FƏSİL 7
Məhəbbətə və yaxşı işlərə təşviq edən görüşlər
ƏSRLƏRDİR Kİ, Yehovanın xalqı mütəşəkkil şəkildə bir yerə toplaşır. Qədim İsraildə üç böyük bayramı qeyd etmək üçün kişilər Yerusəlimə gedirdilər (Qan. 16:16). Birinci əsrdə məsihilər əksər hallarda kiminsə evində müntəzəm olaraq toplaşırdılar (Flm. 1, 2). Bu gün biz də həftəlik görüşlərdə və böyük toplantılarda yığışırıq. Nəyə görə Allahın xidmətçiləri bir yerə toplaşır? Çünki bu görüşlər onların ibadətinin ayrılmaz hissəsidir (Zəb. 95:6; Kol. 3:16).
2 Bu görüşlərə gələnlər oradan böyük fayda əldə edirlər. İsraillilərə hər yeddinci Çardaqlar bayramı ilə əlaqədar deyilmişdi: «Kişiləri, qadınları, uşaqları, şəhərlərinizdə yaşayan yadelliləri bir yerə yığın ki, hamı qulaq asıb Allahınız Yehovadan qorxmağı öyrənsin və bu Qanunun bütün sözlərinə diqqətlə əməl etsin» (Qan. 31:12). Göründüyü kimi, bir yerə toplaşmaqda əsas məqsəd Yehovadan elm almaqdır (Əşy. 54:13). Bu görüşlərdə həmçinin bir-birimizlə tanış olur, ruhlanır və ünsiyyət edərək güc toplayırıq.
İBADƏT GÖRÜŞLƏRİ
3 Eramızın 33-cü ilinin Əllinci gün bayramından sonra şagirdlər bir yerə toplaşıb «həvarilərdən həvəslə təlim alır» və «hər gün birlikdə məbəddə yığışır»dılar (Həv. 2:42, 46). Sonralar məsihilər ibadət etmək üçün bir yerə toplaşanda Müqəddəs Yazıları, həmçinin həvarilərin və digər şagirdlərin yazdığı məktubları oxuyurdular (1 Kor. 1:1, 2; Kol. 4:16; 1 Salon. 1:1; Yaq. 1:1). Bu görüşlərdə eləcə də dua edirdilər (Həv. 4:24—29; 20:36). Hərdən xidmətdə baş vermiş hadisələri danışırdılar (Həv. 11:5—18; 14:27, 28). Görüşlərdə Müqəddəs Kitab təlimləri müzakirə olunur və peyğəmbərliklərin yerinə yetməsindən danışılırdı. Görüşdə iştirak edənlərə məsihi həyat tərzi sürməklə və Allaha sədaqət göstərməklə bağlı məsləhətlər verilirdi. Hamı xoş xəbəri şövqlə təbliğ etməyə təşviq olunurdu (Rom. 10:9, 10; 1 Kor. 11:23—26; 15:58; Efes. 5:1—33).
Bu axırzamanda bizim bir yerə toplaşaraq ruhlanmağa daha çox ehtiyacımız var
4 Müasir zəmanəmizdə də məsihi görüşləri həvarilərin qoyduğu nümunəyə əsasən keçirilir. Biz İbranilərə 10:24, 25 ayələrində yazılmış ilahi çağırışa hay veririk: «Gəlin bir-birimizə qarşı diqqətli olub... bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq, bir-birimizi ruhlandıraq və o günün yaxınlaşdığını gördükcə bunları daha çox edək». Bu axırzamanda bizim bir yerə toplaşaraq ruhlanmağa daha çox ehtiyacımız var. Bu, bizi ruhani cəhətdən möhkəmləndirəcək və Allaha sadiq qalmağa kömək edəcək (Rom. 1:11, 12). Biz pozğun və əxlaqsız nəslin içində əsil məsihi kimi yaşayırıq, allahsızlığı və bu dünyaya xas istəkləri rədd edirik (Filip. 2:15, 16; Tit. 2:12—14). Bu dünyada məsihi yığıncağından yaxşı yer yoxdur! (Zəb. 84:10). Görəsən, Allahın Kəlamını oxuyub araşdırmaq qədər faydalı nə isə var? Gəlin bizim rifahımız üçün təşkil olunmuş görüşlər barədə danışaq.
HƏFTƏSONU GÖRÜŞ
5 Həftəsonu görüşün birinci hissəsində görüşə ilk dəfə gələnlər də daxil olmaqla, geniş kütlə üçün nəzərdə tutulan Müqəddəs Kitaba əsaslanmış nitq söylənilir. Bu nitqin həm yenilərin, həm də yığıncaq təbliğçilərinin ruhani cəhətdən qidalanmasında böyük rolu var (Həv. 18:4; 19:9, 10).
6 İsa Məsih, onun həvariləri və digər şagirdləri bu gün Yehovanın xalqının ibadət görüşlərində keçirilən açıq görüşlərə bənzər görüşlər keçirirdilər. Sözsüz ki, İsa ən bəlağətli natiq olub. İnsanlar onun haqqında deyirdi: «Biz hələ ömrümüzdə bu cür danışan adam görməmişik» (Yəh. 7:46). İsa ixtiyar sahibi kimi danışmaqla onu dinləyən insanları heyran qoyurdu (Mət. 7:28, 29). İsanın çatdırdığı xəbəri qəbul edən insanlar bol nemətlər dadırdılar (Mət. 13:16, 17). Həvarilər İsadan nümunə götürürdülər. Həvarilərin işləri 2:14—36 ayələrində Butrusun eramızın 33-cü ilinin Əllinci gün bayramında söylədiyi möhtəşəm nitq qələmə alınıb. Butrusun sözləri minlərlə insanı hərəkətə təşviq etmişdi. Sonralar Bulusun Afinada söylədiyi nitqi eşidən insanlar məsihiliyi qəbul etmişdilər (Həv. 17:22—34).
7 Bu gün də milyonlarla insan hər həftə ibadət görüşlərində, həmçinin böyük toplantılarda söylənən açıq məruzələrdən böyük fayda əldə edir. Bu məruzələr ruhani cəhətdən oyaq qalmağa və Padşahlığın işində fəal olmağa kömək edir. Həqiqətlə maraqlanan insanları və başqalarını görüşlərə dəvət etməklə onlara Müqəddəs Kitabın əsas təlimləri ilə tanış olmağa kömək edirik.
8 Açıq məruzələrdə müxtəlif mövzular işıqlandırılır. Məruzələrdə Müqəddəs Kitab təlimləri, peyğəmbərlikləri, prinsipləri araşdırılır, ailə ilə, nikahla, gənclərin üzləşdiyi problemlərlə və məsihi əxlaqı ilə bağlı məsləhətlər verilir. Bəzi məruzələr Yehova Allahın ecazkar xilqətinə həsr olunur. Digərlərində isə Müqəddəs Kitabda adı çəkilən insanların imanına, cəsarətinə, nöqsansızlığına və bizə necə nümunə qoyduqlarına diqqət yetirilir.
9 Açıq məruzədən tam fayda götürmək üçün görüşə diqqətlə qulaq asmaq, natiqin söylədiyi ayələri açmaq, ayələr oxunanda və izah olunanda izləmək lazımdır (Luka 8:18). Müzakirə olunan fikirlərin doğruluğuna əmin olanda öyrəndiklərimizdən möhkəm yapışacaq və onlara əməl edəcəyik (1 Salon. 5:21).
10 Kifayət qədər qardaş olanda açıq məruzələr hər həftə söylənilir. Çox vaxt bu məruzələri başqa yığıncaqlardan dəvət olunmuş natiqlər söyləyir. Qardaşlar az olanda isə, hər həftə olmasa da, mümkün qədər tez-tez açıq məruzələr söylənilir.
11 Həftəsonu görüşün ikinci hissəsi «Gözətçi qülləsi» müzakirəsidir. Müzakirədə «Gözətçi qülləsi» jurnalındakı məqalə sual-cavab şəklində araşdırılır. Bu jurnal vasitəsilə Yehova bizə vaxtlı-vaxtında ruhani qida verir.
