Qapı ağzında və telefon vasitəsilə uğurlu Müqəddəs Kitab öyrənməsi keçiririk
1. Müqəddəs Kitab öyrənməsini keçirməkdə məqsədimiz nədir?
1 Müqəddəs Kitab öyrənməsinə başlamaq necə də sevindiricidir! Lakin öyrənməyə marağı olan insanı tapmaq hələ işin əvvəlidir. Öyrənmənin məqsədi insana Məsihin həqiqi davamçısı olmağa kömək etməkdir (Mat. 28:19, 20). Bu məqsədə çatmaq üçün bizə nə kömək edə bilər?
2. Qapı ağzında və telefon vasitəsilə Müqəddəs Kitab öyrənməsi necə keçirilir və onlar nə üçün effektlidir?
2 Məşğul insanlar. Bu gün insanlar daha çox məşğuldurlar. Bə’zi yerlərdə az adam əvvəlcədən Müqəddəs Kitab öyrənməsinə bir saat vaxt sərf etmək istəyər. Belə insanlara kömək etmək üçün qapı ağzında və ya telefon vasitəsilə öyrənməyə başlamağa və onu davam etdirməyə təşviq olunmuşduq. Başlanğıcda bu öyrənmələr nisbətən qısa ola bilər və «Bilik» və bu kimi ədəbiyyatlardan bir-iki abzas keçməklə Müqəddəs Kitabın bir neçə ayəsi müzakirə oluna bilər. Bir çox təbliğçilərin hazırda qapı ağzında və ya telefon vasitəsilə öyrənmə aparmaları çox tə’rifəlayiqdir.
3. Nə üçün qapı ağzında keçirdiyimiz öyrənməyə, getdikcə daha çox vaxt sərf etməyə çalışmalıyıq?
3 Bəs Müqəddəs Kitab öyrənməsini həmişə qapı ağzında keçirməklə kifayətlənməliyikmi? Xeyr. Baxmayaraq ki, ilk dərsdə ev sahibinin vaxtını çox almamaq yaxşı olardı, «Bizim Padşahlıq Xidmətimiz»in 1990-cı il may sayının 8-ci səhifəsində (ing.) belə izahat vardır: «Öyrənmə müntəzəm keçiriləndə və ev sahibinin marağı artanda, öyrənməyə getdikcə daha çox vaxt sərf etmək olar». Bu çox vacibdir. Belə bir nümunə: aclıq çəkən uşaq, iştahası bərpa olunana kimi əvvəlcə az-az yedizdirilir, lakin belə qidalanma uzun çəkərsə, onun gücünü tam bərpa etməsini və normal inkişaf etməsini gözləyə bilmərik. Buna bənzər şəkildə, öyrənən insanın Allahın yetkin xidmətçisi olması üçün daha rəsmi şəraitdə və müntəzəm keçirilən öyrənməyə ehtiyacı vardır (İbr. 5:13, 14).
4. Müqəddəs Kitab öyrənməsini evdə keçirməyin hansı müsbət cəhətləri vardır?
4 Müqəddəs Kitab öyrənməsini evdə keçirmək. Müqəddəs Kitab öyrənməsini sakit yerdə — evdə və ya başqa münasib yerdə keçirmək daha yaxşı olardı. Belə şərait öyrənmənin daha səmərəli olmasına və şagirdə Allahın Kəlamını yaxşı başa düşməyə kömək edəcək (Mat. 13:23). Həmçinin müəllim üçün də, öyrənilən materialı şagirdin tələbatına uyğunlaşdırmaq xeyli asanlaşacaq. Bundan başqa, öyrənməyə daha çox vaxt ayrıldıqda, Allahın Kəlamını daha ətraflı müzakirə etmək olar, bu da öz növbəsində öyrənənin imanını möhkəmləndirəcək (Rom. 10:17).
5. Qapı ağzında keçirilən öyrənməni evdə keçirmək üçün nə etmək olar?
5 Necə edək ki, qapı ağzında keçirilən öyrənməni evdə keçirək? Nə üçün sadəcə olaraq, bir neçə qısa dərsdən sonra öyrənməni daha çox və müəyyən edilmiş vaxt ərzində keçirməyi təklif etməyəsən? Yaxud soruşmaq olar: «Bu gün bu materialı oturaraq bir yerdə müzakirə etməyə vaxtınız olarmı?» və ya «Mövzunu müzakirə etməyə bu gün nə qədər vaxt ayırmaq istərdiniz?» Əgər cəhdlərin heç bir nəticə verməzsə, onda qısa öyrənməni qapı ağzında davam etdirmək lazımdır. Öyrənməni evdə keçirmək üçün münasib vaxtda yenidən cəhd göstər.
6. Xidmətimizin əsas məqsədi nədir və məqalədəki məsləhətlər bu məqsədə nail olmaqda bizə necə kömək edə bilər?
6 Layiq olanları axtarmağa davam edərək, gəlin hansı məqsədlə Müqəddəs Kitab öyrənməsinə başladığımızı və davam etdirdiyimizi nəzərdən qaçırmayaq. Bizim məqsədimiz səmimi qəlbli insanlara Yehovanın həsr və vəftiz olunmuş xidmətçisi olmağa kömək etməkdir. Xidmətimizi bu məqsədlə davam etdirdikcə, qoy Yehova bizim sə’yimizə xeyir-dua versin (2 Tim. 4:5).