Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik XI hissə.
Yeni təbliğçiləri təkrar başçəkmələr etməyə öyrədirik
1 Müqəddəs Kitabı öyrənən kəs təbliğçi olub təbliğ etməyə başlayanda, mütləq xoş xəbərə maraq göstərən insanlarla qarşılaşacaq. Yeni təbliğçiyə effektli təkrar başçəkmələr etməkdə və göstərilən marağı inkişaf etdirməkdə necə kömək edə bilərik?
2 Təkrar başçəkmə üçün təməli ilk söhbət zamanı qoymaq lazımdır. Yeni təbliğçini təşviq et ki, insanlara səmimi maraq göstərsin (Filip. 2:4). Ona yavaş-yavaş insanları söhbətə cəlb etməyi, onların söylədikləri fikirləri dinləməyi və onları narahat edən şeylərə diqqət yetirməyi öyrət. Əgər kimsə maraq göstərirsə, yeni təbliğçidən lazımi qeydlər etməsini xahiş et ki, sonra onunla birlikdə növbəti başçəkmələrə hazırlaşa biləsiniz.
3 Təkrar başçəkməyə hazırlıq. Yeni təbliğçiyə insanla ilk dəfə nə haqda söhbət etdiyinizi xatırlamağı təklif et və Padşahlıq haqqında olan xəbərdən insana nəyin maraqlı olduğunu necə müəyyən etməyi izah et (1 Kor. 9:19-23). Müqəddəs Kitabdan bir ayəni və öyrənmə keçirmək üçün olan nəşrdən münasib bir abzası əsas götürərək birlikdə qısa təqdimə hazırlayın. Axırda növbəti başçəkmə üçün təməl qoymaq məqsədilə hansı suala toxunacağınız barədə düşünməyi də unutmayın. Yeni təbliğçiyə hər başçəkmə zamanı insana Allahın Kəlamı haqda biliklərini artırmaq üçün necə kömək etməyi göstər.
4 Yaxşı olar ki, yeni təbliğçiyə sadə giriş sözlərini öyrədəsən. Təbliğçi, insanı salamlayıb deyə bilər: «Bizim ötən dəfəki söhbətimiz mənim çox xoşuma gəldi və mən sizə Müqəddəs Kitabda daha nələr haqqında bəhs edildiyi barədə danışmağa gəlmişəm [mövzunun adını çək]». Bundan əlavə, qapını başqa adam açarsa, yeni təbliğçiyə belə halda söhbətin necə aparılmasını da izah etmək lazımdır.
5 Axıradək sə’y göstərin. Şagirdi təşviq et ki, maraq göstərən insanlara ləngimədən təkrar baş çəksin. Çox vaxt adamları evlərində tapmaq asan olmur və bunun üçün onların yanına dəfələrlə gəlmək lazım gəlir. Həmçinin yeni təbliğçiyə təkrar görüş haqqında insanla necə danışa biləcəyini izah et və bu şərtə əməl etməyin nə dərəcədə vacib olduğunu anlamasına kömək et (Mat. 5:37). Yeni təbliğçini xeyirxahlıq, mülayimlik və hörmət göstərərək, həlim insanlar axtarmağa və onlarda olan marağı inkişaf etdirməyə təşviq et (Tit. 3:2).