12 Adətən, jurnaldakı məqalələrdə Müqəddəs Kitab prinsiplərini həyatda tətbiq etməklə bağlı məsləhətlər verilir. Bu məqalələr məsihilərə dünyanın ruhuna qarşı durmağa və pozğun davranışdan uzaq olmağa kömək edir (1 Kor. 2:12). «Gözətçi qülləsi» jurnalı Müqəddəs Kitab təlimlərinə və peyğəmbərliklərinə get-gedə daha gur işıq saçır, bunun sayəsində biz həqiqətlə bir addımlayır və salehlərin yolunda yeriyirik (Zəb. 97:11; Məs. 4:18). Bu görüşdə olmaq və müzakirədə iştirak etmək salehliyin hökm sürəcəyi yeni dünyaya bəslədiyimiz ümiddən doğan sevinci alovlandırır (Rom. 12:12; 2 But. 3:13). «Gözətçi qülləsi» müzakirəsi bizə ruhun bəhrəsini yetişdirməyə kömək edir və Yehovaya xidmət etmək əzmimizi artırır (Qal. 5:22, 23). Biz sınaqlara tab gətirmək üçün güc əldə edir, «gələcək üçün möhkəm təməl» qoyuruq və beləcə, əsil həyatdan bərk-bərk yapışırıq (1 Tim. 6:19; 1 But. 1:6, 7).
13 Bu ruhani süfrədən tam şəkildə qidalanmaq üçün nə etməliyik? Görüşə ya şəxsən, ya da ailəlikcə əvvəlcədən hazırlaşmalı, istinad olunan ayələri oxumalı, görüşdə öz sözlərimizlə şərh verməliyik. Bunun sayəsində həqiqət ürəyimizdə kök salacaq və imanımızı dilimizlə izhar etməyimiz başqalarına fayda gətirəcək. Bacı-qardaşların şərhlərinə diqqətlə qulaq asmaqla həftəlik müzakirədən böyük fayda əldə edəcəyik.
HƏFTƏARASI GÖRÜŞ
14 Hər həftə yığıncaqlar ibadət evində yığışıb Məsihi həyatı və ibadəti adlı görüşü keçirirlər. Bu görüş üç hissədən ibarətdir və bizi Allahın «xidmətçiləri olmağa yararlı» edir (2 Kor. 3:5, 6). Görüşün cədvəli və müzakirə üçün mövzular hər ay «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndə təqdim olunur. «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndə təbliğ üçün söhbət planları da yer alır.
15 Görüşün birinci hissəsi Allahın Kəlamındakı xəzinə adlanır. Bu hissədə biz Müqəddəs Kitabdan müəyyən parçanın kontekstinə nəzər salır və hadisələrin cərəyan etdiyi dövr haqqında məlumat alırıq, eləcə də öyrəndiklərimizi həyata keçirməyin yollarını öyrənirik. Görüşdə həmçinin çıxış olur, Müqəddəs Kitabdan bir parça oxunur və Müqəddəs Kitabın həftəlik qiraətinə əsaslanan müzakirə keçirilir. «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndə bu parçaları başqalarına öyrətməyə kömək edən əyani vəsaitlər və çalışmalar var. Müqəddəs Kitabı bu cür dərindən araşdırmaq həyatımıza müsbət təsir edir və bir müəllim kimi yetişməyimizə kömək edir, beləcə, biz «tam səriştəli, hər cür yaxşı işə tamamilə hazır» oluruq (2 Tim. 3:16, 17).
16 Görüşün ikinci hissəsi «Səriştəli müjdəçi olun» adlanır. Bu hissə xidmətlə bağlı öyrəndiklərimizi praktikada tətbiq etmək, təbliğ və təlim işində səriştəli olmaq üçün gözəl fürsət yaradır. Şagird tapşırıqlarından əlavə, söhbət planı videolarının müzakirəsi də olur. Görüşün bu hissəsi bizə «ariflərin dilini» verir ki, biz «yerində deyilmiş sözlə yorğunlara hay verə» bilək (Əşy. 50:4).
17 Görüşün «Məsihi həyatı» adlanan üçüncü hissəsində Müqəddəs Kitab prinsiplərini gündəlik həyatımızda necə tətbiq edə biləcəyimiz müzakirə olunur (Zəb. 119:105). Bu hissənin əsas özəlliyi Müqəddəs Kitab dərsidir. Müqəddəs Kitab dərsi «Gözətçi qülləsi» müzakirəsi kimi sual-cavab şəklində keçirilir.
18 Hər ay «Məsihi həyatı və ibadəti. İş dəftəri»ni alanda ağsaqqallar şurasının koordinatoru, yaxud ona kömək edən ağsaqqal iş dəftərini diqqətlə nəzərdən keçirir və cədvəl tutur. Hər həftə ağsaqqallar şurasının təyin etdiyi və yaxşı müəllimlik bacarığı olan ağsaqqal görüşə sədrlik edə bilər. Onun məsuliyyətinə görüşün vaxtında başlayıb vaxtında qurtarmasına nəzarət etmək və tapşırığı olan şagirdləri tərifləmək və onlara məsləhət vermək daxildir.
19 Həyat və ibadət görüşünə müntəzəm hazırlaşmaq və görüşdə iştirak etmək bizə Allahın Kəlamını yaxşı başa düşməyə, oradakı prinsipləri dərk etməyə, müjdəni əminliklə təbliğ etməyə və məharətlə şagird hazırlamağa kömək edir. Görüşdəki mehriban ab-hava və ruhlandırıcı müzakirələr hələ vəftiz olunmayanlara da müsbət təsir göstərir. Bu və digər görüşlərə hazırlaşanda «Gözətçi Qülləsinin kitabxanası»ndan, «JW Library®» (cey-dabl-yu-laybreri) proqramından, «Gözətçi Qülləsinin ONLAYN KİTABXANASI™»ndan (sizin dildə varsa) və ibadət evindəki kitabxanadan istifadə edə bilərsiniz. İbadət evinin kitabxanasında Yehovanın Şahidlərinin dərc etdiyi nəşrlər, «Gözətçi Qülləsi nəşrlərinin indeksi», «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaiti, həmçinin bir sıra Müqəddəs Kitab tərcümələri, Müqəddəs Kitab sözlərinin əlifba göstəricisi, lüğət və axtarış aparmaq üçün digər vəsaitlər yerləşir. Bu kitabxanadan ibadət görüşündən əvvəl və ya sonra istifadə etmək olar.
TƏBLİĞ GÖRÜŞLƏRİ
20 Həftəiçi və həftəsonu bir qrup təbliğçi qısa şəkildə keçirilən təbliğ görüşünə toplaşır. Bu görüşlər, adətən, kiminsə evində, yaxud başqa bir münasib yerdə keçir. Bu görüşləri ibadət evində də keçirmək olar. Müxtəlif yerlərdə kiçik qruplar şəklində toplaşmağın sayəsində təbliğçilərə həm təbliğ görüşündə iştirak etmək, həm də sahəyə getmək asan olur. Təbliğçilər tez bir zamanda bölüşdürülməli və yubanmadan sahəyə getməlidir. Qrup nəzarətçisinə qrupunda olan təbliğçilərə yaxından diqqət göstərmək daha asan olur. Qrupların ayrı-ayrı yığışmağı yaxşıdır, amma vəziyyət elə gətirə bilər ki, bir neçə qrup bir yerdə yığışmalı ola bilər. Məsələn, həftəarası keçirilən görüşə az təbliğçi gəlirsə, bir neçə qrupu birləşdirmək, yaxud da bütün qrupları birləşdirib görüşü ibadət evində, ya da başqa münasib yerdə keçirmək yaxşı olardı. Bunun sayəsində təbliğçi üçün əməkdaş tapmaq asan olar. Yığıncaq qərara gələ bilər ki, bayramlar vaxtı da ibadət evində təbliğ görüşləri keçirsin, yaxud da «Gözətçi qülləsi» müzakirəsindən sonra bütün yığıncaq üçün təbliğ görüşü keçirsin.
21 Ayrı-ayrılıqda yığışan qruplarda təbliğ üçün görüşü qrup nəzarətçisi aparır. Qrup nəzarətçisi vaxtaşırı bu görüşü aparmaq üçün öz köməkçisini və ya başqa münasib qardaşı təyin edə bilər. Qardaş təbliğ üçün praktiki və faydalı fikirlər hazırlamalı və müzakirə etməlidir. Təbliğçilər bölüşdürüləndən sonra qrupdan bir nəfər dua edir. Bundan sonra qrup dərhal təbliğ ərazisinə gedəcək. Bu görüşlər 5—7 dəqiqə çəkməli, yığıncağın ibadət görüşündən sonra keçirildikdə isə bundan da az olmalıdır. Təbliğə çıxanlar bu görüşdən ruhlanmalı, faydalı göstərişlər və məsləhətlər almalıdırlar. Yeniləri, yaxud köməyə ehtiyacı olanları təcrübəli təbliğçilərlə təyin etmək olar ki, təcrübə toplasınlar.
