşğələlər barədə nə demək olar? Dərs proqramı uşağınızın inkişafına kömək etməli, eyni zamanda da həddən artıq əldən salmamalıdır. Yaxud da, ola bilsin, sağlamlığı ilə bağlı hansısa problemi var: görmə və ya qavrama qabiliyyəti zəifdir.

Uşağınızın təhsili və ruhaniliyi ilə nə qədər çox maraqlansanız, bir o qədər də həyatda uğur qazanmasına töhfə vermiş olacaqsınız (Məzmur 127:4, 5).

1-Cİ CİLDİN 19-CU FƏSLİNƏ BAXIN

Uşağımın sərbəst həyata hazır olub-olmadığını necə bilə bilərəm?

Bu cildin 7-ci fəslində sözləri gətirilən Serena sərbəst yaşamaqdan qorxur. Niyə? O deyir: «Öz pulumla nə isə almaq istəyəndə atam qoymur. Deyir ki, bu, onun işidir. Buna görə də, haqq-hesab işləri ilə məşğul olmaq fikri məni dəhşətə gətirir». Şübhəsiz, atası Serenanın yaxşılığını istəyir. Sizcə, belə davranmaqla o, qızına gələcəkdə yaxşı ev sahibəsi olmaq bacarığına yiyələnməyə kömək edirmi? (Süleymanın məsəlləri 31:10, 18, 27).

Övladınızın üstündə həddən artıq əsməklə onun sərbəst həyata hazır olmasına əngəl olmursunuz ki? Bunu müəyyən etmək üçün 7-ci fəslin «Hazırammı?» adlı yarımbaşlığında müzakirə olunan dörd sahəni nəzərdən keçirin.

Puldan düzgün istifadə etmək. Əgər uşaqlarınız kifayət qədər böyüyüblərsə, onlar kommunal xərcləri və vergiləri ödəməyi, yaxud qanunda bu haqda nə deyildiyini bilirlərmi? (Romalılara 13:7). Kredit götürməyin nə qədər məsuliyyətli iş olduğunu başa düşürlərmi? (Süleymanın məsəlləri 22:7). Büdcə tərtib etməyi və ayaqlarını yorğanlarına görə uzatmağı bacarırlarmı? (Luka 14:28—30). Öz qazancları ilə nə isə almağın ləzzətini dadıblarmı? Yaxud vaxtlarını və vəsaitlərini sərf edərək başqalarına kömək etməyin daha böyük sevinc gətirdiyini duyublarmı? (Həvarilərin işləri 20:35).

Ev işlərini idarə etmək. Oğlunuz və ya qızınız yemək bişirməyi bacarırmı? Paltar yumağı və ütüləməyi öyrəniblərmi? Əgər maşın sürürlərsə, onun yağını və təkərini dəyişdirmək kimi xırda təmir işlərini də görə bilirlərmi?

Başqaları ilə yola getmək. Uşaqlarınızın arasında dava düşəndə son qərarı verən hakim kimi davranırsınız? Yoxsa problemi öz aralarında həll edib, axırda olanları gəlib sizə danışmağı öyrətmisiniz? (Matta 5:23—25).

Ruhani işlərin qrafiki. Övladlarınıza nəyə inanmalı olduqlarını deyirsiniz, yoxsa mülahizə yürüdərək onları əmin etməyə çalışırsınız? (2 Timoteyə 3:14, 15). Din və əxlaqla bağlı suallarına həmişə cavab vermək əvəzinə, düşünmə qabiliyyətlərini işə salmağa kömək edirsinizmi? (Süleymanın məsəlləri 1:4). Müqəddəs Kitabı şəxsi araşdırma sahəsində övladlarınızın sizdən nümunə götürməsini istəyirsiniz? Yoxsa onlar üçün bir o qədər də yaxşı nümunə olmadığınızı düşünərək onların bu məsələdə daha çox etmələrini istəyirsiniz?c

Sözsüz ki, uşağa bu cür vərdişləri aşılamaq üçün vaxt və güc tələb olunur. Uşaqlarınız sərbəst həyata qədəm qoyub sizdən ayrılanda çəkdiyiniz zəhmətin hədər getmədiyini görəcəksiniz. Bu da valideyn üçün əsil mükafatdır!

