‘Dünyanın nurundan’ insanları xəbərdar et
1. Allahın Kəlamında hansı möhtəşəm işıq haqqında peyğəmbərlik edilmişdir və bu işığa xüsusi diqqəti hansı tədbir yönəldir?
1 Yehova Yeşaya vasitəsilə peyğəmbərlik etmişdir: «Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu» (Yeşaya 9:2). ‘Möhtəşəm işıq’ Allahın Oğlu İsa Məsihin gördüyü işlərdə özünü büruzə verdi. Onun yerdə yaşayarkən həyata keçirdiyi təbliğ işi və özünü qurban verməsi sayəsində əldə edilən xeyir-dualar ruhani qaranlıqda olanları işığa çıxartdı. Bizim günlərdə də ruhani zülmətə qərq olmuş insanların məhz belə bir işığa ehtiyacı var. Rəbbin axşam yeməyi insanların diqqətini ‘dünyanın Nuruna’ yönəltmək üçün bizə xüsusi bir imkanı təqdim edir (Yəh. 8:12). Keçən il İsanın «bunu, Məni yada salmaq üçün edin» əmrini yerinə yetirməkdə milyonlarla insanlar bizə qoşularaq iman nümayiş etdirdilər (Luka 22:19). Xatirə Gecəsi yaxınlaşdıqca, Yehovanın sayəsində saçan möhtəşəm işığa insanların diqqətini necə yönəldə bilərik? (Filip. 2:15).
2. Biz fidiyə qurbanlığına görə ürəkdən gələn minnətdarlığımızı necə artıra bilərik və bu bizə necə tə’sir edəcəkdir?
2 Ürəkdən minnətdar ol. Xatirə Gecəsi ərəfəsi, Yehovanın və İsa Məsihin bəşəriyyətə fidiyə qurbanı təqdim etməklə göstərdikləri böyük məhəbbət üzərində düşünmək üçün çox gözəl vaxtdır (Yəh. 3:16; 2 Kor. 5:14, 15). Bu müqəddəs tədbir üzərində dərindən düşünməklə, ürəyimizdə olan minnətdarlıq daha da artacaqdır. Bizlərdən hər birimiz «Müqəddəs Yazıları gündəlik araşdırmaq» broşürasında göstərilən Xatirə Gecəsi ilə əlaqədar Müqəddəs Kitab hissələrini oxuyub, üzərində düşünməyə vaxt ayırmaq istəyirik. Fidiyə təqdim etməklə möhtəşəm şəkildə təzahür etdirdiyi bənzərsiz xüsusiyyətləri üzərində düşündükcə, Yehovanın Allahımız olmasından qürur hissi duyacağıq. Fidiyənin şəxsən bizim üçün hansı mə’na daşıdığı üzərində düşünmək Allaha və Onun Oğluna olan səmimi məhəbbətimizi artırır və bizi Allahın iradəsini yerinə yetirmək üçün əlimizdən gələni etməyə təşviq edir (Qalat. 2:20).
3. Xatirə Gecəsinə görə minnətdarlığımızı necə nümayiş etdirə bilərik?
3 Yehovanın xilasımızla bağlı gördüyü tədbirə görə minnətdarlığımızı artırsaq, Xatirə Gecəsi ilə əlaqədar şövqümüz Müqəddəs Kitab öyrətmələrinə, təkrar baş çəkdiyimiz insanlara, qohumlara, qonşulara, məktəb və iş yoldaşlarına, o cümlədən, bu xüsusi tədbirə də’vət etdiyimiz hər bir kəsə sirayət edəcəkdir (Luka 6:45). Buna görə də hamını də’vət etməyə çalış və yaddan çıxarmasınlar deyə onlara Xatirə Gecəsinə də’vətnamə ver. Heç kimi unutmamaq üçün bə’zi təbliğçilər müntəzəm olaraq də’vət etdikləri adamların siyahısını tutur və hər il yenilərini əlavə edirlər. Bunu yaxşı təşkil etmək və maraqlananları də’vət etməkdə sə’y göstərməklə Yehova Allaha «sözlə təsvir edilə bilməyən hədiyyəsi üçün» minnətdarlığımızı göstərə bilərik (2 Kor. 9:15).
4. Mart və aprel aylarında xidmətdə daha çox iştirak etməyimizə nə kömək edə bilər?
4 Təbliğdə daha çox iştirak et. Mart və aprel aylarında xidmətə daha çox vaxt ayıra bilərsənmi? Başqaları ilə ‘Məsihin izzəti haqqındakı Müjdəni’ bölüşməkdə göstərdiyin sə’y, sözsüz ki, Yehovanın xeyir-duasını bəxş edəcək. Ruhani maariflənmənin mənbəyi olan Yehova deyir: «Qaranlıqdan işıq parlayacaqdır» (2 Kor. 4:4-6). Lazım gəldikdə, ağsaqqallar daha çox xidmət etmək istəyən təbliğçilərə kömək məqsədilə münasib vaxt və yerlərdə təbliğ xidməti üçün əlavə görüşlər təşkil edəcəklər. Bundan əlavə, səhər tezdən küçədə və işgüzar ərazidə, günorta və ya axşamüstü telefon vasitəsilə də təbliğ etmək olar. Xidmətdə daha çox iştirak etmək üçün düşüncəli şəkildə müəyyən saat normasına nail olmağı planlaşdır və ona çatmağa can at. Çoxları üçün Yehovaya ən yaxşısını vermək, köməkçi pioner kimi xidmət etməkdir (Kolos. 3:23, 24).
