DƏRS 35
Vurğulamaq üçün təkrarla
TƏKRARLAMAQ yaxşı təlimin bir hissəsidir. Vacib fikri bir neçə dəfə deyəndə, çox ehtimal ki, dinləyicilərin yadında qalacaq. Əgər fikri bir az fərqli şəkildə təkrar etsən, onu daha yaxşı anlayacaqlar.
Dinləyicilər dediklərini yadda saxlamasalar, sözlərin onların baxışlarına və həyat tərzlərinə təsir etməyəcək. Ancaq hansısa fikri xüsusi olaraq vurğulasan, onlar, ehtimal ki, sonra da bu haqda düşünəcəklər.
Dahi Nəsihətçimiz olan Yehova təkrarlamaq üsulundan istifadə etməkdə bizə nümunə qoymuşdur. O, İsrail xalqına On əmr vermişdi. Yehova Sina dağında həmin əmrləri xalqa mələk vasitəsilə demişdi. Daha sonra bu əmrləri Musaya yazılı şəkildə vermişdi (Çıx. 20:1-17; 31:18; Qanun. t. 5:22). Vəd edilmiş diyara girməzdən əvvəl Musa Yehovanın göstərişilə həmin əmrləri israillilərə təkrarladı və Qanunun təkrarı 5:6-21 ayələrində gördüyümüz kimi, müqəddəs ruhun vasitəsilə onları qələmə aldı. İsraillilərə verilən əmrlər arasında Yehovanı bütün qəlbləri, varlıqları və var gücləri ilə sevib Ona xidmət etmək tələbi də var idi. Bu da təkrar-təkrar deyilmişdi (Qanun. t. 6:5; 10:12; 11:13; 30:6). Nə üçün? Çünki İsanın da dediyi kimi, bu, ‘birinci və ən böyük əmr’ idi (Mat. 22:34-38). Yehova Yeremya peyğəmbər vasitəsilə Yəhuda xalqına bütün əmrlərinə tabe olmağın vacibliyini 20 dəfədən çox xatırlatmışdı (Yer. 7:23; 11:4; 12:17; 19:15). Həmçinin Allah Yezekel vasitəsilə 60 dəfədən çox demişdi ki, xalq Onun Yehova olduğunu biləcək (Yez. 6:10; 38:23).
Təkrarlamaqdan effektiv istifadə etməyin üsullarını İsanın xidməti haqqındakı məlumatlardan da tapmaq olar. Məsələn, dörd Müjdənin hər biri digərlərində və ya yalnız birində yazılan vacib hadisələri bir az fərqli nöqteyi-nəzərdən təqdim edir. İsanın özü də öyrədərkən bir vacib fikri bir neçə dəfə, ancaq müxtəlif üsullarla çatdırırdı (Mark 9:34-37; 10:35-45; Yəh. 13:2-17). Ölümündən bir neçə gün əvvəl Zeytun dağında olarkən İsa «Oyaq durun; çünki Rəbbinizin hansı gün gələcəyini bilməzsiniz» məsləhətini verdi və sonra vacibliyini vurğulamaq məqsədilə onu bir də təkrarladı (Mat. 24:42; 25:13).
Təbliğ xidmətində. Başqalarına təbliğ edərkən onların dediklərimizi yadda saxlayacaqlarına ümid edirik. Təkrarlardan effektiv surətdə istifadə etməklə bu məqsədə nail ola bilərik.
Mövzunu müzakirə edərkən təkrar etmək adətən onun yadda qalmasına kömək edir. Buna görə də ayəni oxuduqdan sonra onun əsas hissəsini göstərib: «Bu fikrin burada necə ifadə olunduğuna diqqət yetirdinizmi?» — deyərək onu vurğulaya bilərik.
Təkrarlamaq üçün söhbətin axırıncı cümlələrindən də yaxşı istifadə etmək olar. Məsələn, deyə bilərsən: «Ümidvaram ki, söhbətimizin əsas məqamları yadınızda qalacaq». Sonra onu sadə şəkildə təkrarla. Məsələn, belə demək olar: «Allahın niyyəti yer üzünün Cənnətə çevrilməsidir. Bu məqsəd mütləq həyata keçəcək». Yaxud: «Müqəddəs Kitab aydın göstərir ki, biz bu sistemin axır günlərində yaşayırıq. Bu sistemin sonundan sağ çıxmaq istəyiriksə, Allahın bizdən nə tələb etdiyini öyrənməliyik». Yaxud demək olar: «Gördüyümüz kimi, Müqəddəs Kitabda ailə problemlərinin öhdəsindən gəlmək üçün praktiki məsləhətlər var». Bəzi hallarda isə, yadda saxlanılmalı fikir kimi Müqəddəs Kitabdan bir ayəni sadəcə təkrarlamaq olar. Sözsüz ki, effektiv şəkildə edə bilmək üçün bunu əvvəlcədən fikirləşmək lazımdır.
Təkrar başçəkmə edəndə, həmçinin Müqəddəs Kitab öyrənməsi zamanı bunu təkrar üçün sualların vasitəsilə etmək olar.
Əgər insan Müqəddəs Kitab məsləhətini anlamaqda və ya onu tətbiq etməkdə çətinlik çəkirsə, mövzunu bir neçə dəfə izah etmək lazım gələ bilər. Mövzunu müxtəlif yönlərdən açıqlamağa çalış. Müzakirənin çox uzun olması vacib deyil, əsas odur ki, öyrənəni sonra da bu haqda fikirləşməyə təşviq etsin. Unutma, İsa şagirdlərinin birinci olmaq arzusunu boğmalarına kömək etmək üçün bu cür təkrarlardan istifadə edirdi (Mat. 18:1-6; 20:20-28; Luka 22:24-27).
Çıxış edərkən. Səhnədən çıxış edəndə məqsədin sadəcə məlumatı çatdırmaqdan ibarət deyil. Dinləyicilərin onu başa düşmələri, yadda saxlamaları və tətbiq etmələri lazımdır. Buna nail olmaq üçün təkrarlardan məharətlə istifadə et.
Ancaq əsas fikirləri tez-tez təkrarlasan, dinləyicilərin diqqəti yayına bilər. Hansı fikirlərin xüsusi vurğu ilə deyilməli olduğunu diqqətlə ölçüb-biç. Bunlar adətən nitqinin əsasını təşkil edən bəndlər olur. Ancaq dinləyicilər üçün xüsusi əhəmiyyət kəsb edəcək fikirləri də təkrarlamaq olar.
Təkrarlamağın üsullarından biri də artıq girişdə əsas bəndləri sadalamaqdır. Bunun üçün qısa cümlələr işlədərək çatdıracağın məlumat haqda ümumi təsəvvür yarat, suallar ver və ya həllini göstərəcəyin problemi təsvir edən qısa nümunələr çək. Əsas bəndlərin sayını deyib, onları sıralamaq olar. Sonra çıxışın əsas hissəsində onların hər birini açıqla. Çıxışın əsas hissəsində vurğunu gücləndirmək üçün növbəti əsas bəndə keçməzdən əvvəl hər bir əsas bəndi təkrarla. Ya da ki, əsas fikri necə tətbiq etməyi göstərən bir nümunə çəkmək olar. Sonra əsas fikirləri vurğulamaq üçün yekunda onları təkrarlamaq, təzadlardan istifadə etmək, qaldırılan sualları cavablandırmaq, yaxud əvvəldə qeyd etdiyin problemin həllini qısaca söyləmək olar.
Təcrübəli natiq yuxarıda deyilənləri etməklə yanaşı, dinləyicilərinin hər birinə ayrılıqda diqqətlə fikir verir. Kimsə müəyyən fikri başa düşməyə çətinlik çəkirsə, natiq bunu duyur. Fikir vacibdirsə, onu yenidən izah edir. Ancaq eyni sözləri təkrarlamaq kifayət etməyə bilər. Öyrətmək özünə daha çox şeyi daxil edir. Natiq vəziyyətə uyğunlaşmağı bacarmalıdır. Ola bilər, çıxışa deməyi planlaşdırmadığı fikirləri daxil etmək lazım gəlsin. Çıxışı dinləyicilərin tələbatlarına bu şəkildə uyğunlaşdırmağın sənin bir müəllim kimi nə dərəcədə məharətli olduğunu müəyyən edəcək.