TƏLİM MƏQALƏSİ 30
Dindar olmayan insanların qəlbinə yol tapaq
«Hər cür adam üçün hər şey oldum ki, hər cür vasitədən istifadə edib kimlərisə xilas edə bilim» (1 KOR. 9:22).
NƏĞMƏ 82 «Qoy nurunuz parlasın»
İCMALa
1. Son onilliklər ərzində bəzi ərazilərdə nə kimi dəyişikliklər baş verib?
MİN illər boyu insanların əksəriyyəti hər hansı dini etiqada sahib olub. Lakin ötən onilliklər ərzində köklü dəyişikliklər baş verib. Dindar olmadığını deyənlərin sayı günü-gündən artır. Bəzi ölkələrdə əhalinin əksər hissəsi heç bir dinə mənsub olmadığını deyirb (Mət. 24:12).
2. Bu qədər insanın dindar olmamasına səbəb nədir?
2 Nəyə görə dindar olmadığınıc deyənlərin sayı getdikcə çoxalır? Bəzilərinin başı əyləncəyə, yaxud öz problemlərinə qarışıb (Luka 8:14). Digərləri ateizmə üz tutub. Bir başqaları Allahın varlığına inansalar da, din anlayışının köhnəldiyini, müasir zəmanəylə, yaxud elm və məntiqlə uzlaşmadığını söyləyir. Onlar dostlarından, müəllimlərindən, yaxud kütləvi informasiya vasitələrindən həyatın təkamül nəticəsində yarandığını eşidirlər, Allaha inanmaq üçün tutarlı mülahizələrə isə nadir hallarda rast gəlirlər. Digərləri din xadimlərinin pulgirliyindən, səlahiyyət hərisliyindən ikrah edir. Bəzi ərazilərdə isə hökumət dini fəaliyyəti rəsmi şəkildə məhdudlaşdırır.
3. Bu məqalənin məqsədi nədir?
3 İsa Məsih bizə «bütün xalqların içində şagird» hazırlamağı buyurub (Mət. 28:19). Bəs dindar olmayan insanlara Allahı sevməyə və Məsihin davamçısı olmağa necə kömək edə bilərik? Yadda saxlamalıyıq ki, insanın bölüşdüyümüz xəbərə necə münasibət göstərməsi onun hansı mühitdə böyüməsindən asılı ola bilər. Məsələn, Avropada böyümüş insanla Asiyada böyümüş insanın göstərdiyi münasibət eyni olmaya bilər. Nə üçün? Avropada çoxlarının Müqəddəs Kitabdan müəyyən anlayışı var və hər şeyi Allahın yaratması fikri onlara tanışdır. Lakin Asiyada insanların əksəriyyəti Müqəddəs Kitab haqda ya çox az biliyə sahibdir, ya da ümumiyyətlə ondan xəbərsizdir və bəziləri Yaradanın varlığına inanmır. Bu məqalənin məqsədi hansı ərazidən olmasına və nəyə inandığına baxmayaraq, xidmətdə rastlaşdığımız hər bir kəsin ürəyinə yol tapmağa kömək etməkdir.
DÜZGÜN MÜNASİBƏT BƏSLƏYİN
4. Nə üçün ümidimizi üzməməliyik?
4 Ümidinizi üzməyin. Hər il Yehovanın Şahidlərinin sırasına bir vaxtlar dindar olmayan insanlar qoşulur. Onların arasında artıq yüksək əxlaqi dəyərə sahib olan, dinin riyakarlığından ikrah edən kəslər var. Digərlərinin isə əxlaq dəyərləri aşağı olub və ya pis vərdişlərindən əl çəkməli olub. Əmin ola bilərik ki, Yehovanın köməyi ilə «əbədi həyata aparan yolda yeriməyə meyli olanları» tapacağıq (Həv. 13:48; 1 Tim. 2:3, 4).
Müqəddəs Kitaba inanmayanlara fərqli üsulla şahidlik verin (5 və 6-cı abzaslara baxın)d
5. İnsanlar adətən hansı səbəblərə görə xoş xəbərə hay verir?
5 Mehriban və nəzakətli olun. Çox vaxt insanlar xoş xəbərə bizim nə dediyimizə görə yox, necə dediyimizə görə hay verir. Mehriban, nəzakətli olmağımız və səmimi maraq göstərməyimiz onların xoşuna gəlir. İnsanları bizi dinləməyə məcbur etmirik. Əksinə, onların nə üçün dindar olmadığının səbəbini anlamağa çalışırıq. Misal üçün, bilirik ki, bəziləri yad insanlarla dini mövzularda danışmağı xoşlamır. Digərlərinə kiminsə onlardan Allah barədə soruşması qəribə gəlir. Bəziləri isə istəmir ki, kimsə onların Müqəddəs Kitab oxuduğunu görsün, özü də Yehovanın Şahidləri ilə. İstənilən halda, biz onların hisslərini anlamağa çalışırıq (2 Tim. 2:24, haş.).
6. Həvari Bulusun vəziyyətə uyğunlaşdığı nədən görünür və ondan necə örnək ala bilərik?
6 Görəndə ki, «Müqəddəs Kitab», «yaradılış», «Allah», yaxud «din» kimi ifadələr işlətməyimiz insanın xoşuna gəlmir, nə etmək olar? Həvari Bulusdan örnək alaraq söhbətimizi onlara uyğunlaşdıra bilərik. Həvari Bulus yəhudilərlə danışan zaman Müqəddəs Kitabdan ayələrə istinad edirdi. Lakin Areopaqda yunan filosofları ilə danışanda o, Müqəddəs Kitaba birbaşa istinad etməmişdi (Həv. 17:2, 3, 22—31). Bulusdan necə örnək almaq olar? Müqəddəs Kitabı qəbul etməyən birinə rast gələndə, yaxşı olar ki, söhbət zamanı birbaşa kitaba müraciət etməyəsiniz. Əgər görsəniz ki, təbliğ etdiyiniz kəs Müqəddəs Kitabı oxuduğuna görə kiminsə onu görəcəyindən narahatdır, çalışın ayəni daha az diqqət çəkən tərzdə, məsələn, elektron cihazınızdan göstərəsiniz.
7. Həvari Bulusun 1 Korinflilərə 9:20—23 ayələrində təsvir olunan nümunəsini necə izləyə bilərik?
7 Anlayışlı olun və dinləməyi bacarın. Təbliğ etdiyiniz insanın düşüncəsinə hansı faktorların təsir etdiyini anlamağa çalışın (Məs. 20:5). Gəlin Bulusun nümunəsinə bir daha nəzər salaq. O, yəhudilərin arasında böyümüşdü. Buna görə də qeyri-yəhudilərə təbliğ edən zaman Bulus təbliğ üsulunu dəyişirdi, çünki onlar Yehova Allah və Müqəddəs Yazılar barədə ya az biliyə sahib idilər, ya da heç məlumatları yox idi. Biz də ərazimizdəki insanları daha yaxşı başa düşmək üçün nəşrlərimizdən müəyyən axtarışlar apara, yaxud yığıncağımızdakı təcrübəli şəxslərdən məsləhət ala bilərik. (1 Korinflilərə 9:20—23 ayələrini oxuyun.)
8. Müqəddəs Kitab barədə söhbətə başlamağın bir yolu hansıdır?
8 Bizim məqsədimiz «layiqli adamları» tapmaqdır (Mət. 10:11). Xidmətimizin səmərəli olması üçün insanların fikrini soruşmalı və diqqətlə dinləməliyik. İngiltərədə yaşayan bir qardaş insanlardan ailə xoşbəxtliyi, uşaq böyütmək, yaxud ədalətsizliyə dözməklə bağlı nə düşündüklərini soruşur. Onların cavabını dinlədikdən sonra deyir: «2000 il bundan öncə yazılmış bu məsləhət barədə nə düşünürsünüz?» Sonra Müqəddəs Kitab sözünü işlətmədən, öncədən seçdiyi münasib ayələri telefonundan göstərir.
İNSANLARIN ÜRƏYİNƏ YOL TAPIN
9. Allah haqqında danışmağı xoşlamayan insanların ürəyinə necə yol tapa bilərik?
9 Allah haqqında danışmağı xoşlamayan insanların ürəyinə yol tapmaq üçün onlara maraqlı gələn mövzu barədə danışmaq olar. Misal üçün, təbiət çoxlarını heyran edir. Odur ki, belə demək olar: «Yəqin bilirsiniz ki, bir çox ixtiralar alimlərin təbiətdə mövcud olan şeyləri təqlid etməsi nəticəsində meydana gəlib. Məsələn, mikrofon istehsal edənlər qulağın, kamera istehsal edənlər gözlərin quruluşunu tədqiq edir. Bəs təbiəti seyr edəndə sizin ağlınıza nə gəlir? Sizcə, o, öz-özünə meydana gəlib, kimsə yaradıb, yoxsa necə?» İnsanın verdiyi cavaba diqqətlə qulaq asandan sonra belə demək olar: «Maraqlıdır, mühəndislər qulağın, gözün quruluşunu öyrənəndə kimin əl işini təqlid etməyə çalışır? Qədimdə yaşamış bir yazıçının sözləri mənə çox maraqlı gəlib. O demişdi: “Qulağı yaradan eşitməzmi? Gözə quruluş verən görməzmi?.. İnsanlara bilik verən Odur!” Bəzi alimlər də bu qənaətə gəlib, onlar yaradılışa inanır» (Zəb. 94:9, 10). Həmçinin həmin adama jw.org® saytından «Müsahibə və həyat hekayələri» bölməsindəki «Həyatın əmələ gəlməsi» rubrikasından video göstərə bilərsiniz. (NƏŞRLƏR > VİDEOLAR bölməsinə daxil olun.) Yaxud onlara «Həyat necə yaranıb? Təqdimat» videosunu göstərə və ya «Həyat necə yaranıb?» adlı broşürü verə bilərsiniz.
10. Allah haqqında danışmağa meyilli olmayan insanla söhbətə necə başlaya bilərik?
10 Əksər insanlar gözəl gələcəyin arzusundadır. Lakin çoxları yer üzünün dağılacağını, yaxud yaşamaq üçün yararsız hala düşəcəyini düşünür. Norveçdə səyyar nəzarətçi olan bir qardaş deyir ki, Allah haqqında danışmağı xoşlamayan insanlar dünyanın vəziyyəti barədə danışmağı sevir. O, salamlaşdıqdan sonra deyir: «Gələcəyimizin daha yaxşı olacağına hər hansı ümid görürsünüz? Sizcə, ümidlərimizi siyasətçilər, alimlər, yoxsa başqa kimsə gerçəkləşdirəcək?» Qardaş cavabı diqqətlə dinlədikdən sonra gözəl gələcəklə bağlı hər hansı ayəni oxuyur və ya sitat gətirir. Yer üzünün heç vaxt dağılmayacağına və yaxşı insanların əbədi yaşayacağına dair Müqəddəs Kitab vədi bəzilərində maraq oyadır (Zəb. 37:29; Vaiz 1:4).
11. Nəyə görə söhbətə başlamaq üçün müxtəlif üsullar axtarmalıyıq və Romalılara 1:14—16 ayələrinə əsasən, həvari Bulusdan necə örnək ala bilərik?
11 Rast gəldiyimiz insanlarla söhbətə başlamaq üçün müxtəlif üsullardan istifadə etməliyik. Çünki insanlar fərqlidir. Birinə maraqlı gələn mövzuya başqası qulaq asmaq istəməyə bilər. Kiminləsə Allah və Onun Kəlamı barədə birbaşa danışmaq, kiminləsə əvvəlcə başqa mövzudan başlamaq daha yaxşı nəticələr verir. İstənilən halda, biz hər cür insanla söhbət edə bilmək üçün fürsət axtarmalıyıq. (Romalılara 1:14—16 ayələrini oxuyun.) Əlbəttə, yadda saxlamalıyıq ki, salehliyi sevənlərin ürəyində həqiqəti böyüdən Yehovadır (1 Kor. 3:6, 7).
ASİYA ƏRAZİSİNDƏKİ İNSANLARIN ÜRƏYİNƏ YOL TAPAQ
Allahın Padşahlığının müjdəçiləri qeyri-xristian ölkələrdə insanlara maraq göstərir və onlarla Müqəddəs Kitabdakı hikmətli məsləhətləri bölüşür (12 və 13-cü abzaslara baxın)
12. Asiya ölkələrindən olanların ürəyinə necə yol tapa bilərik?
12 Bütün dünyada təbliğçilər Asiyadan olan çoxlu insana rast gəlir. Onların arasında fəaliyyətimizə müəyyən məhdudiyyətlər qoyulmuş ərazilərdən olanlar da var. Asiyanın bir sıra ölkələrində çox adam heç vaxt Yaradanın varlığı haqda dərindən düşünməyib. Bəzilərinə dediklərimiz maraqlı gəlir və Müqəddəs Kitabı öyrənmək təklifini qəbul edir. Lakin bəziləri yeni təlimlər öyrənməyə həvəsli deyil. Belə insanların ürəyinə necə yol tapa bilərik? Bəzi təcrübəli təbliğçilər adi şeylərdən danışaraq söhbətə başlayır, insana səmimi maraq göstərir və münasib məqamda Müqəddəs Kitab prinsiplərinin onların həyatını yaxşılığa doğru dəyişməsindən danışırlar.
13. Nəyin sayəsində insanda Müqəddəs Kitaba maraq oyana bilər? (Üz qabığındakı şəklə baxın.)
13 Bəzilərini ilk növbədə Müqəddəs Kitabdakı praktiki məsləhətlər cəlb edib (Vaiz 7:12). Nyu-Yorkda çindilli insanları ziyarət edən bir bacı deyir: «İnsanlarla maraqlanmağa, onları dinləməyə çalışıram. Onların bu ölkəyə yeni köçdüklərini biləndə soruşuram: “Buralara öyrəşə bilirsiniz? İş tapmısınız? Yerli camaat sizi incitmir ki?”» Bəzən bu üsul Müqəddəs Kitab təlimləri haqda danışmağa yaxşı imkan yaradır. Əgər münasibdirsə, bacı əlavə edir: «Sizcə, insanlarla yaxşı yola getmək üçün əsas nə lazımdır? Müqəddəs Kitabdan sizə bir ayə göstərmək istəyərdim. Baxın, nə deyilir: “Davanı başlamaq su bəndini açmağa bənzər; dava başlamamış oradan uzaqlaş”. Sizcə, bu məsləhətə əməl etmək insanlarla yola getməyə kömək edə bilər?» (Məs. 17:14). Bu kimi söhbətlər əsnasında daha çox məlumat almaq istəyənləri tapa bilərik.
14. Uzaq Şərqdə xidmət edən bir qardaş Allaha inanmayan insanlara necə təbliğ edir?
14 Bəs Allaha inanmadığını söyləyənlər barədə nə demək olar? Uzaq Şərqdə dindar olmayan insanlara uzun illərdir təbliğ edən bir qardaş deyir: «Adətən buradakı insanlardan kimsə deyəndə ki, Allaha inanmır, o, yerli ərazidə çoxlarının inandığı allahları nəzərdə tutur. Ona görə də çox vaxt əksər allahların insan əli ilə düzəldiyi və saxta olduqları fikri ilə razılaşıram. Adətən Ərəmya 16:20 ayəsini oxuyuram: “İnsan da allahlar düzəldə bilər? Axı düzəltdiyi əslində allah deyil”. Sonra soruşuram: “Həqiqi Allahı insan əli ilə düzəldilmiş allahlardan necə ayırd etmək olar?” Onları diqqətlə dinlədikdən sonra Əşiya 41:23 ayəsini oxuyuram: “Deyin gələcəkdə nələr olacaq, bilək ki, siz allahsınız”. Daha sonra Yehovanın gələcəklə bağlı söylədiklərini göstərirəm».
15. Şərqi Asiyadakı bir qardaşın nümunəsindən nə öyrənirik?
15 Şərqi Asiyada bir qardaş təkrar söhbət edən zaman istifadə etdiyi üsul barədə deyir: «Onlara Müqəddəs Kitabdakı hikmətə dair nümunələr çəkirəm, yerinə yetən peyğəmbərlikləri və kainatı idarə edən qanunları göstərirəm. Sonra bütün bunların canlı və hikmətli Yaradanın varlığına dəlalət etdiyini izah edirəm. İnsan Allahın varlığının mümkünlüyünü qəbul edərsə, ona Müqəddəs Kitabda Yehova haqda deyilənləri göstərirəm».
16. İbranilərə 11:6 ayəsinə əsasən, nəyə görə dərs keçdiyimiz insanların Allaha və Müqəddəs Kitaba imanı olmalıdır və onlara bu sahədə necə kömək edə bilərik?
16 Dindar olmayan insanlara Müqəddəs Kitab dərsi keçəndə onların Allahın varlığına olan imanlarını davamlı şəkildə artırmağa çalışmalıyıq. (İbranilərə 11:6 ayəsini oxuyun.) Həmçinin onlarda Müqəddəs Kitaba iman yaratmalıyıq. Bunun üçün müəyyən fikirləri dəfələrlə təkrarlamaq lazım gələ bilər. Ola bilsin, hər dərsdə Müqəddəs Kitabın Allahın sözü olduğuna dair sübutları araşdıraq. Bura Müqəddəs Kitabın yerinə yetmiş peyğəmbərliklərini, elmi və tarixi dəqiqliyini, yaxud praktiki hikmətini daxil etmək olar.
17. Məhəbbət göstərmək insanlara necə təsir edə bilər?
17 Dindar olub-olmamasından asılı olmayaraq, insanlara məhəbbət göstərməklə Məsihin şagirdi olmalarına kömək edə bilərik (1 Kor. 13:1). Müqəddəs Kitabı öyrənənlərə başa salmalıyıq ki, Allah onları sevir və onlardan da Özünə qarşı məhəbbət gözləyir. Hər il dinə az marağı olan və ya ümumiyyətlə dinlə maraqlanmayan minlərlə insan vəftiz olunur. Çünki qəlblərində Allaha qarşı məhəbbət yaranıb. Odur ki, təslim olmayın, hər bir insana qayğı və məhəbbətinizi göstərin. Onları dinləyin, başa düşməyə çalışın. Öz nümunənizlə Məsihin şagirdi olmağı öyrədin.
NƏĞMƏ 76 Nə hiss edirsən sən?
a Bu gün dindar olmayan insanlara əvvəlkindən daha çox rast gəlirik. Xoş xəbəri onlarla necə bölüşə bilərik? Onlarda Yehova Allaha və Müqəddəs Kitaba inam yetişdirmək üçün nə edə bilərik? Məqalədə bu suallara cavab veriləcək.
b Aparılan sorğuya əsasən, həmin ölkələrin sırasına Albaniya, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Birləşmiş Krallıq, Cənubi Koreya, Çexiya Respublikası, Çin, Danimarka, Fransa, Honkonq, İrlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, Kanada, Niderland, Norveç, Vyetnam və Yaponiya daxildir.
c BƏZİ İFADƏLƏRİN İZAHI: Bu məqalədə dindar olmayan insanlar deyiləndə hər hansı dinə mənsub olmayan, dinlə maraqlanmayan, yaxud Allahın varlığına inanmayan insanlar nəzərdə tutulur.
d ŞƏKİLLƏRİN İZAHI. Bir qardaş onunla birgə xəstəxanada işləyən iş yoldaşına təbliğ edir. İş yoldaşı sonradan jw.org saytına daxil olur.