1-Cİ CİLDİN 7-Cİ FƏSLİNƏ BAXIN

CİNSİ ƏLAQƏ VƏ GÖRÜŞMƏK

Uşağımla cinsi əlaqə barədə danışmalıyammı?

Bu gün uşaqlar cinsi əlaqə ilə bağlı mövzularla erkən yaşlarından tanış olurlar. Hələ yüz illər öncə, Müqəddəs Kitabda «axır günlərdə son dərəcə ağır bir zəmanə» gələcəyi, insanların «təmkinsiz» olacaqları və «Allahdan çox eyş-işrəti sevəcəklər»i yazılmışdı (2 Timoteyə 3:1, 3, 4). Təsadüfi cinsi əlaqə bu peyğəmbərliyin yerinə yetdiyini göstərən bir çox əlamətlərdən biridir.

Bu gün dünya sizin böyüdüyünüz dövrdən çox fərqlənir. Müəyyən mənada, demək olar ki, problemlər olduğu kimi qalır. Belə ki, uşağınızın üzləşdiyi zərərli təsirlər qarşısında çarəsiz olduğunuzu düşünərək təşvişə qapılmayın. Əksinə, həvari Pavelin təxminən 2000 il bundan qabaq məsihçilərə dediyi sözləri yerinə yetirə bilmələri üçün uşaqlarınıza kömək etməkdə qətiyyətli olun. O demişdi: «İblisin hiylələrinə sinə gərmək üçün Allahın verdiyi bütün yaraqları əyninizə geyin» (Efeslilərə 6:11). Bu gün bir çox məsihçi gənclər bu dünyanın pozucu təsirinə qarşı duraraq sadiq qalmaq əzmindədirlər. Bəs siz övladınızın belə davranması üçün nə edə bilərsiniz?

Məsələn, söhbətə başlamaq üçün 1-ci cildin 4-cü bölməsindən, 2-ci cildin isə 1-ci və 7-ci bölməsindən bəzi fəsilləri müzakirə edə bilərsiniz. Həmin fəsillərdə Müqəddəs Kitabdan düşünməyə vadar edən bəzi ayələr göstərilir. Bu ayələrin bəzilərində düzgün olanı edib xeyir-dualar alan və ya Allahın qanunlarına barmaqarası baxmağın gətirdiyi acı nəticələri dadan bəzi insanların nümunələri gətirilir. Digər ayələrdə isə uşağınıza Allahın qanunlarına uyğun yaşamağın vacibliyini anlamağa kömək edən prinsiplər var. Niyə də bu materialları tez bir zamanda övladınızla müzakirə etməyi planlaşdırmayasınız?

1-Cİ CİLDİN 23-CÜ, 25-Cİ VƏ 32-Cİ, 2-Cİ CİLDİN 4—6-CI, 28-Cİ VƏ 29-CU FƏSİLLƏRİNƏ BAXIN

Uşağımın kiminləsə görüşməyinə icazə verim?

Gec-tez kimsə sizin uşağınıza da görüşməyi təklif edəcək. Görün Filip nə deyir: «Mənim nə isə etməyimə heç ehtiyac qalmır. Qızlar özləri yaxınlaşıb mənə görüşməyi təklif edirlər və mən dayanıb fikirləşirəm: “İndi mən neyləyim, axı?” Onlardan bəziləri elə gözəldirlər ki, yox demək çətindir!»

Ən yaxşısı, öz yeniyetmənizlə danışmaqdır. Misal üçün, 2-ci cildin 1-ci fəslinin əsasında bu mövzunu müzakirə edə bilərsiniz. Uşağınızın məktəbdə, hətta yığıncaqda qarşılaşdığı çətinliklərlə maraqlanın. Bu kimi söhbətləri sərbəst şəraitdə — evdə oturanda, yol gedəndə etmək olar (Qanunun təkrarı 6:6, 7). Harada olmağınızdan asılı olmayaraq, eşitməyə hazır olun, danışmağa tələsməyin (Yaqub 1:19).

Əgər uşağınız kimdənsə xoşu gəldiyini deyərsə, panikaya düşməyin. Bir gənc qız deyir: «Atam oğlan dostumun olduğunu biləndə çox dilxor oldu. Məni qorxutmağa çalışaraq evliliyə hazır olub-olmadığımla bağlı çoxlu suallar verməyə başladı. Amma bu cür sözlər gənclərə əks təsir göstərə bilər; onlar valideynlərinin yanıldıqlarını sübut etmək üçün bu münasibətləri davam etdirməyə sövq oluna bilərlər».

Əgər yeniyetməniz sizin bu mövzu barədə söhbət etmək belə istəmədiyinizi bilirsə, bunun nəticəsi çox pis ola bilər. Çox ehtimal ki, o, gizlincə görüşməyə başlayacaq. Bir qız deyir: «Valideynlər həddən artıq kəskin reaksiya verəndə uşaqlar görüşdüklərini gizlətməyə başlayırlar. Qoyulan qadağalar onları dayandırmır, əksinə, gizlincə istədiklərini etməyə vadar edir».

Uşaqlarınızla səmimi olsanız, daha yaxşı nəticələr əldə edəcəksiniz. 20 yaşlı Britani deyir: «Valideynlərim görüşmək məsələsini mənimlə həmişə açıq müzakirə ediblər. Kimdən xoşum gəldiyini bilmək onlar üçün vacibdir. Məncə də bu çox yaxşıdır! Xoşuma gələn oğlan olanda atam onunla danışır və nədənsə gözü su içməyəndə dərhal gəlib mənə deyir. Adətən, oğlanın mənə uyğun gəlib-gəlmədiyini artıq görüşməyə başlamamışdan qabaq anlayıram».

2-ci cildin 2-ci fəslini oxuduqdan sonra, ola bilsin, sizi: «Görəsən, mənim oğlum və ya qızım da gizlincə kiminləsə görüşürmü?» — sualı narahat edə bilər. Aşağıda bəzi gənclərin fikirləri gətirilir. Onları gizlicə görüşməyə nəyin vadar etdiyinə diqqət yetirin və sonra sualların üzərində düşünün.

«Uşaqlar evdə özlərini rahat hiss etmədikdə kənarda dost axtarırlar» (Vendi).

Bir valideyn kimi uşağınızın emosional tələbatlarının lazımınca qayğısına qaldığınıza necə əmin ola bilərsiniz? Nəyisə yaxşılaşdırmağa ehtiyac varmı? Varsa, hansı sahədə?

«14 yaşım olanda sinifimizə təzəcə keçən oğlan mənə görüşməyi təklif etdi. Mən də razılaşdım. Düşünürdüm ki, yanımda məni qucaqlayacaq bir oğlanın olması xoş olardı» (Diana).

Əgər Diana sizin qızınız olsaydı, bu məsələyə necə yanaşardınız?

«Mobil telefon sayəsində kiminləsə görüşdüyünü gizli saxlamaq asandır. Valideynlərin nə baş verdiyindən heç xəbərləri belə olmur» (Anetta).

Uşaqlarınızın mobil telefondan istifadə etməsi ilə bağlı hansı ehtiyat tədbirlərini görə bilərsiniz?

«Valideynlər uşaqlarının nə ilə məşğul olduqları və kiminlə oturub-durduqları ilə yaxından maraqlanmayanda gizli görüşmək çox asan olur» (Tomas).

Uşaqlarınıza müəyyən qədər azadlıq vermək şərti ilə onlarla daha yaxından maraqlana bilərsinizmi?

«Çox vaxt valideynlər uşaqlarını evdə tək qoyurlar. Ya da hara gəldi, kiminlə gəldi getmələrinə icazə verirlər» (Nikolas).

Uşaqlarınız kiminlə dostluq edir? Dostları ilə bir yerə yığılanda nə ilə məşğul olduqlarını dəqiq bilirsinizmi?

«Adətən, gizli görüşən uşaqlar valideynləri həddən artıq ciddi olan uşaqlardır» (Paul).

Müqəddəs Kitabın qanun və prinsiplərinə güzəştə getmədən necə tarazlı ola bilərsiniz? (Filipililərə 4:5).

«Yeniyetməlik dövründə özünəhörmət hissi məndə çox aşağı idi və mənə diqqət göstərilməsini istəyirdim. Qonşu yığıncaqdan olan oğlanla yazışmağa başladım və ona aşiq oldum. Özümü dəyərli hiss edirdim» (Linda).

Sizcə, Lindanın mənəvi ehtiyaclarını ödəmək üçün ailə üzvləri nə edə bilərdilər?

Oğlunuzla və ya qızınızla söhbət etmək üçün 2-ci cildin 2-ci fəslindən və bu kitabın «Əlavələr» bölməsindən istifadə edə bilərsiniz. Gizli görüşlərin qarşısını almağın ən yaxşı üsulu açıq və səmimi ünsiyyətdir (Süleymanın məsəlləri 20:5).

2-Cİ CİLDİN 1—3-CÜ FƏSİLLƏRİNƏ BAXIN

EMOSİYALAR

Əgər övladım intihar etməkdən danışırsa, nə edə bilərəm?

Dünyanın bir çox yerlərində gənclərin intiharı qorxunc dərəcədə artıb. Belə ki, Birləşmiş Ştatlarda 15—25 yaşlarında gənclərin ölümünün səbəbləri arasında intihar üçüncü yeri tutur. Son iyirmi il ərzində isə 10—14 yaşlarında olan gənclərin intiharı iki dəfə artıb. Ruhi xəstəliklərdən əziyyət çəkən, eyni zamanda yaxınları arasında özünə qəsd etmiş, yaxud buna cəhd göstərmiş qohumları olan gənclərin intihar etmək riski daha yüksəkdir. Uşağın intihar etmək fikri olduğunu göstərən əlamətlər:

● özünə qapanaraq ailə üzvləri və dostları ilə ünsiyyətdən qaçması;

● yuxu və qidalanma rejiminin dəyişilməsi;

● əvvəllər zövq aldığı işlərə marağının ölməsi;

● xasiyyətində nəzərəçarpan dəyişikliklərin baş verməsi;

● narkotik və spirtli içkilərdən istifadə etməsi;

● əziz olan əşyaları başqalarına verməsi;

● ölüm haqda danışması və ya onunla bağlı olan mövzularla tez-tez maraqlanması.

Valideynin ən böyük səhvi bu əlamətlərə əhəmiyyət verməməsidir. Bu məsələdə ən xırda şeylərə belə ciddi yanaşmaq lazımdır. Bu vəziyyətin sadəcə keçid dövrü ilə əlaqəli olduğunu düşünərək özünüzü sakitləşdirməyin.

Əgər oğlunuz və ya qızınız dərin depressiyadan, yaxud digər ruhi xəstəliklərdən əziyyət çəkirsə, kömək üçün müraciət etməyə çəkinməyin. Uşağınızın özünü öldürmək istədiyindən şübhələnirsinizsə, bu haqda onun özündən soruşun. İntihar haqda danışmağın uşağı buna təhrik edəcəyi barədə mövcud olan təsəvvürlər yanlışdır. Valideynlərinin bu barədə danışması bir çox gənclərə rahatlıq gətirir. Əgər övladınız intihar etmək istədiyini etiraf edirsə, bununla bağlı bir planı olub-olmadığını, əgər varsa, bu planı nə dərəcədə ətraflı düşündüyünü öyrənin. Uşaq nə dərəcədə ətraflı plan qurubsa, sizdən də bir o qədər tez hərəkətə keçmək tələb olunur.

Depressiyanın öz-özünə keçib gedəcəyini düşünməyin. Hətta uşağınız depressiyadan çıxmış kimi görünsə də, bu o demək deyil ki, təhlükə sovuşub. Əksinə, bu, ən təhlükəli məqam ola bilər. Nəyə görə? Çünki depressiyada olanda intihar planını həyata keçirməyə uşağın gücü olmur. Amma bu hisslər ondan uzaqlaşanda o, gücünü toplayıb planını həyata keçirə bilər.

Həqiqətən də, gənclərin ümidsizlik ucbatından həyatlarına son qoymaq istəmələri dəhşətli bir şeydir. Valideynlər və digər qayğıkeş insanlar həyəcan təbilini qulaq ardına vurmadan tez hərəkətə keçməklə «qəmginlərə təskinlik» verər, gənclərə etibarlı sığınacaq ola bilərlər (1 Salonikililərə 5:14).

1-Cİ CİLDİN 13-CÜ VƏ 14-CÜ, 2-Cİ CİLDİN 26-CI FƏSLİNƏ BAXIN

Uşaqlarımdan kədərimi gizlətməliyəmmi?

Həyat yoldaşının ölümü ağır itkidir. Amma bu zaman uşaqlarınız da təsəlliyə ehtiyac duyur. Özünüzü yaddan çıxarmadan uşaqlarınıza bu itkiyə tab gətirməyə necə kömək edə bilərsiniz? Aşağıdakıları tətbiq etməyə çalışın:

● Hisslərinizi gizlətməyin. Övladınız həyatda bir çox vacib şeyləri sizdən öyrənir, həmçinin kədərin öhdəsindən gəlməyi də. Buna görə də düşünməyin ki, uşağın yanında özünüzü güclü göstərməli və kədərinizi ondan gizlətməlisiniz. Belə olan halda, o da eyni ilə sizin kimi davranacaq. Ancaq kədərinizi büruzə versəniz, uşağınız da hisslərini boğmağın heç də yaxşı olmadığını və kədərlənməyin, ümidsizliyə qapılmağın, hətta qəzəblənməyin təbii olduğunu anlayacaq.

● Uşağınızı ünsiyyətə cəlb edin. Övladınızı məcbur etmədən ürəyindəkiləri sizinlə bölüşməyə təşviq edin. Əgər danışmağa könlü yoxdursa, bu kitabın 16-cı fəslini birlikdə müzakirə etməyə çalışın. Həmçinin mərhum həyat yoldaşınızla bağlı xoş xatirələrinizi onunla bölüşün. Bu dərdlə yaşamağın sizin üçün nə qədər çətin olacağını dilə gətirin. Bunu görən övladınız da öz hisslərini büruzə verməyi öyrənəcək.

● Gücünüzün məhdud olduğunu etiraf edin. Əlbəttə, bu çətin məqamda uşağınıza etibarlı dayaq olmaq istəyərdiniz. Ancaq unutmayın ki, əziz həyat yoldaşınızın ölümü sizin üçün də ağır zərbədir. Buna görə də, ola bilsin, emosional, mənəvi və fiziki gücünüz tükənmək üzrədir (Süleymanın məsəlləri 24:10). Və siz ailə üzvlərinizin və yetkin dostlarınızın dəstəyinə ehtiyac duyursunuz. Kömək istəmək yetkinliyin əlamətidir. Süleymanın məsəlləri 11:2 ayəsində deyilir: «Hikmət itaətkarın yanına gələr».

Ən yaxşı köməyi Yehova verə bilər. O, Öz xidmətçilərinə söz verərək deyir: «Sənin sağ əlindən tutub “Qorxma, sənə kömək edəcəyəm” deyən Allahın Rəbb Mənəm» (Yeşaya 41:13).

1-Cİ CİLDİN 16-CI FƏSLİNƏ BAXIN

Qızımın qidalanma məsələsinə tarazlı yanaşmasına necə kömək edə bilərəm?

Əgər qızınızın qidalanma ilə bağlı problemi varsa, nə edə bilərsiniz?d İlk növbədə, bu problemin səbəbini başa düşməyə çalışın.

Müşahidə olunmuşdur ki, qidalanmaqla bağlı problemi olanların əksəriyyətinin özünəhörmət hissi aşağı olur. Həmçinin belə insanlar maksimalist — özlərinə qarşı həddən artıq tələbkar olurlar. Əmin olun ki, qızınızın bu kimi şeylərə meyilli olmasına səbəbkar siz deyilsiniz. Özünə əminliyini artırmaqda ona kömək edin (1 Salonikililərə 5:11).

Eyni zamanda, yemək və çəki məsələsinə dair öz nöqteyi-nəzərinizi də gözdən keçirin. Bəlkə, heç özünüz də bilmədən, bu məsələlərə həddən artıq önəm verdiyinizi göstərirsiniz. Unutmayın ki, gənclər xarici görkəmlərinə çox həssas yanaşırlar. Hətta yeniyetməlik dövrünə xas olan normal inkişaf zamanı zarafatyana «toppuş» və ya «uzundraz» kimi sözlər işlətməklə uşağın zehninə zərərli toxumlar səpə bilərsiniz. Bu isə sonradan böyük problemə çevrilə bilər.

Dua edib yaxşı-yaxşı götür-qoy etdikdən sonra qızınızla bu haqda açıq danışın. Bu məsləhətləri tətbiq edin:

● Nə deyəcəyinizi və nə vaxt söhbət edəcəyinizi diqqətlə götür-qoy edin.

● Narahatçılığınızı və kömək etmək istədiyinizi aydın bildirin.

● Qızınız ilk dəfədən özünümüdafiəyə keçsə, təəccüblənməyin.

● Səbirlə qulaq asın.

Ən əsası, qızınıza sağalmaqda kömək etməkdir. Bu işdə ailəlikcə səfərbər olun!

1-Cİ CİLDİN 10-CU, 2-Cİ CİLDİN 7-Cİ FƏSLİNƏ BAXIN

RUHANİLİK

Yeniyetməlik dövründə uşağıma ruhani təlimlər verməyi necə davam etdirə bilərəm?

Müqəddəs Kitabda deyilir ki, Timotey «körpəlikdən» ruhani təlimlər almışdı və yəqin, bir valideyn kimi, siz də övladınıza Allahın Kəlamını öyrətmisiniz (2 Timoteyə 3:15). Ancaq uşağınız böyüdüyü üçün təlim vermə metodunuzu dəyişmək lazım gəlir. Övladınız körpə olanda tam başa düşə bilmədiyi qəliz məsələləri yeniyetməlik dövründə dərk etməyə başlayır. İndi ona düşüncəsini işə salmağa kömək etməyin əsil vaxtıdır (Romalılara 12:1).

Həvari Pavel Timoteyə yazdığı məktubda ona öyrəndiyi və doğruluğuna əmin olduğu şeyləri xatırlatmışdı (2 Timoteyə 3:14). Eynilə, sizin övladınıza da körpəlikdən bildiyi Müqəddəs Kitab təlimlərinin doğruluğuna əmin olmaq lazımdır. Onun ürəyinə yol tapmaq üçün sadəcə nəyi necə etməli və ya nəyə inanmalı olduğunu demək kifayət deyil. O, özü buna əmin olmalıdır. Bəs bu işdə siz ona necə kömək edə bilərsiniz? Başlanğıc üçün ona növbəti suallar üzərində düşünməyi təklif edin və onları birgə müzakirə edin.

● Allahın mövcudluğuna məni nə əmin edir? (Romalılara 1:20).

● Valideynlərimin mənə Müqəddəs Kitabdan öyrətdiklərinin həqiqət olduğuna necə əmin ola bilərəm? (Həvarilərin işləri 17:11).

● Nəyə görə əminəm ki, Müqəddəs Kitab normalarına uyğun yaşamaq mənim xeyrimədir? (Yeşaya 48:17, 18).

● Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetəcəyini nəyə görə inanıram? (Yeşua 23:14).

● Bu dünyada heç nəyin «Məsih İsa haqqındakı misilsiz biliklə» müqayisəyə gəlmədiyinə məni nə əmin edir? (Filipililərə 3:8).

● Məsihin fidyə qurbanlığı mənim üçün hansı mənanı kəsb edir? (2 Korinflilərə 5:14, 15; Qalatiyalılara 2:20).

Ola bilsin, uşağınızın cavab verə bilməyəcəyindən qorxaraq ona bu kimi suallar verməyə çəkinirsiniz. Ancaq bu, yanacağın qurtarmaq üzrə olduğundan ehtiyat edərək maşının göstəricisinə baxmamağa bənzəyir. Hər hansı bir tədbir görə bilmək üçün bunu qabaqcadan öyrənmək daha yaxşıdır. Buna bənzər tərzdə, hələ ki uşağınız yanınızdadır, sizin ona imanı ilə bağlı suallara cavab tapmağa və öyrəndiklərinin «doğruluğuna əmin» olmağa kömək etmək fürsətiniz vare.

Unutmayın ki, uşağınızın: «Mən buna nəyə görə inanmalıyam?» — kimi suallar verməsində səhv bir şey yoxdur. 22 yaşlı Diana yeniyetmə olanda bu sualı özünə verdiyini deyir. «İnandığım şeylərlə bağlı şübhələrimin olmasını istəmirdim. Suallarıma aydın və dəqiq cavablar tapanda başa düşdüm ki, Yehovanın Şahidi olduğuma görə çox xoşbəxtəm! İnsanlar müəyyən şeyləri nəyə görə etmədiyimi soruşanda: “Bu, mənim dinimə ziddir” demək əvəzinə, “Düşünürəm ki, bu, düzgün deyil”, — deyə cavab verirdim. Beləcə, dediklərimin sadəcə Müqəddəs Kitabın yox, həm də mənim nöqteyi-nəzərim olduğunu göstərirdim».

Məsləhət: Yeniyetmənizin Müqəddəs Kitab prinsiplərini başa düşməsi üçün hər hansı problem yarandıqda ona rolunuzu dəyişməyi təklif edin. Tutaq ki, qızınız hər hansı bir əyləncə gecəsində iştirak etmək üçün sizdən icazə istəyir, ancaq siz (ehtimal ki, onun özü də) ora getməyin münasib olmadığını düşünürsünüz. Belə olan halda, dərhal «yox» demək əvəzinə, belə təklif edə bilərsiniz: «Gəl rollarımızı dəyişək: sən valideyn ol, mən də uşaq. Getmək istədiyin əyləncə gecəsi haqqında fikirləş, (misal üçün, 1-ci cildin 37-ci fəslindən, 2-ci cildin 32-ci fəslindən yararlanaraq) müəyyən axtarışlar apar, sonra yanıma gəl, oturub bu barədə danışaq. Mən səndən icazə alaram, sən isə həmin əyləncə gecəsinə getməyin yaxşı fikir olub-olmadığını başa salarsan».

1-Cİ CİLDİN 38-Cİ FƏSLİNƏ, 2-Cİ CİLDİN 34—36-CI FƏSİLLƏRİNƏ BAXIN

Uşağımızın ruhani işlərə marağı ölüb. Ona necə kömək edə bilərik?

Yaxşı olardı ki, uşağınızın həqiqəti rədd etdiyi qənaətinə gəlməyə tələsməyəsiniz. Ola bilsin, problem tamamilə başqa şeydədir. Bəlkə, övladınız:

● həmyaşıdlarının təzyiqinə məruz qalır və Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamaqla onlardan fərqlənmək istəmir;

● başqa gənclərin (hətta doğma bacı-qardaşlarının) ruhani inkişafını görərək heç vaxt onlar kimi ola bilməyəcəyini düşünür;

● dost axtarır, ancaq yığıncaqda özünü tənha və qərib hiss edir;

● yığıncaqda bəzi gənclərin ikili həyat sürdüklərini görür;

● bir şəxsiyyət kimi formalaşır və sizin dəyər verdiyiniz şeyləri şübhə altına alır;

● sinif yoldaşlarının yanlış hərəkətlərə yol verdiklərini və heç bir acı nəticələrlə üzləşmədiklərini görür;

● imanda olmayan valideynini razı salmağa çalışır.

Razılaşın ki, yuxarıda sadalananların Müqəddəs Kitab təlimləri ilə heç bir əlaqəsi yoxdur. Bu səbəblər daha çox məsihçi kimi yaşamağı çətinləşdirən şəraitlə əlaqəlidir — ən azından, hələlik. Bəs yeniyetmənizi həvəsləndirmək üçün nə edə bilərsiniz?

Vəziyyətə uyğunlaşın — prinsiplərinizdə güzəştə getməyin. Uşağınızın nəyə görə ruhdan düşdüyünü anlamağa çalışın və ruhən böyüməsi üçün şərait yaradın (Süleymanın məsəlləri 16:20). Misal üçün, 2-ci cildin 132-ci və 133-cü səhifələrindəki «Həmyaşıdlarımın təzyiqi ilə üzləşəndə» adlı sxem ona əminliyini artırmağa və sinif yoldaşlarının təzyiqlərinə müqavimət göstərməyə kömək edəcək. Əgər yeniyetməniz tənhalıqdan əziyyət çəkirsə, yaxşı dostlar tapmaqda köməyinizə ehtiyac duya bilər.

Yetkin dost. Bəzən gənclərə başqa yetkin insanların sözü daha çox təsir edir, nəinki ailə üzvlərinin. Uşağınıza müsbət təsir edəcək ruhən yetkin məsihçi tanıyırsınızmı? Niyə də onun uşağınızla vaxt keçirməsini düzüb-qoşmayasınız? Əlbəttə, sizin məqsədiniz məsuliyyətdən boyun qaçırmaq deyil. Timoteyin hadisəsini yadınıza salın. Həvari Pavelin nümunəsinin ona böyük faydası olmuşdu, Pavel isə, öz növbəsində, gözəl əməkdaş qazanmışdı (Filipililərə 2:20, 22).

Uşağınızın sizinlə birgə yaşadığı müddət ərzində ondan ailənin ruhani işlərində iştirak etməsini tələb etməyə ixtiyarınız çatır. Amma sizin məqsədiniz övladınıza nəyisə mexaniki olaraq etdirmək yox, ürəyində Allaha qarşı məhəbbət oyatmaqdır. Uşağınızın həqiqət yolunda olması üçün siz özünüz gözəl nümunə qoymalısınız. Tarazlı olun. Onun yetkin bir insanla dost olması üçün öhdənizə düşəni edin. Ola bilsin, bir gün sizin övladınız da məzmurçu kimi deyəcək: «Rəbb qayam, qalam, xilaskarımdır» (Məzmur 18:2).

1-Cİ CİLDİN 39-CU FƏSLİNƏ, 2-Cİ CİLDİN 37-Cİ VƏ 38-Cİ FƏSİLLƏRİNƏ BAXIN

[Haşiyələr]

a Hansısa işi gördürmək üçün uşağınızın peşmançılıq hissindən istifadə etməyin.

b Adətən, yeniyetmələr xarici görünüşlərinə çox həssas yanaşırlar. Buna görə də, çalışın, bədənlərində hansısa qüsurların olduğuna dair yersiz atmacalar atmayasınız.

c 315—318-ci səhifələrə baxın.

d Bu mövzu qızlara aid olsa da, buradakı məsləhətlər oğlanlara da tətbiqediləndir.

e 2-ci cildin 36-cı fəsli yeniyetmələrə düşüncələrini işə salaraq Allahın mövcudluğuna əminliklərini artırmağa kömək edəcək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş