Vaxt və dövrlər Allahı olan Yehovaya etibar edin
«Vaxtı və dövrü dəyişdirən Odur. O, padşahları taxtdan salar və taxta qoyar» (DAN. 2:21).
NECƏ CAVAB VERƏRDİNİZ?
Xilqət və yerinə yetən peyğəmbərliklər necə göstərir ki, Yehova vaxtın Ağasıdır?
Yehovanın vaxt və dövrlər Allahı olduğunu dərk etməyimiz bizi nəyə təşviq edir?
Haradan bilirik ki, dünyadakı hadisələr və insanların planları Yehovanın cədvəlinə təsir edə bilməz?
1, 2. Vaxt anlayışının Yehova üçün sirr olmadığı nədən bəllidir?
YEHOVA insanları yaratmazdan çox-çox əvvəl vaxtı müəyyən etməyə kömək edən vasitələr yaratmışdı. Dördüncü yaradılış günündə Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar... fəsilləri və günlərlə illəri göstərsin» (Yar. 1:14, 19, 26). Və əlbəttə ki, hər şey Yehovanın istədiyi kimi oldu.
2 Lakin vaxt anlayışı üstündə alimlər arasında gedən mübahisələr hələ də səngimək bilmir. Bir ensiklopediyada qeyd edilir: «“Vaxt” dünyada ən dərkedilməz sirlərdən biridir. Heç kəs vaxtın nə olduğunu dəqiq deyə bilməz». Ancaq Yehova vaxtın nə olduğundan tamamilə agahdır. Axı Yehova «göyləri yaradan Rəbb»dir, «O, dünyanı yaratdı, ona quruluş verdi». Yehova həmçinin «axırı əvvəldən, baş verməmiş hadisələri əzəldən bildirən» Allahdır (Yeşaya 45:18; 46:10). İndi biz Yehovaya və Onun Kəlamına olan imanımızı möhkəmləndirəcək iki sahəyə diqqət yetirəcəyik. Gəlin görək Yehovanın yaratdıqları şeylər və yerinə yetən peyğəmbərliklər Onun vaxtın Ağası olduğunu, yəni hər şeyi təyin etdiyi vaxtda yerinə yetirdiyini necə göstərir.
XİLQƏT VAXTIN AĞASI OLAN YEHOVAYA EHTİRAM HASİL EDİR
3. Təbiətdə vaxta görə hər şeyin dəqiq tənzimlənməsi nədən bəllidir?
3 Yehovanın yaratdığı hər şey — ən xırda zərrəcikdən tutmuş böyük şeylərədək dəqiq vaxtla işləyir. Məsələn, atomların vibrasiya etdiyi ritm heç vaxt dəyişmir. Atom vibrasiyası ilə işləyən beynəlxalq saat etalonunun xətası 80 milyon il müddətində 1 saniyədən artıq deyil, yəni bu müddət ərzində həmin saat ya 1 saniyə dala qalır, ya da qabağa qaçır. Ulduzların və planetlərin hərəkəti də vaxt baxımından dəqiq tənzimlənib. Onların səmadakı mövqeləri dəqiq müəyyən edildiyi üçün fəsilləri ayırd etmək və səyahət zamanı yeri dəqiqləşdirmək mümkündür. Bu dəqiq «saatları» yaradan Yehova böyük qüdrətə sahibdir və sözsüz ki, Ona həmd etməyimizə layiqdir. (Yeşaya 40:26 ayəsini oxu.)
4. Canlı aləmdə müşahidə olunan vaxt dəqiqliyi Allahın müdrikliyini necə əks etdirir?
4 Canlı aləmdə də vaxt dəqiqliyi müşahidə olunur. Bir çox bitkilərin və heyvanların həyatı daxili saat sayəsində nizamlanır. Quşların çoxu instinktiv olaraq nə zaman köç etməyin lazım olduğunu bilir (Yer. 8:7). İnsanlarda da gecə-gündüz ritmi ilə işləyən və 24 saatdan ibarət olan daxili saat var. İnsan təyyarə ilə bir ölkədən başqa ölkəyə gedəndə, adətən, bir neçə saat qurşağı keçir; buna görə də daxili saatın yenidən öz qaydası ilə işləməsi üçün bir neçə gün lazımdır. Doğrudan da, canlı və cansız aləmdə hər şeyin vaxta görə dəqiq tənzimlənməsi vaxt və dövrlər Allahı olan Yehovanın qüdrətindən və hikmətindən xəbər verir. (Məzmur 104:24 ayəsini oxu.) Bəli, vaxtın Ağası Yehova Kainatda ən müdrik və qüdrətli Şəxsdir. Buna görə biz tam əmin ola bilərik ki, O, bütün niyyətlərini həyata keçirməyə qadirdir!
