Üçgünlük ruhani ziyafətin gətirdiyi təravət
1. Builki vilayət konqresindən hansı faydanı əldə edəcəyik?
1 Ruhani cəhətdən qurumuş torpaqlarda — Şeytanın dünyasında Yehova Öz xidmətçilərini təravətləndirməyə davam edir (Yeşaya 58:11). Yehovanın bizi möhkəmləndirmək üçün istifadə etdiyi tədbirlərdən biri hər il keçirilən vilayət konqresidir. Builki konqres yaxınlaşdığından biz ruhən təravətlənməyə və başqalarını ruhlandırmağa necə hazırlaşa bilərik? (Sül. məs. 21:5).
2. Konqreslə bağlı hansı hazırlıqları görmək lazımdır?
2 Əgər bunu hələ etməmisənsə, konqresin hər üç günündə iştirak etmək üçün indidən işlərini qaydasına sal. Konqresin keçirildiyi yerə gedib çatmaq və proqram başlamamışdan qabaq özünə yer tapmaq üçün nə qədər vaxt lazım gəldiyini götür-qoy etmisənmi? Yehovanın bizim üçün hazırladığı qüvvətləndirici ruhani ziyafətdən, cüzi də olsa, heç nəyi qaçırmaq istəməzdik! (Yeşaya 65:13, 14). Harada qalacağını və nə ilə gedəcəyini dəqiqləşdirmisənmi?
3. Sən və ailən proqramdan nəyin sayəsində tam fayda əldə edə bilər?
3 Proqram zamanı fikrini toplamağa nə kömək edə bilər? İmkan daxilində, hər gün konqresdən sonra axşamlar dincəlməyə kifayət qədər vaxt ayır. Konqresdə gözlərini çıxış edən məruzəçidən ayırma. Bütün ayələri Müqəddəs Kitabından izlə. Qısa qeydlər apar. Yaxşı olardı ki, ailələr bir yerdə otursunlar, bu zaman valideynlər uşaqlarına diqqətlərini cəmləməkdə kömək edə bilərlər (Sül. məs. 29:15). Hər axşam ailəlikcə proqramın əsas fikirlərini müzakirə edə bilərsiniz. Ailəniz hətta konqresdən sonra da proqramdan faydalana bilər, məsələn, ailəvi ibadət axşamlarında ailənizin tətbiq edə biləcəyi müəyyən fikirləri müzakirə etmək üçün vaxt ayırmaq olar.
4. Yığıncağımızda başqalarının da ruhən təravətlənməsinə necə kömək edə bilərik?
4 Başqalarına ruhən təravətlənməyə kömək et. Biz başqalarının da ruhən təravətlənməsini istəyirik. Konqresə getmək üçün köməyə ehtiyacı olan yaşlı və ya başqa təbliğçilər varmı? Sən onlara kömək edə bilərsənmi? (1 Yəh. 3:17, 18). Ağsaqqallar, xüsusilə də qrup nəzarətçiləri belələrinə kömək göstərildiyinə əmin olmalıdırlar.
5. Konqres zamanı ədəb-ərkan qaydalarına necə riayət edə bilərik?
5 Ədəb-ərkanlı davranış təravət gətirir. Bizim günlərdə insanlar «xudbin» olduğundan və başqalarının hisslərinə biganə yanaşdığından yaxşı xüsusiyyətlər təzahür etdirən məsihçilər arasında olmaq necə də xoşdur! (2 Tim. 3:2). Konqres zalı səhər saat 8:00-da açılır; daxil olarkən sakitliyə və nizam-intizama riayət etməklə, yalnız bir yerdə qaldığımız və ya bir maşında gəldiyimiz, yaxud da Müqəddəs Kitabı öyrətdiyimiz insanlara oturmaq üçün yer tutmaqla ədəb-ərkan qaydalarına riayət etdiyimizi göstəririk. Proqramın sədri hər hissənin əvvəlində səsləndirilən musiqinin başlandığını elan edib yerlərimizi tutmağı xahişi edəndə onun göstərişlərinə əməl etməliyik. Proqram zamanı başqalarını yayındırmamaq üçün mobil telefonlarımızı və başqa cihazlarımızı müvafiq rejimə keçirməklə, həmçinin danışmamaqla, SMS-ləşməməklə, yemək yeməməklə və yaxud boş-boşuna gəzməməklə ədəb-ərkanlı olduğumuzu göstərə bilərik.
6. Qardaşlarımızla ünsiyyət qarşılıqlı ruhlanmağa necə kömək edir?
6 Ruhlandırıcı ünsiyyət. Konqreslər sayəsində biz təravətləndirici məsihçi birliyindən və qardaşlığından əsil sevinc duyuruq (Məz. 133:1—3). Gəlin ürəyimizi genişləndirərək başqa yığıncaqlardan olan bacı-qardaşlarımızı salamlayaq (2 Kor. 6:13). Hər gün ən azı bir nəfərlə və ya bir ailə ilə tanış olmağı qarşına məqsəd qoya bilərsən. Nahar fasiləsi bunun üçün gözəl imkan yaradır. Mağazadan yemək almağa getmək və ya kafedə oturub yemək əvəzinə, əvvəlcədən özünlə yüngülvarı yemək gətir ki, başqaları ilə ünsiyyət etmək üçün kifayət qədər vaxtın olsun. Bununla sən özünə yeni və yaxşı dostlar tapa biləcəksən.
7. Nəyə görə konqresdə könüllü kimi xidmət etməliyik və bunu necə edə bilərik?
7 Həmimanlılarla çiyin-çiyinə bu sevindirici işdə iştirak etmək necə də xoşdur! Sən müxtəlif şöbələrdə öz köməyini təklif edə və ya yığıncağınla birlikdə təmizlik işində iştirak edə bilərsənmi? (Məz. 110:3). Əgər hələ heç bir işin yoxdursa, zəhmət olmasa, konqresdə Könüllülərin xidməti şöbəsinə yaxınlaş. Adam nə qədər çox olsa, iş bir o qədər məmnunedici və asan olar — necə deyərlər, güc birlikdədir.
8. Konqres zamanı davranışımıza və xarici görünüşümüzə nəyə görə xüsusi diqqət yetirməliyik?
8 Davranış tərzimiz başqalarına təravət gətirir. Biz təkcə proqram zamanı deyil, proqramdan sonra da üç gün ərzində konqresin nümayəndəsi hesab olunuruq. Konqres keçirilən şəhərdə olduğumuzdan müşahidə edənlər bizimlə Yehovanın Şahidi olmayanlar arasında fərqi aydın görməlidirlər (1 Pet. 2:12). Konqresdə, qaldığımız yerdə və kafedə geyimimiz və xarici görünüşümüz Yehovaya izzət gətirməlidir (1 Tim. 2:9, 10). Əgər plaketlərimizi döşümüzə taxsaq, ətrafdakılar bizim Yehovanın Şahidi olduğumuzu görəcəklər. Bunun sayəsində konqresimizin keçdiyi barədə demək və əlavə şahidlik vermək imkanımız yaranacaq.
9. Məsihçi davranışımızın yaxşı şahidlik verdiyini hansı hadisədən görmək olar?
9 Konqres zamanı yaxşı davranışlarımız başqalarına necə təsir bağışlaya bilər? Qəzetdə olan bir məqaləyə əsasən, bir mehmanxana sahibi bu sözləri demişdi: «Onlar çox nəzakətli insanlardır. Biz hər il onları gözləyirik». Keçən il konqres nümayəndələri mehmanxanada qalarkən Yehovanın Şahidi olmayan bir nəfər pul kisəsini itirmişdi. Pul kisəsinin hər şey içində qaytarıldığını görən mehmanxana sahibi həmin adama dedi: «Yaxşı ki, yaxınlıqda Yehovanın Şahidlərinin konqresi keçirilirdi və mehmanxanada, demək olar ki, onlardan başqa heç kim yox idi. Yoxsa pul kisənizi sizə qaytaran olmazdı».
10. Konqres yaxınlaşdığından qarşımıza hansı məqsədi qoymalıyıq və nəyə görə?
10 Builki konqres sürətlə yaxınlaşır. Proqramın hazırlanması və konqresdə ruhlandırıcı ab-havanın hökm sürməsi üçün çoxlu vaxt və güc sərf olunub. Qarşına məqsəd qoy ki, konqresin hər üç günündə də iştirak edəsən, Yehovanın və Onun təşkilatının sənin üçün gördüyü tədbirə hazır olasan, nəzakətli olmaqla, xoş ünsiyyətlə və yaxşı davranışla başqalarını təravətləndirəsən. O zaman sən də daxil olmaqla, hamı keçənilki konqresdə olan bir nəfərin sözlərinə şərik olacaq. O demişdi: «Mən ömrümdə belə ürəkaçan hadisə görməmişdim!»
[6-cı səhifədəki yazı]
Konqresdə, qaldığımız yerdə və kafedə geyimimiz və xarici görünüşümüz Yehovaya izzət gətirməlidir
[7-ci səhifədəki yazı]
Qarşına məqsəd qoy ki, nəzakətli olmaqla, xoş ünsiyyətlə və yaxşı davranışla başqalarını təravətləndirəsən
[4-7-ci səhifələrdəki çərçivə]
2011-ci ilin vilayət konqresi ilə bağlı xatırlatmalar
◼ Konqresin cədvəli. Proqram hər gün saat 9:20-də başlanacaq. Qapılar saat 8:00-dan açıq olacaq. Padşahlıq melodiyaları səslənməyə başlayanda hər birimiz yerlərimizi tutmalıyıq ki, proqram layiqli tərzdə başlansın. Proqram cümə və şənbə günü 16:55-də, bazar günü isə saat 15:40-da qurtaracaq.
◼ Maşın dayanacağı. Zəhmət olmasa, insanları düşürtmək üçün nəqliyyat vasitələrini düz konqres zalının girişində saxlamayın. İstisna ancaq yaşlı və əlil sərnişinlər üçündür. Müxtəlif yerlərdə şərait fərqli ola bilər, buna görə də bütün sürücülərdən xidmətçilərin göstərişlərinə əməl etmələri tələb olunur.
