Ey gənclər, həyatınızı nəyə həsr edəcəksiniz?
«Yumruğu elə atıram ki, zərbəm boşa çıxmasın» (1 KOR. 9:26).
1, 2. Yetkinliyə doğru uğurla addımlamaq üçün sənə nə lazımdır?
TƏSƏVVÜR ET ki, tanımadığın yolla gedirsən. Yəqin ki, sənə xəritə və kompas lazım olacaq. Xəritə sənə harada olduğunu və gedəcəyin yolu müəyyən etməyə, kompas isə yolunu azmamağa kömək edəcək. Ancaq hara getdiyini dəqiq bilməsən, nə kompasın, nə də xəritənin sənə heç bir faydası olmayacaq. Boş-boşuna gəzib vaxt itirməmək üçün getdiyin yeri dəqiq müəyyən etməlisən.
2 Yetkinliyə doğru irəliləyən bir gənc kimi, sən də eyni vəziyyətdəsən. Sənin də əlində etibarlı xəritə və kompas var. Müqəddəs Kitab, bir xəritə kimi, düzgün yolu seçməkdə sənə kömək edəcək (Sül. məs. 3:5, 6). Düzgün tərbiyə olunan vicdanın sayəsində isə sən bu yolda qalacaqsan (Rom. 2:15). O, sənə kompas kimi xidmət edə bilər. Lakin həyatda uğur qazanmaq üçün hara getdiyini də bilməlisən. Yəni sənin konkret və aydın məqsədlərin olmalıdır.
3. Həvari Pavel 1 Korinflilərə 9:26 ayəsində məqsəd qoymağın hansı faydasını vurğulayır?
3 Məqsəd qoymağın və ona çatmaq üçün əlindən gələni etməyin faydasını göstərərək həvari Pavel yazır: «Mən məqsədsiz qaçmıram, yumruğu elə atıram ki, zərbəm boşa çıxmasın» (1 Kor. 9:26). Məqsədlərin olarsa, qarşındakı yolu əminliklə ‘qaçacaqsan’. Tezliklə sən ibadətlə, işlə, nikahla, ailə və digər məsələlərlə bağlı vacib qərarlar qəbul etməli olacaqsan. Bəzən seçim edərkən çaş-baş qalacaqsan. Lakin qərarlarını Allahın Kəlamındakı həqiqətlərə və prinsiplərə əsaslandıraraq yolunu qabaqcadan müəyyən etsən, azmayacaqsan (2 Tim. 4:4, 5).
4, 5. a) Qarşına məqsəd qoymasan, nə baş verə bilər? b) Nəyə görə həyatda etdiyin seçimlərə Allahı razı salmaq istəyi təsir etməlidir?
4 Əgər sənin məqsədlərin olmasa, onda, çox ehtimal ki, həmyaşıdların və müəllimlərin özlərinin düzgün hesab etdikləri yolla getməyin üçün sənə təzyiq göstərəcəklər. Hətta konkret məqsədlərin olsa belə, yenə də bəziləri öz fikirlərini sənə yeritməyə çalışa bilərlər. Bu zaman özündən soruş: «Onların məsləhətinə qulaq asmaq cavanlıq günlərimdə Yaradanı xatırlamağıma kömək edəcək, yoxsa bundan yayındıracaq?» (Vaiz 12:1 ayəsini oxu.)
5 Nəyə görə həyatda etdiyin seçimlərə Allahı razı salmaq istəyi təsir etməlidir? Səbəblərdən biri odur ki, malik olduğumuz hər yaxşı bəxşişi bizə verən Yehova Allahdır (Yaq. 1:17). Doğrudan da, Yehovaya minnətdar olmaq hər birimizin borcudur (Vəhy 4:11). Allaha minnətdarlığını göstərməyin ən yaxşı yollarından biri hansıdır? Məgər qarşına məqsəd qoyarkən Onun fikirlərini nəzərə almaq deyil? Gəl görək, hansı məqsədlərə can atmağa dəyər və onlara çatmaq üçün nə etməlisən.
