DƏRS 16
Təmkinli ol
NATİQİN kürsüyə yaxınlaşarkən həyəcan keçirməsində qeyri-adi heç nə yoxdur. Xüsusilə də tez-tez çıxış etmirsə, bu adi haldır. Hər dəfə xidmətə başlayanda təbliğçi bir qədər həyəcan keçirə bilər. Allah Yeremyaya peyğəmbərlik etməyi tapşıranda o demişdi: «Axı mənim danışıq qabiliyyətim yoxdur, çünki hələ cavanam» (Yer. 1:5, 6). Yehova Yeremyaya kömək etmişdi. O, mütləq sənə də kömək edəcək. Vaxt keçdikcə, təmkinli olmağı öyrənəcəksən.
Təmkinli natiq özünü ələ almağı bacarır. Onun özünü ələ alması kənardan aydın görünür. Belə ki, əllərinin hərəkəti məqsədyönlü olur, ifadəli danışır və səsini tənzimləyə bilir.
Təmkinli insana xas xüsusiyyətlərin səndə olmadığını düşünsən belə, ruhdan düşmə, bu sahədə irəliləyə bilərsən. Necə? Gəl görək nə üçün natiq həyəcanlanır və özünü itirir. Səbəblərdən biri insan orqanizmində baş verən proseslərdir.
Çətin tapşırıq alanda və onu yaxşı yerinə yetirmək istəyəndə, ancaq bunu bacaracağına əmin olmayanda insan həyəcan keçirir. Nəticədə beyin bədənə siqnallar göndərərək daha çox adrenalin istehsal etməyi tələb edir. Adrenalinin artması ürəyin sürətlə döyünməsinə, tənəffüsün sürətinin dəyişməsinə, güclü tərləməyə, hətta əllərin, dizlərin əsməsinə, eləcə də səsin titrəməsinə səbəb ola bilər. Bədən bütün gücünü toplayaraq çalışır ki, çətinliyin öhdəsindən gəlməyə insana kömək etsin. Əsas məsələ enerji axınını müsbət düşünməyə və şövqlə danışmağa yönəltməkdir.
Həyəcanı necə azaltmaq olar? Yadda saxla ki, bir qədər həyəcan keçirmək təbii haldır. Ancaq təmkinliliyi qorumaq üçün həyəcanı azaltmaq, vəziyyətin öhdəsindən sakit və ləyaqətli tərzdə gəlməyi bacarmaq lazımdır. Buna necə nail olmaq olar?
Yaxşı-yaxşı hazırlaş. Çıxışa hazırlaşmaq üçün vaxt ayır. Mövzunu aydın başa düşdüyünə əmin ol. Müzakirə edəcəyin bəndləri özün seçməlisənsə, dinləyicilərinin mövzuya dair nələri bildiyini və nəyə nail olmaq istədiyini nəzərə al. Bu, sənə ən faydalı materialı seçməyə kömək edəcək. Əgər çətinlik çəkirsənsə, bu haqda təcrübəli natiqlə danış. O, materialı təhlil etməyə və auditoriyanın tələbatları haqda düşünməyə sənə kömək edə bilər. Nə haqda danışacağını aydın biləndə və topladığın məlumatın dinləyicilər üçün faydalı olduğuna əmin olanda onu bölüşmək istəyin çıxışa görə keçirdiyin həyəcana üstün gələcək.
Giriş sözlərinə xüsusi diqqət yetir. Çıxışı necə başlayacağını müəyyən et. Çıxış etdikcə, çox ehtimal ki, həyəcanın azalacaq.
Eyni addımlar təbliğ xidmətinə hazırlaşmağa da şamil edilir. Təkcə müzakirə edəcəyin mövzunu yox, həm də kimlərə şahidlik edəcəyini nəzərə al. Giriş sözlərini diqqətlə hazırla. Yetkin təbliğçilərin təcrübəsindən yararlan.
Sənə elə gələ bilər ki, auditoriya qarşısında çıxış edərkən hazır mətndən istifadə etsən, daha təmkinlə danışacaqsan. Əslində, bu ona gətirib çıxaracaq ki, hər dəfə çıxış edəndə həyəcanın daha da artacaq. Düzdür, bəzi natiqlər digərlərinə nisbətən daha geniş qeydlərdən istifadə edirlər. Ancaq fikrinin başqa yerə yönəlməsinə və həyəcanının azalmasına vərəqdəki sözlər yox, dinləyicilər üçün həqiqətən dəyərli məlumat hazırladığına əminlik kömək edəcək.
Ucadan məşq et. Məşq etməyin sayəsində fikirlərini şifahi ifadə etməyi bacardığına əmin olacaqsan. Məşq edən zaman müəyyən obrazlar yaddaşa həkk olunur və sonra çıxış edəndə onlar asanlıqla yada düşür. Real vəziyyətdə danışırmış kimi məşq et. Dinləyiciləri gözünün önünə gətir. Çıxış zamanı olduğu kimi, ya stol arxasında otur, ya da ayaq üstə dur.
Kömək üçün Yehovaya dua et. Yehova bu cür duaya cavab verəcəkmi? «Allahın qarşısında malik olduğumuz cəsarət isə bundan ibarətdir ki, əgər biz Onun iradəsinə uyğun şəkildə bir şey diləyiriksə, O bizi eşidir» (1 Yəh. 5:14). Əgər Allahı izzətləndirməyi və insanlara Onun Kəlamından faydalanmağa kömək etməyi arzulayırsansa, duan cavabsız qalmayacaq. Bu cür əminlik tapşırığını yerinə yetirmək üçün səni çox möhkəmləndirəcək. Bundan başqa ruhun səmərəsi olan məhəbbət, sevinc, sülh, həlimlik və özünə hakim olmaq kimi keyfiyyətləri özündə tərbiyə etdirdikcə, səndə vəziyyətlərin öhdəsindən təmkinlə gəlmək üçün lazım olan düşüncə tərzi formalaşacaq (Qalat. 5:22, 23).
Təcrübə topla. Xidmətdə çox iştirak etdikcə, həyəcanın azalacaq. Yığıncaq görüşlərində nə qədər çox şərh versən, başqalarının qarşısında danışmaq bir o qədər asan olacaq. Yığıncaq qarşısında daha çox çıxış etdikcə, güman ki, çıxışdan öncə keçirdiyin həyəcan hər dəfə azalacaq. Daha tez-tez çıxış etmək istəyərdinmi? Belə isə, məktəbdə başqaları öz tapşırıqlarını yerinə yetirə bilməyəndə onları əvəz etməyə hazır ol.
Yuxarıda sadalanan addımları atdıqdan sonra, təmkinliliyin çatışmadığını göstərən əlamətləri nəzərdən keçirmək faydalı olardı. Əlamətləri müəyyən etmək və onların öhdəsindən gəlməyin üsullarını öyrənmək təmkinlə danışmağa kömək edəcək. Bu əlamətlər özünü hərəkətlərdə və səsdə büruzə verə bilər.
Hərəkətlər. Təmkinli olmaq və ya onun çatışmaması özünü duruşda, əllərin hərəkətində büruzə verir. Əvvəlcə əllər haqda danışaq. Natiqin əllərini arxada bir-birinə möhkəm sıxması, yanlara sallayıb hərəkətsiz halda saxlaması, yaxud kürsüdən bərk-bərk tutması, əlini tez-tez cibinə salıb-çıxarması, düymələri açıb-bağlaması, yersiz yerə yanağına, burnuna toxunması, eynəyi düzəltməsi, saatı, qələmi, üzüyü oynatması, qeydləri götürüb-qoyması, əlləri ilə qırıq-qırıq, natamam jestlər etməsi — bütün bunlar təmkinliliyin çatışmadığını göstərir.
Təmkinliliyin çatışmaması həm də aramsız olaraq ayağın birini qoyub, o birini götürməkdə, gah o tərəfə, gah bu tərəfə yırğalanmaqda, farağat komandası alıbmış kimi durmaqda, yaxud belini bükməkdə, tez-tez dodaqları yalamaqda, udqunmaqda, intensiv və səthi nəfəs almaqda özünü göstərə bilər.
Məqsədyönlü surətdə səy göstərməklə bütün bunlardan yaxa qurtarmaq olar. Hər dəfə yalnız birinin üzərində işlə. Bir əlaməti seç və onun öhdəsindən gəlmək üçün nə etmək lazım gəldiyini qabaqcadan müəyyən et. Bu cür səy göstərsən, kənardan təmkinli olduğun görünəcək.
Səs. Həyəcanlananda səs qeyri-adi tərzdə yüksək və ya titrək olur. Yaxud adam tez-tez boğazını arıtlayır və ya həddindən artıq sürətlə danışır. Səsi tənzimləmək üçün səy göstərməklə bu problemlərin və ya vərdişlərin öhdəsindən gəlmək olar.
Əgər həyəcan keçirirsənsə, kürsüyə qalxmazdan əvvəl bir neçə dəfə dərindən nəfəs al. Bütün bədənini boş tutmağa çalış. Həyəcanın haqqında düşünmək əvəzinə, diqqətini hazırladığın materialı dinləyicilərə nə üçün çatdırmaq istədiyinə yönəlt. Danışmağa başlamazdan əvvəl auditoriyaya bax, mehriban sima tap və gülümsə. Giriş sözlərini tələsmədən söylə, sonra getdikcə bütün fikrini çıxışına cəmlə.
Hansı nəticələri gözləmək olar? Həyəcanın tamamilə keçib gedəcəyini gözləmə. İllərlə təcrübəsi olan natiqlər belə, auditoriya qarşısına çıxmazdan əvvəl həyəcan keçirirlər. Ancaq onlar özlərini ələ almağı öyrənmişlər.
Əgər həyəcanın zahiri əlamətlərini aradan qaldırmaq üçün cidd-cəhdlə çalışsan, dinləyicilərin sənə təmkinli natiq kimi baxacaqlar. Bəlkə də sən həyəcan keçirəcəksən, amma onların bundan xəbəri olmayacaq.
Yadda saxla ki, insanda həyəcanın əlamətlərini yaradan adrenalinin artması, həm də bədəndə enerjinin artmasına səbəb olur. Bundan şövqlə danışmaq üçün istifadə et.
Bütün bunları məşq etmək üçün səhnəyə çıxmağı gözləmək lazım deyil. Gündəlik həyatda təmkinli olmağı, özünü ələ almağı və danışarkən müvafiq hissləri ifadə etməyi öyrən. Bunun səhnədə və təbliğdə əminlik hiss etməyinə çox böyük köməyi dəyəcək. Bu isə çox vacibdir.