«Yumruğunu» hikmətlə at
1. Birinci Korinflilərə 9:26 ayəsini xidmətdə necə tətbiq edə bilərik?
1 Həvari Pavel yazırdı: «Mən məqsədsiz qaçmıram, yumruğu elə atıram ki, zərbəm boşa çıxmasın» (1 Kor. 9:26). Pavel bütün fikrini yalnız ruhani məqsədlərə cəmləmişdi. Prinsip etibarilə, bu sözləri təbliğ xidmətinə də tətbiq etmək olar. Biz ən yaxşı nəticələrə nail ola bilmək üçün yumruğumuzu hikmətlə atmaq istəyirik, çünki səylərimizin boşa çıxmasını istəmirik.
2. Pavel və birinci əsrdəki digər müjdəçiləri necə təqlid edə bilərik?
2 İnsanlar olan yerlərdə təbliğ et. Pavel və birinci əsrdəki digər həvarilər insanlar olan yerlərdə təbliğ edirdilər (Həv. iş. 5:42; 16:13; 17:17). Əgər sahəmizdəki insanların əksəriyyəti axşamlar evdə olurlarsa, onda evdən-evə xidməti həmin vaxta salmaq olar. Yəqin sizin ərazidə də səhər tezdən və axşamüstü avtobus dayanacaqları və qatar stansiyaları işə gedib-gələn insanlarla dolu olur. Yaxud alış-veriş mərkəzlərində insanlar çox olur. Belə vaxtlarda küçədə şahidlik etmək daha səmərəli ola bilər.
3. Sahə işləyərkən necə müdrik ola bilərik?
3 Sahə işləyərkən müdrik ol. Yumruğumuzu hikmətlə atmağımız həmçinin sahəmizi necə işləməyimizdən asılıdır. Məsələn, qrupun təşkil olunmuş və səmərəli şəkildə fəaliyyət göstərməsi üçün çoxlu vaxt və səy tələb olunan yerlərdə böyük qrupla təbliğ etməkdənsə, onu bölmək daha yaxşı olardı. Eynilə, kənd yerlərində təbliğ edərkən də qrup çox böyük olmayanda ərazini tez işləyib qurtaracağıq və daha çox danışmaq imkanımız olacaq. Bəlkə, yola çox vaxt getməsin deyə evə yaxın ərazidə sahə götürəsən.
4. Xidmətdə səmərəli olmaq üçün nə edə bilərik?
4 İsa Məsih xoş xəbərin təbliğçiləri barədə demişdi: «Bundan sonra balıq yox, insan tutacaqsınız» (Mark 1:17). Adətən, balıqçının məqsədi sadəcə suya tor atmaq yox, balıq tutmaq olur. Buna görə də, yaxşı balıqçılar nə vaxt və harada balıq tapacağını bildiyi yerlərə gedir, vaxt itirmədən balıq tutmağa başlayırlar. Onlar güclərini müdrikliklə sərf edirlər. Gəlin biz də xidmətdə şövqlə iştirak edək (İbr. 6:11).