5. Köməkçi pionerlərin saat normasının azalması çoxlarına hansı faydanı gətirdi?
5 Köməkçi pioner kimi xidmət edə bilərsənmi? Yeddi ildən çoxdur ki, köməkçi pionerlərin saat norması azaldılıb. Bu dəyişiklik bir çoxlarına, köməkçi pioner xidmətinin gətirdiyi xeyir-duaları duymaq imkanı vermişdir. Bəs sən bunu duymusanmı? Bə’ziləri üçün hər il köməkçi pioner kimi xidmət etmək artıq vərdiş halını alıb. Xatirə Gecəsi ərəfəsində bir çox təbliğçilər birlikdə köməkçi pioner xidməti götürürlər. Bu aylar, yığıncağın il ərzindəki fəaliyyətinin ən sevincli anlarıdır. Xatirə Gecəsi ərəfəsində köməkçi pioner kimi xidmət etmək üçün qrafik tuta bilərsənmi? Apreldə beş şənbə və beş bazar gününün olması, xidməti genişləndirməyə gözəl imkan yaradır.
6. Köməkçi pionerlər üçün hansı gözəl imkanlar yaradılıb?
6 Yığıncağınıza mart və aprel aylarında rayon nəzarətçisinin baş çəkməsi planlaşdırılıbmi? Əgər belədirsə, onda sənin üçün xüsusi bir imkan açılır. Əvvəlcədən e’lan olunduğu kimi, 2006-cı xidmət ilində rayon nəzarətçisinin baş çəkdiyi ay köməkçi pioner kimi xidmət edən hər bir təbliğçi daimi pionerlərlə keçiriləcək görüşün birinci hissəsində iştirak etməyə də’vət olunacaqlar. Şübhə yoxdur ki, bu görüşdə təqdim olunan ruhani cəhətdən möhkəmləndirən proqram köməkçi pionerlərə daimi pioner xidmətinə başlamağa kömək edəcək. Bundan əlavə, mart ayı ərzində «Bilik» kitabı vasitəsi ilə insanları ruhani işığa cəlb etmək imkanımız var. Nə üçün bu kitabın köməyilə Müqəddəs Kitab öyrənməsinə başlamağı qarşına məqsəd qoymayasan?
7, 8. a) Köməkçi pioner kimi xidmət etmək üçün qrafik hazırlamaqda bizə nə kömək edə bilər? b) Ailə üzvlərinin əməkdaşlığı necə kömək edə və bundan bütün ailə necə faydalana bilər?
7 Bildiyimiz kimi, köməkçi pionerlər ay ərzində 50 saat təbliğ etməlidirlər. Həftədə 12 saat təbliğ edərək həqiqət nurunu yaymaq üçün hansı qrafikin sənə əl verdiyini müəyyən et. Xidmətin bu növündə uğur qazananlarla, o cümlədən, digər bacı-qardaşlarla bu barədə söhbət et. Ehtimal ki, onlarda sənə qoşulmaq həvəsi oyana bilər. Həm yaşlı, həm də gənc vəftiz olunmuş təbliğçilər, yaxşı planlaşdırma sayəsində bu tə’rifəlayiq məqsədə çatmağın çox da çətin olmadığını başa düşmüşlər. Bu haqda dua et. Sonra isə əgər mümkündürsə, planlaşdır və köməkçi pioner xidmətinə başla! (Mal. 3:10).
8 Bir çox ailələr diqqət yetirmişlər ki, bütün ailə köməklik göstərdikdə, heç olmasa bir nəfər bu məqsədə çata bilər. Bir ailə qərara gəlmişdi ki, beş vəftiz olunmuş ailə üzvlərinin hamısı köməkçi pioner kimi xidmət etsin, vəftiz olunmamış digər iki uşaqları isə öz təbliğ fəaliyyətlərini genişləndirmək üçün xüsusi sə’y göstərsinlər. Göstərdikləri xüsusi sə’ylər ailəyə hansı xeyir-duaları gətirdi? Onlar yazmışlar: «Bu ay bizim üçün xüsusilə sevindirici bir ay idi, biz ailə tellərinin daha da möhkəmləndiyini hiss etdik. Yehovanın belə gözəl xeyir-dualarına görə Ona son dərəcə minnətdarıq!»
9. Xatirə Gecəsi ərəfəsində nurumuzun saçması üçün nə edə bilərik?
9 Bizim mart və aprel aylarındakı xüsusi fəaliyyətimiz şövq verərək, bizi səmavi Atamıza yaxınlaşdıracaqmı? Allaha və Onun Oğluna olan məhəbbətimizi gücləndirmək və xidmətimizi genişləndirmək üçün göstərdiyimiz şəxsi sə’ylərdən çox şey asılıdır. Gəlin biz də «mənim dilim Rəbbə bol-bol şükür söyləyəcək, xalq içində Ona həmd edəcək» söyləyən məzmurçu kimi qətiyyətli olaq (Məz. 109:30). Yehova Xatirə Gecəsi ərəfəsində bizim sə’ylə icra etdiyimiz xidməti, sözsüz ki, xeyir-dualandıracaq. Beləliklə, daha çox adamın zülmətdən çıxaraq ‘həyat nuruna’ malik ola bilməsi üçün, gəlin möhtəşəm işığın bundan sonra da saçmasına yol verək (Yəh. 8:12).