YENİ VƏ YA BALACA YIĞINCAQLARDA İBADƏT GÖRÜŞLƏRİ
22 Şagirdlərin sayı artdıqca yığıncaqların sayı da artır. Yeni yığıncaq yaratmaq haqda ərizəni, adətən, filiala rayon nəzarətçisi göndərir. Bəzən balaca qruplar yaxınlıqdakı yığıncağın nəzdində fəaliyyət göstərməyi daha münasib hesab edə bilərlər.
23 Hərdən kiçik yığıncaqlar ancaq bacılardan ibarət ola bilər. Belə hallarda dua edən və yaxud görüşü aparan bacı, Müqəddəs Kitaba əsasən, başını bağlamalıdır (1 Kor. 11:3—16). Əksər hallarda bacı görüşü üzü auditoriyaya oturaq şəkildə keçirir. Bacılar görüşlərdə çıxış etmirlər. Onlar təşkilatın təqdim etdiyi materialı oxuyur və onu şərh edir; hərdən, müxtəliflik olsun deyə, materialı ya müzakirə, ya da səhnəcik şəklində təqdim edə bilərlər. Filialla yazılı şəkildə əlaqə saxlamağı və görüşləri keçirməyi filial bir bacıya tapşıra bilər. Müəyyən vaxtdan sonra bu işi görməyə yararlı qardaş olarsa, bu məsuliyyətlər ona tapşırılır.
RAYON TOPLANTILARI
24 İldə iki dəfə bir teokratik rayonun yığıncaqları üçün birgünlük rayon toplantısı təşkil olunur. Bu xoş mərasimlər bütün iştirakçılara bir məsihi kimi ürəklərini geniş açmağa imkan yaradır (2 Kor. 6:11—13). Toplantılarda təqdim olunan mövzular və toplantının digər hissələri bacı-qardaşların tələbatlarını nəzərə alaraq hazırlanır. Bütün proqram Allahın Kəlamına əsaslanır. Toplantıda məruzələr, səhnəciklər (bəziləri real hadisələrə əsaslanır), monoloqlar və müsahibələr olur. Bütün iştirakçılar toplantıdan aldıqları təlim sayəsində möhkəmlənirlər. Bu mərasimlərdə yeni şagirdlər həyatlarını Yehovaya həsr etdiklərinin rəmzi olaraq vəftiz olunurlar.
REGİONAL TOPLANTILAR
25 İldə bir dəfə böyük toplantılar keçirilir. Adətən, üç gün çəkən bu regional toplantılarda bir neçə teokratik rayonun yığıncaqları bir yerdə toplaşır. Kiçik filiallar qərara gələ bilər ki, nəzdində olan bütün yığıncaqlar üçün bir regional toplantı keçirsin. Bəzi ölkələrdə ərazinin tələbatlarından asılı olaraq və ya təşkilatın göstərişi ilə toplantının təşkilində müəyyən dəyişikliklər edilir. Vaxtaşırı bir sıra ölkələrdə beynəlxalq və ya xüsusi toplantılar təşkil olunur. Bu toplantılarda müxtəlif ölkələrdən on minlərlə Yehovanın Şahidi iştirak edir. Uzun illərdir ki, Yehovanın Şahidlərinin təşkil etdiyi böyük toplantılar çox sayda insanın diqqətini cəlb edir. Çoxları müjdəni bunun sayəsində eşidir.
26 Bu regional toplantılarda birgə toplaşaraq ibadət etmək Yehovanın xalqına böyük sevinc gətirir. Toplantı boyu həqiqətin nuru daha da gur işıq saçır. Bəzi toplantılarda fərdi mütaliə və ya yığıncaqda müzakirə etmək üçün, yaxud da sahədə paylamaq üçün nəzərdə tutulan yeni nəşrlər təqdim olunur. Regional toplantıların əlamətdar məqamlarından biri də vəftiz mərasimidir. Xalqın ruhani inkişafında bu toplantıların rolu əvəzsizdir. Bu toplantılar sübut edir ki, Yehovanın xalqı, doğrudan da, sadiq məsihilərdən ibarət beynəlxalq qardaşlıqdır və İsa Məsihin dediyi kimi, onların arasında əsl məhəbbət hökm sürür (Yəh. 13:35).
27 Yığıncağın ibadət görüşlərində, rayon və regional toplantılarda yığışmaq bizləri Yehovanın iradəsini yerinə yetirmək üçün qüvvətləndirir. Bu görüşlər imanımızı dünyanın dağıdıcı təsirindən qoruyur. Onlar Yehovaya şərəf və şan-şöhrət gətirir (Zəb. 35:18; Məs. 14:28). Yehovaya ürəkdən minnətdarıq ki, yaşadığımız axırzamanda bizi bu cür görüşlər vasitəsilə ruhani cəhətdən təravətləndirir.
AĞANIN ŞAM YEMƏYİ
28 İldə bir dəfə bütün dünyada Yehovanın Şahidləri İsa Məsihin ölümünün anma mərasimini, yaxud Ağanın şam yeməyi adlanan mərasimi keçirirlər (1 Kor. 11:20, 23, 24). Yehovanın xalqı üçün bu, ilin ən əlamətdar mərasimidir. Bu mərasimi qeyd etməyi İsa Məsihin özü tapşırıb (Luka 22:19).
29 Anma mərasiminin tarixi Müqəddəs Kitaba əsaslanan Pasxa bayramı ilə eyni günə düşür və Pasxanın tarixi Müqəddəs Kitabda göstərilib (Çıx. 12:2, 6; Mət. 26:17, 20, 26). İsraillilər b. e. ə. 1513-cü ildə Misir əsarətindən çıxmalarını hər il Pasxa bayramı ilə qeyd edirdilər. O zaman Yehovanın buyruğu ilə israillilər qəməri təqviminin birinci ayının 14-cü günü Pasxa quzusunu yeməli və Misirdən çıxmalı idi (Çıx. 12:1—51). Bu bayram yaz gecə-gündüz bərabərliyinə çox az qalmış, Yerusəlimdə təzə ay görünən gündən 13 gün sonra qeyd olunurdu. Adətən, İsa Məsihin xatirəsini anma mərasimi bədirlənmiş ayın yaz gecə-gündüz bərabərliyindən sonra göründüyü günə düşür.
30 Mətta 26:26—28 ayələrində İsanın bu mərasimi qeyd etməklə bağlı göstərişləri yazılıb. Bu, mistik ayin deyil. Bu mərasim səmavi Padşahlıqda İsa ilə birlikdə hakimiyyət sürmək üçün çağırılanların iştirak etdiyi simvolik şam yeməyidir (Luka 22:28—30). Ağanın şam yeməyinə toplaşmış qalan məsihilər və maraqlananlar bu mərasimdə sadəcə müşahidəçi qismində iştirak edirlər. Orada iştirak etməklə onlar Yehova Allaha Oğlu İsa Məsih vasitəsilə bəşəriyyətə bəxş etdiyi nemətlərə görə öz minnətdarlıqlarını bildirirlər. Anma mərasimindən əvvəl mərasimə və Müqəddəs Kitab dərsinə maraq oyatmaq məqsədilə xüsusi məruzə söylənilir.
31 Yehovanın Şahidləri hər ibadət görüşünü həvəslə gözləyirlər, çünki bu görüşlərdə biz «bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq» edirik (İbr. 10:24). Sadiq və ağıllı nökər bizim ruhani tələbatlarımızı nəzərə alıb bu cür görüşlər təşkil edir. Yehovanın xidmətçilərinin hamısını, həmçinin yeni gələnləri də bu görüşlərdə müntəzəm iştirak edərək tam fayda götürməyə təşviq edirik. Yehovanın xalqı Onun Öz təşkilatı vasitəsilə təqdim etdiyi hər şeyə görə ürəkdən minnətdardır, bunun sayəsində onların arasındakı birlik bağları möhkəmlənir. Ən əsası isə, biz bununla Yehova Allaha şərəf gətirir və Onu ucaldırıq (Zəb. 111:1).