Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Bunu bilmək vacibdir
    Gözətçi qülləsi (kütləvi) 2016 | № 4
    • ÜZ QABIĞINDAKI MÖVZU | ALLAHIN QORUDUĞU MÜQƏDDƏS KİTAB

      Bunu bilmək vacibdir

      Bir kişi əlində Müqəddəs Kitab tutub və ona şübhə ilə yanaşır

      Müqəddəs Kitaba digər dini kitablardan fərqlənir. Bu kitab qədər əsrlər ərzində saysız-hesabsız insanın imanını formalaşdıran ikinci bir kitab yoxdur. Bununla belə, Müqəddəs Kitab ən çox tədqiq olunan və tənqidlərə məruz qalan kitabdır.

      Məsələn, bəzi alimlər əlimizdə olan Müqəddəs Kitabın orijinal nüsxələrlə eyni olduğuna şübhə edirlər. Dini işlər üzrə bir professor deyir: «Biz orijinal mətni dəqiqliklə bərpa etdiyimizi əminliklə deyə bilmərik. Əlimizdə sadəcə səhvlərlə dolu nüsxələr var və onların böyük bir hissəsi orijinal mətndən əsrlər sonra yazılıb və təbii ki, orijinal mətnlə onların arasında minlərlə fərq var».

      Digər insanlar isə məxsus olduqları dinə görə Müqəddəs Kitaba etibar etmirlər. Fayzəl adlı bir nəfərin ailəsi uşaqlıqdan ona aşılayıb ki, Müqəddəs Kitab Allahdan nazil olsa da, sonralar təhrif olunub. O deyir: «Buna görə də insanlar mənimlə Müqəddəs Kitab haqda söhbət edəndə onlara inanmağım gəlmir. Axı onların əlindəki Müqəddəs Kitab orijinal deyil. O dəyişdirilib».

      Müqəddəs Kitabın təhrif olunub-olunmadığını bilməyimiz nə dərəcədə vacibdir? Bu sualı cavablandırmazdan öncə növbəti suallar üzərində düşünün: Əgər əlinizdə olan Müqəddəs Kitabda gələcəklə bağlı yazılan vədlərin orijinal mətndə olub-olmadığını dəqiq bilməsəniz, bu vədlərə etibar edə bilərsiniz? (Romalılara 15:4). Əgər hazırkı Müqəddəs Kitab köçürülən zaman dəyişikliyə məruz qalmış bir kitab olsaydı, ibadətlə, işlə və ya ailə həyatı ilə bağlı vacib qərarlar verərkən oradakı məsləhətləri əldə rəhbər tutardınız?

      Müqəddəs Kitabın orijinal əlyazması günümüzə qədər gəlib çatmasa da, sayı minlərlə olan qədim nüsxələrə üz tuta bilərik. Bu nüsxələr çürümək, insanlar tərəfindən məhv edilmək və təhrif olunmaq təhlükəsi ilə üzləşsə də, dövrümüzə kimi necə gəlib çıxıb? Onların indiyədək qalması əlimizdə olan Müqəddəs Kitabın dəqiqliyinə etibarımızı necə artırır? Növbəti məqalələrdə Müqəddəs Kitabın keşməkeşli tarixi haqda oxuyaraq bu sualların cavabını tapın.

      a Tövrat, Zəbur, İncil.

  • O, çürüməkdən qorundu
    Gözətçi qülləsi (kütləvi) 2016 | № 4
    • ÜZ QABIĞINDAKI MÖVZU | ALLAHIN QORUDUĞU MÜQƏDDƏS KİTAB

      O, çürüməkdən qorundu

      TƏHLÜKƏ. Müqəddəs Kitab yazıçıları və mirzələr üçün əsas yazı materialı papirus və perqament idia (2 Timutiyə 4:13). Bəs bu yazı materialları Müqəddəs Kitabın bizim günlərə qədər gəlib çatmasına hansı təhlükəni yaradırdı?

      Papirus cırılan, rəngi solan və çürüyən materialdır. Riçard Parkinson və Stefan Kverke adlı misirşünaslar deyirlər: «Papirus vərəqləri müəyyən müddətdən sonra saçaqlanır və ovularaq toz halına düşür. Anbarda saxlanılan papirus rulonu nəmişlikdən kif ata və ya çürüyə bilərdi. Basdırılan papirus rulonu isə gəmiricilər, həşəratlar, xüsusilə də ağ qarışqalar tərəfindən yeyilə bilərdi». Tapılmış bəzi papiruslar günəş işığına və nəmişliyə məruz qalmış, bu isə onların məhvini sürətləndirmişdi.

