DƏRS 46
Tanış vəziyyətlərdən nümunələr çək
SÖZSÜZ Kİ, çəkdiyin nümunənin müzakirə etdiyin mövzuya uyğun olması vacibdir. Ancaq nümunənin təsirli olması üçün onun auditoriyaya uyğun olması da eyni dərəcədə əhəmiyyətlidir.
Bir qrup qarşısında çıxış edərkən hansı nümunəni çəkəcəyinə auditoriya necə təsir edə bilər? İsa Məsih necə nümunələr çəkirdi? İstər izdihama, istərsə də şagirdlərinə müraciət edərkən İsa heç vaxt kənar xalqlara xas olan şeylərdən nümunələr çəkmirdi. Onun dinləyiciləri üçün bu cür nümunələr yad olardı. Məsələn, İsa Misirin saray həyatından və ya Hindistanın dini adətlərindən danışmırdı. Ancaq o, bütün xalqlara tanış olan işlərdən nümunələr çəkirdi. O, paltar yamamaqdan, işlərin aparılmasından, qiymətli bir şeyi itirməkdən və toy ziyafətindən danışırdı. İsa müxtəlif vəziyyətlərə düşəndə insanların necə davrandıqlarını bilir və bu bilikdən istifadə edirdi (Mark 2:21; Luka 14:7-11; 15:8, 9; 19:15-23). Yalnız İsrail xalqına təbliğ etdiyi üçün İsa əksər hallarda nümunələrində bu xalqın gündəlik həyatının bir hissəsi olan işlərə və məişət əşyalarına istinad edirdi. Belə ki, o, əkinçilikdən, qoyunların çobanın səsinə necə hay verməsindən, şərab saxlamaq üçün heyvan dərisindən düzələn tuluqdan danışırdı (Mark 2:22; 4:2-9; Yəh. 10:1-5). O, həmçinin hamıya tanış olan tarixi hadisələri: ilk insanın yaranmasını, Nuhun günlərindəki Daşqını, Sodom və Homorranın məhvini, Lutun arvadının ölümünü qeyd etmişdi (Mat. 10:15; 19:4-6; 24:37-39; Luka 17:32). Sən də nümunələr və bədii ifadələr seçərkən dinləyicilərinin mənşəyi və onlara hansı işlərin tanış olduğu haqda düşünürsənmi?
Bəs əgər geniş auditoriyaya yox, bir və ya bir neçə nəfərə müraciət edirsənsə, onda necə? Həmin kiçik auditoriyaya xüsusilə uyğun olan nümunə seçməyə çalış. İsa Suxar yaxınlığında samariyalı qadına quyu başında şahidlik edərkən «həyat suyu», ‘əsla susamamaq’, «əbədi həyata qovuşduran su mənbəyi» kimi bədii ifadələrdən istifadə etmişdi. Bunların hamısı qadının o anda məşğul olduğu işlə bağlı idi (Yəh. 4:7-15). Balıqçı torlarını yuyan kişilərlə danışanda isə, balıqçılıqla bağlı bədii ifadələrdən istifadə etmişdi (Luka 5:2-11). Əkinçiliyin geniş yayıldığı ərazidə yaşadıqları üçün, İsa hər iki halda əkinçilikdən danışa bilərdi, lakin təsəvvürlərində obraz canlandırmaq üçün onların özlərinin məşğul olduğu işə istinad etmək daha təsirli üsul idi. Sən də belə etməyə çalışırsanmı?
İsa diqqətini ‘İsrail xalqının qeyb olmuş qoyunlarına’ cəmlədiyi halda, həvari Pavel təkcə israillilər yox, həm də qeyri-yəhudilər üçün göndərilmişdi (Mat. 15:24; Həv. iş. 9:15). Bu, Pavelin nümunə seçiminə təsir etmişdimi? Bəli. Korinfdəki məsihçilərə yazarkən o, qaçış üzrə keçirilən yarışlardan, bütlərin şərəfinə tikilmiş məbədlərdə yemək yemə mərasimlərindən və təntənəli yürüşlərdən — həmin qeyri-yəhudilərə yaxşı tanış olan şeylərdən söz açmışdı (1 Kor. 8:1-10; 9:24, 25; 2 Kor. 2:14-16).
Təlim verərkən çəkəcəyin nümunələri İsa və Pavel kimi diqqətlə seçirsənmi? Dinləyicilərinin mənşəyini və məşğulliyyətlərini nəzərə alırsanmı? Əlbəttə, birinci əsrdən bu yana dünyada çox şey dəyişib. Televiziya vasitəsilə əksər insanlar dünyada baş verənlərdən xəbər tutur. Həmçinin xarici ölkələrdəki həyat tərzi də çoxlarına tanışdır. Buna baxmayaraq, insanları ən çox şəxsən onların həyatına — evlərinə, ailələrinə, işlərinə, qidalarına, yaşadıqları ərazidəki havaya aid şeylər maraqlandırır.
Əgər çəkdiyin nümunəni uzun-uzadı izah etməli olursansa, deməli, dinləyicilərinə tanış olmayan mövzu haqqında danışırsan. Belə nümunə vermək istədiyin nəsihətin məğzini kölgədə qoyacaq. Nəticədə, dinləyicilər nümunəni yadda saxlasa da, Müqəddəs Yazılardan çatdırmaq istədiyin həqiqəti unudacaqlar.
İsa müqayisə etmək üçün mürəkkəb anlayışlardan yox, sadə, gündəlik işlərdən istifadə edirdi. O, xırda şeylərin vasitəsilə böyük, asan şeylərin vasitəsilə mürəkkəb anlayışları izah edirdi. Gündəlik işlərlə həqiqət arasındakı oxşarlığı göstərərək İsa öyrətdiyi ruhani həqiqətləri başa düşməyə və yadda saxlamağa insanlara kömək edirdi. Bu, bizim üçün necə də gözəl nümunədir!