DƏRS 51
Çıxışa və hissələrinə ayrılan vaxt
TƏLİM verərkən ən vacib məsələ onun keyfiyyəti olsa da, vaxta da diqqət yetirmək gərəkdir. Görüşlərimiz konkret vaxtda başlamalı və qurtarmalıdır. Buna nail olmaq üçün proqramın hissələri ilə çıxış edənlərin hər birindən bir-biri ilə əməkdaşlıq etməsi gözlənilir.
Müqəddəs Kitabın yazıldığı vaxtlarda insanların həyata baxışı müasir dünyadakı əksər insanların baxışından fərqlənirdi. Vaxt ‘üçüncü saat radələri’ və ya «təxminən onuncu saat» kimi təxmini ifadələrlə bildirilirdi (Mat. 20:3-6; Yəh. 1:39). Gündəlik işlərin dəqiq vaxtını müəyyən etməyə nadir hallarda ehtiyac duyulurdu. Dünyanın bir çox yerlərində vaxta bu gün də eyni cür yanaşırlar.
Ancaq kimsə yerli adət-ənənənin təsiri altında və ya özünün xasiyyətindən irəli gələrək vaxtda dəqiq olmasa belə, vaxta lazımi diqqət yetirməyi öyrənməyin faydası dəyə bilər. Proqramın hissələrini bir neçə nəfər təqdim edirsə, hər hissəyə ayrılan vaxta diqqət yetirmək lazımdır. «Qoy hər şey ədəblə və nizamla edilsin» prinsipini görüşlərimizdəki tapşırıqların vaxtına da tətbiq etmək olar (1 Kor. 14:40).
Vaxtdan kənara çıxmamaq üçün nə etmək olar? Hazırlıq əsas amildir. Adətən yaxşı hazırlaşmayan natiqlərin vaxt məsələsində çətinliyi olur. Ola bilsin, onlar özlərindən çox arxayındırlar, yaxud hazırlaşmağı axırıncı dəqiqəyə saxlayırlar. Çıxışı vaxtında qurtarmaq üçün ilk növbədə tapşırığı qiymətləndirmək lazımdır və onu yaxşı hazırlamağa istək olmalıdır.
Ola bilsin, tapşırığına oxumaq daxildir. Əvvəlcə, rəvanlıq, fasilə, məntiqi vurğu və əsas fikirlərin vurğulanmasını özünə daxil edən 4-dən 7-dək olan dərsləri nəzərdən keçir. Sonra təyin olunmuş materialı ucadan oxuyarkən oradakı məsləhətləri tətbiq et. Vaxta fikir ver. Bəlkə, tapşırığı vaxtında qurtarmaq üçün bir qədər sürətlə oxumaq tələb olunur? Nisbətən az əhəmiyyət kəsb edən hissələrdə tempi artır, lakin əsas fikirləri vurğulamaq üçün tempini azalt və fasilələr et. Dönə-dönə məşq et. Nitqin nə qədər rəvan olsa, tapşırığı vaxtında bitirmək bir o qədər asan olacaq.
Tutalım, plan üzrə çıxış etməlisən. Vaxtında qurtarmaq üçün həddən artıq təfsilatı ilə qeydlər aparmaq və az qala bütün çıxışı yazmağa ehtiyac yoxdur. 25-ci dərsin üzərində işləyərkən bunun daha yaxşı üsulunu artıq öyrənmisən. Növbəti beş məqamı yadında saxla: 1) Həddən artıq çox olmamaq şərtilə yaxşı material hazırla. 2) Əsas fikirlər haqda aydın təsəvvürün olsun, lakin cümlələri əzbərləmə. 3) Planda çıxışın hər hissəsinə nə qədər vaxt ayıracağını və müəyyən bəndlərə çatanda çıxışın əvvəlindən nə qədər vaxt keçməli olduğunu qeyd et. 4) Hazırlaşarkən vaxtı çatdırmadığın təqdirdə, hansı fikirləri buraxa biləcəyini müəyyənləşdir. 5) Çıxışı məşq et.
Məşq etmək vacibdir. Məşq edərkən diqqət yetir ki, çıxışın hər hissəsini vaxtında qurtarasan. Bütün çıxışı ayrılan vaxt çərçivəsində təqdim edə bilənədək dönə-dönə məşq et. Ayrılan vaxt ərzində həddən artıq çox məlumat çatdırmağa çalışma. Auditoriya qarşısında çıxış edərkən məşqdəkindən çox vaxt lazım gələ bilər, buna görə də bir az əlavə vaxt saxla.
Çıxışın hissələrinə ayrılan vaxt. Vaxtında qurtarmaq üçün vaxtı çıxışın hissələri arasında düzgün bölüşdürmək lazımdır. Vaxtın çox hissəsi əsas bəndin açıqlanmasına sərf edilməlidir. Təlimin əsas məqamları məhz bu hissədə çatdırılır. Giriş hissə kifayət qədər olmalıdır ki, 38-ci dərsdə müzakirə edilən üç məqsədə nail olunsun. Əsas hissə o qədər uzun olmalı deyil ki, 39-cu dərsdə haqqında bəhs etdiyimiz yaxşı yekun üçün vaxt qalmasın.
Vaxtdan kənara çıxmamağa çalışsan, çıxış yaxşı alınacaq, üstəlik bununla proqramın digər hissələri ilə çıxış edənlərə, eləcə də bütün yığıncağa hörmət etdiyini göstərəcəksən.