◼ Yerlər. Əlavə yerləri ancaq bir maşında gəldiyiniz və ya eyni mənzildə qaldığınız, yaxud da Müqəddəs Kitabı öyrətdiyiniz adamlar üçün tutmaq olar (1 Kor. 13:5).
◼ Nahar. Fasilə zamanı nahar etmək üçün başqa yerə getmək əvəzinə, xahiş olunur ki, özünüzlə yemək gətirəsiniz. Lazım gəlsə, öz oturacağınızın altına qoya biləcəyiniz kiçik soyuducu çanta gətirmək olar. Konqresə böyük ailəvi çantalar, şüşə qablar və spirtli içkilər gətirmək olmaz.
◼ Könüllü ianələr. Vilayət konqreslərinin təşkilinə müəyyən qədər vəsait sərf edilir. Buna görə minnətdarlığımızı konqresdə ümumdünya işinə könüllü ianə etməklə göstərə bilərik.
◼ Bədbəxt və gözlənilməz hadisələr. Əgər konqresin keçirildiyi yerdə təcili yardıma ehtiyac duyularsa, yaxında olan xidmətçi ilə əlaqə saxla. O, dərhal ilk yardım şöbəsinə məlumat verəcək. Konqresin keçirildiyi yerdə olan ixtisaslı tibbi heyət yaranan vəziyyətin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirəcək və yardım göstərəcək. Lazım gəlsə, təcili yardım çağırılacaq.
◼ Dərmanlar. Əgər siz davamlı şəkildə dərman qəbul edirsinizsə, zəhmət olmasa, onları özünüzlə götürməyi unutmayın, çünki konqresdə dərmanlar verilmir.
◼ Ayaqqabı. Hər il ayaqqabıya görə çoxlu sayda adam zədə alır. Pilləkənlərdə, torlu dəmir döşəmələrdə və başqa yerlərdə rahat yeriməyə kömək edən sadə ayaqqabı geymək yaxşı olardı.
◼ Uşaq və əlil arabası. Konqresin keçirildiyi yerə uşaq və əlil arabası gətirmək olmaz. Ancaq valideynin oturduğu yerin yanındakı yerə uşaq oturacağını yerləşdirmək olar.
◼ Ətirlər. Tənəffüs yolları və bu kimi xəstəliklərdən əziyyət çəkən bacı-qardaşları nəzərə alaraq kəskin qoxusu olan ətir və odekolonların istifadəsini məhdudlaşdırmaq bizim tərəfimizdən xeyirxahlıq olardı (1 Kor. 10:24).
◼ «Bu adama baş çək» blankı. Konqres zamanı qeyri-rəsmi şahidlik verərkən maraq göstərən hər bir adam haqqında məlumat vermək üçün «Zəhmət olmasa, bu adama baş çək» (S-43) blankından istifadə et. Təbliğçilər həmin blankdan bir-iki ədəd özləri ilə konqresə gətirə bilərlər. Blankları ədəbiyyat şöbəsindən də götürmək olar. Doldurulmuş blankları ya bu şöbəyə, ya da konqresdən qayıdandan sonra yığıncağın katibinə vermək olar. («Bizim Padşahlıq Xidmətimiz» vərəqəsinin 2009-cu il aprel sayının 6-cı səhifəsinə baxın.)
◼ Yerləşdirilmə. Şəxsi mənzildə qalmağı sifariş etdikdə növbəti məqamları nəzərə almaq lazımdır:
1) bütün hallarda mənzil sifarişi üçün «Xüsusi tələbatlı şəxslər üçün mənzil sorğusu» (CO-5) blankından istifadə edin («Заявка на размещение лиц с особыми потребностями»);
2) mənzil şöbəsindən yerləşdirilmə barədə alınan «Mənzil» (CO-4) blankı başqa təbliğçilərə verilməməlidir;
3) xahiş olunur yadda saxlayın ki, qalmaq üçün evlər ancaq konqres müddətinə təqdim olunur;
4) uşaqlarınıza nəzarət edin və onları heç vaxt tək buraxmayın;
5) həmimanlılarımızın qonaqpərvərliyindən istifadə edərkən minnətdar olmağı unutmayın;
6) əgər mənzilinizi təqdim etməkdən imtina etmək məcburiyyətindəsinizsə, ləngimədən bu haqda mənzil şöbəsinə məlumat verməyi unutmayın.
◼ Könüllülərin xidməti. Konqresdə lazım olan işdə könüllü olaraq kömək etsək, orada iştirak etməyimizdən əldə etdiyimiz sevinc birə-beş artacaq (Həv. iş. 20:35). Bu işdə kömək etmək istəyən hər kəs konqresin Könüllülərin xidməti şöbəsinə müraciət etməlidir. 16 yaşından aşağı olan uşaqlar da valideynlərinin, yaxud onlara cavabdeh olan başqa böyüklərin nəzarəti altında işləyərək öz töhfələrini verə bilərlər.