      Perqament papirusa nisbətən daha dözümlü materialdır. Amma ondan düzgün istifadə edilmədikdə, yüksək temperatura, nəmişliyə və ya işığa məruz qaldıqda papirus kimi o da korlanırb. Perqament də həşəratların hücumuna məruz qalır. Bu səbəbdən bir kitabda deyilir ki, qədim əlyazmalar yalnız istisna hallarda dövrümüzə gəlib çatıb («Everyday Writing in the Graeco-Roman East»). Əgər Müqəddəs Kitab əlyazmaları da bu cür çürüyübsə, onda orada yazılanlar da onunla birlikdə məhv olub.

      NECƏ QORUNDU? Yəhudi qanununa əsasən, taxta çıxan hər padşah Tövratın «surətini özü üçün köçürməli» idi (Qanunun təkrarı 17:18). Bundan əlavə, peşəkar mirzələr əlyazmaların sayını o qədər çoxaltmışdılar ki, artıq eramızın birinci əsrində İsraildə, hətta Makedoniyada olan sinaqoqlarda Müqəddəs Kitabı tapmaq mümkün idi (Luka 4:16, 17; Həvarilərin işləri 17:11). Bəs ən qədim əlyazmalar dövrümüzə necə gəlib çıxıb?

      1) Gil dolça; 2) Ölü dəniz əlyazmaların bir parçası

      Ölü dəniz əlyazmaları kimi tanınan əlyazmalar əsrlər keçsə belə, quru iqlimdə mağaranın içərisində gil dolçada saxlanaraq dövrümüzə qədər gəlib çıxıb

      Müqəddəs Kitabın bəzi əlyazmalarının tapıldığı mağara

      Əhdi-Cədid üzrə alim Filip Komfort deyir: «Yəhudilər Müqəddəs Kitab tumarlarını qoruyub saxlamaq üçün onları səhəng və ya dolçanın içərisinə qoyurdular». Ehtimal ki, xristianlar da bu ənənəni davam etdirmişdilər. Bu səbəbdən Müqəddəs Kitabın bəzi qədim əlyazmaları gil dolçaların, eləcə də qaranlıq otaqların, mağaraların içərisində və olduqca quraq ərazilərdə tapılmışdı.

      NƏTİCƏ. Müqəddəs Kitabın minlərlə əlyazması bu günümüzə kimi gəlib çatıb. Onların bəzilərinin 2000 ildən çox yaşı var. Belə qədim tarixə malik bu qədər əlyazması olan ikinci bir kitab yoxdur.

      a Papirus eyni adlı su bitkisindən hazırlanan yazı materialı idi. Perqament isə heyvan dərisindən hazırlanırdı.

      b Misal üçün, ABŞ-ın rəsmi imzalanmış İstiqlaliyyət bəyannaməsi perqament üzərində yazılmışdı. Üstündən haradasa 250 il keçən bu perqament indi elə hala düşüb ki, onu oxumaq mümkün deyil.

  • O, məhv edilməkdən qorundu
    Gözətçi qülləsi (kütləvi) 2016 | № 4
    • ÜZ QABIĞINDAKI MÖVZU | ALLAHIN QORUDUĞU MÜQƏDDƏS KİTAB

      O, məhv edilməkdən qorundu

      TƏHLÜKƏ. Bir çox siyasi və dini liderlər Müqəddəs Kitabın çatdırdığı xəbərə əks olan siyasət yürüdüblər: onlar öz səlahiyyətlərindən istifadə edərək Müqəddəs Kitaba sahib olmağa, onu istehsal və tərcümə etməyə mane olublar. Aşağıdakı nümunələrə diqqət yetirin.

      • B. e. ə. təxminən 167-ci il. Yunan dinini yəhudilərə zorla qəbul etdirməyə çalışan Selevkilərin padşahı Antiox Epifan əmr vermişdi ki, Tövratın (Əhdi-Ətiq) bütün nüsxələri məhv edilsin. Tarixçi Henrix Qretzin sözlərinə görə, padşahın məmurları «Tövratın tumarlarını tapdıqları hər yerdə cırıb yandırırdılar, onu oxuyub təsəlli və güc tapanları isə öldürürdülər».

      • Orta əsrlər. Bəzi katolik din xadimləri dünyəvi adlandırdığı şəxslərin katolik təlimləri əvəzinə, Müqəddəs Kitab təlimlərini təbliğ etmələrinə qəzəblənirdilər. Onlar latınca yazılmış Zəburdan başqa Müqəddəs Kitabın hansısa bölməsinə sahib olan insanları kafir adlandırırdılar. Bir kilsə şurası öz adamlarına göstəriş verərək əmr etdi ki, «şübhə doğuran bütün evləri və yeraltı otaqları yaxşı-yaxşı, diqqətlə və tez-tez axtarıb kafirləri tapsınlar... Kafirin tapıldığı ev məhv olunmalıdır».

