Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 36 s. 209—s. 211 abz. 1
  • Mövzunun açıqlanması

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mövzunun açıqlanması
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Nitq planının hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Əsas fikirləri vurğula
    Özünü oxumağa və təlim verməyə həsr et
  • Əsas bəndlərin nəzərə çarpdırılması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Ağlınızı qoruyun
    Müqəddəs ibadətimiz 2012
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 36 s. 209—s. 211 abz. 1

DƏRS 36

Mövzunun açıqlanması

Nə etməlisən?

Nitq boyu tez-tez mövzuya istinad et və müxtəlif üsullarla onu açıqla.

Nə üçün vacibdir?

Bu, çıxışına bütövlük gətirir və dinləyicilərə dediklərini başa düşməyə və yadda saxlamağa kömək edir.

TƏCRÜBƏLİ natiqlər mövzunun necə vacib olduğunu bilirlər. Çıxış hazırlayanda mövzu diqqəti az həcmdə məlumata yönəltməyə və onun üzərində dərindən düşünməyə kömək edir. Bunun sayəsində onlar sadəcə bir çox fikrə səthi toxunmur, materialı dinləyicilərə daha çox fayda gətirəcək tərzdə açıqlayırlar. Əsas bəndlərin hər biri mövzu ilə bilavasitə bağlı olanda və onu açıqlamağa kömək edəndə dinləyicilərə də həmin bəndləri yadda saxlamaq və onların dəyərini anlamaq asan olur.

Mövzu ilə müzakirə obyektinin eyni şey olduğunu demək mümkündür. Ancaq mövzuya müzakirə obyektini açıqlamaqda sənə istiqamət verən müəyyən nöqteyi-nəzər kimi yanaşsan, çıxışlarının yaxşılaşdığını görəcəksən. Müzakirə obyekti Padşahlıq, Müqəddəs Kitab və dirilmə kimi ümumi anlayışlar ola bilər. Onların əsasında müxtəlif mövzuları açıqlamaq olar. Məsələn: «Padşahlıq real hökumətdir», «Allahın Padşahlığı yeri Cənnətə çevirəcək», «Müqəddəs Kitab Allahdan ilham alıb», «Müqəddəs Kitab bizim günlərimiz üçün praktiki rəhbərlik təqdim edir», «Dirilmə kədərli olanlara ümid verir» və «Dirilmə ümidi bizə təqiblər qarşısında möhkəm qalmağa kömək edir». Bütün bu mövzuları tamamilə fərqli istiqamətlərdə açıqlamaq lazımdır.

İsa Məsih yerdə xidmət edərkən təbliğinin başlıca mövzusu Müqəddəs Kitabın əsas mövzusuna müvafiq olaraq, bu sözlərlə ifadə olunurdu: «Səmavi Səltənət yaxındır» (Mat. 4:17). Bu mövzu necə açıqlanmışdı? Dörd Müjdədə Padşahlığa 110 dəfədən artıq istinad edilir. Lakin İsa sadəcə «padşahlıq» sözünü təkrar-təkrar işlətməklə kifayətlənməmişdi. İnsanların arasında olarkən təlimləri və möcüzələrilə İsa aydın göstərmişdi ki, o, Allahın Oğlu, Məsih, Yehovanın Padşahlıq verəcəyi kəsdir. İsa, həmçinin göstərmişdi ki, başqalarının da həmin Padşahlıqda olmasına onun vasitəsilə yol açılır. O, bu şərəfə layiq görüləcək insanların hansı keyfiyyətləri təzahür etdirməli olduqlarını açıqlamışdı. Təlimləri və qüdrətli işləri Allahın Padşahlığının insanların həyatında hansı rolu oynayacağını göstərmişdi. Yehovanın ruhu vasitəsilə cinləri qovması isə Allahın Səltənətinin onu dinləyənlərin üzərinə gəldiyinə şəhadət edirdi (Luka 11:20). İsa davamçılarına məhz həmin Padşahlıq haqqında şahidlik etməyi tapşırmışdı (Mat. 10:7; 24:14).

Müvafiq mövzu seç. Səndən mövzunu Müqəddəs Kitabda olduğu qədər ətraflı açıqlamaq tələb olunmasa da, yenə də müvafiq mövzunun olması çox vacibdir.

Mövzunu seçmək sənin öz ixtiyarına buraxılıbsa, əvvəlcə çıxışının məqsədini nəzərə al. Sonra plan üçün əsas bəndlər seçərkən onların mövzuya uyğun gəldiyinə əmin ol.

Əgər mövzu təyin olunubsa, ona əsasən materialı hansı istiqamətdə açıqlamaq lazım gəldiyini diqqətlə araşdır. Mövzunun dəyərini və ondan necə istifadə edə biləcəyini başa düşmək üçün səy tələb oluna bilər. Mövzunu açıqlamaq üçün material seçəcəksənsə, diqqətli ol ki, mövzu diqqət mərkəzində qalsın. Digər tərəfdən, əgər material təqdim olunubsa, ondan mövzuya uyğun tərzdə necə istifadə etməyi düşünmək lazımdır. Həmçinin materialın dinləyicilər üçün nəyə görə vacib olduğunu və hansı məqsədə çatmaq istədiyini götür-qoy etməlisən. Bu, çıxış zamanı vurğulamalı olduğun fikirləri müəyyən etməyə kömək edəcək.

Mövzunu necə vurğulamalı? Mövzunu düzgün vurğulamaq üçün təməli materialı seçib qruplaşdırarkən qoymaq lazımdır. Əgər yalnız mövzuya aidiyyəti olan materialdan istifadə etsən və yaxşı plan hazırlamaq üçün olan prinsiplərə əməl etsən, mövzunu qeyri-iradi olaraq vurğulamış olacaqsan.

Təkrarlamaq mövzunu diqqət mərkəzində saxlamağa kömək edə bilər. Klassik musiqi əsərinin mövzusu, yəni motivi bütün əsəri xarakterizə edən və kifayət qədər tez-tez təkrarlanan melodiyadır. Melodiya həmişə eyni cür olmur. Bəzən yalnız bir və ya iki hissəsi təkrarlanır, hərdən isə onun müxtəlif variasiyaları səslənir, lakin bəstəkar bu və ya digər üsulla motivi məharətlə bütün əsərə daxil edir. Çıxışın mövzusu ilə də eyni şeyi etmək lazımdır. Mövzunun əsas sözlərinin təkrarlanması musiqi əsərinin motivinin təkrarlanmasına bənzəyir. Həmin sözlərin sinonimləri, yaxud başqa sözlərlə ifadə olunan mövzu bir növ variasiyadır. Belə üsullardan istifadə etdikdə mövzu dinləyicilərin yadda saxlayacağı əsas fikir olacaq.

Bu prinsiplər təkcə səhnədən söylənilən nitqlərə deyil, həm də təbliğ zamanı etdiyimiz söhbətlərə də aiddir. Əgər mövzu aydın nəzərə çarparsa, nisbətən qısa söhbət belə daha yaddaqalan olar. Müqəddəs Kitab öyrənməsi zamanı mövzu vurğulanmışdısa, alınan bilik daha tez yada düşəcək. Müvafiq mövzuları seçmək və onları açıqlamaq üçün göstərdiyin səylər boşa çıxmayacaq, bunun sayəsində daha məharətli natiq və müəllim olacaqsan.

BÖYÜK ƏSƏRİN ƏSAS MÖVZUSU

Mövzunu inkişaf etdirməyi öyrənmək üçün, Yehova Allahın Müqəddəs Kitabı yazan insanlardan istifadə edərək Müqəddəs Yazıları təşkil edən 66 kitabın hər birini bir əsas mövzu ətrafında necə tərtib etdiyini araşdırmaq faydalı olardı. Həmin mövzu Yehovanın bəşəriyyəti idarə etmək hüququnun təsdiq edilməsi və Padşahlığı vasitəsilə sevgi dolu niyyətinin həyata keçirilməsidir.

Bu mövzu «Yaradılış» kitabının ilk fəsillərindən açıqlanmağa başlayır və sonra onun müxtəlif cəhətləri bütün Müqəddəs Kitab boyunca aydınlaşdırılır. Allahın adı dönə-dönə, 7 000 dəfədən çox diqqət mərkəzinə çəkilir. Yaradılış haqda oxuyanda Yehovanın hakimiyyətinin qanuni olduğunu aydın görürük. Burada Onun hakimiyyətinin şübhə altına alındığı, eləcə də itaətsizliyin faciəvi nəticələri haqda məlumat verilir. Yehovanın böyük məhəbbəti, Onun müdrikliyi, ədaləti və hər şeyə qadir qüvvəsi yaratdıqları ilə münasibətində nümayiş etdirilir. Sonsuz sayda nümunələrdən Allaha itaət etməyin fayda gətirdiyi, itaətsizliyin isə fəlakətlərə səbəb olduğu görünür. İsa Məsih vasitəsilə günahı və ölümü aradan qaldırmaq üçün Yehovanın hansı tədbiri gördüyü izah edilir və nümunələr əsasında göstərilir. Yehovanın yaratdıqları üzərində hökmranlıq etmək hüququnu qəbul etmək istəməyən pis ruhları və insanları məhv edəcək səmavi hökumət hərtərəfli təsvir edilir. Orada aydın göstərilir ki, Padşahlıq Yehovanın yerin Cənnətə çevrilməsi, eləcə də bir-birini və vahid, həqiqi Allahı sevib Ona ibadət edən insanlarla məskun olması niyyətini həyata keçirəcək.

NECƏ NAİL OLMAQ OLAR?

  • Çıxışını hazırlayarkən mövzunu açıqlamağa həqiqətən də kömək edəcək əsas bəndləri və ikinci dərəcəli fikirləri seç.

  • Çıxışı məşq edərkən mövzunu nə zaman və necə vurğulayacağın haqda düşün. Hətta bunu planda işarələmək də olar.

  • Çıxış zamanı vaxtaşırı mövzunun əsas sözlərini və ya fikirlərini təkrarla.

ÇALIŞMA: Təbliğə hazırlaşarkən söhbət etmək üçün «Gözətçi Qülləsi» jurnalının son sayındakı müəyyən məqaləyə müvafiq mövzu seç. Giriş sözlərində mövzuya qarşı maraq oyatmağa çalış, müzakirə zamanı mövzu ilə bağlı bir və ya iki əsas fikri açıqla və yekunda onun dəyərini vurğula.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş