Ruhun ölməzliyi təsəvvürünün Şərq dinlərinə daxil olması
«Mən həmişə düşünürdüm ki, ruhun ölməzliyi bütün dünyada qəbul olunan, təkzibedilməz həqiqətdir. Buna görə də bəzi Şərq və Qərb ziyalılarının qəti şəkildə bu təlimi rədd etdiyini biləndə çox təəccübləndim. İndi mənə maraqlıdır ki, görəsən, ölməzlik təlimi hinduistlərin şüuruna necə daxil olub» (HİNDU AİLƏSINDƏ BÖYÜMÜŞ UNİVERSİTET TƏLƏBƏSİ).
1. Ölməzlik təliminin müxtəlif dinlərdə necə inkişaf etməsi və yayılması nəyə görə bizi maraqlandırır?
İNSANIN ölməz ruha malik olması təlimi hinduizmə və Şərqin digər dinlərinə necə daxil olub? Hər kəsin gələcəyə baxışına təsir etdiyi üçün bu təlim hətta Qərbdə yaşayan və Şərq dinləri haqda anlayışı olmayan insanları belə maraqlandırır. Ölməzlik müasir dinlərin ümumi təlimi olduğundan bu ideyanın necə inkişaf etdiyini bilmək həmin dinlər arasındakı bağlılığı başa düşməkdə kömək edə bilər.
2. Nəyə görə Hindistan Asiyada ən mötəbər dini mərkəz hesab olunur?
2 Böyük Britaniyanın Lankaster universitetinin dinlər üzrə professoru Ninian Smart qeyd etmişdi: «Asiyada ən mötəbər dini mərkəz Hindistandır. Buna səbəb sadəcə hinduizmin, buddizmin, caynizmin, siqhizmin və başqa dinlərin öz başlanğıcını Hindistandan götürməsi yox, həmçinin bunlardan birinin, buddizmin, demək olar ki, bütün Şərqi Asiya mədəniyyətinə güclü təsir etməsidir». Hind filosofu Nikilanandanın sözlərinə əsasən, mədəniyyəti bu cür təsirə məruz qalmış bir çox xalqlar «Hindistana hələ də ruhani vətənləri kimi baxırlar». Bəs ölməzlik təlimi Hindistana və Asiyanın digər ərazilərinə necə yayıldı?
Hinduizmdə reinkarnasiya təlimi
3. Bir tarixçinin sözlərinə görə, ruhun başqa formaya keçməsi ideyası Hindistana kimlər tərəfindən gətirilmişdir?
3 B. e. ə. VI əsrdə Yunanıstanda Pifaqor və onun davamçıları ruhun bir formadan digər formaya keçməsi nəzəriyyəsini müdafiə edərkən Hindistanın Hind və Qanq çaylarının ətraf ərazilərində yaşayan hindu mütəfəkkirlər də elə həmin ideyanı yaymaqla məşğul olurdular. «Bu təlimin Yunanıstan və Hindistanda eyni vaxtda meydana çıxması təsadüf ola bilməz», — deyə tarixçi Arnold Toynbi yazır. O, daha sonra qeyd edir: «Görünür, bu təsir b. e. ə. VIII və VII əsrlərdə Avrasiyanın Hindistana, Cənub-Qərbi Asiyaya, Qara dənizin şimalında yerləşən quraq ərazilərə, eləcə də Balkan və Kiçik Asiya yarımadasına gələn köçəri tayfalar tərəfindən olmuşdur». Belə qənaətə gəlmək olar ki, ruhun başqa formaya keçməsi təlimini Hindistana Avrasiyanın köçəri tayfaları gətirmişdir.
4. Nəyə görə ruhun başqa formaya keçməsi fikri hinduizm mütəfəkkirlərinin ürəyincə oldu?
4 Hinduizm Hindistanda xeyli əvvəl, b. e. ə. 1500-cü ildə arilərin oraya köçməsi ilə meydana gəlib. Hinduistlər lap əvvəldən ruhla bədənin fərqli anlayışlar olduğuna və ölümdən sonra ruhun yaşadığına inanırdılar. Bundan irəli gələrək, hinduistlər əcdadlarına sitayiş edir və onların ruhunun qidalanması üçün qəbirlərinə yemək qoyurdular. Əsrlər sonra Hindistana gəlib çatan bu təlim insanlar arasında ümumbəşəri problem olan əzab-əziyyətin və pisliyin həllini axtaran hind mütəfəkkirlərinin yəqin ki, ürəyincə oldu. Onlar bu ideyanı Karma qanunu, yəni səbəb və nəticə qanunu ilə birləşdirərək reinkarnasiya nəzəriyyəsini inkişaf etdirdilər. Bu nəzəriyyəyə əsasən, insan hazırkı həyatında etdiyi əməllərindən asılı olaraq, növbəti həyatında ya mükafatlandırılacaq, ya da cəzalanacaq.
5. Hunduizmə görə, ruhun əsas məqsədi nədən ibarətdir?
5 Lakin Hinduizmin ruh haqqında təliminə təsir edən digər bir ideya da var. «Din və etika ensiklopediyası»nda deyilir: «Görünür, ruhun başqa formaya keçməsi nəzəriyyəsi ilə Karma qanununun yarandığı bir vaxtda və ya ondan daha əvvəl şimali Hindistanda bir qrup mütəfəkkir arasında digər bir ideya inkişaf etməkdə idi. Bu, “Brahman-Atman” [ali və əbədi brahma, mütləq həqiqət] adlı fəlsəfi ideyadır» («Encyclopædia of Religion and Ethics»). Bu ideyanın reinkarnasiya təlimi ilə birləşməsi hinduistlərin əsas məqsədini müəyyən etdi: mütləq həqiqətə qovuşmaq üçün başqa formaya keçmə dövriyyəsindən azad olmaq. Hinduistlərin inancına görə, bu məqsədə əxlaq normalarına riayət etməklə və hinduizmin xüsusi biliklərinə yiyələnməklə nail olmaq olar.
6, 7. Müasir hinduistlər axirət dünyası haqda hansı fikirdədirlər?
6 Beləliklə, hinduist mütəfəkkirləri Karma qanunu ilə Brahman ideyasını birləşdirərək ruhun başqa formaya keçməsi təsəvvüründən reinkarnasiya təlimini yaratdılar. Meksikanın Hindistandakı keçmiş səfiri, Nobel mükafatı laureatı, şair Oktavio Pas belə yazmışdır: «Hinduizm yayıldıqca... brahmanizmin, buddizmin və Asiyadakı digər dinlərin mərkəzində bir ideya dururdu: metempsixoz, yəni ölüm zamanı ruhun yeni formaya keçməsi ideyası».
7 Reinkarnasiya təlimi bu gün də hinduizmin əsasını təşkil edir. Hinduist filosofu Nikilananda belə deyir: «Ölməzliyə çatmaq yalnız seçilmiş bir neçə nəfərə nəsib olan üstünlük deyil, bu, hər kəsin haqqıdır. Hər bir həqiqi hinduist buna tam əmindir».
Buddizmdə yenidən doğulma dövriyyəsi
8-10. a) Buddizm mövcudluğu necə təsvir edir? b) Bir buddist alim yenidən doğulmanı necə izah edir?
8 Buddizmin təməli təxminən b. e. ə. 500-cü ildə Hindistanda qoyulmuşdur. Buddist rəvayətlərinə görə, buddizmin əsasını hind şahzadəsi Siddhartha Qautama qoymuşdur. Şüuru həqiqətlə nurlanandan sonra o, Budda adını almışdı. Bu din başlanğıcını hinduizmdən götürdüyündən onların təlimləri müəyyən qədər bir-birinə bənzəyir. Buddizm təliminə əsasən, həyat sonu olmayan yenidən doğulma dövriyyəsindən və ölümdən ibarətdir. Hinduizmdə olduğu kimi, bu dinə mənsub olanlar da inanırlar ki, hər bir insanın hazırkı həyatda hansı təbəqəyə aid olması keçmiş həyatda etdiyi əməllərə əsasən müəyyən edilmişdir.
9 Lakin buddizm mövcudluğu ölümdən sonra yaşayan ruhla əlaqələndirmir. Arnold Toynbinin sözlərinə görə, «[Budda] üçün insan ruhu sürətlə keçib gedən psixoloji halların qırıq-qırıq dövriyyəsidir ki, onları da bir-biri ilə yalnız arzu bağlayır». Buna baxmayaraq, Budda inanırdı ki, nə isə — psixoloji hal və ya qüvvə bir həyatdan digərinə keçir. Buddist alimi Valpola Rahul izah edir:
10 «Varlıq yalnız fiziki və zehni qüvvələrin, yaxud enerjilərin birləşməsindən başqa bir şey deyildir. Ölüm adlanan vəziyyət isə bədənin fəaliyyətinin tamamilə dayanmasıdır. Bəs bununla bütün qüvvələr və enerjilər yox olurmu? Buddizmə görə, yox. Mövcud olmaq, yaşamağa davam etmək, arasıkəsilmədən yenidən doğulmaq istəyi və arzusu həyatları, varlıqları, hətta bütün dünyanı hərəkətə gətirən böyük qüvvədir. Bu, dünyada ən böyük qüvvə, ən böyük enerjidir. Buddizmə əsasən, insan öləndə, yəni bədənin fəaliyyəti dayananda bu qüvvə yox olmur, ancaq mövcudluğuna yenidən başqa formada davam edir. Bu, yenidən doğulma adlanır».
11. Buddistlər axirət dünyası haqqında nə düşünürlər?
11 Buddistlərin axirət dünyası haqqında təsəvvürləri bundan ibarətdir: son məqsəd olan nirvanaya çatanadək, yəni yenidən doğulma dövriyyəsindən azad olanadək mövcudluq əbədiyyən davam edir. Nirvana nə əbədi səadət, nə də insanın mütləq həqiqətə qovuşduğu vəziyyət deyil. O, sadəcə olaraq, yoxluq vəziyyətidir, başqa sözlə, şəxsiyyətin mövcudluğundan kənarda yerləşən «ölümün olmadığı yerdir». «Azərbaycan Sovet ensiklopediyası»na əsasən, nirvana «xarici varlıqdan tam təcridlik halını bildirir... [O,] xoşbəxtlik və bədbəxtliyə, xeyir və şərə biganəlikdir». Buddistlər ölməzliyi axtarmaqdansa, nirvanaya çatmaqla ölməzliyi aşmağa təşviq olunurlar.
12-14. Buddizmin müxtəlif qollarında ölməzlik ideyası öz əksini necə tapır?
12 Asiyanın müxtəlif ərazilərinə yayıldıqca buddizm yerli etiqadlar əsasında formalaşmağa başladı. Məsələn, mahayana buddizmin Çində və Yaponiyada üstünlük təşkil edən qollarından biridir. Bu dində ilahi bodhisatvalara, yəni gələcək Buddalara inam mövcuddur. Bodhisatvalar başqalarına xidmət etmək və onların nirvanaya çatmasına kömək etmək üçün yenidən doğularaq öz nirvanalarını dönə-dönə təxirə salırlar. Beləliklə, kimsə nirvanaya qovuşduqdan sonra da yenidən doğulma dövriyyəsinə davam etməyi seçə bilər.
13 Çində və Yaponiyada buddizmin «Təmiz Yer» adlanan digər cərəyanı xüsusi üstünlük təşkil edir və onun banisi Amitab Budda və ya Amida Budda olmuşdur. Buddanın adını imanla çağıranlar «Təmiz Yer»də, yaxud cənnətdə, yəni sonuncu aydınlığa çatmaq üçün daha əlverişli şəraitin olduğu yerdə yenidən doğulurlar. Bu təlim nəyə yol açdı? Yuxarıda adı çəkilən professor Smart izah edir: «Gözlənildiyi kimi, bəzi mahayana yazılarında aydın şəkildə təsvir olunan cənnətin gözəlliyi xalqın düşüncəsində ali məqsəd hesab olunan nirvananı əvəz etdi».
14 Tibet buddizmi özünə digər yerli etiqadları daxil edir. Məsələn, tibetin ölülər haqda kitabında insanın ölümündən yenidən doğulmasınadək olan vaxt kəsiyindən bəhs edilir. Burada deyilir ki, ölüləri mütləq həqiqətin parlaq nuru ilə işıqlandırırlar və bu işığa tab gətirməyənlər azadlığa nail olmur, yenidən doğulurlar. Göründüyü kimi, buddizmin bu və digər növləri ölməzlik ideyasını dəstəkləyir.
Yapon sintoizmində əcdadlara sitayiş
15-17. a) Əcdadların ruhuna sitayiş sintoizmdə necə kök saldı? b) Necə oldu ki, ruhun ölməzliyi haqda təlim sintoizmin əsasını təşkil etdi?
