İnsanları əsil mə’nada birləşdirmək mümkündürmü?
HANSI əqidəyə sahib olmanızdan asılı olmayaraq, bütün dinlərdə həqiqəti sevən insanların olması fikri ilə yəqin ki, razılaşacaqsınız. Hinduistlər, katoliklər, yəhudilər və başqa dinlərin nümayəndələri arasında həqiqəti səmimi qəlbdən qiymətləndirən və ona can atan insanları tapmaq olar. Lakin, göründüyü kimi, din insanları bir–birindən yalnız ayırır. Din bə’zən tamahkar məqsədlər üçün də istifadə olunur. Bəs bütün dinlərin, həqiqəti və salehliyi səmimiyyətlə sevən nümayəndələri arasında birlik yaratmaq mümkündürmü? Onları ümumi məqsədlər birləşdirə bilərmi?
Dinin əksər vaxt düşmənçiliyə və ayrılığa səbəb olması faktı necə də kədərlidir! Buna dair bir neçə nümunəni nəzərdən keçirək. Şri–Lankada hinduistlər buddistlərlə müharibə edirdilər. Protestantlar, katoliklər və yəhudi dininin nümayəndələri müxtəlif müharibələr və iğtişaşlar zamanı qan tökürdülər. “Xristianlar” Bosniya, Çeçenistan, İndoneziya və Kosova kimi ölkələrdə müsəlmanlarla döyüşürdülər. 2000–ci ilin mart ayında isə, dini ziddiyyət nəticəsində törədilən hərbi toqquşmada, iki günün ərzində 300 nigeriyalı həlak olmuşdur. Həqiqətən də dini ədavət, qəddarlığı və zorakılığı yalnız qızışdırır.
Dinin adından törədilən pisliklər, çox vaxt səmimi qəlbli insanları dəhşətə gətirir. Məsələn, iman gətirən insanların əksəriyyətini hiddətləndirən odur ki, onların kilsələri uşaqları zorlayan keşişlərin qarşısını almır. Başqa imanlıları, xristianlığın bir çox təriqətlərində homoseksualizmə və aborta dair aparılan mübahisələr çaşqınlığa salır. Buradan aydın olur ki, din bəşəriyyətə birlik gətirə bilmədi. Buna baxmayaraq, növbəti nümunələrdən görəcəyimiz kimi, bir çox dinlərdə həqiqəti sevən insanları tapmaq olar.
Onlar həqiqəti tapmağa can atırdılar
La–Pas (Boliviya) şəhərindəki San–Fransisko kilsəsini ziyarət edən Fideliya adlı katolik qadın, öz imanına olduqca sadiq idi. O, Məryəmin surəti önündə diz çökür və ala biləcəyi ən bahalı şamları xaçın qarşısına düzürdü. Kasıblara paylasınlar deyə, keşişlərə hər həftə çoxlu yemək gətirirdi. Buna baxmayaraq, Fideliyanın beş uşağı vəftiz olunmamış öldü. Keşiş dedi ki, onun uşaqları cənnətdə deyillər, amma cənnətlə cəhənnəmin arasında əziyyət çəkirlər. Fideliyanı heyrət götürdü: “Əgər Allah mərhəmətlidirsə, bu necə mümkündür?”
Katmandudan (Nepal) olan həkim Tara, hinduist ailəsində tərbiyə almışdır. Əcdadlarının əsrlərlə davam edən ən’ənələrinə riayət edərək, hinduizm mə’bədindəki tanrılara ibadət edir və evində müxtəlif bütlər saxlayırdı. Lakin Taraya, “yer üzündə nəyə görə bu qədər iztirablar mövcuddur?”, “insanlar nəyə görə ölür?” kimi suallar rahatlıq vermirdi. O öz dinində bu suallara inandırıcı cavablar tapmırdı.
Panya, Banqkokda (Tailand), kanalın sahilindəki evdə yaşayan buddist ailəsində tərbiyə almışdır. Onu öyrədirdilər ki, iztirablar, əvvəlki həyatda işlədilən günahların əvəzidir və onlardan, bütün arzulardan imtina etməklə azad olmaq olar. Səmimi qəlbli başqa buddistlər kimi, ona da, sarı rəngli bürüncəklərdə gəzən və hər gün səhər tezdən sədəqə üçün adamların yanına gələn rahiblərin hikmətinə dərin hörmət hissi aşılamışdılar. O, meditasiya (ruhani anlayışa nail olmaq üçün fikri bir yerə cəmləmə) ilə məşğul olur və Buddanın surətlərindən kolleksiya toplayırdı. O sanırdı ki, bu surətlər insanı müdafiə etməyə qadirdir. Bir dəfə o, ciddi fəlakətə uğradı və bundan sonra bədəninin aşağı hissəsi iflic oldu. Panya mö’cüzə vasitəsilə şəfa tapacağına səmimi qəlbdən inanaraq, buddist mə’bədlərini ziyarət etməyə başladı. Ancaq nə fiziki, nə də ruhani cəhətdən şəfa tapdı. Bunun əvəzində isə spiritizmə cəlb olundu.
Vircil Birləşmiş Ştatlarda dünyaya göz açıb. Kollecdə oxuyarkən zənci müsəlmanlara qoşuldu. O, zənci müsəlmanlara məxsus vərəqələri sə’ylə paylayırdı. Bu vərəqələrdə qeyd olunurdu ki, ağ adamlar İblisdirlər. Zənci müsəlmanların fikrincə, ağ adamlar məhz buna görə qara dərili adamlarla bu qədər amansız davranırdılar. Vircil bütün bunlara səmimi qəlbdən inansa da, onu: “Məgər bütün ağ adamlar pis ola bilərmi?” “Nəyə görə kilsə tərəfindən söylənilən təbliğdə həmişə puldan danışırlar?” kimi suallar narahat edirdi.
Çaro adlı qadın, əsas e’tibarı ilə katolisizmə üstünlük verilən Cənubi Amerikada böyüsə də, protestant dininə e’tiqad edir və bu dinə olduqca sadiq idi. Yaşadığı ölkədə geniş yayılmış bütpərəstlikdə iştirak etmədiyi üçün fəxr edirdi. Hər bazar günü kilsəyə getmək Çaronun xoşuna gəlirdi. İbadət zamanı ucadan “Haleluya” çığırmaqla, özündə böyük emosional yüksəliş hiss edirdi. Sonra hamı dini nəğmələr oxuyur və rəqs edirdi. Çaro artıq xilas olduğuna və yenidən doğulduğuna səmimi qəlbdən inanırdı. O, gəlirinin onda bir hissəsini kilsəyə ödəyir və sevimli televiziya müjdəçisi ianə istəyəndə, Çaro Afrikadakı uşaqlar üçün ona pul yollayırdı. Ancaq bir dəfə keşişə, mərhəmətli Allahın insan canlarını cəhənnəmdə nə üçün incitdiyinə dair sual verdikdə Çaro hiss etdi ki, keşiş ona inandırıcı cavab verə bilmir. Sonradan isə onun ianələrinin afrikalı uşaqlara çatmadığını öyrəndi.
Bu cür müxtəlif olan beş adamı eyni şey — həqiqətə məhəbbət və suallarına doğru cavab tapmağa səmimi istək birləşdirirdi. Bəs bu adamlar həqiqi dində birləşə bildilərmi? Növbəti məqalə bu suala cavab verir.
[4-cü səhifədəki şəkil]
Müxtəlif ölkə və mədəniyyətlərin nümayəndələri üçün həqiqi birlik mövcuddurmu?
[İcazə ilə]
G.P.O., Jerusalem