DÜZ VAXTINDA YERİNƏ YETƏN PEYĞƏMBƏRLİKLƏR İMANIMIZI MÖHKƏMLƏNDİRİR
5. a) Biz bəşəriyyətin gələcəyini yalnız hansı yolla öyrənə bilərik? b) Nəyə görə Yehova hadisələri və onların vaxtını dəqiq deyə bilər?
5 Yehovanın yaratdığı təbiət Onun gözəgörünməz xüsusiyyətləri haqda bizə çox şey öyrədir. Lakin təbiət «gələcəkdə bəşəriyyəti nə gözləyir?» kimi vacib suallar qarşısında acizdir (Rom. 1:20). Buna görə də biz Onun Kəlamı olan Müqəddəs Yazılara müraciət etməliyik. Bu kitabı araşdıranda görürük ki, orada çoxsaylı peyğəmbərliklər var və onların hər biri vaxtında yerinə yetib! Yehova hadisələr barədə qabaqcadan xəbər verməyə qadirdir, çünki O, gələcəyi aydın görür. Üstəlik, Müqəddəs Kitabdakı peyğəmbərliklər vaxtında yerinə yetir, çünki Yehova Allah hadisələri elə istiqamətləndirə bilər ki, onlar niyyətinə uyğun olaraq təyin etdiyi vaxtda yerinə yetsin.
6. Haradan bilirik ki, Yehova Müqəddəs Kitabdakı peyğəmbərliklərin yerinə yetdiyini başa düşməyimizi istəyir?
6 Yehova istəyir ki, xidmətçiləri Müqəddəs Yazılardakı peyğəmbərlikləri başa düşsünlər və onlardan faydalansınlar. Allahın vaxta olan baxışı bizimkindən fərqli olsa da, gələcək hadisələrin vaxtından xəbər verəndə bizim başa düşdüyümüz vaxt vahidlərindən istifadə edir. (Məzmur 90:4 ayəsini oxu.) Məsələn, «Vəhy» kitabında «an, gün, ay və il üçün hazırlanmış dörd mələk»dən bəhs olunur və bu vaxt vahidləri bizim üçün anlaşılmaz deyil (Vəhy 9:14, 15). Bu peyğəmbərliklərin düz vaxtında necə yerinə yetdiyini görmək vaxt və dövrlər Allahı olan Yehovaya və Onun Kəlamına olan imanımızı daha da möhkəmləndirməlidir. Gəlin bir neçə nümunəyə nəzər salaq.
7. Yeremyanın Yerusəlim və Yəhuda haqda söylədiyi peyğəmbərliklərin yerinə yetməsi Yehovanın vaxtın dahi Ağası olduğunu necə göstərdi?
7 Gəlin xəyalən eramızdan əvvəl yeddinci əsrə qayıdaq. «Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində» vaxtın dahi Ağası olan Yehovadan «bütün Yəhuda xalqı barədə Yeremyaya söz nazil oldu» (Yer. 25:1). Yehova qabaqcadan Yerusəlimin viran qalacağını, yəhudilərin isə Babilə sürgün ediləcəyini söylədi. Onlar orada «Babil padşahına yetmiş il qulluq edəcək»dilər. Eramızdan əvvəl 607-ci ildə Babil ordusu Yerusəlimi, həqiqətən də, viran qoydu və yəhudiləri Yəhudadan Babilə əsir apardı. Bəs 70 il sona çatanda nə baş verdi? Yeremya belə bir peyğəmbərlik söyləmişdi: «Rəbb belə deyir: “Babildə yetmiş iliniz bitəndə Mən sizə yenə baş çəkəcəyəm və sizi buraya qaytaracağım barədə verdiyim xoş sözü yerinə yetirəcəyəm”» (Yer. 25:11, 12; 29:10). Bu peyğəmbərlik düz vaxtında, eramızdan əvvəl 537-ci ildə midiyalılar və farslar yəhudiləri Babil əsarətindən azad edəndə yerinə yetdi.
8, 9. Məsihin gəlişi və səmavi Padşahlığın təsisi barədə Danielin peyğəmbərlikləri Yehovanın vaxt və dövrlər Allahı olduğunu necə göstərir?
8 Gəlin Allahın qədim xalqı ilə bağlı olan növbəti peyğəmbərliyə nəzər salaq. Yəhudilərin Babildən çıxmalarından təxminən iki il əvvəl Allah Daniel vasitəsilə peyğəmbərlik etmişdi ki, Yerusəlimin bərpası barədə fərmanın çıxmasından 483 il sonra Məsih peyda olacaq. Midiya-Fars imperiyasının padşahı həmin fərmanı eramızdan əvvəl 455-ci ildə vermişdi. Düz 483 il sonra, eramızın 29-cu ilində Nazaretli İsa vəftiz olunarkən Məsh olundu və Məsih oldua (Neh. 2:1, 5—8; Dan. 9:24, 25; Luka 3:1, 2, 21, 22).
9 İndi isə görək Müqəddəs Kitabda Padşahlıqla bağlı hansı peyğəmbərlik yazılmışdı. Məsələn, orada deyilir ki, Məsihin Padşahlığı 1914-cü ildə göydə təsis olunacaqdı. Həmçinin orada Məsihin iştirakının «əlaməti», Şeytanın göydən yerə atılacağı və dünyada böyük fəlakətlərin olacağı haqda yazılmışdı (Mat. 24:3—14; Vəhy 12:9, 12). Üstəlik, Müqəddəs Kitabda dəqiq vaxt — 1914-cü il göstərilmişdi. Həmin il «millətlər üçün təyin olunmuş vaxt» sona çatacaqdı və Padşahlıq göydə idarə etməyə başlayacaqdı (Luka 21:24; Dan. 4:10—17)b.
10. Hansı hadisələrin gələcəkdə düz vaxtında yerinə yetəcəyinə zərrə qədər də şübhə yoxdur?
10 Qarşıda bizi Məsihin dediyi «böyük müsibət» gözləyir. Bundan sonra Məsihin Minillik Hökmranlığı başlayacaq. Deyilən bütün bu hadisələrin düz vaxtında yerinə yetəcəyinə zərrə qədər də şübhə ola bilməz. İsa yer üzündə olanda Yehova artıq bu hadisələrin baş verəcəyi «günü və saatı» təyin etmişdi (Mat. 24:21, 36; Vəhy 20:6).
«VAXTINIZIN QƏDRİNİ BİLİN»
11. Son günlərdə yaşadığımızı bilməyimiz bizə necə təsir etməlidir?
11 Məsihin artıq padşahlıq etdiyini və axır günlərdə yaşadığımızı bilməyimiz bizə necə təsir etməlidir? (Dan. 12:4). Çoxları dünyadakı vəziyyətin get-gedə pisləşdiyini görsələr də, onlar başa düşmürlər ki, bununla Müqəddəs Kitabda son günlər barədə yazılan peyğəmbərliklər yerinə yetir. Bəziləri bu sistemin bir gün dağılacağını, digərləri isə insanların səyi nəticəsində yer üzündə sülh və təhlükəsizliyin bərqərar olacağını düşünürlər (1 Salon. 5:3). Bəs biz? Əgər biz, doğrudan da, Şeytan dünyasının məhvinin astanasında yaşadığımızı dərk ediriksə, onda qalan vaxtımızı Allaha xidmət etmək və başqalarına Onun haqqında öyrənməyə kömək etmək üçün sərf etməli deyilik? (2 Tim. 3:1). Biz vaxtımızdan müdrikcəsinə istifadə etməliyik. (Efeslilərə 5:15—17 ayələrini oxu.)
12. İsanın Nuhun günləri barədə dediyi sözlərdən biz nə öyrənə bilərik?
12 Diqqəti yayındıran şeylərlə dolu olan bu dünyada vacib şeylərə vaxt tapmaq bəzən çətin olur. İsa xəbərdarlıq etmişdi: «Nuhun günlərində necə idisə, insan Oğlunun iştirakı zamanı da elə olacaq». Nuhun günləri necə idi? Həmin dövrdə qabaqcadan deyilmişdi ki, dünyanı su basacaq və bütün pis insanlar Daşqında məhv olacaqlar. «Salehlik təbliğçisi» olan Nuh Allahın xəbərini sədaqətlə insanlara çatdırırdı (Mat. 24:37; 2 Pet. 2:5). Lakin «camaat yeyir, içir, evlənir, ərə gedirdi və... daşqın gəlib onların hamısını aparmayınca heç nəyi fikirləşmirdilər». Buna görə də İsa davamçılarına xəbərdarlıq etmişdi: «Hazır olun, çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək» (Mat. 24:38, 39, 44). Biz Nuhun müasirləri kimi yox, onun kimi olmalıyıq. Bəs bizə özümüzü hazır vəziyyətdə saxlamağa nə kömək edəcək?
13, 14. İnsan Oğlunun gəlişini gözlədiyimiz müddətdə Yehovaya sədaqətlə xidmət etmək üçün Onun barəsində nəyi yadda saxlamalıyıq?
13 İnsan Oğlu bizim düşünmədiyimiz saatda gələcək, bununla belə, biz yadda saxlamalıyıq ki, Yehova həmişə Öz niyyətini təyin etdiyi vaxtda yerinə yetirir. Dünyadakı hadisələr və insanların planları Onun təyin etdiyi vaxta heç cür təsir edə bilməz. Yehova niyyətini həyata keçirmək üçün hadisələrin baş verəcəyi vaxtı və bunların nəticələrini Özü müəyyən edir. (Daniel 2:21 ayəsini oxu.) Süleymanın məsəlləri 21:1 ayəsində deyilir: «Padşahın ürəyi Rəbbin əlindədir, onu su arxı kimi istədiyi səmtə döndərər».
14 Yehova niyyətini düz vaxtında həyata keçirmək üçün hadisələrə təsir göstərməyə qadirdir. Dünyada baş verən bir çox mühüm dəyişikliklər Müqəddəs Kitabdakı peyğəmbərliklərin, xüsusilə də Allahın Padşahlığı haqda xoş xəbərin bütün dünyada təbliğ olunacağına dair peyğəmbərliklərin yerinə yetməsidir. Sovet İttifaqının süqutunu və bunun nəticələrini bir anlığa gözünüzün qabağına gətirin. Yəqin, çox az adam fikirləşirdi ki, bu kimi böyük siyasi dəyişiklik belə bir qısa zamanda baş verə bilər. Ancaq bunun sayəsində xoş xəbər əvvəllər fəaliyyətimizin qadağan olunduğu bir çox ərazilərdə təbliğ edilir. Buna görə də gəlin vaxtımızın qədrini bilərək vaxt və dövrlər Allahına sədaqətlə xidmət etməyi davam etdirək.
VAXT MƏSƏLƏSİNDƏ YEHOVAYA ETİBAR EDİN
15. Təşkilati dəyişikliklərə əməl etməklə öz imanımızı necə göstərə bilərik?
15 Bu son günlərdə Padşahlıq haqda xoş xəbərin təbliğini davam etdirmək üçün bizdən Yehovanın Öz niyyətini tam vaxtında yerinə yetirəcəyinə iman etmək tələb olunur. Ola bilsin ki, dünyada vəziyyət dəyişdiyinə görə bizdən şagird hazırlamaq işində dəyişiklik etmək lazım gələr. Təbliğ fəaliyyətimizin daha səmərəli olması üçün Yehovanın təşkilatı bəzən dəyişikliklər edir. «Yığıncağın... başı» və Allahın Oğlu olan Məsihin rəhbərliyi altında sədaqətlə xidmət edən bizlər bu dəyişikliklərə tam əməl etməklə vaxt və dövrlər Allahı olan Yehovaya iman etdiyimizi göstəririk (Efes. 5:23).
16. Nəyə görə Yehovanın bizə düz vaxtında kömək edəcəyinə iman edə bilərik?
16 Yehova istəyir ki, biz Ona çəkinmədən və «vaxtında» bizə kömək edəcəyinə tam imanla dua edək (İbr. 4:16). Məgər bu, Allahın hər birimizi ayrı-ayrılıqda sevdiyini və qayğımıza qaldığını göstərmir? (Mat. 6:8; 10:29—31). Biz Yehova Allaha olan imanımızı müntəzəm olaraq kömək üçün Ona dua etməklə, sonra da dualarımıza və Onun göstərişlərinə uyğun davranmaqla təzahür etdirə bilərik. Biz həmimanlılarımız üçün də dua etməyi yaddan çıxarmırıq.
17, 18. a) Tezliklə Yehovanın düşmənləri ilə nə baş verəcək? b) Biz hansı tələdən özümüzü gözləməliyik?
17 İndi tərəddüd etməyin və imansızlığa qapılmağın vaxtı deyil; indi iman sayəsində möhkəm olmağın vaxtıdır (Rom. 4:20). Allahın düşmənləri olan Şeytan və onun əlaltıları İsanın, biz də daxil olmaqla, öz davamçılarına tapşırdığı işin qarşısını almağa çalışırlar (Mat. 28:19, 20). İblisin hücumlarına baxmayaraq, biz bilirik ki, Yehova «hər cür insanın, ələlxüsus da sadiq adamların Xilaskarı»dır. «Yehova Ona sadiq insanları sınaqlardan necə qurtarmağı... yaxşı bilir» (1 Tim. 4:10; 2 Pet. 2:9).
18 Tezliklə Yehova bu pis sistemə son qoyacaq. Bunun nə vaxt və necə baş verəcəyini tam təfərrüatı ilə bilməsək də, heç şübhə etmirik ki, Məsih düz vaxtında Allahın düşmənlərinin payını verəcək və Yehovanın ali hökmranlığına bəraət qazandırılacaq. Buna görə də bizim hansı zəmanədə yaşadığımızı nəzərə almamaq böyük ağılsızlıq olardı! Çoxları «hər şey yaradılışdan bəri olduğu kimi» durduğunu düşünürlər. Gəlin biz heç vaxt bu tələyə düşməyək (1 Salon. 5:1; 2 Pet. 3:3, 4).
ALLAHI SƏBİRLƏ GÖZLƏYİN
19, 20. Nəyə görə biz Yehovanı səbirlə gözləməliyik?
19 Yehova bəşəriyyəti yaradanda niyyəti o idi ki, insanlar Onun Özü və yaratdıqları möhtəşəm şeylər haqqında əbədiyyən öyrənsinlər. Vaiz 3:11 ayəsində qeyd olunur: «Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz».
20 Biz necə də xoşbəxtik ki, Yehovanın bəşəriyyətə dair niyyəti dəyişilməz olaraq qalıb (Mal. 3:6). Allah «kölgə kimi dəyişkən deyil» (Yaq. 1:17). İnsanların vaxtı müəyyən etmək üçün istifadə etdikləri vasitələr, məsələn, Yer kürəsinin fırlanması Yehovanın niyyətini həyata keçirəcəyi vaxta təsir etmir. Yehova «əbədiyyət Padşahı»dır (1 Tim. 1:17). Buna görə də gəlin bizi «xilas edən Allahı» gözləyək (Mik. 7:7). «Ey Rəbbə ümid bağlayan bütün insanlar, cəsarətli, möhkəm olun!» (Məz. 31:24).
[Haşiyələr]
a «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 197-dən 199-dək səhifələrinə baxın.
b «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 215-dən 218-dək səhifələrinə baxın.
[19–cu səhifədəki şəkil]
Daniel Allahdan aldığı peyğəmbərlik sözlərinin yerinə yetəcəyinə iman edirdi
[21–ci səhifədəki şəkil]
Yehovanın niyyətini yerinə yetirmək üçün vaxtdan düzgün istifadə edirsinizmi?