Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/1 s. 18—21
  • Yaxşı ata olmaq necə mümkündür?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaxşı ata olmaq necə mümkündür?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Allahın köməyini axtarın
  • Uşağı körpəlikdən tərbiyə edin
    Ailə xoşbəxtliyinin sirri
  • Uşaqların tərbiyəsində Müqəddəs Kitab kömək edə bilərmi?
    Gözətçi qülləsi 2004
  • Uşağa necə təlim-tərbiyə verməli
    Xoşbəxt ailəm
  • Bənzəri olmayan Ata
    Gözətçi qülləsi 2008
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/1 s. 18—21

Yaxşı ata olmaq necə mümkündür?

«Ey atalar, övladlarınızı hirsləndirməyin ki, onlar məyus olmasınlar» (Koloslulara 3:21).

ATA necə edə bilər ki, uşağını hirsləndirməsin? Bunun üçün onun ata kimi oynadığı rolun nə qədər əhəmiyyətli olduğunu başa düşməsi son dərəcə vacibdir. «Ata uşaqların emosional və zehni cəhətdən yetişməsinə böyük təsir göstərən mürəkkəb və nadir fenomendir», deyə əqli sağlamlığa dair bir jurnalda qeyd edilir.

Atanın rolu nədən ibarətdir? Bir çox ailələrdə ata, sanki əsas etibarilə cəzalandıran şəxs rolunu oynayır. Adətən, ana özünü pis aparan uşağa deyir: «Qoy atan evə gəlsin!..» Düzdür, böyüyəndə təmkinli insan olmaları üçün uşaqları, yeri gələndə düzgün tərzdə islah etmək və onlarla ciddi olmaq lazımdır. Ancaq yaxşı ata olmaq özünə daha çox şeyi daxil edir.

Təəssüf ki, hər atanın həyatında onun üçün yaxşı nümunə qoyan şəxs olmur. Bəziləri atasız böyüyüblər. Digər hallarda isə, zəhmli və sərt atanın böyütdüyü kişilər özləri də uşaqlarını eyni tərzdə tərbiyə etməyə meylli olurlar. Belə ata həmin çərçivədən çıxaraq necə yaxşı valideyn ola bilər?

Yaxşı ata olmaq üçün praktiki və etibarlı məsləhət mənbəyi mövcuddur. Müqəddəs Kitabda ailə həyatı üçün ən yaxşı məsləhətlər verilir. Oradakı məsləhətlər sadəcə nəzəriyyə deyil. Onun rəhbərliyindən heç vaxt ziyan tapmarıq. Müqəddəs Kitabın məsləhətləri öz Müəllifinin, ailə həyatının banisi olan Yehova Allahın müdrikliyini əks etdirir (Efeslilərə 3:14, 15). Əgər siz də atasınızsa, yaxşı olar ki, Müqəddəs Kitabın valideynin vəzifələri haqqında dediklərini nəzərdən keçirəsiniza.

Yaxşı ata olmaq övladların təkcə fiziki və emosional deyil, həm də ruhani rifahı üçün vacibdir. Atası ilə mehriban, sıx münasibətləri olan uşağa Allahla da yaxın münasibət qurmaq asan olacaq. Axı Müqəddəs Kitab göstərir ki, Yaradanımız Yehova müəyyən mənada bizim Atamızdır (Yeşaya 64:8). Gəlin uşaqların ata tərəfdən ehtiyac duyduqları altı şeyə baxaq. Onların hər birini araşdırdıqca, Müqəddəs Kitab prinsiplərinin ataya həmin tələbatları ödəməyə necə kömək etdiyini nəzərdən keçirəcəyik.

1. Uşaqların ata məhəbbətinə ehtiyacı var

Yehova bir Ata kimi mükəmməl nümunə qoyub. Allahın İsaya, Öz ilkin Oğluna, necə münasibət bəslədiyini təsvir edərək Müqəddəs Kitab deyir: «Ata Oğulu sevir» (Yəhya 3:35; Koloslulara 1:15). Yehova bir neçə dəfə Oğlunu sevdiyini və ondan razı qaldığını bildirmişdi. İsa vəftiz olanda Yehova göydən demişdi: «Sən Mənim sevimli Oğlumsan, Səndən çox məmnunam» (Luka 3:22). İsa Atasının onu sevdiyinə heç vaxt şübhə etməmişdi. Allahın nümunəsindən atalar nə öyrənə bilərlər?

Heç vaxt övladınıza onu sevdiyinizi deməyə çəkinməyin. Beş uşaq atası olan Kelvin deyir: «Həmişə çalışıram ki, uşaqlarıma məhəbbətimi təkcə sözlərlə deyil, həm də onların hər birinə şəxsi maraq göstərməklə ifadə edim. Onların bələyini dəyişdirir və çimizdirirdim». Bundan başqa, uşaqlarınızın onlardan razı qaldığınızı bilməyə ehtiyacları var. Buna görə də həmişə onlarda səhv axtararaq həddindən artıq tənqidi olmayın. Əksinə, dilinizdən tərif düşməsin. İki yeniyetmə qızı olan Donizeti tövsiyə edir: «Ata uşaqlarını tərifləmək üçün hər fürsətdən istifadə etməlidir». Sizin onlardan razı qaldığınızı bilmək uşaqlara özünəhörmət hissinə sahib olmağa kömək edəcək. Bu isə öz növbəsində, onlara Allaha yaxınlaşmağa kömək edə bilər.

2. Uşaqların yaxşı nümunəyə ehtiyacı var

Yəhya 5:19 ayəsində İsa haqqında yazılır: «Oğul, Atanın etdiyini gördüyü şeylərdən başqa Özündən bir şey edə bilməz». Diqqət yetirdinizsə, ayədə deyilir ki, İsa Atasının ‘etdiyi’ şeyləri görmüşdü və özü də onları etmişdi. Uşaqlar da çox vaxt belə edirlər. Məsələn, əgər ata arvadı ilə hörmətlə rəftar edirsə, onun oğlu da böyüyəndə, çox ehtimal ki, qadınlarla hörmət və ehtiramla rəftar edəcək. Atanın nümunəsi təkcə oğlanların xasiyyətinə təsir etmir, həm də qızların kişilərə olan münasibətinə təsir edə bilər.

Uşaqlarınıza üzr istəmək çətindirmi? Yenə də nümunə vacib rol oynayır. Kelvinin yadındadır ki, oğlanlarından ikisi bahalı fotoaparatı sındırmışdı. O elə əsəbləşmişdi ki, taxta stolu çırpıb iki yerə bölmüşdü. Ancaq sonra Kelvin özündən çıxdığına görə pis olmuş, hamıdan, o cümlədən arvadından üzr istəmişdi. O hiss edir ki, üzr istəməsi uşaqlarına yaxşı təsir göstərmişdi; onlar üzr istəməyə çəkinmirlər.

3. Uşaqların xoşbəxt mühitə ehtiyacı var

Yehova ‘xoşbəxt Allahdır’ (1 Timoteyə 1:11, YD). Təəccüblü deyil ki, Onun Oğlu İsa Məsih Atası ilə birlikdə olmaqdan böyük sevinc duyurdu. Süleymanın məsəlləri 8:30 ayəsi İsa ilə Atası arasındakı münasibəti başa düşməyə bizə kömək edir: «Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, hüzurunda həmişə sevinirdim». Ata ilə Oğul necə də mehriban idilər!

Sizin uşaqlarınızın da xoşbəxt mühitə ehtiyacları var. Uşaqlarınızla oynamağa vaxt ayırmaq belə mühitin yaranmasına kömək edə bilər. Valideynlə uşaq bir yerdə oynayanda bir-birinə yaxınlaşırlar. Yeniyetmə oğlu olan Feliks də bu fikirlə razıdır. O deyir: «Oğlumla birlikdə dincəlməyə vaxt ayırmaq münasibətlərimiz üçün çox vacibdir. Biz bir yerdə oyunlar oynayır, dostlarla ünsiyyət edir və maraqlı yerlərə gedirik. Bu, ailəmizdəki birliyi möhkəmləndirir».

4. Uşaqlara ruhani dəyərləri öyrətmək lazımdır

İsa Atasından təlim almışdı. Buna görə də o deyə bildi: «Mən Ondan [Atadan] eşitdiklərimi dünyaya söyləyirəm» (Yəhya 8:26). Allahın gözündə uşaqlara ruhani və mənəvi dəyərləri öyrətmək üçün ata məsuliyyət daşıyır. Sizin ata kimi üzərinizə düşən məsuliyyətlərdən biri düzgün prinsipləri uşaqlarınıza aşılamaqdır. Buna uşağın erkən yaşlarından başlamaq lazımdır (2 Timoteyə 3:14, 15). Feliks oğluna balacalığından Müqəddəs Kitab hekayələri oxumağa başladı. Feliks, «Müqəddəs Kitab hekayələri»b kitabındakılar da daxil olmaqla, maraqlı hekayələr oxuyurdu. Oğlu böyüdükcə, Feliks onun yaşına uyğun olan və Müqəddəs Kitaba əsaslanan digər nəşrlərdən istifadə etməyə başladı.

Donizeti deyir: «Müqəddəs Kitabın ailəvi öyrənməsini maraqlı etmək həqiqətən çətindir. Vacibdir ki, valideynlər ruhani məsələləri qiymətləndirdiklərini göstərsinlər, çünki uşaqlar valideynlərin hərəkətləri ilə sözlərinin bir-birinə zidd getdiyini tez görürlər». Üç oğul atası Karlos qeyd edir: «Biz ailənin tələbatlarını müzakirə etmək üçün hər həftə görüş keçiririk. Ailənin hər bir üzvünün müzakirə ediləcək məsələni seçmək imkanı var». Kelvin harada olmalarından və nə etmələrindən asılı olmayaraq, həmişə fürsət tapıb uşaqları ilə Allah haqqında danışırdı. Bu bizə Musanın sözlərini xatırladır: «Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış» (Qanunun təkrarı 6:6, 7).

5. Uşaqları islah etmək lazımdır

Uşaqların məsuliyyətli və faydalı insanlar kimi böyümələri üçün onları islah etmək lazımdır. Bəzi valideynlər düşünürlər ki, uşağı islah etmək onunla sərt davranmaq, eləcə də hədə-qorxu gəlmək və alçaldıcı tərzdə təhqir etmək deməkdir. Lakin Müqəddəs Kitab bunu kobudluqla əlaqələndirmir, əksinə, valideyn Yehovadan nümunə götürərək məhəbbətlə islah etməlidir (İbranilərə 12:4-11). Müqəddəs Kitabda deyilir: «Ey atalar, siz də uşaqlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün» (Efeslilərə 6:4).

Hərdən uşağı cəzalandırmaq lazım gəlir. Ancaq uşaq başa düşməlidir ki, onu niyə cəzalandırırlar. Valideynin cəzasından sonra uşaq özünü rədd edilmiş hiss etməməlidir. Müqəddəs Kitab uşağı bərk döyməyi düzgün hesab etmir, bu ona hətta xəsarət yetirə bilər (Süleymanın məsəlləri 16:32). Kelvin deyir: «Ciddi məsələlərə dair uşaqlarımın səhvini düzəltməli olanda həmişə çalışırdım göstərim ki, onları sevdiyim üçün səhvlərini düzəldirəm».

6. Uşaqların müdafiəyə ehtiyacı var

Uşaqların pis dostluqdan və zərərli təsirlərdən müdafiə olunmağa ehtiyacı var. Əfsuslar olsun ki, bu gün dünyada günahsız körpələrdən öz iyrənc məqsədləri üçün istifadə edən «pis adamlar» mövcuddur (2 Timoteyə 3:1-5, 13). Uşaqlarınızı necə müdafiə edə bilərsiniz? Müqəddəs Kitabda müdrik məsləhət verilir: «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar, cahil isə irəli çıxar, ziyan tapar» (Süleymanın məsəlləri 22:3). Uşaqlarınızı bəladan qorumaq üçün təhlükələrə qarşı ayıq olmalısınız. Problemlərə gətirib çıxaracaq vəziyyətləri qabaqcadan duyun və ehtiyat tədbirləri görün. Məsələn, əgər uşaqlarınıza İnternetdən istifadə etməyə icazə verirsinizsə, onda əmin olun ki, onlar ondan düzgün istifadə etməyi bilirlər. Kompüteri asanlıqla nəzarət edə biləcəyiniz açıq yerə qoymaq yaxşı olardı.

Ata övladlarını bu pozğun dünyada üzləşə biləcəkləri təhlükələrə hazırlamalı və onları öyrətməlidir. Uşaqlarınız bilirlərmi ki, siz yanlarında olmayanda kimsə onlara pis niyyətlə yaxınlaşsa, nə etməlidirlər?c Uşaqlar bilməlidirlər ki, cinsiyyət orqanlarından necə istifadə etmək olar, necə olmaz. Kelvin deyir: «Mən bunu heç vaxt başqalarının, heç müəllimlərin belə öhdəsinə buraxmamışam. Başa düşürdüm ki, övladlarıma cinsi münasibət və uşaqları pozanlar haqda məlumat vermək məsuliyyəti mənim üzərimə düşür». Onun uşaqlarının hamısı sağ-salamat böyüyüb başa çatdılar və hal-hazırda hər birinin xoşbəxt ailəsi var.

Allahın köməyini axtarın

Atanın övladlarına verə biləcəyi ən böyük hədiyyə onlara Allahla möhkəm şəxsi münasibətlər qurmağa kömək etməsidir. Atanın nümunəsi son dərəcə vacibdir. Donizeti deyir: «Atalar Allahla şəxsi münasibətlərinin onlar üçün nə dərəcədə qiymətli olduğunu göstərməlidirlər. Şəxsi problemlərlə və çətinliklərlə üzləşəndə bu, xüsusilə aydın görünməlidir. Ata belə hallarda Yehova Allaha nə qədər çox etibar etdiyini göstərir. Ailəvi dua, eləcə də yaxşılığına görə Allaha minnətdarlıq etmək uşaqlara Allahla dost olmağın vacibliyini başa salacaq».

Beləliklə, yaxşı ata olmaq üçün nə vacibdir? Uşaqları böyütməyin ən yaxşı yolunu bilən Şəxsdən, Yehova Allahdan məsləhət alın. Övladlarınızı Allahın Kəlamındakı rəhbərliyə uyğun tərbiyə etsəniz, Süleymanın məsəlləri 22:6 ayəsində təsvir olunan nəticələri görəcəksiniz: «O qocalanda da bu yoldan dönməz».

[Haşiyələr]

a Bu məqalədə Müqəddəs Yazılardan gətirilən məsləhətlər əsas etibarilə atalara yönəldilsə də, bir çox prinsiplər analar üçün də tətbiqediləndir.

b Yehovanın Şahidləri tərəfindən dərc edilmişdir.

c Uşaqları cinsi zorakılıqdan qorumağa dair məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan «Oyanın!» jurnalının 2007-ci il oktyabr sayının 3-11-ci səhifələrinə (rus.) baxın.

[19-cu səhifədəki şəkil]

Ata övladları üçün yaxşı nümunə olmalıdır

[20-ci səhifədəki şəkil]

Ata övladlarının ruhani təlabatlarını ödəməlidir

[21-ci səhifədəki şəkil]

Uşaqları məhəbbətlə islah etmək lazımdır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş