Müqəddəs Kitabdan məharətlə istifadə et
1. Təbliğ xidmətinə necə hazırlaşa bilərsən?
1 Xidmətdə hansı ədəbiyyatı təklif etməyimizdən asılı olmayaraq, qulaq asan insanlarla bölüşmək üçün Müqəddəs Kitabdan düşünməyə təşviq edən ayəni əvvəlcədən seçmək faydalıdır (İbr. 4:12). Ayəni təklif etdiyimiz ədəbiyyatdan seçmək olar. Bu, nəzərdə tutduğumuz ədəbiyyata diqqəti daha effektiv yönəltməyə kömək edə bilər. Bə’zi ərazilərdə təbliğçilər insanlara yaxınlaşanda, yaxud evdən-evə təbliğ edəndə, Müqəddəs Kitabı əllərində tutmağın faydalı olduğunu aşkar ediblər.
2. a) Təqdiməni Müqəddəs Kitab ayəsi ilə necə başlamaq olar? b) Sizin ərazidə yaşayan insanları hansı Müqəddəs Kitab mövzuları maraqlandırır?
2 Müqəddəs Kitab ayəsi ilə başla. Bə’zi təbliğçilər başlanğıcda ev sahibinə Müqəddəs Kitab ayəsinə əsaslanan sadə sual verirlər. Sonra isə həmin ayəni oxuyurlar. Onda insanın diqqəti dərhal Allahın Kəlamına yönəlir. Ehtimal ki, növbəti təqdimələrdən bə’ziləri sizin ərazinizdə effektiv ola bilər.
◼ “Əgər sizin imkanınız olsaydı, bu cür dəyişikliklər edərdinizmi?” (Vəhy 21:4 ayəsini oxu.)
◼ “Biz nə üçün belə çətin anlarda yaşayırıq?” (2 Timoteyə 3:1-5 ayələrini oxu.)
◼ “Əgər hər kəs bu məsləhətə riayət etsəydi, sizcə yaşadığımız dünya yaxşılaşardımı?” (Matta 7:12 ayəsini oxu.)
◼ “Necə düşünürsünüz, bizim uşaqlarımız burada təsvir olunan şəraitlərdə yaşayacaqlarmı?” (Məzmurlar 37:10, 11 ayələrini oxu.)
◼ “Necə düşünürsünüz, bu sözlərin yerinə yetəcəyi bir vaxt haçansa gələcəkmi?” (İşaya 33:24 ayəsini oxu.)
◼ “Müqəddəs Kitaba əsasən, tezliklə yeni hökumət olacağını nə vaxtsa eşitmisinizmi?” (Daniel 2:44 ayəsini oxu.)
◼ “Siz bu sualı Allaha vermək istəyərdinizmi?” (Eyub 21:7 ayəsini oxu.)
◼ “Ölən əzizlərimizi yenidən görmək mümkündürmü?” (Yəhya 5:28, 29 ayələrini oxu.)
◼ “Ölülər dirilərin nə etdiklərini bilirlərmi?” (Vaiz 9:5 ayəsini oxu.)
3. Müqəddəs Kitab ayələrini insanlar başa düşsün deyə, biz onlara necə kömək edə bilərik?
3 Asan başa düşülən tərzdə izah et. İnsan söhbət etməyə hazırdırsa, tələsmə, oxuduğun ayəni başa düşsün deyə onu izah etməyə, münasib nümunə gətirməyə və necə tətbiq etmək lazım olduğunu göstərməyə çalış (Neh. 8:8). İnsanlar Allahın Kəlamının öyrətdiklərini başa düşüb qəbul edəndə, bu, onların həyatında mö’cüzəli dəyişikliklərə səbəb ola bilər (1 Salon. 2:13).
4. Təkrar başçəkmə zamanı biz Müqəddəs Kitabdan məharətlə necə istifadə edə bilərik?
4 İnsanın marağını artırmaq üçün Müqəddəs Kitabdan daha yaxşı istifadə etməyə davam et. Təkrar baş çəkərkən sən bu üsullardan istifadə edə bilərsən: 1) Müqəddəs Kitabdan müvafiq ayə seç. 2) Bu ayəyə əsaslanan mövzuya dair həmsöhbətinin nöqteyi-nəzərini soruş. Sonra ayəni oxu. 3) Ayəni izah et, onu necə tətbiq etmək lazım olduğunu göstər və münasib nümunə gətir. Çalış ki, hər dəfə insanın yanına gələndə o, Müqəddəs Kitabdan yeni bir şey öyrənsin. Tezliklə Müqəddəs Kitab öyrənməsinə müvəffəq ola bilərsən.