Ölməz ruh təliminin mənşəyi
«Ruhani həyatla bağlı mövzuların içərisində hamını ən çox ölümdən sonra insanın hansı vəziyyətdə olduğu maraqlandırır» («DİN VƏ ETİKA ENSİKLOPEDİYASI»).
1-3. Ruhun ölməzliyi təsəvvürünün inkişafında Sokrat və Platon hansı rolu oynamışlar?
YETMİŞ yaşlı alim və müəllim Allaha inanmamaqda və öz təlimləri ilə gənclərin zehnini korlamaqda ittiham olunurdu. Məhkəmədə özünü əla müdafiə etməsinə baxmayaraq, qərəzli hakimlər onun günahkar olduğuna qərar verib ölüm hökmü kəsdilər. Edamından bir neçə saat əvvəl yaşlı müəllim ətrafına toplaşan şagirdlərinə ruhun ölməzliyinə və ölümdən qorxmağın əsassız olduğuna dair dəlillər gətirirdi.
2 İttiham olunan bu şəxs b. e. ə. V əsrdə yaşamış məşhur yunan filosofu Sokrat idia. Sonralar onun tələbəsi Platon həmin hadisələri özünün «Apologiya» və «Fedon» əsərlərində qələmə almışdı. Ölməz ruh təsəvvürünü inkişaf etdirən birincilərin sırasında Sokrat və Platonun da adları çəkilir. Ancaq bu təlimin banisi onlar deyillər.
3 Görəcəyimiz kimi, ruhun ölməzliyi fikrinin kökü lap qədim dövrlərə gedib çıxır. Lakin Sokratla Platon bu fikri təkmilləşdirib onu fəlsəfi təlimə çevirdilər. Nəticədə bu təlim həm o dövrün, həm də sonrakı dövrlərin ziyalıları arasında geniş yayıldı.
Pifaqordan ehramlara qədər
4. Hələ Sokratdan əvvəl yunanlar ölülər aləmi ilə bağlı hansı fikirdə idilər?
4 Sokrat və Platondan əvvəl də yunanlar ölümdən sonra ruhun yaşadığına inanırdılar. B. e. ə. altıncı əsrdə yaşamış məşhur yunan riyaziyyatçısı Pifaqor inanırdı ki, ruh ölməzdir və insan öldükdən sonra o, başqa yerə köçür. Hələ Pifaqordan əvvəl, ən qədim yunan filosofu kimi tanınan Miletli Fales düşünürdü ki, ölməz ruh yalnız insanlarda, heyvanlarda və bitkilərdə yox, həm də dəmiri tərpətdiyi üçün maqnit kimi əşyalarda da var. Qədim yunanların etiqadına görə, ölülərin ruhunu qayıqla Stiks çayından keçirərək ölülər aləmi adlanan yeraltı dünyaya aparırdılar. Orada hakimlər kimin hündür hasarlı həbsxanada əzab çəkəcəyinə, kimin isə Cənnətdə xoşbəxt həyat sürəcəyinə qərar verirdilər.
5, 6. Farslar ruhla bağlı hansı fikirdə idilər?
5 B. e. ə. VII əsrdə İranda Zərdüşt adında bir peyğəmbər peyda oldu. O, Zərdüştlük kimi tanınan dinin təməlini qoydu. Zərdüştlük Yunanıstandan əvvəl dünyada hökmranlıq edən Fars imperiyasının dövlət dini idi. Zərdüştlərin müqəddəs kitabında deyilir: «Salehlərin ruhu Ölməzlikdə daim Sevinc içində yaşayacaq, Yalançıların isə ruhu, sözsüz ki, əzab çəkəcək. Bu qanunları Ahura Mazda [«müdrik allah»] təsis edib, çünki ali hakimiyyət Onun əlindədir».
6 Ölməz ruh təlimi zərdüştlükdən əvvəl də iranlıların dininin bir hissəsi olub. Misal üçün, qədim İran tayfalarında ölünün ruhunun yeraltı dünyada istifadə etməsi üçün qida və geyim ianə edilirdi.
7, 8. Qədim misirlilərin inancına görə, bədən öldükdən sonra ruhla nə baş verirdi?
7 Ölümdən sonra həyatın olmasına inam misir dininin də əsasını təşkil edirdi. Misirlilərin fikrincə, ölən insanların ruhunu yeraltı dünyanın ali tanrısı Osiris mühakimə edirdi. Məsələn, b. e. ə. 14-cü yüzilliyə aid edilən papirusun üzərində ölülər allahı Anubisin mirzə Hanafarın ruhunu Osirisin taxtı önünə apardığı təsvir olunur. Tərəzinin bir gözündə mirzənin vicdanını təmsil edən ürəyi, digər gözündə isə həqiqət və ədalət ilahəsinin başına taxdığı lələk durur. Digər allah Tot isə nəticələri qələmə alır. Hanafarın ürəyi günahla ağırlaşmadığı üçün lələkdən yüngül gəlir, buna görə də ona Osirisin dünyasına daxil olub, ölməzliyi almağa icazə verilir. Papirusda, həmçinin qadın cinsində olan bədheybət bir varlıq təsvir edilir. O, ürəyi sınaqdan keçməyənləri udmaq üçün tərəzinin yanında hazır durub. Bundan əlavə, misirlilər ölüləri mumiyalayır, fironların cəsədini isə möhtəşəm ehramlarda saxlayırdılar, çünki onların fikrincə, ruhun yaşaması bədənin yaxşı saxlanılmasından asılıdır.
8 Gördüyümüz kimi, qədimdə olan müxtəlif mədəniyyətlərdə eyni təlimə — ruhun ölməz olduğuna inanırdılar. Bəs bu təlim eyni mənbədənmi qaynaqlanırdı?
Təlimin kökü
9. Qədim dünyada misir, fars və yunan mədəniyyətlərinə hansı dinin təsiri olmuşdur?
9 «Babil və Aşşur dini» kitabında deyilir: «Qədim dünyada babillilərin dini misir, fars və yunan mədəniyyətinə təsir etmişdi». Daha sonra orada aydınlıq gətirilir: «Əl-Amarna lövhəciyində göstərildiyi kimi, qədimdə Misirlə Babil arasında sıx əlaqələr olduğunu nəzərə alsaq, babillilərin düşüncə tərzinin və adət-ənənələrinin Misir ibadətinə daxil olması üçün çoxlu imkanların açıldığına şübhə yeri qalmır. Farsların Mitra adlanan ayinlərində Babil ideologiyasının təsiri aydın hiss olunur... Semit təlimlərinin yunanların həm mifologiyasına, həm də dini ayinlərinə qarışması alimlər tərəfindən o dərəcədə qəbul olunub ki, artıq bu mövzu müzakirə olunmur. Onların əksəriyyətini Babil təlimləri təşkil edir»b («The Religion of Babylonia and Assyria»).
10, 11. Qədim babillilərin fikrincə, ölümdən sonra insanla nə baş verirdi?
10 Belə isə, ölümdən sonra nəyin baş verməsi ilə bağlı babillilərin təsəvvürləri misirlilərin, farsların və yunanlarınkından fərqlənmirmi? Məsələn, babillilərin Gilqameş haqqında olan epik poemasını nəzərdən keçirək. Poemanın yaşa dolan qəhrəmanı Gilqameş bir gün öləcəyi fikri ilə heç cür razılaşa bilmir və əbədiyyət axtarışına çıxır, ancaq axtarışları bir nəticə vermir. Səyahət zamanı o, əlində şərab olan qıza rast gəlir. Əbədiyyəti tapa bilməyəcəyi üçün qız onu hal-hazırkı həyatdan həzz almağa təşviq edir. Poemanın çatdırmaq istədiyi fikir ölümün real, əbədiyyətin isə xülya olmasıdır. Bəs bu o deməkdirmi ki, babillilər axirət dünyasına inanmırdılar?
11 ABŞ-ın Pensilvaniya Universitetinin professoru Morris Yastrov yazmışdı: «Nə xalq [babillilər], nə də din rəhbərləri ağıllarına belə gətirmirdilər ki, bir dəfə dünyaya gələn insan nə vaxtsa əbədilik yox olsun. [Onların fikrincə,] ölüm başqa həyata keçid idi və ölməzliyi inkar etməklə onlar sadəcə vurğulamaq istəyirdilər ki, ölüm zamanı baş verən dəyişiklikdən qaçmaq qeyri-mümkündür». Bəli, babillilər həmçinin inanırdılar ki, ölümdən sonra həyat hansısa formada mövcudluğuna davam edir. Buna görə də onlar ölən insanı basdıranda axirət dünyasında istifadə etməsi üçün onun yanına müəyyən əşyalar qoyurdular.
12-14. a) Daşqından sonra ruhun ölməzliyi təlimi harada yarandı? b) Bu təlim bütün dünyaya necə yayıldı?
12 Göründüyü kimi, ölməzlik təliminin kökü ta qədim Babilə gedib çıxır. Tarixi dəqiqliyi ilə tanınan Müqəddəs Kitaba əsasən, Babil şəhərinin əsasını Nuhun nəticəsi Nəmrud qoymuşdurc. Nuhun günlərində baş verən Ümumdünya daşqınından sonra yer üzündə yalnız bir dil və bir din var idi. Ancaq şəhərin əsasını qoymaqla və orada qüllə tikməklə Nəmrud yeni bir dinə başlanğıc verdi. Müqəddəs Kitab göstərir ki, Babildə dillər qarışandan sonra planları baş tutmayan inşaatçılar yer üzünə səpələndilər və özləri ilə bərabər etiqadlarını da köçdükləri ərazilərə apararaq yeni dinlərin təməlini qoydular (Yaradılış 10:6—10; 11:4—9). Bunun da nəticəsində, babillilərin dini təlimləri bütün dünyaya yayıldı.
13 Rəvayətə görə Nəmrud qəddarcasına öldürülüb. Belə qənaətə gəlmək olar ki, Babilin banisi, inşaatçısı və ilk padşahı olduğu üçün ölümündən sonra babillilər ona pərəstiş etməyə başlamışlar. Marduk allah Babilin banisi hesab edildiyi üçün bəzi alimlər fərz edirlər ki, Marduk (Merodak) ilahiləşdirilmiş Nəmruddur. Əgər bu belədirsə, onda ölümdən sonra ruhun yaşaması ideyasının başlanğıcı elə Nəmrudun öldüyü vaxta gedib çıxır. Hər necə olsa da, tarixin səhifələrindən görünür ki, Daşqından sonra ruhun ölməzliyi təlimi başlanğıcını Babildən götürüb.
14 Bəs necə oldu ki, bu təlim müasir dinlərin əksəriyyətinin əsas təlimi oldu? Növbəti fəsildə bu təlimin Şərq dinlərinə necə daxil olduğunu araşdıracağıq.
[Haşiyələr]
a «B. e. ə.» «bizim eradan əvvəl», «b. e.» isə «bizim era» ifadəsinin qısaldılmış formasıdır.
b Əl-Amarna b. e. ə. təxminən XIV əsrdə Misirdə tikilmiş Axetaton şəhərinin xarabalıqlarının yerləşdiyi yerdir.
c Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab — Allahın Kəlamıdır, yoxsa insanın?» kitabının 37—54-cü səhifələrinə (rus.) baxın.
[6-cı səhifədəki şəkil]
Misirlilər yeraltı dünyada ruhları belə təsəvvür edirdilər
[7-ci səhifədəki şəkil]
Sokrat ruhun ölməz olduğunu iddia edirdi