Yehovanın Şahidlərinin 2006-cı ildə keçiriləcək «Qurtuluş yaxındır» adlı vilayət konqresi
1. Qədimdə Allahın xalqı həqiqi ibadətə görə olan minnətdarlığını necə göstərə bilərdi və bu gün biz hansı oxşar imkana malikik?
1 Qədim Yəhuda hökmdarı Xizqiya, çaparlar vasitəsilə xalqa məktublar göndərdi. Bu məktublarda onların hamısı Yerusəlimə toplaşmağa də’vət olunurdu (2 Saln. 30:6, 13). Xalqın cavabı onun həqiqi ibadətə olan münasibətini açıqlayırdı (2 Saln. 30:10-12). Yaxın aylarda Yehovanın müasir xidmətçiləri də birlikdə toplaşaraq, Yehovaya ibadət etmək imkanına görə səmimi minnətdarlıqlarını nümayiş etdirə biləcəklər. Yığıncağınıza sizi «Qurtuluş yaxındır» adlı vilayət konqresinə də’vət edən məktub göndərilmişdir. Bu də’vətə sən necə cavab verəcəksən?
2. Konqres proqramından tam faydalanmaq üçün biz indidən nə edə bilərik?
2 İndidən hazırlıq gör. Məhəbbətlə təqdim olunan ruhani proqramdan tam mə’nada faydalanmaq üçün konqresin hər üç günündə iştirak etməmiz lazımdır. Ailənlə birlikdə konqresin hər üç günündə iştirak etmək üçün indidən müdrikliklə hazırlıq gör (Sül. məs. 21:5). Bu, özünə müdirdən icazə almağı, planlarını imanına şərik olmayan həyat yoldaşınla müzakirə etməyi, mehmanxanada otaq sifariş etməyi və Müqəddəs Kitabı öyrəndiyin adamlara konqresin hər üç günündə iştirak etmək üçün köməyi daxil edə bilər. Bu vacib məsələləri son dəqiqəyə kimi tə’xirə salma. ‘Onun edəcəyinə’ inanaraq bu haqda Yehovaya dua et (Məz. 37:5).
3. Bizim mənzillə tə’min olunmamız üçün tədbir görən qardaşlarla nə üçün əməkdaşlıq etməliyik?
3 Yehovanın təşkilatı vilayət konqresi keçirilən şəhərlərin hər birində nümayəndələr üçün kifayət qədər yaşayış yerlərinin olmasına sə’y göstərir. Bu hazırlıqların təşkilində iştirak edən fədakar qardaşların sə’ylərini qiymətləndirir və konqresin digər nümayəndələrini nəzərə alırıqsa, həmçinin teokratik nizam-intizama hörmət bəsləyiriksə, bu məqalədə təqdim olunan rəhbərliyə əməl edəcəyik (1 Kor. 13:5; 1 Salon. 5:12, 13; İbr. 13:17).
4-6. Mehmanxanada otaq sifariş edərkən hansı vacib məsələləri yadda saxlamalıyıq və nəyə görə? (4-cü səhifədəki çərçivəyə də bax.)
4 Mehmanxanalarda otaq sifarişi. Bu məqalə xidməti görüşdə müzakirə edildikdən sonra e’lanlar lövhəsində münasib mehmanxanalarda «Məsləhət görülən mənzillərin sifarişi» blankı asılacaqdır. Zəhmət olmasa, 4-cü səhifədəki çərçivədə olan göstərişlərdən istifadə edərək yalnız bu siyahıda adı çəkilən mehmanxanalarda və yalnız göstərilən qiymətə otaq sifariş et. Xahiş olunur, siyahıda olmayan mehmanxanalara konqresin nümayəndələri üçün endirimli qiymətlərlə otaqların olub-olmadığını öyrənmək məqsədi ilə zəng etmə. Belə mehmanxanalar çox vaxt onlarda Yehovanın Şahidləri üçün münasib qiymətləri olduğunu söyləyirlər. Bu cür əməkdaşlığın sayəsində, hər il konqres keçirilən yerə yaxın, yaxşı mehmanxanalarla ucuz qiymətli mənzillər üçün müqavilə bağlamaq mümkün olur(1 Kor. 14:40).