Qarşına hansı məqsədləri qoya bilərsən?
6. Qarşına hansı vacib məqsədi qoya bilərsən və nəyə görə?
6 Əvvəlki məqalədə deyildiyi kimi, qarşına qoya biləcəyin vacib məqsədlərdən biri Müqəddəs Kitabda deyilənlərin həqiqət olduğuna şəxsən əmin olmaqdır (Rom. 12:2; 2 Kor. 13:5). Həmyaşıdların sadəcə başqalarının sözünə görə təkamül nəzəriyyəsinə və müxtəlif yalan dini təlimlərə inana bilərlər. Lakin sən tamamilə fərqli davrana bilərsən. Unutma, Səmavi Atamız Yehova sənin Ona bütün ağlınla xidmət etməyini istəyir. (Matta 22:36, 37 ayələrini oxu.) Onun arzusu odur ki, imanın dəlillərə əsaslansın (İbr. 11:1).
7, 8. a) Hazırda əlçatan olan hansı məqsədlərə can atmaq imanını möhkəmləndirməyə kömək edəcək? b) Belə məqsədlərə çatanda nə hiss edəcəksən?
7 İmanını möhkəmləndirmək üçün nəyə görə qarşına hazırda əlçatan olan məqsədlər qoymayasan? Belə məqsədlərdən biri hər gün dua etmək ola bilər. Duaların həmişə rəngarəng və konkret olsun deyə onlara gün ərzində baş verən hadisələri daxil edə bilərsən. Bu hadisələri yadda saxlamaq və ya qısaca qeyd etmək olar. Yaxşı olardı ki, dua edərkən yalnız qarşılaşdığın çətinlikləri yox, sevincini də bölüşəsən (Filip. 4:6). Digər məqsəd Müqəddəs Kitabı hər gün oxumaqdır. Bilirsənmi ki, əgər gündə təxminən dörd səhifə oxusan, bir il ərzində bütün Müqəddəs Kitabı qurtaracaqsan?a Məzmur 1:1, 2 ayələrində deyilir ki, Allahın ‘qanununu gecə-gündüz ahəstə səslə oxuyan insan’, (YD) həqiqətən də, bəxtiyardır.
8 Qarşına qoya biləcəyin üçüncü məqsəd bütün yığıncaq görüşlərinə hazırlaşmaqdır. Əvvəlcə, ola bilsin, sən üzündən hansısa sualın cavabını və ya ayə oxumaq istəyəcəksən. Bir qədər sonra isə öz sözlərinlə cavab verməyi qarşına məqsəd qoya bilərsən. Sənin hər bir cavabın Yehovaya təqdim etdiyin mədh qurbanıdır (İbr. 13:15). Bu məqsədlərə çatanda əminliyin, Yehovaya minnətdarlığın artacaq və sən artıq daha böyük məqsədlərə can atmağa hazır olacaqsan.
9. Əgər sən hələ təbliğçi deyilsənsə, qarşına hansı növbəti məqsədləri qoya bilərsən?
9 Bunlardan sonra növbəti məqsədlərin nə ola bilər? Əgər sən hələ təbliğçi deyilsənsə, qarşına bu məqsədi qoya bilərsən. Bu şərəfli məqsədə çatdıqdan sonra sən, bir ayda olsun, ara vermədən müntəzəm təbliğ etmək və bir təbliğçi kimi püxtələşmək istəyəcəksən. Həmçinin səndə təbliğdə Müqəddəs Kitabdan məharətlə istifadə etməyi öyrənmək istəyi yaranacaq. Bundan sonra təbliğ işinin sənə daha çox məmnunluq gətirdiyini görəcəksən. Sonra evdən-evə daha çox təbliğ edə və Müqəddəs Kitab öyrənməsi keçirə bilərsən. Vəftiz olunmamış təbliğçi kimi qarşına qoya biləcəyin ən yaxşı məqsəd vəftiz üçün tələblərə cavab vermək, sonra isə Yehovaya həsr olunub vəftiz olunmaqdır.
10, 11. Gənclər qarşılarına gələcək üçün hansı məqsədləri qoya bilərlər?
10 Artıq vəftiz olunmusansa, aşağıdakı məqsədlər barədə düşünmək olar. Misal üçün, nadir hallarda işlənən ərazilərdə vaxtaşırı olaraq təbliğ edərək yığıncaqlara kömək edə bilərsən. Ola bilsin, sən həmçinin gənclik qüvvətini və sağlamlığını köməkçi və ya daimi pioner xidmətinə həsr etmək qərarına gələcəksən. Yehovaya sevinclə xidmət edən on minlərlə pioner tammüddətli xidmətin Yaradanı cavanlıq günlərində xatırlamağın nə qədər böyük xeyir-dualar gətirdiyini sənə danışa bilərlər. Bu məqsədlərə hələ valideynlərinlə yaşayarkən çata bilərsən. Aid olduğun yığıncaq da bunlardan fayda əldə edəcək.
11 Lakin digər məqsədlər yalnız öz yığıncağına yox, digər yığıncaqlara da fayda gətirə bilər. Məsələn, istər yaşadığın ölkədə, istərsə də ondan kənarda təbliğçilərə daha çox tələbat olan ərazilərdə xidmət etməyi planlaşdıra bilərsən. Ola bilsin, xarici ölkələrdə Padşahlıq Zallarının və filialların tikintisində iştirak etmək, Bet-El xidmətçisi və ya missioner olmaq istədin. Sözsüz ki, burada sadalanan məqsədlərin əksəriyyətinə nail olmazdan öncə sən ilk vacib addımı atmalı, yəni vəftiz olmalısan. Bu addımı hələ atmayıbsansa, gəl görək, bunun üçün nə tələb olunur.
Vəftiz üçün tələblər
12. Bəziləri hansı niyyətdən irəli gələrək vəftiz olurlar və nəyə görə bu, kifayət deyil?
12 Səncə, nəyə görə vəftiz olmaq lazımdır? Bəziləri düşünə bilərlər ki, vəftiz insanı günah işlətməkdən qoruyur. Başqaları isə həmyaşıdlarının vəftiz olunduğunu görüb həvəsə düşürlər. Digərləri isə, ola bilsin, valideynlərini razı salmaq istəyirlər. Lakin vəftiz xəlvətdə görmək istədiyin işdən səni saxlayan bir saziş deyil. Həmçinin təkcə kiminsə sözünə görə də vəftiz olmaq düzgün deyil. Bu addımı atmazdan əvvəl sən Yehovanın Şahidi olmağın nə demək olduğunu tam dərk etməli, bu məsuliyyəti üzərinə götürməyə hazır olmalı və bunu ürəkdən istəməlisən (Vaiz 5:4, 5).
13. Sən nəyə görə vəftiz olmalısan?
13 Vəftiz olmağın səbəblərindən biri İsanın davamçılarına ‘şagird hazırlayıb, vəftiz etmək’ tapşırığını verməsidir. O, özü vəftiz olunmaqla bizə nümunə qoyub. (Matta 28:19, 20; Mark 1:9 ayələrini oxu.) Üstəlik, vəftiz xilas olmaq istəyənlər üçün vacib addımdır. Daşqın zamanı Nuhun və ailəsinin tikdiyi gəmi vasitəsilə xilas olmaları barədə yazdıqdan sonra həvari Peter dedi: «İndi də buna oxşar bir şey, vəftiz mövcuddur. Vəftiz... sizi İsa Məsihin dirilməsi vasitəsilə xilas edir» (1 Pet. 3:20, 21). Vəftizi bədbəxt hadisələrdən qoruyan sığorta sənədinə bənzətmək olmaz. Sən Yehovanı sevdiyin və Ona bütün ürəyinlə, canınla, ağlınla və var gücünlə xidmət etmək istədiyin üçün vəftiz olursan (Mark 12:29, 30).
