Yeni təbliğçiləri təbliğ etməyə necə öyrətmək olar?
1. Təbliğə ilk dəfə çıxdığın zaman özünü necə hiss edirdin?
1 İlk dəfə evdən-evə təbliğə getdiyin gün yadındadırmı? Yəqin təşviş içində idin. Əgər səninlə Müqəddəs Kitabı öyrənən təbliğçi ilə və ya başqası ilə xidmətə çıxmışdınsa, şübhəsiz, onlardan kömək aldığına görə məmnun idin. İndi isə təcrübəli təbliğçisən və yeni təbliğçilərə təbliğ etməyi öyrətmək iqtidarındasan.
2. Yeni təbliğçilər nəyi öyrənməlidirlər?
2 Yeni təbliğçilər sahədəki insanlarla söhbətə necə başlamağı, qapı ağzında Müqəddəs Kitabdan istifadə etməyi, təkrar başçəkmələr etməyi, eləcə də Müqəddəs Kitab öyrənməsinə başlamağı və keçirməyi öyrənməlidirlər. Onlar həmçinin küçədə şahidlik vermək və işgüzar ərazidə olan insanlara baş çəkmək kimi təbliğin müxtəlif növlərində iştirak etməyi öyrənməlidirlər. Sən həm öz nümunənlə, həm də məsləhətlərinlə onlara xidmətin bu növlərində təkmilləşməyə kömək edə bilərsən.
3. Öz nümunəmizlə başqalarına necə kömək edə bilərik?
3 Nümunənlə öyrət. İsa şagirdlərinə necə təbliğ etməyi əyani şəkildə göstərirdi (Luka 8:1; 1 Pet. 2:21). Yeni təbliğçi ilə xidmətə çıxmağı planlaşdıranda onun təkrarlaya biləcəyi sadə təqdimələr hazırla. Belə təqdimələri bizim ədəbiyyatlarımızdan tapmaq olar. Sonra isə bir-iki qapını döyüb birinci özün təbliğ et ki, yeni təbliğçi sənin dediklərini dinləyə bilsin. Növbəti qapını döyməmişdən əvvəl təqdimənin səmərəli olması barədə nə düşündüyünü soruşa bilərsən. Bunun sayəsində o, başqaları ilə xidmətə çıxmağın dəyərini anlayacaq və təqdiməsini söylədikdən sonra verdiyin hər hansı məsləhəti daha asanlıqla qəbul edəcək.
4. Yeni təbliğçiyə təqdiməsini dinlədikdən sonra necə kömək etmək olar?
4 Məsləhət ver. İsa şagirdlərinə necə təbliğ etmələrinə dair göstərişlər də verirdi (Mat. 10:5—14). Sən də yeni təbliğçiyə bu cür kömək edə bilərsən. O danışanda diqqətlə qulaq as. Hətta təqdiməsində düzəliş etməyə ehtiyac olduğunu görsən belə, növbəti qapını döyməmişdən əvvəl, onu konkret şeylərə görə və səmimi-qəlbdən tərifləməyə çəkinmə. Məsləhət verməmişdən əvvəl, bax gör növbəti qapını döyəndə təqdiməsində düzəliş etdi, yoxsa yox. Bəlkə o, sadəcə olaraq həyacanlı idi? Bunu da yadda saxla ki, təbliğçilərin hamısının qabiliyyəti eyni deyil və çox vaxt nəyisə etməyin bir neçə düzgün yolu olur (1 Kor. 12:4—7).
5. Məsləhət vermək üçün təşəbbüsü öz üzərimizə götürən zaman nə deyə bilərik?
5 Hərdən yeni təbliğçi səndən məsləhət istəyə bilər. Amma belə etmirsə, kömək etmək üçün təşəbbüsü öz üzərinə götür. Bunu nəzakətlə necə etmək olar? Bəzi təcrübəli təbliğçilər sadəcə olaraq: «Olar, sənə bir məsləhət verim?» və ya «Bu barədə nə düşünürsən?» — deyə soruşurlar. Yaxud da belə deyə bilərsən: «Mən təzə təbliğçi olanda hesab edirdim ki,.. çətindir, ancaq bunun faydalı olduğunu gördüm...». Hərdən «Mülahizə» kitabına (rus.) birgə müraciət etmək faydalı olardı. Ruhdan salmamaq üçün təqdiməsinin yalnız bir yönünə aid məsləhət ver.
6. Xidmətə gəldikdə, hansı mənada ‘dəmir dəmiri itiləyir’?
6 Dəmir dəmiri itilər. Pavel təcrübəli müjdəçi olan Timoteyi təlim verməklə məşğul olmağa və tərəqqi etməyə təşviq edirdi (1 Tim. 4:13, 15). Uzun illər xidmət etməyindən asılı olmayaraq, daha da məharətli olmaq üçün üzərində işləməyə davam et. Xidmətdə əməkdaşlıq etdiyin təbliğçilərdən, hətta təcrübəsi az olanlardan öyrən. Eləcə də başqalarına, xüsusilə yeni təbliğçilərə xoş xəbərin məharətli təbliğçiləri olmalarına mülayimliklə kömək etməyə hazır ol (Sül. məs. 27:17).