15 Yaponiyada buddizmin əsası b. e. VI əsrində qoyuldu. Buna qədər orada başqa din mövcud idi. Bu dinə ad verilməmişdi. O, özünə yerli əhalinin etiqadları ilə əxlaq normalarının və adət-ənənələrinin birləşməsini daxil edirdi. Lakin buddizm Yaponiyada yayıldıqca yerli dini buddizmdən ayırmaq zərurəti yarandı. Beləliklə də «allahlar yolu» mənasını verən «Sinto» adı meydana çıxdı.
16 Sintoizmin ilkin formasında axirət dünyası haqda nə deyilirdi? «Kodanşa yapon ensiklopediyası»nda izah edilir ki, nəm torpaqda düyü yetişdirilməsi ilə «yaxşı təşkil olunmuş və möhkəm cəmiyyətə tələbat yarandı, eyni zamanda kənd təsərrüfatı ilə əlaqədar keçirilən və sonralar sintoizmdə vacib rol oynayan ayinlər meydana çıxdı» («Kodansha Encyclopedia of Japan»). Ölülərin ruhundan qorxaraq insanlar ruhları razı salmaq üçün ayinlər uydurdular. Bu, ona gətirib çıxardı ki, onlar əcdadlarının ruhuna sitayiş etməyə başladılar.
17 Sintoizmə görə, «ayrılan» ruh ölənin şəxsiyyətini hələ də özündə daşıyır, lakin ölümlə ləkələnir. İnsan ölən əzizini yad etmək üçün ayinlər keçirəndə ölənin ruhu bütün pisliklərdən təmizlənərək sülhpərvər və xeyirxah ruha çevrilir. Vaxt keçdikcə əcdadların ruhu ilahi, yaxud himayəçi səviyyəsinə qalxır. Sintoizmlə buddizm eyni vaxtda mövcud olduğu üçün buddizmdən sintoizmə, cənnət haqda təlim də daxil olmaqla, bəzi təlimlər keçmişdir. Beləliklə, aydın olur ki, ölməzlik təlimi sintoizmin də əsasını təşkil edir.
Daosizmdə ölməzlik təlimi və konfusiçilikdə əcdadlara sitayiş
18. Daoistlər ölməzlik haqqında nə düşünürlər?
18 Daosizmin təməlini b. e. ə. VI əsrdə Çində yaşadığı ehtimal olunan Lao-Tszı qoymuşdur. Daosizmə görə, həyatda məqsəd insan fəaliyyətini Daoya, yəni təbiət yoluna uyğunlaşdırmaqdan ibarətdir. Daoistlər ölməzlik haqda bu fikirdədirlər: Dao bütün Kainatı idarə edən prinsipdir. Daonun nə əvvəli, nə də sonu var. Onunla harmoniyada yaşayanlar onunla vəhdətdə olur və əbədiyyətə qovuşur.
19-21. Daoistlərin nəzəriyyələri nəyə gətirib çıxardı?
19 Təbiətlə vəhdətdə olmağa can atan daoistlər vaxt keçdikcə onun əbədiliyi və bərpaedici qabiliyyəti ilə xüsusilə maraqlanmağa başladılar. Onlar fikirləşirdilər ki, Daoya, başqa sözlə, təbiət yoluna uyğun yaşamaqla təbiətin sirlərini hansısa yolla öyrənmək və fiziki xəsarətdən, xəstəliklərdən, hətta ölümdən belə azad olmaq mümkündür.
20 Daoistlər qocalığın və ölümün vaxtını uzatmaq üçün meditasiya (fikri bir yerə cəmləmə) ilə məşğul olmağa, tənəffüs məşqinə və pəhriz saxlamağa başladılar. Çox keçməmiş, buludlar üzərində uçan, istədiyi vaxt görünüb qeyb olan, saysız-hesabsız illər boyu müqəddəs dağlarda və ya uzaq adalarda yaşayan və şehlə ya da sehrli meyvələrlə qidalanan ölməz şəxslər haqda əfsanələr yayılmağa başladı. Çin tarixinə əsasən, b. e. ə. 219-cu ildə imperator Sin Şi-Xuandi ölməzlərin məskəni sayılan əfsanəvi Penqlay adasına gəmi ilə 3 000 oğlan və qızdan ibarət dəstəni göndərdi ki, ölməzlik bitkisini tapıb gətirsinlər. Sözsüz ki, axtarışlar heç bir nəticə vermədi.
21 Əbədi həyat sorağında olan daoistlər əlkimya vasitəsilə ölməzlik həbləri düzəltməyə çalışırdılar. Daoistlərin fikrincə, bir-birinə əks olan qüvvələrin, in və yanın (qadın və kişi) birləşməsi nəticəsində həyat yaranır. Bu səbəbdən, əlkimyaçılar əridilmiş qurğuşunla (zülmət, yəni in) civəni (işıq, yəni yan) qarışdıraraq təbiətdəki prosesi təkrarlamağa çalışırdılar. Onlar düşünürdülər ki, bu üsulla ölməzlik həblərini düzəldə bilərlər.
22. Buddizmin çinlilərin dini həyatına təsiri nə ilə nəticələndi?
22 Eramızın VII əsrində buddizm çinlilərin dini həyatına təsir etməyə başladı. Nəticədə buddizmin təlimlərini, spiritizmi və əcdadlara sitayişi özünə daxil edən qarışıq bir din yarandı. Professor Smart qeyd edir: «Həm buddizm, həm də daosizm qədim çinlilərin əcdadlara sitayişində möhkəm kök salmamış axirət dünyası haqda təlimin formalaşmasına və inkişafına kömək etdi».
23. Konfusiçilər əcdadlara sitayiş ilə əlaqədar hansı mövqeyi tuturdular?
23 B. e. ə. VI əsrdə yaşamış və öz fəlsəfəsi ilə konfusiçiliyin əsasını qoymuş görkəmli çin mütəffəkkiri Konfusi axirət dünyası haqqında, demək olar ki, heç bir fikir söyləməmişdir. Əksinə, o, cəmiyyətdə qəbul olunan yüksək əxlaq və davranış normalarının vacibliyini vurğulayırdı. Buna baxmayaraq, o da əcdadlara sitayişin tərəfdarı idi və əcdadların ruhunu yad etməklə bağlı ayinləri icra etməyi vacib sayırdı.
Şərqin digər dinləri
24. Caynizm ruh haqqında nəyi öyrədir?
24 Caynizmin təməli b. e. ə. VI əsrdə Hindistanda qoyulub. Onun banisi Mahavira öyrədirdi ki, bütün canlı varlıqların əbədi ruhu var. Onun fikrincə, ruhun karmanın köləliyindən azad olmasının yeganə yolu son dərəcə fədakar olmaq, özünüidarə qabiliyyətinə malik olmaq və heç bir canlı varlığa xətər yetirməməyə ciddi yanaşmaqdır. Caynistlər bu günə qədər buna inanırlar.
25, 26. Hinduizmin hansı təlimləri Siqhizmdə də öz əksini tapır?
25 Siqhizmin də təməli Hindistanda qoyulub. Bu dinə 19 milyon insan etiqad edir. Bu dinin əsası XVI əsrdə quru Nanakın hinduizmdə və islamda olan ən yaxşı şeyləri birləşdirib vahid din yaratmaq qərarına gəldiyi zaman qoyuldu. Siqhizm hinduizmin ruhun ölməzliyi, reinkarnasiya və karma təlimlərini mənimsədi.
26 Göründüyü kimi, bədən öldükdən sonra həyatın davam etməsinə etiqad Şərq dinlərinin əksəriyyətinin ayrılmaz hissəsidir. Bəs bu haqda Xristian, İudaizm və İslam dinində nə deyilir?
[10-cu səhifədəki xəritə]
(Mətnə nəşrin özündə baxın.)
MƏRKƏZİ ASİYA
KƏŞMİR
TİBET
ÇİN
KOREYA
YAPONİYA
Varanasi
HİNDİSTAN
Bodhqaya
MYANMA
TAİLAND
KAMBOCA
ŞRİ-LANKA
YAVA
B. E. Ə. III ƏSR
B. E. Ə. I ƏSR
B. E. I ƏSR
B. E. IV ƏSR
B. E. VI ƏSR
B. E. VII ƏSR
Buddizm bütün Şərqi Asiyaya öz təsirini göstərib
[9-cu səhifədəki şəkil]
Reinkarnasiya təlimi hinduizmin əsasını təşkil edir
[11-ci səhifədəki şəkil]
Təbiətlə harmoniyada yaşamaqla daoistlər əbədiyyətə qovuşmaq istəyirdilər
[12-ci səhifədəki şəkil]
Konfusi əcdadlara sitayişin tərəfdarı idi