      Müqəddəs Kitaba düşmən kəsilən insanlar onu yox etməyə müvəffəq olsaydılar, Müqəddəs Kitabda yazılanlar da özü ilə birlikdə məhv olacaqdı.

      Vilyam Tindalın ingilis dilinə tərcümə etdiyi Müqəddəs Kitabın bir səhifəsi

      Vilyam Tindalın ingilis dilinə tərcümə etdiyi Müqəddəs Kitab. Qadağalara, Müqəddəs Kitabların yandırılmasına və Tindalın da 1536-cı ildə edam edilməsinə baxmayaraq, dövrümüzə qədər gəlib çatdı

      NECƏ QORUNDU? Padşah Antiox İsrailə yürüş etdi. Amma yəhudilər başqa-başqa ərazilərdə də məskən salmışdılar. Hətta alimlər qeyd edir ki, eramızın birinci əsrinə yaxın yəhudilərin 60 faizindən çoxu İsrail torpaqlarından kənarda yaşayırdı. Yəhudilər öz sinaqoqlarında Müqəddəs Kitab əlyazmalarının nüsxələrini saxlayırdılar. Həmin nüsxələr, məsihilər də daxil olmaqla, gələcək nəsillər tərəfindən istifadə olundu (Həvarilərin işləri 15:21).

      Orta əsrlər ərzində Allahın Kəlamını sevən insanlar təqiblərə baxmayaraq, cəsarətlə Müqəddəs Kitabı tərcümə etməyə və köçürməyə davam edirdilər. 15-ci əsrin ortalarında, hələ çap maşını icad olunmamışdan öncə, Müqəddəs Kitab bölmələri təxminən 33 dildə mövcud idi. O vaxtdan bəri Müqəddəs Kitab inanılmaz sürətdə tərcümə edilib və nəşr olunub.

      NƏTİCƏ. Qüdrətli padşahların və din xadimlərinin hədələrinə rəğmən Müqəddəs Kitab tarixdə ən geniş yayılmış və daha çox dilə tərcümə olunan kitab kimi iz salıb. Bu kitab bəzi ölkələrin qanunlarını, dillərini və milyonlara insanın həyatını formalaşdırmışdı.

  • O, təhrif olunmaqdan qorundu
    Gözətçi qülləsi (kütləvi) 2016 | № 4
    • Bir mirzə Müqəddəs Kitabı köçürür

      Masoretlər Müqəddəs Kitabı çox dəqiqliklə köçürürdülər

      ÜZ QABIĞINDAKI MÖVZU | ALLAHIN QORUDUĞU MÜQƏDDƏS KİTAB

      O, təhrif olunmaqdan qorundu

      TƏHLÜKƏ. Müqəddəs Kitab çürümə və insanlar tərəfindən məhv edilmə kimi təhlükələrlə üzləşsə də, dövrümüzə kimi gəlib çatdı. Ancaq bəzi mirzələr və tərcüməçilər Müqəddəs Kitabın mətnini təhrif etməyə çalışmışlar. Onlar öz təlimlərini Müqəddəs Kitab əsasında formalaşdırmaq əvəzinə, bəzən Müqəddəs Kitabı öz təlimlərinə uyğunlaşdırırdılar. Aşağıdakı nümunələrə baxaq.

      • İbadət yeri. B. e. ə. IV—II əsrlər ərzində Səməriyyə Tövratını yazanlar Çıxış 20:17 ayəsindən sonra bu sözləri əlavə etmişdilər: «Arqarizmdə. Qurbangahı orada tikəcəksiniz». Bu yolla səməriyyəlilər göstərmək istəyirdilər ki, Müqəddəs Kitab onların «Arqarizmdə», yəni Qərizim dağında məbəd tikmələrini dəstəkləyir.

      • Üç üqnum təlimi. Müqəddəs Kitab yazılıb qurtarandan təxminən 300 il sonra Üç üqnum təliminin tərəfdarı olan bir yazıçı 1 Yəhya 5:7 ayələrinə bu sözləri əlavə etmişdi: «Səmada Ata, Söz və Müqəddəs Ruh: bunların üçü də birdir». Bu sözlər orijinal mətndə yoxdur. Brüs Metsqer adlı Müqəddəs Kitab üzrə alim deyir: «Bu sözlərə VI əsrdən başlayaraq Qədim Latın və [Latın] Vulqata əlyazmalarında getdikcə daha çox rast gəlinir».

      • Allahın adı. Bir çox Müqəddəs Kitab tərcüməçiləri yəhudi mövhumatını əsas tutaraq Allahın adını Müqəddəs Kitabdan çıxarıb «Rəbb», «Allah», «İlah» və «Ağa» kimi sifətlərlə əvəz etmişlər. Halbuki Müqəddəs Kitabda bu ifadələr təkcə Yaradana yox, həmçinin insanlara, bütlərə, hətta İblisə aid işlənilir (Yəhya 10:34, 35; 1 Korinflilərə 8:5, 6; 2 Korinflilərə 4:4)a.

      NECƏ QORUNDU? Birincisi, mirzələrin bəziləri diqqətsiz və hətta nadürüst olsalar da, əksəriyyəti olduqca peşəkar və çox diqqətli idi. Eramızın VI—X əsrlərində masoretlər Tövratı (Əhdi-Ətiq) köçürmüşdülər. Bu gün onların nüsxələri Masoret mətni adlanır. Məlumdur ki, onlar mətni köçürən zaman heç bir səhv olmasın deyə, sözləri və hərfləri bir-bir sayırdılar. Onlar əsas götürdükləri mətndə səhvlərin olmasından şübhələnərdilərsə, mətnin kənarında qeydlər aparırdılar. Masoretlər Müqəddəs Kitabın mətninə müdaxilə etmirdilər. Professor Moşe Qoşen Qotstaynın sözlərinə görə, masoretlər Müqəddəs Kitabda «bilərəkdən nəyisə dəyişməyi ən ağır cinayət hesab edirdilər».

      İkincisi, qədim əlyazmaların sayının çox olması Müqəddəs Kitab alimlərinə səhvləri müəyyən etməyə kömək edir. Misal üçün, din xadimləri əsrlər boyu öyrədirdilər ki, onların latın tərcümələri dəqiqdir. Bununla belə, məqalənin əvvəlində deyildiyi kimi, onlar 1 Yəhya 5:7 ayəsinə uydurulmuş sözləri əlavə etmişdilər. Bu səhv hətta ingilis dilində mötəbər tərcümə sayılan «Kral Yakovun Müqəddəs Kitabı»nda da var idi! Bəs başqa əlyazmalar aşkar olunandan sonra nə məlum oldu? Brüs Metsqer yazır: «[1 Yəhya 5:7 ayəsindəki] cümlə latın dilində olan əlyazmalardan savayı heç bir qədim əlyazmalarda, məsələn, arami, kopt, həbəş, slavyan, ərəb dillərindəki əlyazmalarda yoxdur». Bu səbəbdən «Kral Yakovun Müqəddəs Kitabı»nın yenidən işlənmiş versiyasından və digər tərcümələrdən bu uydurulmuş sözlər götürülüb.

      Çester Bitti P46, eramızın təxminən 200-cü ilinə aid Müqəddəs Kitabın bir əlyazması

      Çester Bitti P46, eramızın təxminən 200-cü ilinə aid Müqəddəs Kitabın bir əlyazması

      Qədim əlyazmalar Müqəddəs Kitabın təhrif olunmadığını necə göstərir? 1947-ci ildə Ölü dəniz əlyazmaları tapılarkən alimlərin nəhayət ki, ibrani dilində olan masoret mətnini min ildən öncə yazılmış Müqəddəs Kitab əlyazmaları ilə tutuşdurmaq imkanı oldu. Ölü dəniz əlyazmalarının redaksiyasının bir üzvünün sözlərinə əsasən, bir tumar artıq «sübut edir ki, Müqəddəs Kitab mətni təxminən min ildən çox vaxt ərzində yəhudi mirzələri tərəfindən son dərəcə dəqiq və ehtiyatla köçürülüb».

      İrlandiyanın paytaxtı Dublindəki Çester Bitti kitabxanasında olan papirus əlyazmaları kolleksiyasında demək olar ki, İncilin (Əhdi-Ətiq) bütün bölmələrinə aid, o cümlədən eramızın II əsrinə, yəni Müqəddəs Kitab yazılıb tamamlanandan 100 il sonraya aid əlyazmalar var. Bir lüğətə əsasən, bu papiruslar mətndə olan cüzi fərqləri üzə çıxarsa da, Müqəddəs Kitab mətninin təhrif olunmadığını sübut edir («The Anchor Bible Dictionary»).

      «Əminliklə demək olar ki, qədim dövrə aid heç bir kitab dövrümüzə bu qədər dəqiqliklə gəlib çatmayıb»

      NƏTİCƏ. Müqəddəs Kitab əlyazmalarının qədimiliyi və sayının çox olması onun mətnini təhrif etməyib, əksinə onu mükəmməlləşdirib. İncil barədə Ser Frederik Kenyon belə yazmışdı: «Başqa heç bir qədimi kitabın mətninin dəqiqliyinə dair bu qədər çox və qədim tarixə malik sübut yoxdur. Həmçinin heç bir qərəzsiz alim bizə gəlib çatan Müqəddəs Kitabın təhrif olunmadığını dana bilməz». Alim Vilyam Henri Qrin isə Tövrat barədə belə deyir: «Əminliklə demək olar ki, qədim dövrə aid heç bir kitab dövrümüzə bu qədər dəqiqliklə gəlib çatmayıb».

      a Ətraflı məlumat üçün www.jw.org saytından Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin A4 və A5 əlavələrinə baxın.

  • Müqəddəs Kitabın qorunmasının səbəbi
    Gözətçi qülləsi (kütləvi) 2016 | № 4
    • Bir kişi Müqəddəs Kitabı oxuyur

      ÜZ QABIĞINDAKI MÖVZU | ALLAHIN QORUDUĞU MÜQƏDDƏS KİTAB

      Müqəddəs Kitabın qorunmasının səbəbi

      Bəli, Müqəddəs Kitab qorunub saxlandı! Bunun sayəsində siz indi Müqəddəs Kitabı əldə edib oxuya bilərsiniz. Müqəddəs Kitabın yaxşı tərcüməsini seçsəniz, əmin ola bilərsiniz ki, oxuduğunuz həmin nüsxə peyğəmbərlərin yazdığı ilə tamamilə eynidira. Müqəddəs Kitab əlyazmaları çürüyə, insanlar tərəfindən məhv edilə və mətni təhrif oluna bilərdi. Bütün bunlara baxmayaraq Müqəddəs Kitab nəyin sayəsində qorundu? Bu kitabı xüsusi edən nədir?

      «İndi mən əminəm ki, Müqəddəs Kitab Allahın mənə bəxş etdiyi hədiyyədir»

      Müqəddəs Kitabı oxuyan insanların çoxu növbəti sözlərin həqiqət olduğu ilə razıdırlar: «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır» (2 Timutiyə 3:16). Onlar Müqəddəs Kitabın təhrif olunmadığına əmindirlər, çünki inanırlar ki, bu kitab Allahın Kəlamıdır və Allah Özü Öz Kəlamını qoruyub. Bu jurnalın ilk məqaləsində adı çəkilən Fayzəl Müqəddəs Kitabı şəxsən oxuyub araşdırmağa qərar verdi. Öyrəndikləri onu heyran etdi. Çox keçməmiş o öyrəndi ki, xristian dininin əksər təlimləri əslində Müqəddəs Kitabda yox imiş. Bundan əlavə, o, Müqəddəs Kitabdan Allahın insanlarla bağlı gözəl niyyətini öyrəndi.

      Fayzəl deyir: «İndi mən əminəm ki, Müqəddəs Kitab Allahın mənə bəxş etdiyi hədiyyədir. Yeri, göyü yaradan Allah nazil etdiyi kitabı qorumağa qadirdir! Allahın Kəlamının təhrif olunduğunu deyən adam Külli-İxtiyar, Qadiri-Mütləq Allahın qüdrətinə şəkk gətirmiş olur! Mən kiməm ki, Allahın qüdrətinə şəkk eləyim?» (Əşiya 40:8).

      a Bu jurnalın 2015-ci il iyul—sentyabr sayının «Azərbaycan dilində Müqəddəs Kitabın “Yeni Dünya Tərcüməsi” işıq üzü gördü» adlı məqaləsinə baxın.

      Müqəddəs Kitabın təhrif olunmadığına necə əmin ola bilərik?

      Bu jurnalın ilk məqalələrində Müqəddəs Kitabın necə qorunub saxlanıldığı barədə söhbət açıldı. Bəs Müqəddəs Kitabın mif və ya əfsanə toplusu yox, həqiqətən də «Allahın sözü» olduğuna necə əmin ola bilərsiniz? (1 Salonikililərə 2:13). Bunun üçün www.jw.org/az-latn saytına daxil olub «Müqəddəs Kitabın doğruluğuna necə əmin ola bilərik?» adlı videoçarxa baxa bilərsiniz. (NƏŞRLƏR > VİDEO bölməsinə daxil olun.)

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş