Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 15/7 s. 12—15
  • «Qorxma, sənə kömək edəcəyəm»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Qorxma, sənə kömək edəcəyəm»
  • Gözətçi qülləsi 2010
  • Başlıqlar
  • Oxşar material
  • Allahdan qorxan padşah və pis hökmdar
  • Təcrid olunsalar da sadiqdirlər
  • Şübhə toxumları əkmək cəhdi boşa çıxır
  • Hədə-qorxudan necə qorunmalı?
  • Şirnikdirici təsirlərə qarşı dur
  • Yehova bizi tərk etməyəcək
  • Yehovanın mələyi Hizqiyyəni qoruyur
    Müqəddəs Kitab dünyasına səyahət
  • Hizqiyyə imanına görə mükafat aldı
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
  • Başçılar bizim üçün hansı əhəmiyyəti daşıyır?
    Gözətçi qülləsi 2013
  • «Öz idrakına etibar etmə»
    Gözətçi qülləsi 2011
Gözətçi qülləsi 2010
w10 15/7 s. 12—15

«Qorxma, sənə kömək edəcəyəm»

İSA şagirdlərini qabaqcadan xəbərdar etmişdi: «İblis sizlərdən bəzilərini zindana atacaq ki, imtahan olunasınız». Lakin bu sözləri söyləməzdən əvvəl İsa demişdi: «Çəkəcəyin ələmlərdən qorxma». Şeytan Padşahlığın təbliğ işini dayandırmaq üçün bizi həbs cəzası ilə qorxutmağa davam etdiyindən bəzi hökumətlərin həqiqi məsihçiləri təqib edəcəyi ehtimalı labüddür (Vəhy 2:10; 12:17). Bunu nəzərə alaraq, Şeytanın fəndlərinə hazır olmağa və İsanın məsləhət verdiyi kimi ‘qorxmamağa’ bizə nə kömək edəcək?

Sözsüz ki, əksəriyyətimizin bəzən qorxu hissi keçirdiyi anlar olur. Amma Allahın Kəlamı bizi əmin edir ki, Yehovanın köməyi ilə qorxu üzərində qələbə çala bilərik. Yehova bizi təqiblərə hazırlamaq üçün Şeytanın və onun tərəfdarlarının istifadə etdiyi fəndləri açıqlayır (2 Kor. 2:11). Bunu necə etdiyini başa düşmək üçün gəlin Müqəddəs Kitabın yazıldığı dövrdə baş verən bir hadisəyə nəzər salaq. Biz həmçinin müasir dövrdə yaşayan və ‘İblisin hiylələrinə qarşı duran’ bəzi sadiq həmimanlılarımızın nümunəsinə də diqqət yetirəcəyik (Efes. 6:11—13).

Allahdan qorxan padşah və pis hökmdar

B. e. ə. 8-ci əsrdə Aşşur imperiyasının pis hökmdarı Sanxeriv bəzi xalqların üzərində bir sıra qələbələr qazandı. Bu qələbələrdən sonra özünə tam güvənən padşah Yehovanın xalqını və Allahdan qorxan Xizqiyanın hökmranlıq etdiyi şəhəri — Yəhudeyanın paytaxtı Yerusəlimi zəbt etmək arzusuna düşdü (2 Pad. 18:1—3, 13). Şübhəsiz, Şeytan fürsətdən istifadə edib həqiqi ibadəti yer üzündən tamamilə silmək üçün Sanxerivi öz niyyətini həyata keçirməyə təhrik etdi (Yar. 3:15).

Təslim olmaq tələbi ilə Sanxeriv, nümayəndələri də daxil olmaqla, öz elçisini Yerusəlimə göndərdia (2 Pad. 18:17). Elçi istəyirdi ki, israillilərin əminliyini və cəsarətini yox etsin, beləliklə də onlar döyüşsüz təslim olsunlar. Yəhudilərin ürəyinə qorxu salmaq üçün o, hansı üsullara əl atdı?

Təcrid olunsalar da sadiqdirlər

Elçi Xizqiyanın nümayəndələrinə dedi: «Böyük padşah — Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən? Yəqin sən əzilmiş qamış çubuğuna — Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər”» (2 Pad. 18:19, 21). Onun ittihamları yalan idi, çünki Xizqiya Misirlə heç bir ittifaqa girməmişdi. Bununla belə, irəli sürdüyü bu ittihamlarla Sanxerivin elçisi yəhudilərin növbəti sözləri yaxşı yadda saxlamalarını istəyirdi: «Heç kim sizə kömək etməyəcək. Siz təcrid olunmusunuz».

Bu yaxınlarda da həqiqi ibadətə qarşı çıxanlar məsihçilərin ürəyinə qorxu salmaq üçün onları təcrid edəcəkləri ilə hədələyirdilər. Əqidəsinə görə zindana atılan və uzun illər həmimanlılarından uzaq düşən bir məsihçi bacı qorxuya üstün gəlməyə ona nə kömək etdiyini sonralar nəql edir: «Yehovaya yaxınlaşmaqda mənə kömək edən dua oldu... Yeşaya 66:2 ayəsində Allahın «həlim və ruhu əzilmiş» insanlara nəzər salması haqqında yazılan sözlər yadımdan heç çıxmırdı. Bu sözlər həmişə mənim üçün güc və böyük təsəlli mənbəyi idi». Buna bənzər sözləri illər ərzində birnəfərlik kamerada yatan bir qardaş da deyir: «Mən başa düşdüm ki, Yehova ilə yaxın münasibəti olan insan üçün kiçik dördbucaqlı kamera həmçinin kainat da ola bilər». Bəli, başqalarından ayrı düşmələrinə tab gətirməkdə bu iki məsihçiyə güc verən Yehova ilə sıx münasibətləri idi (Məz. 9:9, 10). Həbsdə olan Şahidlər bilirlər ki, təqibçiləri onları ailələrindən, dostlarından və həmimanlılarından ayıra bilərlər, Yehovadan isə əsla! (Rom. 8:35—39).

Buna görə də hər bir imkandan istifadə edərək Yehova ilə münasibətlərimizi möhkəmləndirmək necə də vacibdir! (Yaq. 4:8) Hər zaman özümüzdən soruşmalıyıq: «Yehova mənim üçün nə dərəcədə realdır? Onun sözləri gündəlik həyatımda qəbul etdiyim istər kiçik, istərsə də böyük qərarlarıma güclü təsir edirmi?» (Luka 16:10) Allahla yaxın münasibətimizi qorumağa çalışırıqsa, onda qorxmağa heç bir əsasımız yoxdur. Yeremya narahatçılıq keçirən yəhudilərin adından danışaraq demişdi: «Ya Rəbb, ismini o quyunun dibindən səslədim... Səni çağıranda yanıma gəldin, mənə “qorxma” söylədin» (Mərs. 3:55—57).

Şübhə toxumları əkmək cəhdi boşa çıxır

Padşahın elçisi yalan iddialar irəli sürərək xalqın ürəyində şübhə toxumları əkməyə çalışırdı. O dedi: «Məgər bu həmin Allah [Yehova] deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı?.. Rəbb mənə “bu ölkəyə hücum edib onu viran et” dedi» (2 Pad. 18:22, 25). Bununla o sübut etmək istəyirdi ki, Yehova xalqından narazıdır və onların uğrunda müharibə etməyəcək. Ancaq bu, ağ yalan idi. Əksinə, Yehova Xizqiyadan və həqiqi ibadətə qayıdan yəhudilərdən razı idi (2 Pad. 18:3—7).

Bu gün fitnəkar təqibçilər məsihçilərlə ümumi dil tapmaq məqsədilə doğru məlumatdan bir hissə götürüb onlarla bölüşür, eyni zamanda isə şübhə toxumları səpmək ümidilə gizli şəkildə həqiqəti yalanla qarışdırırlar. Məsələn, həbsdə olan bacı-qardaşlara bəzən deyirdilər ki, rəhbərləri imandan dönüblər və onların da belə etməyə tam haqqı var. Lakin bu kimi iddialar dərrakəli məsihçilərin ürəyinə şübhə toxumları səpə bilməz.

İkinci Dünya müharibəsi zamanı bir bacının başına nələrin gəldiyinə baxaq. Həbsdə olarkən ona bir məsul qardaşın imandan döndüyünə şəhadət edən yazılı bildiriş göstərdilər. Müstəntiq ondan həmin Şahidə etibar edib-etmədiyini soruşdu. Bacının cavabı isə belə oldu: «O, sadəcə qeyri-kamil bir insandır». Sonra o əlavə etdi ki, həmin qardaş Müqəddəs Kitab prinsiplərinə riayət etdiyi müddətdə Yehova ondan istifadə edirdi. «Lakin Müqəddəs Kitab prinsiplərini rədd edəndən sonra artıq mənim qardaşım deyil». Sadiqliyini qoruyan bu bacı Müqəddəs Kitabın növbəti xəbərdarlığına müdrikcəsinə yanaşırdı: «Əsilzadələrə, sizi qurtara bilməyən bəşər oğluna güvənməyin» (Məz. 146:3).

Allahın Kəlamından dəqiq bilik əldə etmək və oradakı məsləhətləri icra etmək bizə sadiq qalmaq əzmimizi zəiflədə bilən yalan iddialardan özümüzü qorunmağa kömək edəcək (Efes. 4:13, 14; İbr. 6:19). Buna görə də, təzyiqlərlə üzləşən zaman sağlam düşünməyə özümüzü hazırlamaq üçün həyatımızda birinci yerə Müqəddəs Kitabı gündəlik oxumağı və şəxsi öyrənməni qoymalıyıq (İbr. 4:12). Bəli, indi biliyimizi artırmağın və imanımızı möhkəmləndirməyin əsil vaxtıdır! Uzun illər birnəfərlik kamerada həbsdə olan bir qardaş deyir: «Aldığımız bütün ruhani qidanı lazımınca qiymətləndirməyə hər kəsi təşviq etmək istəyərdim, çünki bunların bizə müəyyən vaxtlarda necə fayda gətirəcəyini bilmirik». Əgər biz Allahın Kəlamını və sadiq qulun bu gün təqdim etdiyi nəşrləri diqqətlə araşdırırıqsa, həyatımızın çətin anlarında müqəddəs ruh vaxtilə öyrəndiyimiz şeyləri bizə «xatırladacaq» (Yəh. 14:26).

Hədə-qorxudan necə qorunmalı?

Padşahın elçisi yəhudilərə hədə-qorxu gəlməyə çalışırdı. O deyirdi: «İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm. Görək sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən?» (2 Pad. 18:23, 24) İnsan nöqteyi-nəzəri ilə Xizqiya və onun xalqı üçün qüdrətli Aşşur ordusuna qarşı durmaq qeyri-mümkün idi.

Bu gün də təqibçilər, xüsusilə hakimiyyətin dəstəyi ilə, həddən artıq güclü görünə bilərlər. Nümunə üçün İkinci Dünya müharibəsi zamanı nasist təqibçilərini qeyd etmək olar. Onlar Allahın bir çox xidmətçilərini hədələməyə çalışırdılar. Uzun illər həbsdə olan bir qardaşımız sonralar onu necə hədələdiklərini danışır. Bir dəfə zabitlərdən biri ondan soruşur: «Qardaşının necə güllələndiyini gördün? Bu, sənə dərs oldu?» Qardaşın cavabı isə belə oldu: «Mən Yehovanın Şahidiyəm və Şahidi olaraq qalacağam». «Onda növbəti güllələnən sən olacaqsan», — deyə zabit onu təhdid etdi. Hər şeyə rəğmən qardaşımız möhkəm durdu, zabit də onu hədələməkdən əl çəkdi. Bu cür hədə-qorxu qarşısında möhkəm qalmağa ona nə kömək etdi? Bu suala o, özü cavab verir: «Mən Allahın adına güvənirdim» (Sül. məs. 18:10).

Bütünlüklə Yehovaya arxalanmaqla Şeytanın bizə ruhani cəhətdən zərər vurmaq məqsədilə əl atdığı hər şeydən bizi qoruyan böyük qalxanı əlimizə götürmüş oluruq (Efes. 6:16). Buna görə də, yaxşı olardı ki, duada Yehovadan imanımızı möhkəmləndirməsini xahiş edək (Luka 17:5). Bundan əlavə, sadiq və ağıllı qulun imanımızı möhkəmləndirmək üçün təqdim etdiyi şeylərdən faydalanmalıyıq. Təhdid olunan zaman inadkar xalqa hökm xəbərini çatdıran Yezekel peyğəmbərə Yehovanın verdiyi əminliyi yada salaraq möhkəmlənirik. Yehova ona demişdi: «Mən səni də onlar kimi inadkar edəcəyəm, onlar kimi dikbaş edəcəyəm. Sənin inadını çaxmaq daşından möhkəm olan almaz kimi möhkəm edəcəyəm» (Yez. 3:8, 9). Lazım gələrsə, Yehova bizi də almaz kimi möhkəm edə bilər.

Şirnikdirici təsirlərə qarşı dur

Düşmənlər istifadə etdikləri bütün cəhdlərin boşa çıxdığını görəndə fikir veriblər ki, şirnikdirici təkliflər bəzən insanın sadiqliyini sarsıda bilir. Elə padşahın elçisi də bu üsula əl atdı. O, Yerusəlim əhalisinə dedi: «Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin... Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə — buğda, şərab, çörək, üzüm bağları, zeytun yağı və bal olan bir torpağa aparacağam. Beləcə ölməyib sağ qalarsınız”» (2 Pad. 18:31, 32). Təzə çörək yeyib şərab içmək imkanı şəhər divarlarının arxasında mühasirədə olan insanların qulağına xoş gəlirdi!

Həbsdə olan missionerin əzmini sındırmaq məqsədilə bir dəfə belə bir üsula əl atılmışdı. Qardaşa demişdilər ki, altı ay ərzində «gözəl bağda» yerləşən «qəşəng evdə» yaşamaq istəyirsə, onda bu haqda düşünsün. Amma qardaş sadiqliyini qorumağa və məsihçi prinsiplərinə güzəştə getməməyə qəti qərarlı idi. Ona nə kömək etdi? Sonralar o bunu belə izah edir: «Mən Padşahlıq haqqında real ümid kimi düşünürdüm... Allahın Padşahlığı haqqında biliyin köməyi ilə möhkəmlənməyin, buna əmin olmağın, bir an da olsun, onun real olduğuna şübhə etməməyin sayəsində sadiqliyimdən dönmədim».

Bəs bizim üçün Allahın Padşahlığı necə real ola bilər? Qəbilə başçısı İbrahim, həvari Pavel və İsanın özü çətin sınaqlardan başıuca çıxmağa tam müvəffəq olmuşlar. Çünki Padşahlıq onlar üçün real idi (Filip. 3:13, 14; İbr. 11:8—10; 12:2). Padşahlığı həyatımızda birinci yerə qoymağa davam etsək və onun gətirəcəyi əbədi xeyir-duaları yadımızda saxlasaq, biz də sınaqlardan müvəqqəti yaxa qurtarmaq üçün edilən şirnikdirici təklifləri rədd edə biləcəyik (2 Kor. 4:16—18).

Yehova bizi tərk etməyəcək

Yəhudiləri qorxutmaq üçün padşahın elçisinin etdiyi bütün cəhdlərə rəğmən Xizqiyanın həm özü, həm də təbəələri Yehovaya tamamilə arxalandılar (2 Pad. 19:15, 19; Yeşaya 37:5—7). Yehova isə, öz növbəsində, onların kömək üçün etdikləri dualara cavab olaraq Öz mələyini göndərdi ki, Aşşur düşərgəsinin 185 000 əsgərini bir gecədə məhv etsin. Səhərisi gün Sanxeriv ordusunun az sayda qalan hissəsi ilə birgə kor-peşman paytaxt Ninevaya qayıtdı (2 Pad. 19:35, 36).

Yehovanın Ona güvənənləri tərk etmədiyi göz qabağındadır. Sınaqlara tab gətirən bacı-qardaşların müasir nümunələri göstərir ki, Yehova bu gün də belə davranır. Əbəs yerə səmavi Atamız bizi əmin etmir: «Sənin sağ əlindən tutub “Qorxma, sənə kömək edəcəyəm” deyən Allahın Rəbb Mənəm» (Yeşaya 41:13).

[Haşiyə]

a Bu elçi məşhur Aşşur məmuru idi və onun adı ilə bağlı heç bir məlumat yoxdur.

[13-cü səhifədəki yazı]

Öz Kəlamında Yehova xidmətçilərini 30 dəfədən çox əmin edir: «Qorxma»

[12-ci səhifədəki şəkil]

Padşah elçisinin işlətdiyi fəndlər Allahın müasir xalqına qarşı işlənilən fəndlərə nədə bənzəyir?

[15-ci səhifədəki şəkillər]

Yehova ilə sıx münasibətlərin sayəsində sınaqlar zamanı nöqsansızlığımızı qoruya biləcəyik

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş