Konqreslərin proqramını təkrarlamaq üçün yenilik
Şeytanın dünyası get-gedə pisləşdiyi bir vaxtda Yehova bizi təşviq edir ki, Ona “qarşı hörmətsizliyi və dünyəvi ehtirasları rədd edib, bu dünyada təmkinli, saleh və Allah yoluna uyğun bir ömür sürək” (Tit. 2:12). “Sadiq və ağıllı qulun” vasitəsilə O bizim üçün gözəl ruhani mərasimlər, o cümlədən hər il keçirilən rayon və birgünlük xüsusi konqreslər hazırlayır (Mat. 24:45). Bu ruhani mərasimlər bizi necə də qüvvətləndirir!
Konqresdə aldığımız nəsihətləri yaxşı yadda saxlamaq və tətbiq etmək üçün 2005-ci xidmət ilində rayon və birgünlük xüsusi konqreslərin proqramının təkrarı keçiriləcək. Bu əlavə vərəqənin 5-ci və 6-cı səhifələrindəki məqalələrdə qarşıda olacaq konqres proqramının xülasəsi və həmçinin təkrar üçün suallar var. Yığıncaqlar bu mə’lumatı konqresdən bir qədər əvvəl keçiriləcək xidməti görüşdə və konqresdə iştirak etdikdən tez sonra müzakirə edəcəklər. Bu necə olacaq?
Rayon konqresindən bir və ya iki həftə əvvəl xidməti görüşdə konqresin proqramına maraq oyatmaq üçün “Rayon konqresinin yeni proqramı” adlı məqalənin əsasında 10 dəqiqəlik mə’ruzə təqdim olunacaq. Mə’ruzəçi həmçinin təkrar üçün suallara diqqət yetirəcək və konqresdən sonra bir neçə həftə ərzində keçiriləcək təkrara hazırlaşmaq üçün hamını qeydlər etməyə təşviq edəcək.
Konqresdən sonra bir neçə həftə ərzində xidməti görüşdə konqresin birinci gününün proqramının 15 dəqiqəlik təkrarı keçiriləcək. Ondan sonrakı həftədə isə 15 dəqiqə ərzində ikinci günün proqramı müzakirə olunacaq. Həmin müzakirələr bu əlavə vərəqədə çap edilmiş sualların əsasında keçiriləcək. Təkrar zamanı əsas diqqət mə’lumatın praktiki dəyərinə yetirilməlidir. 15 dəqiqəlik təkrarlar üçün vaxt ayırmaq məqsədilə ağsaqqallar xidməti görüşün başqa hissələrini qısalda, ləğv edə və ya başqa vaxta sala bilərlər.
Bu yenilik həmçinin xüsusi birgünlük konqreslərə də aiddir. Lakin onun proqramını təkrarlamaq üçün 15 dəqiqəlik müzakirə bir dəfə keçiriləcək. Bizim hamımız bu əlavə vərəqəni saxlamalıyıq ki, onun köməyi ilə Yehovanın nəsihətlərindən daha çox fayda əldə edək (İş. 48:17, 18).