İllik görüş haqqında hesabat
Birlik və maraqlı planlarla yadda qalan görüş
GÖZƏTÇİ QÜLLƏSİ, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) sayca 127-ci illik görüşü, hər zaman olduğu kimi, böyük sevincə səbəb olmuşdu. Bu görüş 2011-ci il oktyabrın 1-də, şənbə günü keçirilmişdi! Dünyanın hər yerindən dəvət olunan qonaqlar Cersi-Siti şəhərindəki (ABŞ, Nyu–Cersi) Yehovanın Şahidlərinin Konqres zalında toplaşmışdılar.
Böyük sevinc içində olan qonaqları Rəhbərlik Şurasının üzvü Qerit Löş salamladı. Qardaş 85 ölkədən olan nümayəndələrə müraciətində aralarında beynəlxalq birliyin hökm sürdüyünü qeyd etdi. İnsanlar üçün gözəl şahidlik olan bu birlik həm də Yehovaya izzət gətirir. Ümumiyyətlə, birlik mövzusu görüş ərzində tez-tez təkrarlanırdı.
MEKSİKADAN ŞAD XƏBƏRLƏR
Proqramın birinci hissəsi Yehovanın xalqı arasındakı birliyin bariz nümunəsi idi. Meksika Bet-Elindən Baltasar Perla həmin filialda xidmət edən üç nəfərdən müsahibə götürdü. Onlar Mərkəzi Amerikadakı altı filialın Meksika filialına birləşdirilməsi barədə danışdılar. Bunun sayəsində Meksikadakı Bet-El ailəsi daha da beynəlmiləl oldu. Başqa ölkələrdən bacı-qardaşların Meksika Bet-El ailəsinin üzvü olması sayəsində hamı qarşılıqlı olaraq ruhlandı. Sanki, Allah əlinə böyük pozan götürüb millətlər arasındakı sərhədləri silmişdi.
Bu birləşmə çətinliklərsiz ötüşmədi. Onlardan biri filialların fəaliyyəti dayandırıldığı ölkələrdə təbliğçilərin özlərini Yehovanın təşkilatından təcrid olunmuş hiss etmələri idi. Onlara kömək etmək məqsədilə hər yığıncağa təhlükəsiz elektron ünvan verildi. Bunun sayəsində hətta ucqar ərazilərdə olan yığıncaqlar da filialla birbaşa əlaqə saxlaya bilərlər.
YAPONİYADAN SON XƏBƏRLƏR
Yaponiya filialından olan Ceyms Linton 2011-ci ilin mart ayında burada baş verən zəlzələ və sunamidən sonra qardaşlarımızın vəziyyəti barədə məlumat verdi. Həmin fəlakət zamanı bir çox həmimanlılarımız öz doğmalarını, eləcə də əşyalarını itirmişdilər. Zərər dəymiş ərazidən kənarda yaşayan bacı-qardaşlar zərərçəkmiş həmimanlılarımıza 3100 ev və yüzlərlə nəqliyyat vasitəsi təqdim etmişdilər. Regional tikinti komitələri ilə əməkdaşlıq edən könüllülər qardaşların evlərini təmir etmək üçün gecələrini gündüzlərinə qatıb işləyirdilər. 1700-dən çox könüllü tələbat olan yerlərdə xidmət edirdi. Birləşmiş Ştatlardan gələn 575 könüllüdən ibarət bir qrup Padşahlıq zallarının bərpası ilə məşğul olurdu.
Zərərçəkənlərin ruhani və emosional tələbatlarına da böyük diqqət yetirilirdi. 400-dən çox ağsaqqal onlara baş çəkib ruhlandırırdı. Rəhbərlik Şurasının qayğısını mərkəzi idarədən olan filiallar üzrə iki nəzarətçini bacı-qardaşları ruhlandırmaq üçün həmin əraziyə göndərməsindən də görmək olar. Dünyanın müxtəlif guşələrindən olan Şahidlərin onlara görə narahat olduqlarını bildirmələri həmin bacı-qardaşlar üçün böyük təsəlli idi.
HÜQUQİ QƏLƏBƏLƏR
Britaniya filialından Stiven Hardi bu yaxınlarda əldə olunan hüquqi qələbələrdən danışarkən dinləyicilər böyük maraqla ona qulaq asırdılar. Məsələn, Fransa hökuməti bizim bu ölkədə istifadə etdiyimiz assosiasiyadan 82 milyon ABŞ dolları dəyərində vergi ödəməyi tələb edirdi. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bizim xeyrimizə qərar çıxaranda bu məsələ həll olundu. Həmin qərara əsasən, Fransa hökuməti din azadlığını müdafiə edən Avropa Konvensiyasının 9-cu maddəsini pozmuşdu. Qərarın ifadə tərzi göstərdi ki, bu məsələ heç də pulla bağlı deyildi: «Dini assosiasiyanı tanımaqdan imtina etmək, onu bağlamaq cəhdi, eləcə də dini hərəkata qarşı istifadə olunan təhqiramiz danışıq — bunların hamısı Konvensiyanın 9-cu maddəsinin müdafiə etdiyi hüquqa müdaxilədir».
AİHM-nin Ermənistanla əlaqədar çıxardığı qərar da bizim xeyrimizə oldu. 1965-ci ildən AİHM bu mövqedə idi ki, Avropa Konvensiyası insanları icbari hərbi xidmətdən qorumur. Avropa məhkəməsinin ən yüksək orqanı olan Böyük Palata qət etmişdi ki, şikayətçiləri «hərbi xidmətdən imtina etməyə hərbi xidmətə getmək borcu ilə ciddi və dəfedilməz ziddiyyət təşkil edən möhkəm dini etiqadları təşviq etdiyi» hallarda, onların bu hüququ Avropa Konvensiyası tərəfindən müdafiə edilməlidir. Bu qərar Ermənistanın, eləcə də Azərbaycan və Türkiyə kimi dövlətlərin üzərinə bu hüququ tanımaq öhdəliyini qoyur.
TİKİNTİ LAYİHƏLƏRİ
Növbəti məruzə ilə Rəhbərlik Şurasının üzvü Qay Pirs çıxış etdi. O vurğuladı ki, burada iştirak edənlərin hamısını Nyu–York ştatındakı tikinti layihələrimiz maraqlandırır. Qardaş Uolkilldə, Patersonda, eləcə də Uorik və Taksidoda (Nyu–York) bu yaxınlarda alınan yeni torpaq sahələrindəki işlərin gedişatı barədə videofilm təqdim etdi. 2014-cü ildə Uolkilldə tikintisi başa çatdırılması planlaşdırılan yeni yaşayış binasında 300 əlavə otaq olacaq.
Uorikdəki 100 hektarlıq torpaq sahəmizə dair də planlarımız var. Pirs qardaş dedi: «Yehovanın Uoriklə əlaqədar niyyətinin nədən ibarət olduğuna əmin olmasaq da, biz Yehovanın Şahidlərinin ümumdünya mərkəzini buraya köçürmək planını cızırıq». Tikinti gedən müddətdə maşın avadanlıqlarını və tikinti materiallarını Uorikdən 10 kilometr şimalda yerləşən 20 hektarlıq torpaq sahəsində saxlamaq planlaşdırılır. Pirs qardaş sözünə davam edərək dedi: «Tikintiyə başlamaq üçün icazə aldıqdan sonra ümidvarıq ki, bütün layihəni dörd ilə başa çatdıracağıq. Sonra Bruklindəki əmlakımızı satmaq olar».
Qardaş soruşdu: «Bu o deməkdirmi ki, Rəhbərlik Şurası böyük müsibətin yaxın olduğuna dair fikrini dəyişib? Qətiyyən yox, — deyə qardaş cavab verdi. — Əgər böyük müsibət bizim planlarımıza mane olsa, bu, gözəl, hətta əla olacaq!»
ÖZÜNÜZÜ NƏRİLDƏYƏN ŞİRDƏN GÖZLƏYİN
Növbəti məruzəçi — Rəhbərlik Şurasının digər üzvü Stiven Lett 1 Peter 5:8 ayəsini müzakirə etdi: «Ayıq-sayıq olun, oyaq durun. Düşməniniz İblis nərildəyən şir kimi gəzib udmağa adam axtarır». Lett qardaş qeyd etdi ki, şirlərin müəyyən cəhətləri Peterin İblisi bu heyvanla müqayisəsini münasib edir.
Şirlər insanlardan daha güclü və cəld olduğu üçün biz Şeytanla təkbətək mübarizə aparmağa və ya onu «ötüb-keçməyə» çalışmamalıyıq. Biz Yehovanın köməyinə möhtacıq (Yeşaya 40:31). Şir öz şikarını pusquda duraraq ovlayır. Şeytanın qurbanı olmamaq üçün özümüzü ruhani zülmətdən gözləməliyik, çünki məhz belə vaxtda Şeytan ova çıxır. Şirlər zərərsiz antilopları və yatan bala zebraları öldürdüyü kimi, Şeytan da mərhəmətsizdir və böyük məmnuniyyətlə axırımıza çıxardı. Şir qarnını doyuzdurduqdan sonra onun şikarı, adətən, tanınmaz hala düşdüyü kimi, Şeytanın da ruhani qurbanlarının «axırları əvvəllərindən daha betər olur» (2 Pet. 2:20). Buna görə də biz Şeytana qarşı möhkəm durmalıyıq və öyrəndiyimiz Müqəddəs Kitab prinsiplərindən ikiəlli yapışmalıyıq (1 Pet. 5:9).
YEHOVANIN EVİNDƏKİ YERİNİ QİYMƏTLƏNDİR
Daha sonra Rəhbərlik Şurasının digər üzvü Samuel Herd çıxış etdi. O dedi: «Bizim hamımızın Yehovanın evində yerimiz var». Hər bir məsihçinin Yehovanın «evində» — Onun ruhani məbədində, yəni İsanın fidyə qurbanlığı sayəsində bizə Ona ibadət etməyimizə imkan verən quruluşda yeri var. Biz Allahın evindəki yerimizi qiymətləndirməli və orada olmağı şərəf hesab etməliyik. Davud kimi, biz də bütün ömrümüz boyu Rəbbin evində yaşamağı arzulayırıq (Məz. 27:4).
Herd qardaş Məzmur 92:12—14 ayələrinə istinad edərək soruşdu: «Yehova bizim tərəqqi etməyimiz üçün necə şərait yaradıb?» O cavab verdi: «Allah ruhani cənnətdə bizi isindirir, qoruyur və həqiqət suları ilə təravətləndirir». Qardaş: «Gəlin bütün bu şeylərə görə Ona minnətdar olaq. Gəlin Yehovanın evində olmağımızla qane olaq və burada qısa müddət yox, əbədiyyən qalaq», — deyə dinləyiciləri təşviq etdi.
MƏSİHÇİLƏR ALLAHIN KƏLAMINA HÖRMƏT BƏSLƏYİRLƏR
Növbəti nitqi Rəhbərlik Şurasının digər üzvü Devid Spleyn söylədi. O, həqiqi məsihçilərin Allahın Kəlamına həmişə hörmət bəslədiyini izah etdi. Birinci əsrdə sünnət məsələsini həll etmək üçün onlar məhz Müqəddəs Kitabdan istifadə etmişdilər (Həv. iş. 15:16, 17). Lakin ikinci əsrdə özünü Məsihin davamçıları adlandıran və yunan fəlsəfəsinə bələd olan bəzi şəxslər öz intellektual tələbatlarını təmin etməyi Müqəddəs Yazılardan üstün tutmağa başladılar. Sonradan digərləri Müqəddəs Kitab təlimlərini Kilsə atalarının, eləcə də Roma imperatorlarının fikirləri ilə əvəz etdilər. Bunun ucbatından çoxsaylı yalan təlimlər yarandı.
Spleyn qardaş izah etdi ki, İsanın çəkdiyi məsələ əsasən, yer üzündə həqiqəti müdafiə edən həqiqi məsh olunmuş məsihçilər olacaqdı (Mat. 13:24—30). Biz onların kim olduğunu əminliklə deyə bilmərik. Amma əsrlər ərzində bir çox insanlar Müqəddəs Kitaba zidd olan təlimlərə, adət və ənənələrə qarşı çıxmışlar. 9-cu əsrdə arxiyepiskop Lionlu Aqobard, 12-ci əsrdə Pyer de Bruys, Lozannalı Henri, Valdo, 14-cü əsrdə Con Uiklif, 16-cı əsrdə Vilyam Tindal, eləcə də 19-cu əsrdə Henri Qru və Corc Storz onlardan bəziləri idi. Bu gün Yehovanın Şahidləri Allahın Kəlamındakı qaydalara əməl etməyə davam edirlər və Müqəddəs Kitabı həqiqətin əsası kimi qəbul edirlər. Məhz bu səbəbə görə Rəhbərlik Şurası 2012-ci ilin illik ayəsi kimi Yəhya 17:17 ayəsini seçib: «Sənin sözün həqiqətdir».
TƏLİM VƏ XİDMƏT SAHƏSİNDƏ SEVİNDİRİCİ DƏYİŞİKLİKLƏR
Rəhbərlik Şurasının üzvü Entoni Moris xüsusi təyinatlı müjdəçilər və xüsusi pionerlərlə bağlı dəyişiklikləri elan etdi. 2012-ci ilin sentyabr ayından etibarən bəzi ölkələrdə Məsihçi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbi keçiriləcək. Gilead Məktəbinin məqsədi dəyişildi. Ötən ilin oktyabr ayından başlayaraq Gilead Məktəbində xüsusi tammüddətli xidmətin müəyyən növlərində olan həmimanlılarımız — Gilead Məktəbini keçməyən xüsusi təyinatlı müjdəçilər, xüsusi pionerlər, səyyar nəzarətçilər və bet-ellilər təlim keçirlər. Məzunlar istər filiallardan, istər səyyar xidmətdə, istərsə də sıx əhalisi olan ərazilərdə yığıncaqları xidmətdə fəal olmağa təşviq etməklə Allahın xalqını möhkəmləndirmək üçün istifadə olunacaqlar.
Üstəlik, xüsusi pionerlər təbliğçilərin ayağı dəymədiyi ucqar və təcrid olunmuş ərazilərə təyin olunacaqlar. 2012-ci ilin yanvarın birindən etibarən Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbini, eləcə də Məsihçi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbini bitirən bəzi məzunlar müvəqqəti olaraq xüsusi pioner təyin olunurlar və onlar təbliğçilərin olmadığı və ya az olduğu ucqar ərazilərə göndərilirlər. Onların təyinatı bir ildən üç ilədək davam edir. Öz xidmətlərində müvəffəqiyyətli olanlar daimi təyinat alacaqlar.
2011-ci ilin illik görüşü çox sevindirici keçdi. Təbliğ fəaliyyətimizi genişləndirmək və ümumdünya qardaşlığımızda hökm sürən birliyi möhkəmləndirmək məqsədilə edilən bu dəyişikliklərə Yehovanın xeyir-dua verməsini gözləyirik. Bunların hamısı Yehovanın daha çox izzətlənməsi üçün edilir.
[18 və 19–cu səhifədəki çərçivə/şəkillər]
MÜSAHİBƏLƏR
Proqramın yaddaqalan hissələrindən biri də Rəhbərlik Şurasının vəfat etmiş üzvlərinin həyat yoldaşlarından götürülən müsahibələr oldu. Müsahibədə dul qalmış doqquz bacıdan beşi — Marina Sidlik, Edit Syuter, Melita Yaraç, Melba Berri və Sidni Barber iştirak edirdi. Onlar həqiqətə necə gəldiklərindən və tammüddətli xidmətə necə başladıqlarından nəql etdilər. Hər biri dinləyicilərlə dəyərli xatirələrini, ərləri barədə düşüncələrini, eləcə də xidmətdə aldıqları xeyir-dualardan danışdı. Müsahibənin sonunda hamı şövqlə «Sadiq qadınlar, məsihçi bacılar» adlı 86 nömrəli mahnını ifa etdi.
[Şəkillər]
(Yuxarıda) Daniel və Marina Sidlik; Qrant və Edit Syuter; Teodor və Melita Yaraç
(Aşağıda) Lloyd və Melba Berri; Keri və Sidni Barber
[16–cı səhifədəki xəritə]
(Xəritəyə nəşrin özündə baxın)
Meksika filialına birləşdirilən altı filial
MEKSİKA
QVATEMALA
HONDURAS
SALVADOR
NİKARAQUA
KOSTA-RİKA
PANAMA
[17–ci səhifədəki şəkil]
Yehovanın Şahidlərinin Uorikdə (Nyu-York ştatı) mərkəzi idarəsinin layihəsi