14. Bəziləri hansı səbəblərə görə vəftiz olmağa tərəddüd edə bilərlər, lakin sən nəyə əmin olmalısan?
14 Bəziləri sonralar yığıncaqdan kənar ediləcəklərindən qorxaraq vəftiz olunmağa tərəddüd edirlər. Səndə də belə qorxu varmı? Əgər varsa, narahat olma, bu heç də pis deyil. Bu göstərir ki, sən Yehovanın Şahidi olmağın nə qədər ciddi məsuliyyət olduğunu dərk edirsən. Daha hansı səbəblər ola bilər? Bəlkə də, sən Allahın normalarına uyğun yaşamağın ən yaxşı həyat yolu olduğuna hələ də tam əmin deyilsən. Bu halda Müqəddəs Kitab normalarına xor baxan insanların aqibəti barədə düşünmək sənə düzgün qərar verməkdə kömək edə bilər. Yaxud da, ola bilsin ki, sən Allahın qanunlarını sevirsən, lakin onlara riayət edə biləcəyinə əmin deyilsən. Əslində, bu, sənin təvazökar olduğunu göstərir. Müqəddəs Kitabda deyilir ki, bütün qeyri-kamil insanların ürəyi hiyləgərdir (Yer. 17:9). Ancaq sən daima Allahın «sözlərinə bağlı qalmaqla» bütün işlərində uğur qazana bilərsən. (Məzmur 119:9 ayəsini oxu.) Vəftiz olmağa tərəddüd etməyinə səbəb nə olursa olsun, onları aradan qaldırmalısanb.
15, 16. Vəftizə hazır olub-olmadığını necə müəyyən edə bilərsən?
15 Bəs vəftizə hazır olub-olmadığını necə müəyyən edə bilərsən? Özündən soruş: «Başqalarına Müqəddəs Kitabın əsas təlimlərini izah edə bilirəmmi? Valideynlərim təbliğə getmədiyi günlərdə mən təbliğə gedirəmmi? Bütün məsihçi görüşlərində iştirak etməyə çalışırammı? Həmyaşıdlarımın təzyiqinə müqavimət göstərdiyim konkret halları yadıma sala bilərəmmi? Valideynlərim və ya dostlarım Yehovaya xidməti dayandırsalar, mən davam edəcəyəmmi? Allaha dua edərkən Onunla münasibətim barədə danışırammı? Özümü duada Yehovaya həsr etmişəmmi?»
16 Vəftiz insanın həyatını büsbütün dəyişir, buna görə də bu məsələyə barmaqarası yanaşmaq olmaz. Bu barədə ciddi düşünmək üçün kifayət qədər yetkin olmalısan. Yetkinlik gözəl çıxışlar etmək və ya şərhlərlə insanlarda təəssürat oyatmaq deyil. Yetkinlik Müqəddəs Kitab prinsiplərini başa düşərək düzgün qərarlar qəbul etmək bacarığını tələb edir. (İbranilərə 5:14 ayəsini oxu.) Əgər sən bu səviyyəyə çatmısansa, onda qarşında bütün ürəyinlə Yehovaya xidmət etmək və həqiqətdən də, Ona həsr olduğunu göstərən həyat tərzi sürmək kimi ən şərəfli iş durur.
17. Vəftizdən sonra yarana biləcək sınaqların öhdəsindən gəlməkdə sənə nə kömək edə bilər?
17 Vəftizdən dərhal sonra Yehovaya xidmət etmək arzusu ilə alışıb-yanacaqsan. Lakin tezliklə imanının nə qədər möhkəm olduğu və sənin nə qədər sarsılmaz olduğun sınağa çəkiləcək (2 Tim. 3:12). Düşünmə ki, çətinliklərlə tək mübarizə aparmalısan. Məsləhət üçün valideynlərinə müraciət et. Yığıncaqda ruhən yetkin məsihçilərdən kömək istə. Sənə dəstək olacaq insanlarla dostluğunu möhkəmləndir. Ən əsası, Yehovanın sənin qeydinə qaldığını heç vaxt unutma və yadda saxla ki, istənilən çətinliyin öhdəsindən gəlmək üçün O, sənə lazımi gücü verməyə qadirdir (1 Pet. 5:6, 7).
