Maneələri dəf et: özünü yararsız hiss edəndə
1. Nəyə görə bəziləri insanlara Müqəddəs Kitabı öyrənməyi təklif etməkdən çəkinirlər?
1 Müqəddəs Kitabı effektiv şəkildə öyrədə bilməyəcəyindən qorxaraq kiməsə Allahın Kəlamını öyrənməyi təklif etməkdən çəkinirsənmi? Keçmişdə Allahın Musa və Yeremya kimi sadiq xidmətçiləri də özlərini aldıqları təyinata yararsız hesab edirdilər (Çıx. 3:10, 11; 4:10; Yer. 1:4—6). Onların nümunəsi göstərir ki, belə hisslər keçirmək təbiidir. Bəs bu hissin öhdəsindən necə gəlmək olar?
2. Nəyə görə yalnız evdən-evə təbliğ etməklə kifayətlənərək Müqəddəs Kitab öyrənməsi keçirməyi boynumuzdan atmamalıyıq?
2 Gəlin unutmayaq ki, Yehova bizdən heç vaxt bacardığımızdan artığını tələb etmir (Məz. 103:14). Deməli, biz şagird hazırlamaq və onları öyrətmək tapşırığını yerinə yetirə bilərik (Mat. 28:19, 20). Yehova bu üstünlüyü təkcə ən təcrübəli və ya ən qabiliyyətli olanlara vermir (1 Kor. 1:26, 27). Buna görə də yalnız evdən-evə təbliğ etməklə kifayətlənərək Müqəddəs Kitab öyrənməsi keçirməyi boynumuzdan atmamalıyıq.
3. Müqəddəs Kitabı öyrətmək qabiliyyətini Yehova bizə hansı üsullarla verir?
3 Qabiliyyətimiz Yehovadandır. Şagird hazırlamaq qabiliyyətimiz Yehovadandır (2 Kor. 3:5). O, təşkilatı vasitəsilə bizə hətta bu dünyanın bir çox təhsilli adamlarının bilmədiyi Müqəddəs Kitab həqiqətlərini öyrədib (1 Kor. 2:7, 8). O, bizim Böyük Müəllim İsanın təlim vermək üsullarından öyrənə bilməyimiz üçün onların qələmə alınmasının və qorunub saxlanılmasının qeydinə qalıb. Həmçinin O, bizə yığıncaq vasitəsilə daima təlim verməyə davam edir. Üstəlik, Yehova Müqəddəs Kitabı öyrətmək üçün bizə lazımi materiallar təqdim edir. O, bizə «Müqəddəs Kitab öyrədir» kitabı kimi alətlər verib ki, həqiqəti məntiqli və asan başa düşülən tərzdə öyrədək. Əslində, Müqəddəs Kitabı öyrətmək düşündüyümüzdən də asan ola bilər.
4. Yehovanın bizə kömək edəcəyinə nə üçün əmin ola bilərik?
4 Musa və Yeremya öz tapşırıqlarını Yehovanın köməyi sayəsində yerinə yetirirdilər (Çıx. 4:11, 12; Yer. 1:7, 8). Eynilə, biz də Yehovadan kömək diləyə bilərik. Bundan əlavə, kiməsə Müqəddəs Kitabdan Yehova haqqında həqiqətləri öyrədəndə Onun gözündə xoş olanı etmiş oluruq (1 Yəh. 3:22). Buna görə də ən sevindirici və mükafatlandırıcı işdə — Müqəddəs Kitabı öyrətmək işində iştirak etməyi qarşına məqsəd qoy.