5 Yadda saxlamaq vacibdir ki, həqiqətən də istifadə edəcəyimiz otaqları sifariş etməliyik. Əgər konqresin başqa nümayəndələri ilə əvvəlcədən razılaşmamısansa və ya həmin mehmanxanada yaşamaq istəyənlərin qərarlarının qəti olduğunu bilmirsənsə otaq sifariş etmə. Bu, konqres üçün sifariş olunan otaqların sayını sün’i olaraq artırır və konqresin digər nümayəndələrinin otaq sifariş etməsini çətinləşdirir. Hər bir otaq orada yaşayacaq şəxslərdən yalnız birinin adına sifariş olunmalıdır.
6 Əgər tələb olunursa, hər bir sifariş olunmuş otaq üçün beh yollamaq lazımdır. Əks təqdirdə sizin otağınız başqa kiməsə təklif oluna bilər. Əgər sən siyahıdakı bütün mehmanxanalara zəng etdikdən sonra onların heç birində otaq tapa bilməzsənsə və ya mehmanxana ilə bağlı başqa bir problem yaranarsa, bu barədə yığıncağın katibinə xəbər ver. O, siyahının əvvəlində verilən mə’lumatdan istifadə edərək, filialla deyil, gedəcəyin konqresin mənzil şö’bəsi ilə əlaqə saxlamalıdır. Xahiş olunur, siyahıda olmayan mehmanxanaya zəng etmək əvəzinə, mənzil şö’bəsi sənin iştirak edəcəyin konqres üçün mehmanxanaların ən yeni siyahısını göndərincəyə qədər gözlə.
7, 8. Xüsusi tələbatları olan şəxslərə necə qayğı göstərilə bilər?
7 Xüsusi tələbatlar. Süleymanın məsəlləri 3:27 ayəsində deyilir: «Əlindən yaxşılıq gəlirsə, buna layiq insanlardan əsirgəmə». Sən konqreslə əlaqədar olaraq başqalarına necə yaxşılıq edə bilərsən? Yaşlı və zəif bacı-qardaşlarımızın, tammüddətli xidmətçilərin və başqalarının konqresə getmək və ya mənzil tapmaq üçün praktiki köməyə ehtiyacları ola bilər. Onların qayğısına qalmaq ilk növbədə qohumların vəzifəsidir (1 Tim. 5:4). Əgər onlar bunu edə bilmirlərsə, o zaman həmimanlılar köməklik göstərə bilərlər (Qal 6:10). Kitaböyrənmə nəzarətçisi qayğı göstərəcək ki, xüsusi tələbatları olanlar üçün əvvəlcədən tədbirlər görülsün.
8 «Xüsusi tələbatlı şəxslər üçün mənzil sorğusu» blankı yalnız doğrudan da xüsusi yaşayış şəraitinə ehtiyacı olan və bu ehtiyacı ailəsi və ya yığıncaq üzvləri tərəfindən tə’min edilə bilməyən təbliğçilər üçün nəzərdə tutulub. Yığıncağın xidməti komitəsi blankdakı və bütün ağsaqqallara göndərilən 14 dekabr 2004-cü il tarixli məktubundakı göstərişlərə əməl edərək təbliğçinin sifarişini nəzərdən keçirəcək. Bu cür sifarişlər yalnız nümunəvi və uşaqları yaxşı tərbiyə olunan təbliğçilər üçündür.
9. a) Biz nə üçün tə’yin olunduğumuz konqresdə iştirak etməliyik? b) Əgər şərait sənin başqa konqresdə iştirak etməni tələb edirsə, o zaman hansı tədbirlər görülməlidir?
9 Başqa konqresdə iştirak etmək. Hamıya kifayət qədər yer, ədəbiyyat və mənzil çatsın deyə təbliğçilərdən xahiş olunur ki, yığıncaqları də’vət edilən konqresdə iştirak etsinlər. Əgər şəraitdən asılı olaraq sən başqa konqresdə iştirak etmək məcburiyyətindəsənsə, onda xahiş olunur, yığıncağın katibinə müraciət et. O, sənə getmək istədiyin konqres bürosunun ünvanını verəcək. Bu ünvan «Xüsusi tələbatlı şəxslər üçün mənzil sorğusu» blankının arxasında dərc olunub. «Məsləhət görülən mənzillərin siyahısı»nın və ya hər hansı başqa əlavə mə’lumatın göndərilməsi haqda etdiyin xahişlə birlikdə, markalı konvert və öz ünvanını yollamağı unutma. Əgər həmin şəhərdə bir neçə konqres keçiriləcəksə, iştirak edəcəyin konqresin tarixini göstər.
10. Üzümüzə gələn konqresdə sevincimizi necə artıra bilərik?
10 Könüllülərə ehtiyac var. Şübhə yoxdur ki, ruhani qidanı və həmimanlıları ilə ruhlandırıcı ünsiyyəti yüksək qiymətləndirənlər, konqresdə iştirak etməkdən böyük sevinc duyacaqlar. Konqresin uğurla keçməsi üçün edilən işlərdə könüllü olaraq köməklik göstərsək, bizim sevincimiz daha da artacaq (Həv. iş. 20:35). Yerli konqres komitəsi bu işdə köməklik etmək üçün tezliklə könüllüləri də’vət edəcək. Sən də bu işdə iştirak edə bilərsənmi? (Məz. 110:3)
11. Vilayət konqresində nəyi qiymətləndirirsən və biz nəyə qərarlı olmalıyıq?
11 Vilayət konqresində iştirak edən beş yaşlı oğlan deyir: «Ən çox xoşladığım hadisə vilayət konqresidir». Bu səmimi sözlər bizim hamımıza hər il vilayət konqresindən duyduğumuz sevinci xatırladır. Bu doğrudan da məzmurçunun söylədiyi sözlərə bənzəyir: «Sənin həyətində keçən bir günüm min günümdən yaxşıdır» (Məz. 84:10). Davud məzmurunda ‘bütün ömrü boyu Rəbbin evində yaşamaq, Ona pərəstiş etmək’ arzusunu ifadə edirdi (Məz. 27:4). Yehovanın xidmətçiləri arasında olmaq Davuda böyük məmnunluq hissi gətirirdi. Buna bənzər şəkildə biz də «Qurtuluş yaxındır» adlı vilayət konqresinin hər üç günündə iştirak etməklə, Yehovaya ibadət etmək imkanına görə minnətdarlığımızı təzahür etdirə bilərik.
[3 səhifədəki çərçivə]
Konqresin cədvəli
Cümə və şənbə günləri
9:30 — 17:05
Bazar günü
9:30 — 16:10
[4 səhifədəki çərçivə]
Mehmanxanada otaq sifariş etməyin yolları
1. Mehmanxanalara iş vaxtı zəng et. «Məsləhət görülən mənzillərin siyahısı»nda göstərilən telefon nömrələrindən istifadə et.
2. Mehmanxana işçilərinə xəbər ver ki, sən Yehovanın Şahidlərinin konqresinə gəlirsən.
3. Mehmanxanada qalacağın müddəti bildir.
4. Əgər mehmanxanada yer yoxdursa, siyahıdakı başqa mehmanxanaya zəng vur.
5. Siyahıda göstərilmiş qiymətdən baha qiymətə razı olma.
6. Otaq sifariş et və xahiş et ki, həmin otağın səndən başqa heç kimə verilməyəcəyini təsdiqləsinlər.
7. Behi kredit kartı, qəbz və ya poçt vasitəsilə müəyyən edilmiş vaxt ərzində göndər. Heç vaxt nəğd pul göndərmə. Nəzərə almaq lazımdır ki, otaqların sifarişi üçün bə’zi mehmanxanalar əlavə pul alırlar.
Xahiş olunur
◼ Yalnız «Məsləhət görülən mənzillərin siyahısı»nda olan mehmanxanalarda qal.
◼ Sənə doğrudan da lazım olan otağı sifariş et.
◼ Birinci sifarişini dəyişmə (Mat. 5:37).
◼ Əgər siyahıda başqa cür göstərilməyibsə, bir otaqda, uşaqlar da daxil olmaqla, dörd adamın yerləşdirilməsini planlaşdır.