Məqsədlərinə necə çata bilərsən?
18, 19. Həyatda sənin üçün nəyin daha vacib olduğu üzərində nəyə görə düşünməlisən?
18 Ən yaxşı niyyətlərinin olmasına baxmayaraq, sənə hərdən elə gəlirmi ki, vacib və etmək istədiyin işlərə vaxtın qalmır? Əgər belədirsə, həyatda sənin üçün nəyin daha vacib olduğu üzərində düşün. Gəl bir təcrübə aparaq. Bir plastmas vedrə götür və içinə bir neçə böyük daş qoy. Sonra içinə qum tök. Gördün, daş da, qum da vedrəyə yerləşdi. İndi isə vedrəni boşalt və əvvəlcə qumu tök, sonra da daşları qoy. Daşlar üçün yer qalmadı, elə deyilmi? Çünki vedrəyə birinci qumu tökmüşdün.
19 Vaxtını nəyə sərf edəcəyinin üzərində düşünərkən də eyni çətinliklə üzləşə bilərsən. Əgər əyləncə kimi şeyləri birinci yerə qoysan, həyatda daha vacib olan ruhani məşğuliyyətlərə vaxtın heç qalmayacaq. Amma əgər Müqəddəs Kitabın ‘daha vacib şeyləri ayırd etmək’ məsləhətinə riayət etsən, görəcəksən ki, həm Allaha xidmətə, həm də istirahətə vaxtın var (Filip. 1:10).
20. Məqsədlərinə doğru irəlilədikcə bəzən ürəyində narahatçılıq və şübhələr baş qaldırarsa, nə etməlisən?
20 Vəftiz və digər məqsədlərə doğru irəlilədikcə bəzən ürəyində narahatçılıq və şübhələr baş qaldıra bilər. Belə hallarda «qayğı yükünü Rəbbə ver, qoy sənə dayaq olsun» (Məz. 55:22). Hal-hazırda sənin bəşər tarixində ən sevindirici və ən vacib iş olan ümumdünya təlim və təbliğ işində iştirak etmək imkanın var (Həv. iş. 1:8). Sən ya adi tamaşaçı, ya da ki fəal iştirakçı ola bilərsən. Qabiliyyətlərini Padşahlıq işinin irəliləməsi üçün istifadə et. ‘Cavanlıq günlərini’ Yaradanına xidmətə həsr etdiyinə görə heç vaxt peşman olmayacaqsan! (Vaiz 12:1).
[Haşiyələr]
a «Gözətçi Qülləsi»nin 2009-cu il 1 avqust sayının 15—18-ci səhifələrinə (rus.) bax.
b Bu kimi məsələlərlə əlaqədar kömək üçün «Gənclərin sualları. Praktiki məsləhətlər — II» kitabının 34-cü fəslinə (rus.) bax.
Necə cavab verərdiniz?
• Nəyə görə qarşına məqsədlər qoymalısan?
• Hansı məqsədlərə can atmağa dəyər?
• Vəftiz olunmaq məqsədinə çatmaq üçün nə tələb olunur?
• Həyatda sənin üçün nəyin daha vacib olduğunu ayırd etmək məqsədlərinə nail olmaqda necə kömək edə bilər?
[13-cü səhifədəki şəkil]
Müqəddəs Kitabı hər gün oxumağı qarşına məqsəd qoymusanmı?
[15-ci səhifədəki şəkil]
Vəftiz olmaq məqsədinə nail olmaqda sənə nə kömək edəcək?
[16-cı səhifədəki şəkil]
Bu nümunədən nə öyrənə bilərsən?