Müqəddəs Kitaba əsaslanmış ədəbiyyatımızdan müdrikliklə istifadə et
1, 2. Çoxları bizim ədəbiyyatlara necə yanaşır və bundan irəli gələrək hansı sual yaranır?
1 «Sizin ədəbiyyatı 1965-ci ildən oxuyuram. Oxuyarkən Müqəddəs Kitaba müraciət edirəm və sizin ədəbiyyatdakı hər bir fikrin Müqəddəs Kitaba uyğun gəldiyini görürəm. Mən həmişə Allah və İsa haqqında həqiqəti bilmək istəmişəm və indi təmiz vicdanla deyə bilərəm ki, sizin nəşrlərinizin və Müqəddəs Kitabın sayəsində suallarıma düzgün cavablar tapıram». Bu sözlər Yehovanın Şahidlərinin mərkəzi idarəsinə məktub yazan bir kişiyə aiddir. Həmin məktubda o, onunla Müqəddəs Kitab öyrənməsinə başlanmasını xahiş etmişdi.
2 Minnətdarlığını bildirən bu kişi kimi, milyonlarla insan «sadiq və ağıllı qul»un Müqəddəs Kitabı öyrənmək üçün təqdim etdiyi köməkçi vəsaitləri yüksək qiymətləndirir (Mat. 24:45). Hər il səmimi qəlbli insanların ‘həqiqəti dərk etmələrinə’ kömək etmək üçün çoxlu sayda ədəbiyyat nəşr olunur (1 Tim. 2:4). Biz Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlarımızdan necə düzgün istifadə edə bilərik?
3. Ədəbiyyatdan səmərəsiz istifadə etməkdən necə qaçına bilərik?
3 Qənaətçilik. Vaxt keçdikcə bizdə istifadə edə biləcəyimizdən daha çox ədəbiyyat yığıla bilər. Dəyərli ədəbiyyatlarımızı səmərəsiz istifadə etməkdən qaçınmaq üçün nə edə bilərik? Təbliğ xidmətində istifadə etmək üçün yığıncaqdan ədəbiyyat götürərkən düşüncə ilə hərəkət etmək lazımdır. Təqdim edəcəyimiz ədəbiyyatdan çox götürməkdənsə, bir neçə ədəd götürə və onları payladıqdan sonra, lazım gələrsə yenə əlavə götürmək olar. Bu, çoxlu sayda ədəbiyyatın evimizdə yığılıb qalmasının qarşısını alacaqdır. O cümlədən, əgər evdə paylanmamış çoxlu jurnallarımız varsa, sifariş verdiyimiz jurnalların sayını azaltmaq müdriklik olardı.
4. Əgər yığıncaqda yığılıb-qalan ədəbiyyat varsa nə etmək olar?
4 Yığılıb-qalan ədəbiyyat. Əgər yığıncaqda müəyyən ədəbiyyat yığılıb qalmışdırsa, ədəbiyyat üçün cavabdeh qardaş araşdıra bilər ki, görsün həmin ərazidəki başqa yığıncaqlar bu ədəbiyyatı istifadə edə bilərmi. Təbliğçilər köhnə nəşrləri imanlarına şərik olmayan ailə üzvlərinə, Müqəddəs Kitabı öyrənənlərə və başqalarına təklif edə bilərlər. Yığıncaqla yenicə ünsiyyətə girənlər köhnə nəşrlərin şəxsi teokratik kitabxanalarında olmalarını istəyə bilərlər.
5. Biz ədəbiyyatımızı qiymətləndirdiyimizi necə göstərə bilərik?
5 Biz istəyirik ki, ədəbiyyatımız ondan gözlədiyimiz məqsədə, yə’ni səmimi insanlara Yehovanın valehedici niyyətləri haqqında daha çox öyrənməyə kömək etmək məqsədinə çatsın. İsa xalqı mö’cüzə ilə doydurduqdan sonra artıq qalan yeməyi boş yerə sərf etmədiyi kimi, bizim də məqsədimiz Müqəddəs Kitaba əsaslanan dəyərli ədəbiyyatımızdan daha səmərəli istifadə etmək olmalıdır (Yəh. 6:11-13). Əgər xilasedici xəbərə malik olan ədəbiyyatımız kitab rəfində və ya çantamızda qalarsa, düzgün meylli insanların ürəyinə tə’sir edə bilməyəcəkdir. Buna görə də xidmət üçün ədəbiyyat götürərkən, düşüncəli olmalı və başqalarına fayda gətirmək üçün ondan müdrikliklə istifadə etməliyik (Filip. 4:5).